Modern.az

«RUH» Təfəkkür Universitetində tələbələrlə görüş keçirdi

«RUH» Təfəkkür Universitetində tələbələrlə görüş keçirdi

21 May 2015, 17:26

Mayın 20-də  Təfəkkür Universitetində «RUH» AJMK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı reallaşdırdığı “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində görüş keçirilib.

“Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda baş tutmuş toplantını Təfəkkür Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev açaraq bildirib ki, jurnalistikanın cəmiyyət həyatındakı rolu böyükdür və onun missiyasının gənc nəslə çatdırılması demokratik cəmiyyət quruculuğu prosesinə mühüm töhfədir. Mövcud xüsusda “RUH” AJMK-nın layihəsinin zəruriliyinə diqqət yetirən rektor Təfəkkür Universitetinin media ilə əlaqələrindən söz açıb, təhsil ocağının müəllim və tələbələrinin ölkəmizin ictimai həyatında aktiv iştirak etmələrini qürurverici məqam kimi önə çəkib. M.Atakişiyev həmçinin layihənin tələbələrin gələcək təhsil imkanlarını nəzərdən keçirmələrinə dəstək baxımından da böyük önəm daşıyacağına əminliyini vurğulayıb.

«RUH» AJMK-nın icraçı direktoru, layihənin koordinatoru Əvəz Rüstəmov bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanın tətbiqinə başlanılıb. “Bu, Azərbaycan dövlətinin jurnalistikanın cəmiyyət həyatındakı roluna verdiyi önəmin növbəti təzahürüdür. 2014-cü ildən həmçinin jurnalistikada ixtisaslaşmanı sürətləndirmək üçün humanitar sahənin bakalavrları ilə yanaşı digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində bu peşəni seçmələrinə imkan yaradıldı. Layihəmizin məqsədi də bununla bağlı maarifləndirmə işləri aparmaqdan ibarətdir. İndiyədək Gəncə Dövlət Universitetində, Mingəçevir Politexnik İnstitutunda, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında belə görüşlərimiz olub. Təfəkkür Universitetindəki görüş sayca dördüncü - sonuncudur. Ancaq gələcəkdə layihənin davam etdirilməsini düşünürük. Çünki bunun üçün zərurət hiss olunmaqdadır. Həm demokratik cəmiyyət quruculuğundakı mühüm ictimai institut kimi medianın missiyası barədə gənc nəslin maarifləndirilməsinə ehtiyac var, həm də müəyyən sahəyə dair bilikləri olan tələbə-gənclərin özlərini jurnalistikada sınamaları faydalı perspektiv vəd edir», - deyən Ə.Rüstəmov fikrini qabiliyyət imtahanlarının keçirilməsi mexanizmindən söz açmaqla tamamlayıb.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə çıxışında jurnalistikanın cəmiyyət həyatındakı roluna dair maraqlı məqamları açıqlayıb. O, MŞ-nin fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib, qurumun media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindəki təcrübəsindən danışıb: “Jurnalist peşəsi şərəfli peşədir. Həm maraqlıdır, həm də çətin. Ancaq maraqlı olmağı çətinliyini unutdurur. Əslində hər bir şəxs daxilində bir jurnalistdir. Sadəcə bu istəyi və daxili tələbatı real iş müstəvisinə çevirmək lazımdır. Bu baxımdan layihənin əhəmiyyəti böyükdür. Düşünürəm ki, bu görüşdə səslənən fikir və düşüncələr sizlər üçün jurnalistikanın üfüqlərini açacaq”.

Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayan mediaya keçid müstəvisində meydana çıxan xarakterik vəziyyətlərdən söz açıb. Dünya və Azərbaycan mediası arasında maraqlı paralellər aparan S.Verdizadə həmçinin tələbə-gənclərin suallarını da cavablandırıb.

Maraqlı müzakirələr şəraitində keçən görüşdə tələbələrə əsasən internet media sahəsindəki hazırkı durum, KİV-lərin müxtəlif məsələlərə yanaşma tərzindəki peşəkarlıq xüsusiyyətləri, Azərbaycanda mediaya dövlət dəstəyinin istiqamətləri barədə geniş məlumat verilib, konkret situasiyaların təhlili aparılıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu