Modern.az

Tanınmış iş adamı: “Bakıya gəlmək istəyimə Diaspor Komitəsi müsbət cavab vermədi” - MÜSAHİBƏ

Tanınmış iş adamı: “Bakıya gəlmək istəyimə Diaspor Komitəsi müsbət cavab vermədi” - MÜSAHİBƏ

25 May 2015, 11:03




Rusiyada fəaliyyət göstərən “İnterserver” şirkətlər qrupunun prezidenti, azərbaycanlı biznesmen Füzuli Məmmədov (Frenk Elkaponi adi ilə tanınır-red) Modern.az saytına müsahibə verib.

- Hazırda nə işlə məşğulsunuz. Nə zamandır gündəmdə deyilsiniz. Rəhbəri olduğunuz şirkətin gələcək planları nədən ibarətdir?

- Bizdə yeni layihə və planlar çoxdur. Qısaca cavab versəm, deyə bilərəm ki, fəaliyyətimizin istiqaməti diversifikasiya etməkdir. Bundan başqa, Moskvanın əsas magistral yollarında çoxfunksiyalı tikinti layihələrini reallaşdırırıq, otel tikintisi ilə də məşğul oluruq.

- Belə məlumatlar var ki, sizin şirkətiniz hüquq-mühafizə orqanları tərəfindən sıxışdırılır. Bu iddialar doğrudurmu?

- Bu informasiyaların haradan qaynaqlandığını bilmirəm. Səmimi deyirəm, bu iddialar tamamilə əsassız və yanlışdır. Bir neçə ildir Rusiyada şirkətlərə nəzarət həyata keçirən orqanların səlahiyyətləri məhdudlaşdırılıb. Yalnız plan yoxlamaları mümkündür, lakin o da 2-3 ildən bir olur. Məhkəmə qərarına qədər plandan kənar yoxlamaların həyata keçirilməsi üçün isə xüsusi icazələr tələb edilir.

- Sizin şirkət necə, hər hansısa pozuntuya yol veribmi?

- Hər bir müəssisə kimi bizim də xırda nöqsanlarımız olur. Ancaq bunu qısa müddətdə aradan qaldırırıq. Bu pozuntuların maksimum nəticələri inzibati cərimələrdir. Amma onu da etiraf edim ki, hər hansı tikintiyə icazə almaq üçün ciddi inzibati maneələrlə qarşılaşırıq. Güman edirəm ki, bu problem də tezliklə həll ediləcək.

- Ukrayna münaqişəsinə görə, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və bir çox biznesmen də bundan sonra maliyyə itkisi ilə üzləşdi. Sanksiyalar sizin şirkətin fəaliyyətinə də mənfi təsir etdimi?

- Şübhəsiz ki, təsir edib. Buna baxmayaraq vakuumda işləmirik. Sanksiyalar bütün Rusiya iqtisadiyyatına təsir etdi və bu, bizdən də yan keçmədi. Lakin bu təzahürlər dağıdıcı və mənfi xarakterdə deyil.

- Üzləşdiyiniz maliyyə itkilərindən sonra Rusiyadakı biznesinizi ölkə xaricinə transfer etməyi düşündünüzmü? 

- Onsuz da bizim müəssisə təkcə Rusiyada fəaliyyət göstərmir. Amma mülklərimizin və aktivlərimizin çoxu buradadır. Bizim xaricdə, xüsusən də İtaliyada törəmə müəssisələrimiz var və onları geriyə - Rusiyaya qaytarırıq. Çünki Rusiyaya nisbətən orada işgüzar fəallıq daha aşağı səviyyədədir.

- Söhbətlərimiz əsasən, sizin iqtisadi sferadakı fəaliyyətinizlə bağlı oldu. Siyasətlə necə, məşğul olmağı düşünürsünüzmü?

- Siyasətə qarışmaq haqqında heç bir fikrim yoxdur. Bu yaxınlarda növbəti 5 il üçün  Dünya Azərbaycanlıları Birliyinin sədri seçildim. Mən həm də Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun əlaqələndirmə şurasının sədriyəm. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza real köməkliklər edirəm. Burada heç bir siyasi məqsəd güdmürəm və bunu siyasi divident qazanmaq üçün etmirəm. Biz həmyerlilərimizə humanitar, maliyyə, hüquqi yardım sahəsində dəstək göstərməyə bilmərik. Bu istiqamətdə maksimum müsbət nəticələr əldə etməyə çalışırıq.

- “Milyarderlər ittifaqı” artıq demək olar ki, fiaskoya uğrayıb. Sizin orda olan şəxslərlə hər hansı münasibətləriniz olubmu?

- Mənim “Milyarderlər İttifaqı” ilə heç bir əlaqəm olmayıb. Mən, ümumiyyətlə, bu təşkilatla heç vaxt maraqlanmamışam. O insanların orada yığışmaqda məqsədinin siyasi olub-olmadığını da deyə bilmərəm. Məni Rusiyada, Avropada, Türkiyədə olan soydaşlarımızın taleyi maraqlandırır.

- Siz bundan əvvəlki açıqlamalarınızda Rüstəm İbrahimbəyovla şəxsi tanışlığınızın olmadığını bildirmisiniz. Xeyli vaxt keçib, heç onunla bu müddət ərzində görüşmüsünüz?

 - O vaxt necə demişdimsə, indi də elədir, yəni Rüstəm İbrahimbəyovla heç bir əlaqəm yoxdur. Çünki mən siyasətlə məşğul olmuram. Bilirsiniz ki, Rüstəm İbrahimbəyov bir müddət siyasətin içərisinə girmişdi. Bu o demək deyil ki, mən ondan çəkinirəm. Səmimi deyim ki,  Rüstəm İbrahimbəyov mənim üçün siyasətçi yox, istedadlı dramaturq, kinorejissor və dünya miqyasında tanınan bir ssenaristdir. Mən onun çəkdiyi filmlərə maraqla baxıram. Rüstəm İbrahimbəyov dünya şöhrətlidir, buna görə də belə soydaşımızla fəxr etmək lazımdır.

- Azərbaycana gəlmək planınız varmı?

- Mən 2007-ci ildən bu yana Azərbaycanda olmamışam. Yaxın perspektiv üçün də Azərbaycana gəlmək planım yoxdur. Çünki Rusiyada, İtaliyada investisiya layihələri həyata keçirdiyimizdən, işlərim həddindən artıq çox olur.

Amma rəhbəri olduğum Dünya Azərbaycanlıları Birliyinin fevral-mart ayında 10 illik yubileyi ilə bağlı Bakıya gəlmək istəyirdik. Buna görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məktub göndərmişdik. Biz daha sıx əlaqələr qurmaq üçün bu komitənin rəhbəri ilə görüşmək istəyirdik. Lakin biz ünvanladığımız müraciətə cavab almamışıq. Düşünürəm ki, bunun səbəbi “AzerRos” təşkilatında baş verən intriqalar, parçalanmalardır. Yəqin Diasporla İş üzrə Dövlət Komitəsi “AzerRos”dakı hadisələrdən sonra diaspor təşkilatları ilə əlaqələri məhdudlaşdırmaq qərarına gəlib. Halbuki, biz “Azerros”dakı münaqişədə kiminsə tərəfini saxlamırıq.

- Azərbaycanda baş verən siyasi proseslərdən xəbəriniz varmı?

- Mən vətənimdə cərəyan edən prosesləri bir biznesmen və vətənpərvər kimi izləyirəm. Amma məndə siyasi ambisiyalar olmadığına görə, Azərbaycanın siyasi mətbəxi ilə xüsusi şəkildə maraqlanmıram. Bilirəm ki, bu ilin payızında Azərbaycanda parlament seçkisi keçiriləcək. Milli Məclisə keçirilən seçkilərin nəticələri elan olunduqdan sonra, ölkədə vəziyyət qızışa bilər.

- Əlbəttə, bu bir ehtimaldır, bunu hansı arqumentlərlə əsaslandıra bilərsiniz?

- Belə bədbin proqnozlar vermək üçün bir neçə səbəb var. Birincisi, Qərbin Rusiyaya sanksiya tətbiq etməsi amilidir. Belə ki, rublun kəskin devalvasiyasından sonra Rusiyada ticarətlə məşğul olan azərbaycanlılar öz ölkələrinə qayıtdılar. Amma onlar Azərbaycanda tezliklə iş tapa bilmirlər, çünki burada artıq vakansiya yoxdur.

İkincisi, Azərbaycan Mərkəzi Bankının qərarı ilə manatın məzənnəsi dollara nisbətdə 35 faiz  ucuzlaşdı. Bu isə bir çox malların bahalaşmasına səbəb oldu. Çünki spekulyantlar manatın ucuzlaşmasından özlərinə divident qazanmaq istəyirlər.

Üçüncüsü, manatın devalvasiyasından sonra əhalinin banklardan götürdükləri kreditləri geri qaytarması xeyli çətinləşdi.

Dördüncü amil isə Qərb-Rusiya gərginliyi fonunda Azərbaycanda gedən siyasi proseslərlə əlaqədardır. Hər iki dünya gücü Azərbaycana təsir etmək uğrunda mübarizə aparır. Azərbaycanın rayonlarında radikal dini qruplaşmaların fəaliyyətini aktivləşdirmək planları isə ən təhlükəli ssenaridir. Buna görə də Azərbaycan hakimiyyəti təcili olaraq sosial və iqtisadi problemləri həll etməlidir ki, kimsə yaranmış vəziyyətdən gərginlik məqsədi ilə istifadə etməsin. Xüsusi olaraq Azərbaycan hökuməti ölkədə sosial gərginliyin yaranmaması üçün vicdansız bankirlər və tamahkar spekulyantlara qarşı tədbirləri gücləndirməlidir.

 

Aqşin KƏRİMOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?