Modern.az

Övladları ilk dəfə 1-ci sinfə gedən jurnalistlər nə qədər xərcə düşdülər?

Övladları ilk dəfə 1-ci sinfə gedən jurnalistlər nə qədər xərcə düşdülər?

29 Sentyabr 2010, 13:31

15 sentyabr Bilik günündə sevinc və fərəh hissi ilə övladını ilk dəfə orta məktəbə - dərsə aparan valideynlər sırasında bəzi jurnalistlər də oldu. Modern.az-ın əməkdaşı belə jurnalistləri arayıb taparaq onları söhbətə çəkib.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın övladı bu il birinci sinfə qəbul olunub. Həmkarımız deyir ki, övladı Bakı Atatürk Liseyinə müsabiqə yolu ilə qəbul olunub.
“Müsabiqə nəticəsində liseyə yalnız 20 nəfər qəbul olundu, mənim qızım bu bilik yarışında doqquzuncu yerə çıxdı”.
A.Camal deyir ki, liseydə bütün uşaqlar kimi onun övladına da Türkiyədən gətirilən kitabları pulsuz veriblər.
“Azərbaycanda Təhsil Nazirliyi tərəfindən çap olunan kitabları isə pulla aldım. Paltar da məktəbdən pulsuz verildiyinə görə, yalnız çanta, dəftər qələm və bu kimi digər ləvazimatlara pul verdim. Təxminən 100 manata yaxın xərcim çıxdı. Liseydə keçirilən iclasda valideynlərə dedilər ki, bu təhsil ocağının digərlərindən fərqi odur ki, orada 8 mart, ad günləri və bayramlar qeyd olunmur. Yəni benları bəhanə gətirib valideynlərdən pul yığmırlar”.

“Trend-Life” İnformasiya Agentliyinin redaktoru Vüqar İmanovun da övladı bu il birinci sinfə gedib. Vüqar İmanov: “Mənim də qızım bu il məktəbə getməyə başlayıb. Xətai rayonunda 245 saylı məktəbdə dərsə gedir. Təbii ki, məktəbə gedən uşaq üçün nələrsə almalıyıq. Paltar və məktəb ləvazimatlarına xərclədiyim pulu hesablayanda 150 manatdan çox edir. Qızım rus sektoruna getdiyindən əksər kitabları almışam. Məktəbli geyimini sonradan aldıq. Mənim oğlum da həmin məktəbə gedir. Həmin məktəbi tanıdığım üçün ora göndərdim”.

Turan” İnformasiya Agentliyinin əməkdaşı Şəfaət Salah da övladını birinci sinfə qoyan KİV nümayəndələrindəndir: “Övladım “Hyatt Regency” otelinin yanındakı 60 nömrəli məktəbə gedir. Ümumilikdə 150 manatadək pul xərclədim. Mən də məktəbli geyimi aldım, amma bunun əleyhinəyəm. Elə ailə var ki, orda 5 uşaq məktəbə gedir. Bəs bu ailə təkcə geyimə 200 manatı hardan alıb versin?”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanılı övladını birinci sinfə aparan jurnalistlərdəndir: “Mənim qızım bu il birinci sinfə gedir. Balaxanıda yerləşən 69 saylı məktəbə qoymuşam. Uşağın xərcləri təxminən 250 manata qədər oldu. Ancaq rüşvət-filan vermədim. Burada jurnalist olmağım özünü göstərdi”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Ömər Əmirov da övladını birinci sinfə qoyub. Amma Bakıda deyil, rayonda.
“Mən övladımı rayonda məktəbə qoymuşam. Qızım İsmayıllı rayonu İstisu kənd orta məktəbinə gedir. Xərcini babasıgil çəkdiyindən mənim heç nədən xəbərim yoxdur. Məktəbə getməyində heç bir problem olmadı”.


Vüqar Ağamalıoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir