Modern.az

Parlament jurnalistləri deputat Qüdrət Həsənquliyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Qüdrət Həsənquliyevi necə xarakterizə edirlər?

29 Sentyabr 2010, 18:31

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Qüdrət Həsənquliyev barədə fikirlərini bildiriblər.
 
Qüdrət Həsənquliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsidən deputat seçilib.
Q.Həsənquliyev 1992-ci ildən Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi işləyib. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Mən deyərdim Milli Məclisin aktiv olan deputatlarındandır. Seçiciləri ilə bağlı problemləri parlamentdə qaldırır. Deputat kimi varlığı hiss olunur. Jurnalistlərə münasibətinin müsbət olduğunu deyə bilərəm. Amma jurnalistlərdən də qaçmalar olur”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Mən onu fəal millət vəkili kimi qəbul edirəm. Bir ara onun dairəsindən şikayətlər gəlirdi. O Goranboydan deyil, Naxçıvandandır, ona görə də seçicilərinin problemini bilmir. Milli Məclisdə fəaldır. Elə bir məsələ olmur ki, Qüdrət müəllim ona münasibət bildirməsin. Jurnalistlərə münasibəti yaxşı deyil. Çünki onu nə vaxt telefonla axtarırıq, tapmırıq, əksər vaxtlarda telefonu sürücüsü açır. Bilmirəm bu adamın telefona qarşı allergiyası var, nədi? Bizi də başa düşmək lazımdır, axı həmişə parlamentdə onu tuta bilmirik”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Milli Məclisin plenar iclaslarında fəallığı ilə diqqət çəkir. Ölkə əhalisinin güzəranı və sosial problemlərlə vaxtaşırı təşəbüslərlə çıxış edib. Seçilərinin problemləri ilə də yaxından maraqlanması diqqətdən yayınmayıb. Jurnalistlərə qarşı dözümlülüyü ilə diqqət çəkir. Mətbuata açıqlığı ilə də seçilir. Qarşıdakı seçkilərdə uğurlar arzulayıram”.

“Kaspi” qəzetinin əməkdaşı  İlham Quliyev: “Qüdrət Həsənquliyev Milli Məclisin cəsarətli deputatlarından hesab oluna bilər. Mövcud imkanlar daxilində bəzən kəskin çıxışları olur. Xüsusən də regionda baş verən hadisələrlə bağlı hər şeyi adı ilə çağırmağı tələb edir. Amma bəzən görürsən ki, bu kimi məsələlərdə ifrata varır. Ümummilli məsələlərdəki fəallığına baxmayaraq, parlamentdə sadə vətəndaşların hüquqlarının qorunması ilə bağlı ciddi fəallıq nümayiş etdirmir. Hər halda, bu, mənə belə gəlir. Jurnalistlərlə münasibətləri normaldır”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Qüdrət Həsənquliyev parlamentdə çalışqan deputatlardandır. Mənə elə gəlir ki. Amma onun seçiciləri ilə necə işləməsi haqda məlumatım yoxdur. Jurnalistlərlə münasibəti, gah belə, gah da elə, yəni birdən yaxşı, birdən də pis olur”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Qüdrət Həsənquliyev Milli Məclisin fəal deputatlarındandır. Jurnalistlərlə münasibətində əvvəlki vaxtlarından fərqli olaraq bir qədər sərinləşmə var. Plenar iclaslarda daim fəallıq nümayış etdirir. Azərbaycanı beynəlxalq müstəvidə fəal təmsil edən deputatlardandır. Seçiciləri ilə münasibətlərinə gəlincə, bildiyim qədər Qüdrət Həsənquliyev onların problemlərinin həllində fəallıq göstərmir”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Milli Məclisin fəal deputatlarından biridir. Hesab edirəm ki, o parlametin həm plenar, həm də komitə iclaslarında fəal çıxış edir. Seçiciləri ilə maraqlanır. Mətbuata açıq deputatdır. Jurnalistlərin problemlərin Milli Məclisdə qaldırır”.

“525-ci qəzet”“1news” İnformasiya Agentliyinin əməkdaşı Kamil Həmzəoğlu: “Qüdrət Həsənquliyev parlamentin ən fəal, işgüzar millət vəkillərindəndir. O hər zaman həm cari məsələlərin, həm qanun layihələrinin müzakirələrində aktivlik nümayiş etdirir. Eyni zamanda, həm millət vəkili, həm də partiya sədri kimi özünün qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək tez-tez maraqlı, bir sıra vacib qanun layihələrinin qəbul olunamsı təklifləri ilə çıxış edir. Konkret olaraq, prokurorluq, siyasi partiyalar, eks-prezidentlərin statusu, Konstitusiyaya dəyişikliklər edilməsi haqqında qanunvericilik aktlarının qəbul olunması və yaxud onlara dəyişikliklər edilməsi, o cümlədən baş nazirin səlahiyyətlərinin artırılması, parlament rəhbərliyində ən azı bir nəfər müxalifətçinin təmsil olunması və sair və ilaxır təşəbbüslərlə, təkliflərlə çıxış edib. Bir müddət öncə məhz onun təşəbbüsü ilə “Prokurorluq haqqında” qanuna dəyişiklik edilərək baş prokurorun iki dəfədən çox seçilməsinə məhdudiyyət qoyan müddəa həmin sənəddən çıxarıldı.
O, həm də türkçülüyü, millətçiliyi, vətənpərvərliyi ilə seçilən millət vəkillərindəndir. Onu qeyd edim ki, üçüncü çağırış parlamentdə Qüdrət bəy bizim rayonun bəzi kəndlərini, konkret olaraq, doğulub boya-başa çatdığım Qızılhacılı qəsəbəsini təmsil etsə də, bu müddət ərzində bu bölgələrdə çox da görünmədi, amma bununla belə, yuxarıda qeyd etdiyim kimi, parlamentdə çıxışları, xüsusilə cari məsələlərin müzakirəsində çıxışları zamanı seçildiyi bölgənin də problemlərini tez-tez gündəmə gətirirdi. İndi bildiyimə görə, Qüdrət bəy bu dəfə namizədliyini Naxçıvandan - 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürüb. Mən inanıram ki, Qüdrət bəy bu dairənin də seçicilərinin rəqbətini qazanaraq, böyük səs çoxluğu ilə növbəti dəfə də parlamentə düşə biləcək. Parlamentimizin Qüdrət bəy kimi millət vəkillərinə, siyasətçilərə ehtiyacı var. Odur ki, ona növbəti seçkilərdə də  uğurlar arzulayıram”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseyinli: “Aktiv deputatlarından biridir. O, qanunvericilik sahəsində önəmli fikirlərlə çıxış edir. Bir çox qanunların müəllifidir. Hətta Konistutisya islahatları ilə bağlı prezidentə layihə təqdim etmişdi. Seçicilərinin hüquqlarının müdafiəsi ilə məşğul olan deputatdır. Vətəndaşların hüquqları müdafiəsi sahəsində fəallıq göstərir. Jurnalistlərə açıq deputatdır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Fəal deputatlardandır. Bütün məsələlərdə, əsasən də cari, hüquqi məsələlərdə, qanunlarda dəyişiklik olanda həmişə fikrini bildirir. Onun jurnalistlərlə münasibəti çox yaxşıdır. Seçiciləri ilə necə işlədiyi haqda həmkarım Aqil Aslandan eşitmişəm, deyir normal işləyir”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Qüdrət Həsənquliyevi aktiv deputat hesab etmək olar. İclaslarda susmur, həmişə səs-küy salan çıxışlar edir. Ara-sıra seçicilərinin problemlərindən də söz salır. Jurnalistlərlə münasibətində hansısa gərginliyin olması haqqında eşitməmişəm. Parlament binasında ona yaxınlaşan mətbuat nümayəndələrinə müsahibə verir. Amma Milli Məclisdən kənarda onu tapmaq üçün mütləq bir neçə nəfərə zəng edib xəbər göndərməli olursan”.

“Hüriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseyinzadə: “Qüdrət bəy üçüncü çağırış parlamentinin ən aktiv deputatlarından olub. Onun çoxsaylı təklifləri, qanunvericilik təşəbbüsləri olub. Bunlardan bəziləri qəbul olunub, artıq həyata vəsiqə alıb. Hesab edirəm ki, Azərbaycan parlamentində onun kimi millət vəkillərinə ehtiyac hər zaman olacaq”.


Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir