Modern.az

“Azərbaycanda yeganə varlanma mənbəyi şou-biznes və siyasətdir” - “XXI əsrin adamı” ilə MÜSAHİBƏ

“Azərbaycanda yeganə varlanma mənbəyi şou-biznes və  siyasətdir” - “XXI əsrin adamı” ilə MÜSAHİBƏ

Müsahibə

3 İyun 2015, 12:20

“İntellektual adamın Azərbaycan cəmiyyətində yaşaması çox çətindir”

“Saxta partiya sədri, özünü apara bilməyən müğənnilər dəbdəbəli həyat tərzi keçirirlər”

“İndi meymunluqla insanları güldürmək istəyirlər”

Modern.az saytı “XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki qonağımız Azərbaycanın tanınmış hüquqşünaslarından biri Aslan İsmayılovdur.

  - XXI əsrin Azərbaycan cəmiyyətini necə xarakterizə edərdiniz? Dünyanın bir çox ölkələrində olmusunuz. Onlarla müqayisədə bizdə nə çatışmır? 

- Mənəvi dəyərlər çox böyük sürətlə arxa plana keçir. Danışıqlarımızda ən çox mənəvi dəyərlərdən söhbət getsə də, bu sahədə Avropadan və ABŞ-dan çox geridəyik. Bu çox ağrılıdır. Azərbaycandan danışanda Bakının, yeni infrastrukturların gözəlliyi qeyd edilir. Ancaq insanların xoşbəxt olması üçün bu həlledici deyil. İnsanlar üçün ən vacibi onların mənəvi, ruh rahatlığıdır. Bu mənəvi, ruh rahatlığı üçün isə cəmiyyət ədalətli olmalıdır. Çox heyifislənirəm ki, maddiyyata başı qarışan cəmiyyət sosial ədalət prinsipini yaddan çıxarır.

- Sizcə, XXI əsrin Azərbaycan cəmiyyətində intellektin, intellektual fərdin sürətlə təklənmə prosesi hiss olunur?

- Birmənalı şəkildə bəli! Baxın, görün Azərbaycan telekanallarında hazırlanan proqramlar intellektuallığa xidmət edir, yoxsa şouya, maddiyyata?! Bu gün intellektual adam üçün Azərbaycan cəmiyyətində yaşamaq çox çətindir.  Tanıdığım adamlar var: məsələn, elmi rəhbərim olan fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov.Yaxud, tarix elmləri doktoru, həqiqi alim Dilqəm İsmayılov. Şair Rüstəm Behrudinin son şeirlərini oxuyun. Ruh durumunu görərsiniz. Çox dərin intellektə, daxili ədalət hissinə malik olan insanlardır. Onların bu cəmiyyətdə özlərini tənha hiss etməmələrinə inanmıram. Sadəcə, bu cür intellektualların yeganə xilas və istinad nöqtələri ailələridir. Əgər həmin şəxslərin ailələrində nizam-intizam, onlara qarşı qayğı olmasaydı, həyatlarının faciəvi olduğunu deyərdim. Şəxsən özüm üçün elə bir yer görmürəm ki, gedim orada əylənim, dincəlim. Elə bir məclis yoxdur ki, mənə dar gəlməsin. Çox nadir hallarda yığışıb daxilimizə cavab verə biləcək məsələlərin müzakirəsi ilə məşğul ola bilərik. Bu gün cəmiyyətdə istənilən yığıncaqlar, istənilən tədbirlər hamısı maddiyyatla bağlıdır. İdmana gedirəm. Mətbuatdan da bilirsiniz ki, “Hyatt Regensy”lə bağlı məhkəmə çəkişməsi var. Ora idmana gələnlər idman, necə istirahət etmək mövzusunda  danışmırlar. Bütün söhbətləri kimin hansı sərvətə malik olması və kimin hansı haqsızlığa, ədalətsizliyə yol verməsidir. Halbuki,  özləri ömrü boyu haqsızlıq ediblər. İdman edəcək bir yer tapa bilmirəm ki, gedib orada maraq dairəmə uyğun mənəviyyat, idman, ədəbiyyat, incəsənətlə bağlı intellektual söhbətlər edək. Bu dəqiqə  hər yerdə ya şou-biznesin, ya da siyasətin müzakirəsi aparılır. Çünki bu dəqiqə Azərbaycanda yeganə varlanma mənbəyi şou-bizneslə siyasətdir. Amma normal Avropa ölkəsində belə deyil. Mən Amerikada çox olmuşam. Orada hər hansı bir  bahalı maşını, məsələn, “Bugatti”, “Ferrari” və digərini kimsə görərsə, heç kimin ağlına gəlməz ki, o hansısa prezidentin, senatorun, yaxud qubernatorundur. Hökmən fikirləşəcəklər ki,  bu hansısa vəkilin, ya həkimindir. Amma görürsən ki, Azərbaycanda saxta bir partiya sədri, özünü aparmağı bacarmayan şou-biznes iştirakçısı olan kimsə dəbdəbəli həyat tərzi keçirir. Amma Əbülhəsən Abbasov kimi professor aylıq 350-400 manat maaşla kifayətlənməli olur. Həmin o partiya sədri, şou-biznes əhli, yaxud deputat bir əyləncəsinə minlərlə manat xərcləyir. Amma bu ölkəni, bu milləti tərəqqiyə apara biləcək intellektuallar, alimlər ac-yalavac yaşayırlar.

- Bizim cəmiyyət 1906-cı ildə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının səhifələrindən çıxa bilibmi? Yoxsa, bu gün hələ də orada yaşayırıq?

- Bir neçə gün bundan əvvəl Mirzə Ələkbər Sabirin ad günü idi. Mən Facebook səhifəmdə onun şəklini paylaşdım və “Allah sənə rəhmət eləsin, böyük  insan” yazdım. Sabirin, Mirzə Cəlilin və onların hər ikisindən böyük Həsən bəy Zərdabinin yazılarını götürüb imzasız yenidən çap etsək, sanki bu gün yazıldığını görərik. Eyni şeydir. O vaxt da Zərdabiyə, Mirzə Cəlilə, Sabirə çoxluq necə avam, bacarıqsız, xəstə insan kimi baxırdısa, bu gün də haqdan, ədalətdən danışan, rüşvət almayan, buna qarşı çıxan adama fərsız adam kimi baxırlar. Bu gün  inanmaram ki, hər hansı gənc qızın, yaxud oğlanın ailəsi öz evində intellektual, lakin kasıb olan alimin övladını gəlin, ya kürəkən kimi görsün.  Hər birinin gözü oliqarxlardadır. Halbuki, onlardan heç fərli həyat yoldaşı da olmur. Amma o  kasıb, əxlaqlı alimin balası əsl həyat yoldaşı olar. Mən niyə deyirəm həyat yoldaşı? Ona görə ki, Avropanın hansı şəhərində olmuşamsa, orada ziyalı və təfəkkürünə görə fərqlənən elita ilə söhbət edəndə, demişəm ki, bizdə “arvad”, “ər” kimi ifadələrdən az istifadə olunur. Bizdə “həyat yoldaşı” deyilir. Avropanın ən ziyalı adamı da bu söz birləşməsinin qarşısında heyranlığını gizlədə bilməyib. Deyiblər, görün Azərbaycan xalqı  intellektual və mədəni, mənəvi cəhətdən necə zəngindir ki, “arvad”a “həyat yoldaşı” deyə xitab edir. Dünyanın heç yerində bu yoxdur. Amma heyf ki, əksəriyyətimiz bu gün həyat yoldaşı yox, var-dövlət mənbəyi axtarırıq. Bədbəxtliyimiz, bax bundadır.



- Fikrinizcə, bu gün tipik Azərbaycan gəncinin düşüncəsi, təfəkkürü üçün kütləvi qırğın silahı rolunu nə oynayır?

- Birinci növbədə Azərbaycan telekanalları və kütləvi informasiya vasitələrinin əksəriyyəti. Mən yüz faiz əminəm ki, mənən varlı olan adam bədbəxt olmur. Milyarder bədbəxt ola bilər. Amma mənən varlı olan adam, intellektual adam heç vaxt özünü  bədbəxt hiss eləmir. Onun cəmiyyətə yazığı gəlir ki, niyə bu cəmiyyət belə gündədir. Bugünki gəncliyi isə formalaşdıran həmin o telekanallar və KİV-lərdir. Siz Azərbaycan telekanallarına baxın: telekanallar vasitəsilə tamaşaçılara aşılanır ki, qanuni oğrulara həsəd aparıb onların qarşısında diz çökmək lazımdır. Xalq artisti telekanaldan deyir ki, “mən yemirəm, mən yedizdirirəm”. Bu gün isə dövlət rəsmiləri həmin şəxsi millətin “qaymağı” adlandırır. Ona Avropa Olimpiya məşəlini etibar edirlər. Bu sözləri eşidən Azərbaycan gəncliyi də onlara oxşamaq istəyir. Bu gün telekanallar Azərbaycana atılacaq atom bombasından da təhlükəlidir. Bu gün onlar Azərbaycan millətinin genefondunu məhv edir. Türk dostlarımla çox oturub- dururam. Onlara deyirəm, inanmıram ki, dünyada Azərbaycan xalqı qədər dözümlü, keçmişi  uğrunda çalışan bir xalq ola. Ən azı son 100 ildə daim Azərbaycan intellektuallarının məhvi  gedib. 1930-cu illərdə Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər və daha kimləri məhv edildilər. Sovet hakimiyyəti dövründə  kökünə, millətinə, əxlaqına bağlı olanın daim qarşısı alınıb. Hamısını rusbaş etmək istəyiblər. Son 20 ildə yenə eyni proses gedib, əxlaqlı, intellektual, vicdanına sədaqətli adamların sinəsindən itələyiblər, çərlədiblər, təhqir ediblər. Bax, bizim bədbəxtliyimiz budur.

- Bəşəriyyət bir çox tarixi inkişaf mərhələsi keçib: ibtidai icma, quldarlıq və s. Sualım ondan ibarətdir ki, bu gün XXI əsrdə bir cəmiyyətdə sırf quldarlıq quruluşunun stereotipləri ilə düşünəndə həmin cəmiyyət nəyi itirər?

- İstənilən quruluşu götürün. Sosial ədalət olmayan  bir cəmiyyətdə insanlar üçün hüzur yoxdur. 30 il əvvəlki Azərbaycanla indiki Azərbaycanda maddi vəziyyət arasındakı fərq müqayisəedilməz dərəcədə yüksəlib. Əvvəllər evlərdə həftədə bir dəfə aş, ət bişirilərdisə, indi onları hər gün bişirməklə kimisə təəccübləndirə bilməzsən. Amma bugünkü insanların ruh rahatlığı o dövrlə müqayisədə qat-qat pisdir. Ona görə ki, o dövrdə tam olmasa da müəyyən qədər sosial ədalət  var idi. Amma bu gün sosial ədalət yoxdur. Əminəm ki, Azərbaycan müəlliminə maaşı 200 manat yox, 2000 manat versək, həkiminə 4000 manat versək, maaşlar 50 dəfə artırılsa belə, sosial ədalət olmasa, məhkəmə ədalətsizliyi hökm sürsə, yenə də insanlar ruhən rahat olmayacaqlar. Ruh rahatlığı necədir? Biz o dövrdə də qəfəsdə idik, bu dövrdə də qəfəsdəyik. Sadəcə, o dövrdə qəfəsimiz dəmirdən idi, indiki qəfəsimiz qızıldandır. Bunun heç bir fərqi yoxdur. Nəticə budur ki, insan azad deyil. Azad olmayan insan isə xoşbəxt ola bilməz. Hakimdən, prokurordan, polisdən, icra başçısından qorxan insan heç vaxt azad ola bilməz. Sabahına, mülkiyyətinin toxunulmazlığına əmin olmayan insan heç vaxt xoşbəxt ola bilməz. Siz elə bilrisiniz ki, bu gün nazirlər, yaxud oliqarxlar xoşbəxtdirlər? Xeyr! Son hadisələr göstərdi ki, onların da həyatı təminatlı deyil. İnsanın xoşbəxt olması üçün birinci sosial ədalət mühiti hökm sürməlidir. Əgər sosial ədalət mühiti olarsa, insan da xoşbəxt yaşayar. Maddiyyat ikinci dərəcəlidir. Çünki insanın xoşbəxtliyi yalnız ruhən olur.
Xeyli insan tanıyıram ki, var-dövləti aşıb-daşır, amma şən ola bilmir. Çünki onların ruhları xoşbəxt deyil. 

- Elm və sənət həm fərdi, həm də cəmiyyəti ayaqda saxlayan  iki qoşa qanaddır. Bu gün hansı qanadımız daha axsaqdır?

- Hər ikisi. Elmi qanadı axsaqdır, ona görə ki, bu gün Azərbaycanda faktiki olaraq elm yoxdur. Elmi adları bu gün çoxları prestij üçün alır. Bu gün doktorluq, namizədlik dissertasiyalarının 90 faizi plagiatdır və onların elmə heç bir aidiyyəti yoxdur. Ali Attestasiya Komissiyasından elmlər doktoru, fəlsəfə doktoru adı almaq elmin inkişafı deyil. Elmin inkişafı elmə yenilik gətirmək və bununla cəmiyyətə xeyir verməkdir. Bu, bizdə yoxdur və ola da bilməz. Ona görə ki, bu gün elmin inkişafına büdcənin 0,2 faizi ayrılır. Amma normal ölkələrdə, məsələn, Avstriyada büdcənin təqribən 8-9 faizi elmə ayrılır. Ona görə də əhali sayına görə ən çox Nobel mükafatı laureatı Avstriyaya aiddir. 

- Bir qədər də mədəniyyət haqqında danışaq. Bu gün bizdə hansı yoxdur: mədəniyyət, yoxsa mədəniyyət xadimləri?

- İndiyə qədər danışdığımız hamısı onunla bağlıdır ki, əgər bizdə normal mədəniyyət olsaydı, insanlar belə olmazdı. Təbii ki, qibtə edəcəyimiz mədəniyyət xadimlərimiz də var. Məsələn, mənim üçün  Fuad Poladov bu cür şəxslərdəndir. Onun oynadığı “Afinalı Timon” əsərinə hər dəfə baxmaq mənə 3-5 ay mənəvi rahatlıq verir. Söhbət burada tək həmin əsərdən getmir, söhbət burada Fuad Poladovun necə oynamasından gedir. Amma siz ekranlarda Fuad Poladov kimi mədəniyyət xadimlərini tez-tezmi görürsünüz? Əksinə, Poladovlar qalıb kölgədə. Mədəniyyətə heç bir dəxli olmayan, şit-şit hərəkətləri ilə gündəmə gələnlər çoxdur. Mən bu yaxınlarda Facebook səhifəsində balaca da olsa, dəhşətli bir status oxudum: “Xoşqədəmi ilə ağlayan, Fəlakəti ilə gülən millətim”. Bu, dahi Cəlil Məmmədquluzadənin: “dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan millətim”  ifadəsinə bənzəyir.

Xoşqədəmin “Səni axtarıram” verilişində insanları ağlatması ilə tanıyırlar. Fəlakətin də kimliyini bilmədiyimdən maraqlandım. Öyrəndim ki, telekanalların birində “komediya usta”sıdır. Bizim güldürənlərimiz Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nurinin insanlara çatdırmaq istədikləri fikirlər var idi. Amma indi meymunluqla insanları güldürmək istəyirlər. Bunun mədəniyyətə heç bir aidiyyəti yoxdur. Ədabazlıqla, şit-şit, tərbiyəsiz hərəkətlərlə insanları maarifləndirmək, onlara müsbət mənada təsir etmək mümkün deyil

- Gənclərə nə tövsiyə edərdiniz? Kimləri oxusunlar?..

- Məsləhət görərdim ki, xalq yaşadıqca yaşayan insanları - Həsən bəy Zərdabini, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlil Məmmədquluzadəni oxusunlar, Üzeyir Hacıbəyovu dinləsinlər. Bunlar xalqın çox nadir inciləridir. Dövlət quruculuğu, siyasət sahəsində Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəyYusifbəyli, Əlimərdan bəy Topçubaşovu, fəlsəfə sahəsində Əbülhəsən Abbasovu, ictimai münasibətləri öyrənmək üçün Dilqəm İsmayılovu, neft-kimya sahəsində Azad Mirzəcanzadəni oxusunlar.

O qədər var, Füzulinin qəzəllərini, Nizaminin “Xəmsə”sini  oxusunlar. Bunlar tarix yaşadıqca bu milləti saflaşdıra-aflaşdıra gedəcəklər. Bayaq dedim ki, millətə qarşı nələr olmayıb. Amma bu millət öz milli mənliyini qoruyub saxlayıb. Məhz sadaladığım adamların hesabına. Bundan sonra da qoruyub saxlayacaq. Amma itkilər hesabına. Biz adlarını çəkdiyim insanlara tez-tez müraciət etsəydik, itkilərimiz daha az olardı.

- XXI əsrin Azərbaycan cəmiyyətinə nə arzu edərdiniz?

- Facebook səhifəmdə də  daim bu barədə yazıram. Həyat çox ədalətlidir. İnsanlar ədalətli olmağa çalışsınlar, heç kimin haqqını yeməsinlər, kimsəni haqsız yerə incitməsinlər ki, qarşılığını almasınlar. Bu cəmiyyətə arzulayardım ki, xoşbəxt olmaq üçün ətrafa xoşbəxtlik arzulasınlar. İnsanların uğuruna sevinsinlər. Hökm deyil ki, bu doğma, qohuma-əqrəba olsun. Qonşuya, tanımadıqlarınıza, küçədən keçənə xoşbəxtlik arzulayın. Hamının uğuruna sevinin. Onda özünüz də xoşbəxt olacaqsınız. Bu nağıl, utopiya deyil. Bu yaşımda gördüklərim reallıqdır. Bizim cəmiyyəti didən, dağıdan, içəridən parçalayan paxıllıq hissidir. İnsanda paxıllıq ən dəhşətli xəstəlikdir. Belə insan hər  saniyə, hər dəqiqə, hər saat, hər gün özü-özünü içindən zəhərləyir. Başqasının uğuruna sevinən, paxıllıq etməyən insanda isə əksinədir. Təbiəti, hər gördüyünüz daşı, yarpağı, gülü çiçəyi, ağacı da sevin. Heç nəyə, heç kimə nifrət etməyin.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu