Modern.az

«İstehkamçı həyatda yalnız bircə dəfə səhv edir»

«İstehkamçı həyatda yalnız bircə dəfə səhv edir»

13 Oktyabr 2009, 10:25

Fazil Əzizov: «Vətən torpaqlarının hamısı partlamamış hərbi sursatdan təmizlənənə kimi istehkamçı peşəsinə sadiq qalacam»

Qatar axırıncı dəfə ləngər vurub, Horadiz stansiyasında dayananda günəşin al şəfəqləri bu kiçik şəhəri öz nuruna boyamışdı. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regional bazasına getmək istədiyimizi eşidəndə, yaşlı taksi sürücüsünün çöhrəsinə təbəssüm qondu, sifəti işıqlandı. Sözlü adamlar kimi bir-iki dəfə udqundu, amma dilinin ucuna gətirdiyi sözləri geri qaytarmadı: «Yerin altındakı mina ermənidən də təhlükəli düşməndir. İstehkamçılarımız onları bir-bir tapıb, zərərsizləşdirirlər. Allah onlardan razı olsun, indiyə kimi neçə-neçə günahsız insanın həyatını xilas ediblər».

…Fazil Əzizov 1972-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Çoxuşaqlı ailədə böyüdüyü üçün hələ uşaq yaşlarından zəhmətə qatlaşıb, evdə, tarlada gücü çatan işin qulpundan yapışıb. Orta məktəbdə əla qiymətlərlə oxuyub. Müəllimləri də, sinif yoldaşları da həmişə ondan razılıq edib. Orta məktəbi bitirdikdən sonra bir il kolxozda işləyib. Deyir ki, həmin vaxt qardaşlarından ikisi tələbə olduğu üçün valideynlərinə yük olmaq istəməyib. 1989-1991-ci illərdə keçmiş Sovet ordusunun sıralarında Ukraynada hərbi xidmət keçib. İntizamlı əsgər olduğu üçün komandirləri həmişə onu başqalarına nümunə göstərib. 

1991-ci ildə doğma rayonuna dönən Fazil Əzizov vətəndə münasib iş tapa bilmədiyinə görə bir müddət sonra yenidən Ukraynaya qayıdıb. İki il Xorkov şəhərində istehsalatın müxtəlif sahələrində çalışıb. 1993-cü ildə Füzulinin başının üstünü almış «qara buludlar» sıxlaşanda yenidən Azərbaycana qayıdıb.  Qanlı-qadalı, ağır günləri ailə üzvləri, əzizləri ilə bir yerdə keçirib. Doğulub boya-başa çatdığı doğma Əhmədalılar kəndi erməni işğalından azad olunduqdan sonra ata-baba yurduna qayıdıb. Kənd camaatının isti nəfəsi barıt qoxusuna qarışıb. Əhmədalılar kəndinin əhalisi az vaxt ərzində bu torpaqlarda müharibənin yaralarını sarımağa, yeni həyat qurmağa nail olublar. Digər həmkəndliləri kimi Fazil Əzizov da müharibədən sonra başlayan bu quruculuq-abadlıq dövrünün fəal iştirakçılarından biri olub.

2000-ci ilin yazında «Dayaq» Qeyri-Hökumət Humanitar Təşkilatının elanı ilə tanış olan Fazil Əzizov tərəddüd etmədən istehkamçıların sırasına qoşulmağa qərar verib. May ayında xaricdən gəlmiş mütəxəssislər tərəfindən keçirilən kursda iştirak edir. Ayyarım sonra bütün imtahanları əla qiymətlərlə verərək, sertifikat alıb. 2000-ci il iyul ayının 17-si Fazilin yaddaşına ömürlük həkk olunub: «Torpağı işğaldan azad etmək hələ işin yarısıdır. Əsas odur ki, torpağı əkib-becərəsən, ona ikinci dəfə həyat verəsən. Mən, 2000-ci il iyul ayının 17-də istehkamçı kimi fəaliyyətə başlayanda Füzulidə çirklənmiş ərazi çox idi. Həmin dövrdə rayonumuzda tez-tez mina partlayırdı. Nəticədə günahsız insanlar həyatlarını itirir, şikəst olurdular. Mən, istehkamçı kimi fəaliyyətə Böyük Bəhmənli kəndindəki çirklənmiş sahəni təmizləməklə başladım. Nəzəri biliklərim yüksək səviyyədə olsa da, praktikada həyəcansız ötüşmək mümkün olmadı. Sahədə ilk dəfə partlamamış hərbi sursat aşkar edəndə bu həyəcan özünü açıq-aşkar büruzə verdi. Amma texniki qaydalara dəqiq riayət etməklə prosesi uğurla başa çatdıra bildim. Böyük Bəhmənli kəndində təxminən 70 min kv.metr ərazini partlamamış hərbi sursatdan təmizləməyə müvəffəq olduq». 

Fazil Əzizov hazırda ANAMA-nın Füzuli regionundakı təmizləmə qrupunun üzvüdür. İndiyə kimi Füzuli, Ağstafa, Ağcabədi, Goranboy, Tərtər, Göygöl rayonlarında partlamamış hərbi sursatla çirklənmiş ərazilərin təmizlənməsində yaxından iştirak edib. Fazil istehkamçı olması ilə fəxr edir. Deyir ki, dədə-baba torpaqlarını qarış-qarış təmizləyib, yenidən həmyerlilərinin ixtiyarına verdiyi üçün özünü xoşbəxt sayır: «Valideynlərim, övladlarım bu torpaqlarda yaşayır. Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, doğmadır. Biz əhaliyə mütəmadi olaraq təhlükəli ərazilərə daxil olmamaları üçün xəbərdarlıq edirik. Bəzən insanlar bizim xəbərdarlığımızı qulaqardına vurub, çirklənmiş ərazilərdə təsərrüfat işləri ilə məşğul olurlar. Bu isə bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Amma təmizləyib təhvil verdiyimiz ərazilərdə indiyə kimi heç bir bədbəxt hadisə baş verməyib. Biz sadə insanları təhlükədən xilas etmək üçün öz həyatımızı təhlükəyə atırıq. İstehkamçı peşəsi zərgər dəqiqliyi tələb edir. İstehkamçı həyatda yalnız bir dəfə səhv edir. Şükürlər olsun ki, bu günə kimi mən də, yoldaşlarım da heç bir ciddi səhvə yol verməmişik».

İstehkamçı kimi fəaliyyət göstərdiyi təxminən 10 illik zaman kəsiyində Fazilin yaddaşında ən çox ilişib qalan hadisə Füzuli rayonunda baş verib: «Biz əsasən təmas xəttində işləyirik. Bir dəfə Azərbaycan Ordusunun nəzarətində olan təpələri təmizləyəndə ermənilər bizə müxtəlif istiqamətlərdən atəş açdılar. Güllələr başımızın üstündən keçirdi. Çətinliklə özümüzü səngərə ata bildik. Amma bu hadisə heç kimi qorxutmadı. Əksinə, bundan sonra qrupumuzun üzvləri işə daha böyük həvəslə yanaşmağa başladılar. Təmizləyib kənd sakinlərinə təhvil verdiyimiz ərazilərdə indi taxıl zəmiləri dalğalanır. Bu mənzərəni görəndə sinəmiz qürur hissi ilə dolur. Qoy, düşmən görsün ki, onun çirkləndirdiyi torpaqlarımızı qarış-qarış təmizləyib, yenidən cənnətə çeviricəyik».

Fazil Əzizov gənc istehkamçıların yetişməsində də yaxından iştirak edir. Deyir ki, Azərbaycanın potensialı işğal altında olan torpaqlarımızı öz gücümüzə partlamamış hərbi sursatdan təmizləməyə imkan verir: «Vaxtilə Benyəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi layihələrdə də iştirak etmişəm. Təcrübəli istehkamçı nəslinin yetişməsində BAMF-ın da müstəsna xidmətləri var. İstər ANAMA, istərsə də BAMF gənc istehkamçıların yetişməsi üçün xüsusi fəallıq göstərir. Bu gün istehkamçılarımız təkcə ölkəmizin hüdudları daxilində deyil, Azərbaycandan kənarda da yaxşı tanınırlar. Bu isə Azərbaycan istehkamçılarının ən ağır işin öhdəsindən belə layiqincə gələcəyini söyləməyə əsas verir».

 

Sonda Fazil ürək sözlərini də bizimlə bölüşdü: «İki qızım var. Ən böyük arzum odur ki, onlar Azərbaycanın hər qarış torpağında sərbəst gəzə bilsinlər. Ona görə də çirklənmiş ərazilərimizin hamısını «gözəgörünməz düşmən»dən təmizləyənə kimi istehkamçı peşəsinə sadiq qalacağam».

 

Seymur VERDİZADƏ

Bakı-Füzuli-Bakı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi