Modern.az

Əli Hüseynov proporsional seçki sisteminin bərpa məsələsindən danışır

Əli Hüseynov proporsional seçki sisteminin bərpa məsələsindən danışır

Parlament

4 Oktyabr 2010, 13:01

2002-ci ilin avqust ayında Azərbaycan Konstitusiyasına referendum yolu ilə bəzi dəyişikliklər edildi və nəticədə 1995-ci ildən mövcud olan proporsional seçki sistemi ləğv olundu.
Elə o zamandan bu günədək sözügedən seçki sisteminin bərpası məsələsi mütəmadi olaraq gündəmi məşğul etməkdədir. Özü də bu məsələ təkcə müxalifyönlü siyasətçilər və partiyalar tərəfindən deyil, elə hakim partyianın bəzi funksionerləri və parlament təmsilçiləri tərəfindən də zaman-zaman ortaya atılır.

Belə olan halda görəsən, yaxın gələcəkdə proporsional seçki sisteminin bərpası ilə bağlı yenidən Konstitusiyaya referendum yolu ilə dəyişikliklər edilə bilərmi?

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Modern.az-a bildirib ki, bu, indilikdə mümkün deyil, bunun üçün heç bir ciddi əsas yoxdur. «Biz bütövlükdə mojaritar seçki sisteminə keçmişik, ötən dövr ərzində də o sistem daha təkmil şəkildə formalaşıb və özünü doğruldub» - deyən komitə sədrinin sözlərinə görə, vətəndaş bu gün özünün təmsilçisini parlamentdə görmək istəyir. Fərqi yoxdur həmin şəxs bitərəf, iqtidar, yaxud müxalifət nümayəndəsidir, vətəndaş istəyir ki, onun öz seçdiyi namizəd parlamentdə əyləşsin. Elə məhz buna görədir ki, vətəndaşlar seçkilərə bu qədər maraqlıdır.
«Ola bilər ki, bu, siyasi partiyalar üçün tam sərfəli deyil, amma vətəndaşlar üçün qanedicidir. Vətəndaş səs verib, konkret şəxsi parlamentdə görmək istəyir. Mən aparıcı hüquq ictimaiyyəti adından deyə bilərəm ki, 2002-ci ildə Konstitusiyaya referendum yoluyla dəyişikliklər zamanı haqlı olaraq, bütövlükdə mojaritar seçki sisteminə keçmək daha məqsədəuyğun sayıldı. Bu baxımdan hesab edirəm ki, ən azından yaxın illər üçün də bu sistem hələ işləməlidir» - deyə, Ə.Hüseynov sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir