Modern.az

Partiya sədri dindarları biabır etdi- "Bizdə fətva verə biləcək kimsə yoxdur” - MÜSAHİBƏ

Partiya sədri dindarları biabır etdi- "Bizdə fətva verə biləcək kimsə yoxdur” - MÜSAHİBƏ

Müsahibə

18 İyun 2015, 14:40

“Məcbur olmuşuq ki, İraqdakı hansısa şiə aliminin fətvalarından sitatlar gətirək”

Son vaxtlar dini mövzulara şərh verməklə gündəmə gələn Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  Modern.az saytına müsahibə verib.

- Bir çox din xadimi fətvalar verir və bu, bəzən cəmiyyətdə birmənalı qarşılanmır. Hətta ciddi qarşıdurmalara gətirib çıxaracaq fətvalar da var. Məsələ isə ondadır ki, Azərbaycanda da hansısa müsəlman dövlətinin din aliminin verdiyi  bu fətvalara uyan və ya ondan iqtibas gətirən ilahiyyatçılar var. Yaranan fikir ayrılıqlarını nəzərə alaraq necə düşünürsünüz, fətva zərurətdir?

- Fətva ictimai-siyasi həyatın tarixi inikası, tərəqqisi ilə bağlıdır. Zaman keçdikcə yeni şərtlər yaranır və bu insanlarda bu situasiyaya görə meydana gəlir. Bu sualları “Quran”a uzlaşdırmaq üçün müəyyən alimlərin fikirlərinə ehtiyac duyulur. Həm də “Qurani-Kərim”i bütün insanların eyni səviyyədə anlaması mümkün deyil. “Quran”da elə ayələr var ki, onu hamı başa düşür. Bəziləri isə elə dərin mənaya malikdir ki, onu açmaq üçün xüsusi elmi yanaşma, bilik tələb olunur.

Məhəmməd peyğəmbərin zamanında təyyarə olmayıb. Ona görə də o dövrdə heç kim peyğəmbərə təyyarədə orucun necə tutulması və ya namaz qılınması ilə bağlı sual verməyib. Çoxlu belə məsələlər ortaya çıxır və bu tərəqqinin gətirdiyi tərəddüdlərdir. Bu tərəddüdləri aradan qaldırmaq üçün İslam alimlərin borcudur ki, həmin məsələlərə “Qurani-Kərim” aspektindən birmənalı aydınlıq gətirsinlər.

- Dini araşdıran bir şəxs kimi “Quran”da hansı məsələlərlə bağlı fətva verilməsinin nəzərdə tutulduğunu deyə bilərsinizmi?

- Din xadimləri anlamalıdırlar ki, “Quran”da hər bir şeyə görə fətva verilməsi bildirilməyib. Məsələn, Nisa surəsində Allah qadınlarla bağlı fətva verilməsini qadağan edir. Hətta bu qadağa Məhəmməd peyğəmbərə də şamil edilir. Amma elə din xadimləri var ki, həyatın bütün sahələri ilə bağlı fətva çıxarırlar. Hətta zərurət yaranmadıqda belə, yenə də fətva verirlər.

Bu isə əsl bidətdir. Müsəlman dünyasının təriqətlərə, məzhəblərə parçalanmasının bir səbəbi bu cür əsassız fətvaların meydana çıxmasıdır. Bu isə İslama ziddir. Buna görə də fətvaların hansı zərurətdən doğduğunu düzgün müəyyənləşdirmək lazımdır. Bu zərurət isə tərəqqiyə, inkişafa yönəlməlidir.

- Sizcə, fətvanı vermək üçün tələb olunan meyarlar nədir?

- “Qurani-Kərim”i tam mənimsəmiş, ona iman gətirmiş, ilahi elmlərin hamısından məlumatı olan, eyni zamanda elmin, texnikanın, mədəniyyətin mahiyyətini başa düşən din alimi fətva vermək hüququna malikdir.

- Azərbaycanda siz dediyiniz parametrlərə cavab verən din xadimi varmı?

- Xeyr, Azərbaycanda fətva verə biləcək səviyyədə ilahiyyatçı, din xadimi yoxdur. Buna səbəb olan digər bir amil isə sovet hökumətinin dinin inkişafının qarşısını alması idi. Çünki bununla Azərbaycan öz din alimini yetişdirə bilmədi. Ona görə də məcbur olmuşuq ki, İraqdakı hansısa şiə aliminin, məsələn, Sistaninin fətvalarından sitatlar gətirək.

- Tutaq ki, Xomeyninin, Xamneyinin, Sistaninin və ya digər alimlərin fətvaları tamamilə doğrudur. Bu fətvaları Azərbaycana transfer etmək nə dərəcədə məntiqlidir? Çünki İraqdakı, İrandakı ictimai-siyasi şərtlərlə Azərbaycandakı vəziyyət fərqlidir. Bu kontekstdə də şərhiniz maraqlı olardı.

- Düzdür, sizinlə razıyam. Adlarını çəkdiyiniz ölkələrlə Azərbaycandakı vəziyyət fərqlidir, ona görə də oradakı dini fətvaların burada tətbiq edilməsi istəyi tamamilə yanlışdır. Bir problem də odur ki, eyni məsələ ilə bağlı müxtəlif fətvalar verilir. Onu da deyim ki, fətva bir “Quran” ayəsi deyil. Sadəcə, hansısa alimin fikridir. Bu alimə kim inanırsa və  etibar edirsə, onlar həmin din xadiminin arxasınca gedib, dediklərinə əməl edəcəklər. Fətvaya uymaq düzgün deyil.

- İndi siyasi proseslərlə paralel olaraq dinlə bağlı da şərh verirsiniz və ölkədəki ilahiyyatçıları da tənqid edirsiniz. Eyni zamanda, “Quran”ı izah edən kitab yazırsınız. Belə düşünmək olarmı ki, Sərdar Cəlaloğlu yeni dini lider qiyafəsində meydana çıxacaq?

- Mən tez-tez cümə namazlarına gedirəm və adam o qədər çox olur ki, bəzən həyətdə gözləyirəm. Mənim araşdırmaların “Quran”ın elmlə dərk edilməsi mövzusundadır. Ona görə də izahi-şərhi məsələlərinə keçib hər hansı fətva verməyimə ehtiyac yoxdur. Mən, sadəcə olaraq müasir elmləri, fəlsəfəni əlimdə əsas tutaraq “Quran”ı izah edirəm. Mən heç zaman yeni din xadimi kimi ortalığa çıxmaq istəməmişəm və bunu heç zaman etməyəcəyəm.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır