Modern.az

Parlament jurnalistləri deputat Adil Əliyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Adil Əliyevi necə xarakterizə edirlər?

5 Oktyabr 2010, 13:05

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Adil əliyev barədə fikirlərini bildiriblər.

Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı Şəhər Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.
Bitərəfdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Milli Məclisin passiv deputatlarından biridir. Hansısa məsələyə münasibət bildirməsini və ya hansısa qanun layihəsi ilə bağlı təkliflə çıxış etməsini xatırlamıram. Ara-sıra qəzetlərdə hansısa məsələyə münasibət bildirir. Seçiciləri ilə münasibətindən də xəbərsizəm. Deputat kimi passiv olduğundan jurnalistlərlə münasibətlərini də qənaətbəxş hesab etmirəm”.  

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “O, daha çox sabiq polis rəisi və vaxtilə Baki Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin qardaşi kimi daha məşhudur, nəinki deputat kimi. Onun adı çəkiləndə insanlar adətən belə deyirlər: keçmiş polis rəisini, Məhərrəm Əliyevin qardaşını deyirsən? O, həm də seçicilərə mobil telefon paylamaq yolu ilə İsa Qəmbər üzərində qələbə çalmış şəxs kimi yaddaşlarda qalıb. Adil Əliyev deputat kimi heç bir fəaliyyəti ilə yadda qalmayıb, ona görə də onun deputat fəaliyyəti haqqında nəsə demək mümkün deyil”.  

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağayeva: “Bir deputat kimi normal fəaliyyət göstərir. Seçiciləri ilə münasibətinə gəlincə seçicilərinin qeydinə qalır. Onların problemlərinin həllində fəaldır. Jurnalistlərə münasibəti isə yaxşıdır”.  

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseyinli: “Adil Əliyev fəaliyyəti dövründə səbr və təmkinliyi ilə seçilir. Qanunvericilik sahəsinin inkişafında hər hansı fəaliyyəti ilə yadda qalmayıb. Jurnalistlərə ümumiyyətlə qapalıdır. Yalnız özünə uyğun bildiyi jurnalistlərlə ünsiyyət qurur. Seçiciləri ilə də münasibəti haqqında məlumatım yoxdur”.  

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Əvvəllər bölmə rəisi işləyib, o vaxt mən də kriminaldan yazırdım. O vaxtdan tanıyıram. Sonra onu Milli Məclisdə iclasda gördüm. Mətbuatdan eşitmişdim ki, seçicilərinə pul paylayır. Yəni millət vəkili kimi onun heç bir fəaliyyətini görməmişəm, ona görə də xarakterizə edə bilmərəm. Jurnalistlərə qarşı çox kobuddur. Mən hesab edirəm ki, o özün hələ də polis rəisi kimi aparır”.  

“Xəbərlər” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyatov: “Seçki ərəfəsi olduğuna görə, onun barəsində heç bir söz demək istəmirəm. Bəlkə hansısa sözüm təşviqat xarakterili ola bilər”.  

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Milli Məclisdə aktiv olmayan deputatlarındandır. İclaslarda nadir halda çıxış edir. İldə bir dəfə çıxış edirsə, böyük şeydir. Adil müəllimlə bağlı yüksək fikir demək çox çətindir. Hələ mən onun seçiciləri ilə bağlı bir məsələni həll etdiyinə rast gəlməmişəm. Jurnalistlərlə münasibətə önəm vermir”.  

“Media forum” portalının əməkdaşı İmdad Əlizadə: “Adil Əliyev Milli Məclisin ən passiv deputatlarından biridir. Mən bu müddətdə onun bir problemlə bağlı danışdığını görməmişəm. Seçiciləri ilə necə işləməyi haqda məlumatım yoxdur. Parlamentin yalnız bir neçə jurnalisti ilə ünsiyyət yaradır”.  

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Digər deputatlardan fərqli olaraq, jurnalistlərə çox qapalı deyil, amma bir elə də fəaliyyəti olmayan deputatdır. Hər hansı məsələylə bağlı yaxşı danışmağı var, amma münasibət bildirməyi yoxdur. Seçicilərilə münasibəti barədə elə bir dərin məlumatım yoxdur. İnanıram ki, bu dəfə seçilsə, işini başqa cür quracaq”.  

“525-ci qəzet”“1news” informasiya agentliyinin əməkdaşı Kamil Həmzəoğlu: “Adil Əliyev deputatdan daha çox cəmiyyətdə Bakı polisinin keçmiş şefi Məhərrəm Əliyevin qardaşı kimi tanınıb. Demək olar ki, ötən müddət ərzində də, o, bu adı, bu imici dəyişmək istiqamətində heç bir cəhd göstərməyib, fəaliyyət ortaya qoymayıb. Daha düzünü desəm, 5 illik fəaliyyəti dövründə o, parlamentdə bir millət vəkili və siyasətçi kimi heç bir yaddaqalan fəaliyyət sərgiləməyib. O, 3-cü çağırış parlamentin ən qeyri-fəal deputatlarında olub. Onun bu qeyri-fəallığının nəticəsidir ki, ötən dövr ərzində jurnalistlər, xüsusilə də parlament jurnalistləri üçün maraqlı simalardan olmayıb. İndiyə qədər yadıma gəlmir ki, parlament jurnalistlərindən kimsə ona yaxınlaşıb, hansısa məsələ ilə bağlı açıqlama almaq cəhdində bulunsun. Bildiyimə görə o, növbəti dəfə seçkilərə qatılıb. Dəqiq deyə bilmərəm ki, o bu dəfə parlamentə düşəcək ya yox, bu, seçicilərin səlahiyyətlərinə aid olan bir məsələdir. Əgər o, növbəti dəfə etimad alıb, parlamentə düşərsə, istərdim ki, heç olmasa bu dəfə fəal olsun və jurnalistlərlə münasibət qurmağa özü meyl etsin. Seçiciləri ilə necə işləməyinə gəlincə, bu haqda məlumatlı olmadığım üçün qeyri-obyektiv səslənə biləcək bir fikir söyləmək istəməzdim”.  

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Adil Əliyev barədə fikir söyləmək mənim üçün çox çətindir, çünki onun fəaliyyəti barədə dəqiq məlumatım yoxdur. Bildiyimə görə Milli Məclisin plenar iclaslarında cəmi bircə dəfə çıxış edib. Seçiciləri ilə hansı şəkildə işləməsi ilə də heç nə bilmirəm. Jurnalistlərlə də münasibəti də çox aşağı səviyyədədir”.   

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Adil Əliyev 5 illik fəaliyyəti dövründə hesab edirəm ki, aktiv deputatlar sırasında olub. Çünki Milli Məclisin plenar iclaslarında mühüm məsələlərin müzakirəsində çıxışlar edib, eyni zamanda Təhlükəsizlik və müdafiə komitəsinin iclaslarında daim iştirak edərək öz təkliflərini də verib. Seçicilərinin hüquqlarının müdafiəsinə gəldikdə isə deyə bilərəm ki, Adil Əliyev bu işdə bəzi həmkarlarından çox seçilib.
Aldığım məlumatlara görə, ona müraciət edən seçicisinin problemini həll etməyə çalışıb və əlindən gələni əsirgəməyib. Jurnalistlərlə münasibətinə gəldikdə isə deyə bilərəm ki, mətbuata açıq deputatdı. Milli Məclisin istənilən plenar iclasından öncə və ya iclas başa çatdıqdan sonra münasibət öyrənmək, müsahibə almaq çətin deyil. İstənilən vaxt ona sualla müraciət etdikdə cavabsız qoymur. Mən Adil Əliyevə bu seçkilərdə də uğurlar arzumalyıram”.    

“Həftə içi qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Adil Əliyev uzun illər siyasətdə bişmiş bir siyasət adamı olmayıb. Əsasən polis fəaliyyəti və cinayətkarlığa qarşı mübarizədə bir polis zabiti kimi daha çox dövlətə və millətə xidmət edib. 
Amma onun 2005-ci ildə keçirilən parlament seçkilərinə qoşulması, rəqiblərinin siyasi müstəvidə daha çox təcürbəyə malik olmalarına baxmayaraq, açıq-aşkar qalib gəlməsi təqdirəlayiq bir hal idi. A.Əliyev o seçkidə sübut etdi ki, Azərbaycanda uzun illər siyasətdə olmadan da xalqın sevgisini qazanıb, keçirilən seçkilərdə adaylığı ortaya qoyub siyasi rəqiblərlə mübarizə aparma gücünə malikdi. Yəni siyasət meydanında rəqiblərinə hər hansı meydan vermək, hansısa müdafiə səngərinə çəkilib rəqiblərindən həmlə gözləmək onun xüsusiyyətlərinə daxil deyil. Əsasən hücum və taktikalı siyasi gedişləri ilə mənim fikirimcə Adil Əliyev seçkidə qalib oldu. Təbii ki, onu sevən, ona sayğı və rəğbətini gizlətməyən seçicilərinin dəstəyi ilə. Əminəm ki, 7 noyabr parlament seçkiləri də Adil Əliyev üçün əsil mübarizə ruhlu bir seçki olacaq və bu seçkidən də alnı açıq, üzü ağ qalib gələrək həm seçicilərini, həm də tərədarlarını sevindirmiş olacaq. Bu seçkidə də hörmətli Adil müəllimə uğurlar arzulayıram”. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Mən Adil Əliyevi deputat kimi yaxşı tanımıram. Bütün digər jurnalistlər kimi onu Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin qardaşı kimi tanıyıram. Onun barəsində başqa nəsə deməkdə çətinlik çəkirəm”.

”Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Adil Əliyev Milli Məclisin ən passiv deputatlarından biridir. Parlamentdə onun heç bir çıxışını eşitməmişəm. Nə vaxtsa seçicilərinin problemini qaldırdığının da şahidi olmamışam. Bu deputatın adına yalnız ara-sıra bəzi mətbu orqanlarda rast gəlirəm”. 

”Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Adil Əliyevi xarakterizə edəcək qədər tanımıram, onun barəsində bir söz deyə bilmərəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Adil Əiyev parlamentin susqun deputatlarıdan hesab oluna bilər. 5 il müddətində özü haqqında fəal olmağa çalışan, amma bunu həyata keçirə biməyən deputat təsəvvürü yaradıb. Onun fəallığı parlament tribunasında deyil, ayrı-ayrı mətbuat orqanlarında olub. Amma ümuilikdə yaxşı insan oldugunu güman edirəm. Seçicilərinin problemlərinin həllində nə dərəcədə fəallıq göstəməsindən məlumatsızam. Jurnalistlərlə münasibətləri de orta səviyyədə qiymətləndirilə bilər”.

 
Vüqar Ağamalıoğlu  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi