Modern.az

“Ermənistandan qovulan soydaşlarımız BMT-nin qaçqınlar siyahısına daxil edilmir” - MÜSAHİBƏ

 “Ermənistandan qovulan soydaşlarımız BMT-nin qaçqınlar siyahısına daxil edilmir” - MÜSAHİBƏ

20 İyun 2015, 14:45

Əziz Ələkbərli: “Qanunlarımız qaçqınların tarixi torpaqlarına qayıtma maraqlarına tam cavab vermir”


Bu gün bütün dünyada Ümumdünya Qaçqınlar Günüdür. Azərbaycanın da kifayət qədər qaçqın və məcburi köçkünü olduğunu nəzərə alaraq Modern.az saytı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli ilə söhbət edib:

- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) bütün dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədə xəbərdarlıq edib. Bundan əlavə, bu qurumun “Qlobal tendensiyalara dair” yeni illik hesabatında yurdlarını tərk etməyə məcbur olan insanların sayında kəskin artım olduğu da göstərilib. Bir il əvvəlki 51,2 milyon və on il əvvəlki 37,5 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 59,5 milyon insan zorla didərgin salınıb...

- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədəki xəbərdarlığı tamamilə qanunauyğundur. Lakin bunun bir nömrəli səbəbkarı, elə BMT-nin üzvü və bu təşkilatda söz sahibi olan beynəlxalq güclərin özləri, onların dünyada yeritdikləri dini və irqi ayrı-seçkilik siyasətidir. Son illərdə xristian dünyasının islam dünyasına, Qərbin Şərqə qarşı yeritdiyi siyasət nəticəsində Əfqanıstandan, İraqdan, Misirdən, Liviyadan, Suriyadan nə qədər qaçqın doğma yurdunu tərk etmək, qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb. Dünyada qaçqınların sayının belə surətlə artmasının ikinci səbəbi yenə də həmin böyük dövlətlərin, ilk növbədə Amerikanın və Qərbin problemə ikili standartlarla yanaşmasıdır.

- Bu məsələdə Azərbaycana münasibəti necə qiymətləndirirsiniz?

- 27 ildir Ermənistanın Qafqazda işğalçılıq siyasəti nəticəsində Azərbaycan qaçqınlar və məcburi köçkünlər ölkəsinə çevrilib və 27 ildir bu məsələdə bir addım da irəliləyiş yoxdur. BMT-nin, Avropa Şurasının, ATƏT-in Minsk qrupunun nümayəndələrinin bölgəyə səfərləri davam edir. Amma nəticəsi yoxdur. Çünki Qərb həqiqəti görmək istəmir, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymur. Bu azmış kimi, Ermənistanı müdafiə edir, ona siyasi və maliyyə yardımları göstərir.

- Maraqlıdır, 59,5 milyonluq siyahıda azərbaycanlı qaçqınlar da varmı?

- Azərbaycanlı qaçqınların həmin siyahıda olub-olmadığı ciddi məsələdir. Bəli, Azərbaycanın məcburi köçkünləri həmin siyahıda var. Lakin 1988-ci ildə Qərbi Azərbaycandan qovulan, o vaxt sayı 250 min nəfər olan, indi isə sayı 400 min nəfəri keçən qaçqın soydaşlarımız, bizdə olan məlumata görə, həmin siyahılara daxil edilmir.

- Sizcə, hansı səbəblərdən azərbaycanlı qaçqınlar həmin siyahıya salınmayıb?

- Bunun birinci günahı özümüzdədir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda boşluq var. Bu qanun haqsız olaraq 1988-ci ilin Ermənistan qaçqınlarının hüquqlarını məhdudlaşdırır. Həmin qaçqınların məsələsi heç vaxt Azərbaycan tərəfindən beynəlxalq danışıqların predmetinə çevrilmir. Buna görə də beynəlxalq aləmdə 1988-ci ilin Ermənistan qaçqınları hesaba alınmır. Bu, ciddi siyasi səhvdir. Həmin hadisələr zamanı yüzlərlə soydaşımız ermənilər tərəfindən qətlə yetirilib, insanlar mülkünü, əmlakını, ən əsası isə vətənini itirib. Buna necə laqeyd yanaşmaq olar? Dünyanı ikili standartda ittiham edən Azərbaycan öz qaçqınlarına necə ikili standartla yanaşa bilər?! Qanunlarımız Azərbaycan qaçqınlarının tarixi torpaqlarına qayıtmaq maraqlarına tam cavab vermir.

- Hazırda Azərbaycandakı qaçqınların ümumi sayı nə qədərdir?

- Bu gün Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin sayı 1,5 milyon nəfərdən çoxdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu rəqəmi 1,2 milyon hesab edir, lakin biz bununla razı deyilik. Əvvəla, ona görə ki, 20 il bundan əvvəl bu qaçqınların sayı 1 milyon idi, o vaxt Azərbaycanın əhalisi 6 milyon idi, indi Azərbaycanın əhalisi 10 milyona yaxındır, deməli, əhali 50 faizdən çox artıb, deməli, qaçqınların da sayı ən azı 50 faiz artmalıdır. Bu, adi hesabdır. Bilirsiniz, bizdə qaçqınların sayı niyə az çıxır? Ona görə ki, kim isə 20-25 il qaçqın düşərgələrində, yataqxanalarda yaşamağa dözmür, zəhmət çəkir, işləyir, pul qazanır, gedib özünə ev alır. O saat ona “sən daimi məskunlaşdın” deyib, qaçqınlıq statusundan məhrum edirlər. Bu, doğru deyil. Ayrıca ev almağı qaçqının doğma yurduna qayıtmaq hüququnu itirməsi anlamına gələ bilməz! Beləcə, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sayı tədricən azaldılır, sıfıra endirilir. Bu, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bu, itirilmiş torpaqlardan tədricən imtinaya aparıb çıxara bilər.

- 1988-ci ildə Qərbi Azərbaycandan olan qaçqınların sayı nə qədər idi?

- 1988-ci ildə Ermənistandan gələn qaçqınlarımızın sayı 250 min nəfər idi. İndi həmin qaçqınların sayı 400 min nəfəri keçib. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, indi bunun dəqiq statistikasını aparırıq. Bu statistika yekunlaşanda Azərbaycan hakimiyyət orqanlarına təqdim edəcəyik. Elə bilirəm ki, bununla dövlətimizə və millətimizə müəyyən köməyimiz dəyəcək.

- Ümumiyyətlə, azərbaycanlı qaçqınların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün aparılan işləri necə qiymətləndirirsizniz?

- Bu, çox ciddi məsələdir. Artıq bir neçə ildir Nazirlər Kabineti nəzdində məcburi köçkünlərə dəyən ziyanın hesablanması ilə bağlı işçi qrupu yaradılıb, müəyyən işlər gedir. Amma təəssüf ki, yenə 1988-ci ildə Ermənistandan qovulan 250 min qaçqın soydaşımıza dəyən ziyanın hesablanması heç kəsin yadına düşmür. Azərbaycan Qaçqınlar Cəmiyyətində isə bu işlə hər gün məşğuluq. Cəmiyyətdə külli miqdarda sənədlər toplanıb. Vaxtilə bəzi imkanlı QHT-lərin köməyi ilə 40-a qədər belə materialı Avropa məhkəmələrinə çıxara bildik. Lakin bizdə belə ərizə və sənədlərin sayı on minlərlədir. Amma bir görün, maraqlanan varmı? Kimə üz tutursan, deyir hər şeyi dövlətdən tələb etməyin, mənim başım çıxmır, erməni bəyəm ayrı-ayrı fərdlərə, QHT-lərə qarşı müharibə aparır?

Əgər müharibə, o cümlədən ideoloji müharibə dövlətlər arasında gedirsə, əlbəttə, bütün müstəvilərdə mübarizə də ilk növbədə dövlətin işidir, dövlət dəstək versin, biz d’ dünyanı erməninin başına dar edək. Buna bizim fiziki gücümüz və intellektual potensialımız var.

- Bu gün cəmiyyət olaraq Ümumdünya Qaçqınlar Günü ilə bağlı hansı tədbirləri keçirəcəksiniz?

- Bu il heç bir tədbir nəzərdə tutmamışıq. Çünki Azərbaycan Qaçqınlar Cəmiyyətinin heç bir maliyyə imkanı yoxdur. Üstəlik, Nərimanov rayon işıq idarəsi bir ildir cəmiyyətimizin işıqlarını kəsib, müraciət edəndə deyirlər: “Bizi işıqpulu maraqlandırır, başqa heç nə”. Nə etmək olar, onlar da millətin və dövlətin maraqlarını qorumağın yolunu belə başa düşürlər. Biz də cəmiyyətin idarə heyəti olaraq, bu səhər toplandıq. Cəmiyyətin qaranlıq otağında qaçqınların hüquqları ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat qəbul elədik, bir az da dərdlərimizdən, itirilmiş kimsəsiz yurd yerlərimizdən danışıb dağılışdıq...

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir