Modern.az

“Televiziya və radiolarda aparıcıların peşəkarlıq səviyyəsi aşağıdır”

“Televiziya və radiolarda aparıcıların peşəkarlıq səviyyəsi aşağıdır”

Media

13 Oktyabr 2009, 14:20

Oktyabrın 13-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə "Azərbaycanın efir məkanında mövcud vəziyyət" mövzusunda birgə dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, “Park İnn” otelində keçirilən tədbirdə deputatlar, teleradio şirkətlərinin, QHT-lərin nümayəndələri iştirak ediblər. Mlli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, rəhbəri olduğu qurumun əsas məqsədi telekanalların verilişlərindəki keyfiyyət dəyişikliyinə inzibati yollarla nail olmaq deyil. Onun sözlərinə görə, dəyişikliyə nail olmaq üçün telekanlların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür: “Bizi ən çox narahat edən məsələ televiziya və radiolarda aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu isə verilişlərin keyfiyyətinə ciddi təsir edir. Telekanallarda maarifçilik verilişlərinə daha çox yer ayrılmalıdır. Reklamların məzmununa da xüsusi diqqət yetirilməlidir”.

N.Məhərrəmli deyib ki, telekanallardakı peşəkarlıq problemini həll etmək üçün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə tələbə qəbulunun sayını artırmaq lazımdır: “Televiziya üzrə akademiyanın yaradılmasına da ehtiyac var və yaxın müddətdə bununla bağlı konkret addımlar atılacaq”.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə deyib ki, telekanallardakı verilişlərin səviyyəsini ilk növbədə tamaşaçının zövqü ilə müqayisə etmək lazımdır. Onun fikrincə, telekanallardakı problemləri kampaniya ilə yox, konkret işlər görməklə həll etmək mümkündür.

Milli Məclisin deputatı Məlahət Həsənova hesab edib ki, telekanllar milli dəyərlərin qorunmasına xüsusi diqqət ayırmalıdırlar. M.Həsənovanın sözlərinə görə, təkcə telekanallarda deyil, bir qrup qəzet və internet saytlarında da milli-mənəvi dəyərlərə uyğun gəlməyən materiallar rast gəlmək olur: "Bütün bu problemlərin həlli üçün mütləq nəzarət mexanizmi olmalıdır”. Deputat Sabir Rüstəmxanlı  bildirib ki, telekanallar cəmiyyətin bir parçasıdır: “Cəmiyyətimiz necədirsə, televiziyalarımız da elədir”. Onun fikrincə, Azərbaycanda təkcə telekanallarda yox, uşaq bağçalarında, orta və ali təhsil məktəblərində da milli dəyərlərin qorunmasına ciddi ehtiyac var. "Televiziyalardakı əsas problem isə peşəkarlıqla bağlıdır. Bizim telekanalların əksəriyyəti başqa ölkələrin telekanallarındakı şou proqramları yamsılayırlar. Biz müğənnilərin geyimlərindən danışırıq, amma problem həm də onların səsi, oxuduqları mahnıların sözləri ilə bağlı olur"-deyə, S.Rüstəmxanlı vurğulayıb.

Millət vəkili deyib ki, bütün bu problemləri həll etmək üçün milli konsepsiyanın qəbul olunmasına ehtiyac var.

Xatırladaq ki, hazırda Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

 

Yusif

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub