Modern.az

Bakıdan ucqar kənd məktəbinə işləməyə gedən qız: “Ailəm buna heç cür razı olmurdu” - MÜSAHİBƏ

Bakıdan ucqar kənd məktəbinə işləməyə gedən qız: “Ailəm buna heç cür razı olmurdu” - MÜSAHİBƏ

23 İyun 2015, 10:56

Azərbaycanın bəzi gəncləri peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər.  Gözdən-könüldən uzaqda olan kənd müəllimləri şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi.

Modern.az saytının budəfəki müsahibləri pedaqoji fəaliyyətə Şamaxı rayonunun Dəmirçi kəndindəki orta məktəbdə başlayan Xəyalə Alıyevadır.

- Öncə sizi tanıyaq...

- 1990-cı ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşam. 2008-ci ildə Abşeron rayon Pirəküşkül qəsəbəsində yerləşən Laçın rayon Səfiyan kənd orta məktəbini bitirmişəm. Həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum, 2012-ci ildə isə ali məktəbi bitirdim. Sonra Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim və Şamaxı rayonu Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbinə işə qəbul olundum, amma imtina etdim. 

2013-cü ildə yenidən Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim, vakant yer kimi bir il öncə imtina etdiyim və hazırda işlədiyim kənd məktəbini seçdim. Bu dəfə də işə qəbul olundum.

- İmtina etdiyiniz vakant yerə ikinci il təkrar imtahan verib keçdiniz. Sizi yenidən bu kənddə pedaqoji fəaliyyət göstərməyə razı salan səbəb nə oldu?

- Dövlət ucqar kəndlərdə işləyən müəllimlərə maaşdan əlavə 100 manat kompensasiya verir. 2012-ci ildə bu kompensasiyanın verilməsi nəzərdə tutulmamışdı. Amma sonrakı ildə bu kompensasiya mən işlədiyim kəndə də şamil olundu. Buna görə də ikinci il imtina etdiyim məktəbi yenidən yazdım. Başqa kənddə işləmək istəmirdim. Elə istədiyim də oldu. Artıq iki ildi Şamaxı rayonu Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbində çalışıram.



- Rayonda pedaqoji fəaliyyətə başlamanızı ailə üzvləriniz necə qarşıladı?

- Hazırda işlədiyim Dəmirçi kəndinin sakinləri vaxtilə İsmayıllının Lahıc və Əhən kəndindən gəlmə tatlardır. Buna görə bura Tat kəndi də deyilir.

Rayonda dərs verməyimə ailəm əvvəlcə razı deyildi, xüsusən də atam. O, heç istəmirdi ki, ailəmdən uzaq, yad bir yerdə işləyim. Atam biləndə ki, kəndə əhalinin üstünlüyü tatlar təşkil edir, “sənin tatların içində nə işin var, dillərini, adətlərini bilmirsən” deyə irad bildirdi.

Amma ucqar kənddə işləmək arzusundan əl çəkmədim. Bundan rahatlıqla imtina edə bilməzdim. Ona görə valideynlərimi işləyəcəyim kəndə, qalacağım evə gedib baxmağa razı saldım. Uzun danışıqlardan sonra kəndə gəldik. Məktəbin hazırkı direktoru Şahmar Quliyevin evində olduq. Bizi çox yaxşı qarşıladılar. Atamla anam Şahmar müəllimin ailəsi ilə xeyli söhbət etdilər, kənd və məktəb haqqında ətraflı məlumat aldılar. Bir neçə saatlıq söhbətdən sonra sağollaşıb Bakıya doğru yola düşdük. Atam hələ qərarını açıqlamırdı. Çox həyəcanlı idim. Bir xeyli susqunluqdan sonra razı olduğunu bildirdi. O an sevincimin həddi-hüdudu yox idi, arzum gerçək olmuşdu.

- Artıq 2 ildir bu kənddə pedaqoji təhsil verirsiz. Atanızın da dediyi kimi, tatların dili başa düşmək, üstəlik pedaqoji təhsil vermək sizin işinizə mane olmadı ki? Dil fərqliliyi dərs prosesində özünü necə büruzə verdi? Şagirdlərlə bir-birinizi anlamaqda çətinliklər varmı?

- Düzü, kəndə ilk gəldiyim vaxtlar sakinlərin danışığı mənə çox qəribə gəlirdi. İnsanları bir kəlmə belə, bilmədiyim dildə danışırdı. Amma zamanla alışdım.

Bir-birimizi başa düşməkdə ciddi problem yaşamadım. Çünki sakinlər, şagirdlərimlə Azərbaycan dilində danışırıq.

Baxmayaraq 2 ildir bu kənddəyəm, amma tat dilinə aid çox az söz öyrənmişəm. Təsəvvür edirsiniz, 4-5 tat öz aralarında danışırlar, mənsə, nə danışıqlarını anlamadan insanların üzünə baxıram.



- Əgər müəllim olmasaydınız...

- Əslində, müəllimlik heç vaxt arzum olmayıb. Ən böyük arzum jurnalist olmaq idi. Amma ailəm razı olmadı. Fakültəmi də jurnalistikaya yaxın olduğu üçün seçdim. İndi ədəbiyyat müəllimi olduğum üçün sevinirəm və peşəmi də çox sevirəm.

- İlk dərs gününü necə xatırlayırsız?

- İlk dərs dediyim auditoriya 7-ci sinif şagirdləri olub. Həmin günü çox həyəcanlı idim. Tanımadığım bir kənd, müəllim kollektivi, şagirdlər... Həyəcanlı olduğumu şagirdlər də hiss etmişdi. İndi də o günü yadımıza salanda gülürük. Sonradan bu sinfin sinif rəhbərliyi mənə həvalə olundu.

- Hansı halda müəllimlikdən vaz keçərsiniz?

- Keçən il bir neçə dəfə müəllimlikdən imtina etmək istədim. Kənddə çətin günlərim çox oldu. Hətta bir dəfə çıxıb getmişdim. Dedim nə olursa olsun, qayıtmayacam. Sonra çox düşündüm. Qərara gəldim ki, çətinlikdən qaçmaq əvəzinə, mübarizə aparmalıyam. Qayıtdım. İndi yəqin ki heç bir qüvvə məni müəllimlikdən vaz keçirməz.



- Hazırda işlədiyiniz kənd məktəbindəki dərs şərati sizi qane edirmi?

- Həmin məktəbin bu il 100 yaşı olur. Köhnə məktəb olsa da, şəraiti yaxşıdır. Payızda pəncərələr də yeniləndi, artıq qışda siniflər isti olur. İlk gəldiyimdə balaca, cəmi 7 sinif otağı və 34 şagirdi olan bir məktəblə qarşılaşdım. Bu qədər az şagirdə necə dərs keçərəm deyə, çox narahat idim. İndi də tək çatışmazlıq uşaq sayının az olmasıdır. Buna baxmayaraq, zamanla hər şey mənim üçün normallaşdı.

- Kənd məktəbində şagirdlərin sayının az olması nə ilə bağlıdır?

- Kənddəki şəraitsizlik. Burda qış çox sərt və çətin keçir. Qaz yoxdur, odun isə çox bahadır. Qış aylarında kənddə ancaq yaşlı insanlar qalır. Nisbətən cavanlara isə, kənddə az rast gəlinir. Onlar şəhərdə kirayə ev tutub orada yaşayır.

- İstərdim ki, qaldığınız ev barədə öz təsüratlarınızı bizimlə bölüşəsiniz. Bakıda yaşadığınız evlə, kənddə yaşadığınız ev arasında nə kimi fəqliliklər var?

- Bakıda yaşadığım evlə buradakı ev arasında fərqlər çoxdur. Burdakı evin şəraiti yoxdur. Su gəlmir, qaz yoxdur, ən böyük çətinliyim isə qışda odun peçi yandırmaqdı. Baxmayaraq ki, 2 ildir burda yaşayıram, amma hələ də odun peçi yandıranda əsəb keçirirəm.



- Ucqar kəndlərdə pedaqoji fəaliyyət göstərən müəllimlərə hansı güzəştlər olunur? Misal üçün sizi orada daha yaxşı bir evlə təmin etmək olmazdımı?

- Bizə sadəcə dövlətin təyin etdiyi maaşdan əlavə 150 manat kompensasiya ayrılıb. Başqa güzəşt olunmur. Kirayə qaldığım ev və digər kommunal xərclər öz hesabımıza ödənilir. Kənddə yaxşı evlər kirayə verilmir, kirayə verilən evlərin də şəraiti yoxdur.

- Bəs özünüzü necə təmin edirsiz? İstədiyiniz geyim, yeməyi ala bilirsinizmi? Ən əsası maaşınız sizi qane edirmi?

- Təkbaşına olduğum üçün yeməyə də, geyimə də pulum çox şükür ki, yetir. Maaş məni qane edir. Maaş qane etsə də, kənddə xərcim çox çıxır. Kirayə, işıq, telefon, internet üstəgəl odun pulu. Çıxarım çox olur. Yəqin ki, gələcəkdə bunlar nəzərə alınar.

- Üç iliniz tamam olduqdan sonra özününzü harda görürsüz və ya harda görmək istəyərsiz?

- Qərara əsasən, hələ bir il də bu kənddə olmalıyam. Amma 3 ilin tamamından sonra pedaqoji fəaliyyətimə Bakıda davam etmək istəyirəm. Bunun üçün yenidən imtahan verməliyəm. Bu dəfə pedaqoji fəaliyyətə davam etmək üçün sadəcə Bakıda olan vakant yerləri yazacam. Yəqin ki, bir daha ucqar kənd məktəblərində vakant yer yazmaram.

- Xəyalə xanım, Laçından çıxanda 2 yaşınız olub. Təbii ki, o yaşda uşağın yadına doğulduğu vətənlə bağlı təəssüratlar az düşər. Ancaq sizdən təsəvvürünüzdəki Laçını soruşmaq istərdim. Laçın haqqında fikirlərin, təsəvvürünüz necədir?

- Doğrudur, Laçından çıxarkən mənim 2 yaşım var imiş. Var imiş deyirəm, çünki heç bir şey xatırlamıram. Təsəvvürümdəki Laçın isə çox gözəldir. Hansısa dağlıq rayona gedəndə, bəlkə də Laçına bənzəyir deyə düşünürəm. Azərbaycanın hər bir qarışı doğmadı, amma insanın anadan olduğu doğma yurduna gedə bilməməsi çox pis hisdir. Qaçqın-köçkün sözünə hər zaman nifrət etmişəm. Hər dəfə “qaçqın” sözü eşidəndə ermənilərə nifrət edirəm.









Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi