Modern.az

Qara dəniz mirvarisi - cinayətkarlığın at oynatdığı, fahişəliyin geniş yayıldığı ODESSA - FOTOLAR

Qara dəniz mirvarisi - cinayətkarlığın at oynatdığı, fahişəliyin geniş yayıldığı ODESSA - FOTOLAR

Reportaj

25 İyun 2015, 09:50



Qara dəniz sahilləri möhtəşəm mənzərəsi və təbiəti olan bir çox qədim şəhərlərin yerləşdiyi məkandır. Bolqarıstanın Varna, Türkiyənin İstanbul, Trabzon, Gürcüstanın Batumi, Poti, Suxumi, Rusiyanın Soçi, Novorossiysk, Ukraynanın Sevastopol, Feodosiya, Kerç kimi şəhərləri hər il milyonlarla turisti Qara dəniz çimərliklərinə cəlb edir. Amma Qara dəniz “mirvariləri” adlandırlılarn bu liman şəhərləri sırasında Odessanın xüsusi yeri var.

Ukrayanın cənubunda, Qara dənizin şimal sahillərində, Odessa körfəzində yerləşən eyniadlı şəhər dünyada olmasa da, ən azı regionda böyük turizm, elm, kriminal və liman şəhəri kimi tanınır. Bu isə təsadüfi deyil. Odessanın unikal mühiti uzun illər boyu şəhərdə müxtəlif dinlərə və millətlərə aid sakinlərin, icmanın yaşaması ilə sıx bağlıdır. Yüzillər boyu bir-birilə inteqrasiya mühitində yaşayan bu millətlər sonda Odessanın təkrarsız mədəniyyətinin yaranmasına səbəb olub.

Modern.az saytı Oddesa şəhəri ilə bağlı yazıda bu tarixi yaşayış məkanı haqda maraqlı faktları təqdim edir.

Odessanın tarixi

E.ə V əsrdə indiki Odessa şəhərinin yerində ilk daimi yunan koloniyaları yaranır. Balıqçılıq, əkinçilik və sənətkarlıqla məşğul olan yunanlar bir neçə əsr burada hökmranlıq edirlər.

Eramızın ilk illərində xalqların şərqdən qərbə böyük köçü Odessanın etnik rəngarənliyini daha da tündləşdirir. Ərazidə skif, sarmat, qıpçaq və yunan icmaları yurd salır. XIII əsrdə isə qarşısına çıxan bütün orduları darmadağın edən monqollar bu ərazinin yeni hakimi olurlar. Lakin qısa müddətli monqol hakimiyyətindən sonra bu dəfə Litva knyazlığı, ardınca isə Reç-Pospolita dövləti Qara dəniz sahillərini öz ərazisi edir.

1765-ci ildə Osmanlı İmperiyası Odessanı öz nüfuz dairəsinə daxil edir. Odessanin indiki yerində türklər Hacıbəy adı verdikləri qala inşa edirlər.

1787-1791-ci illərdə Rusiya-Osmanlı müharibəsi Odessanın taleyində önəmli rol oynayır. 1789-cu il senyabrın 14-də rus qoşunları Hacıbəyə daxil olurlar və 3 əsrlik türk hökmranlığına son qoyulur.

1791-ci ildə müharibə bitdikdən sonra imperatriçə II Yekaterina burada yeni liman şəhəri salmaq qərarına gəlir. Rus ordusunda xidmət edən ispan zadəgan qraf de Ribas türklərdən qalma Hacıbəy qalasının yerində yeni şəhər inşa etmək barədə göstəriş alır.

II Yekaterina bu ərzilərdə qədim yunan koloniyasının Odessos adlanmasını xatırladaraq, yeni salınacaq şəhərə Odessa adı verilməsini əmr edir.


1795-c ildə burada tikinti işləri start götürür. Lakin anası Yekaterinanın ölümündən sonra taxta çıxan I Pavel Odessanın tikintisi üçün ayrılan pulu kəsir. Belə olan halda şəhərin ilk meri fransız əsilli Dyuk de Rişelye və onun mer postundakı sələfi qraf Aleksandr Lanjeron I Pavelə rüşvət vermək qərarına gəlirlər. Bu gün də Odessa sakinlərinin dilində belə bir ifadə var: “Qazlar Romanı, portağal isə Odessanı xilas edib”.
Söhbət ondadır ki, imperatoru tikintiyə vəsait ayırmağa vadar etmək üçün Dyuk de Rişelye çar sarayına 3 ton yerli portağal göndərir. Bu çar Pavelin o qədər xoşuna gəlir ki, tikinitini davam etdirmək barədə yeni göstəriş verir.

Beləliklə, Rusiya İmperiyasının kiçik liman şəhəri kimi Odessa tədricən əhəmiyyətli yaşayış məntəqəsinə çevrilməyə başlayır.

XIX əsrin sonları üçün Odessa Moskva, Varşava və Kiyevdən sonra Rusiya İmperiyasının 4-cü ən böyük şəhərinə çevrilir, onun sakinlərinin sayı 400 min nəfərə çatırdı.

1917-ci ildə Romanovlar sülaləsinin devrilməsi ilə yaranan xaosda Odessa qısa müddət ərzində əldən-ələ keçir. 1918-ci ilin 13 yanvarında burada Kiyev Mərkəzi Radasına qarşı üsyan olur və Odessa Sosialist Respublikası elan olunur. 1918-ci il martın 13-də Almaniya və Avstro-Macarıstan qüvvələri şəhəri zəbt edirlər və respublikaya son qoyurlar. 1919-cu ilin aprelində şəhər bu dəfə Fransa qoşunlarına təslim olur. Həmin ilin iyulunda “ağlar”, 1920-ci ilin fevralında isə Qırmızı ordu şəhəri zəbt edir.

1922-ci il dekbarın 30-da Sovet Sosialist Respublikasının yaradılmasının elan olunması ilə Odessa rəsmən Ukrayna SSR-nın inzibati tərkibinə verilir. Beləcə, yunan, monqol, türk və rus işğalları görən şəhərin son 90 ili Ukrayna dövləti ilə bağlıdır.
 Şəhər Böyük Vətən Müharibəsi zamanı 1941-1944-cü illərdə Rumıniya, sonra isə Almaniyanın müvəqqəti işğalı altında olub. İşğalçılara qarşı göstərdiyi şiddətli müqavimətə görə Odessa “qəhrəman şəhər” adını daşıyır.

Bu gün Odessa eyniadlı vilayətin inzibati mərkəzi, Ukraynanın 3-cü ən böyük şəhəri (1,04 milyon əhalisi var) və Ukrayna Hərbi Dəniz Qüvvələrinin əsas bazasıdır.

Şəhər bir çox arxitektur özəllikləri ilə diqqət çəkir.


Odessanın abidələri

1835-1841-ci illərdə heykəltəraşlar Melnikov, Botye və Potye tərəfindən inşa edilmiş Odessa bulvarı, şəhərin ilk meri Rişelyenin adını daşıyan meydan və Potyomkin pilləkanları adlandırılan memarlıq ansamblı YUNESKO-nun dünya mədəni irsi siyahısına salınıb. Ümumiyyətlə, Qara dəniz mirvarisi Odessa park və bağlarla zəngindir. Arkadiya, Böyük Fontan, Luzanovka və s. sanatoriya mərkəzləri isə hər il yüz minlərlə insanı özünə cəlb edir.

“Kriminal” Odessa

Amma Odessa həm də “kriminal şəhər” statusuna malikdir. Hələ Rusiya imperiyası dövründə burada “qızıl əlli Sonya” adı ilə məşhur fırıldaqçı Sofiya Blovşteyn fəaliyyət göstərib. “Mişka Yaponçik” adı ilə fəaliyyət göstərən daha bir avtoritet – Moisey Vinnitski isə Odessanı SSRİ-nin “kriminal paytaxtı”na çevirən şəxs sayılır. O, daha çox bank və imkanlı şəxsləri qarət etməklə tanınırdı.

Ümumiyyətlə, Odessa bütün dövrlərdə kriminal fəaliyyətin fırıldaqçılıq və banditizm yönlərində seçilib. “Oğru jarqon”unun yaranma yeri, azyaşlı oğruların yetişdiyi məkan kimi Odessa bütün dövrlərdə xatırlanıb. Hətta Sovet hakimiyyəti belə, şəhərdəki kriminal özbaşınalığının qarşısını almaqda gücsüz idi. Odessada belə bir əfsanə dolaşır ki, məşhur sərkərdə Georgi Jukov şəxsən mütəşəkkil cinayətkarlığa son qoymaq üçün ordu zabitlərini adi sakin kimi geyindirərək cinayətkarları güllələməyə yollayıb.

Şəhərdəki “Doj 34” və “Qara pişik” qruplaşmaları məhz bu repressiyalar nəticəsində məhv edilmişdi.

1991-ci ildə bir anın içində nəhəng Sovet İttifaqının yerinə müstəqil Ukraynanın tərkibində oyanan Odessa qanlı kriminal müharibələrə şahid olur. Şəhərdə nüfuz sahibi olmaq istəyən “Krabas” ləqəbli Viktor Kulivar, “Melk” ləqəbli Aleksandr Anhelt və “Kaçap” ləqəbli Sergey Yerşov arasında savaş 150 nəfərin ölümünə səbəb olur.

Fahişəlik və Odessa

Ukraynanın cənub qapısı adlanan Odessa həm də fahişəliyin geniş yayıldığı şəhər kimi tanınır. Ukraynalı ekspertlər şəhərdə 8 min professional fahişənin olduğunu deyirlər. Maraqlıdır ki, Ukraynanın paytaxı Kiyevdə bu rəqəm 2 dəfə azdır. Şəhərə hər yay minlərlə əcnəbi vətəndaş seks turizm məqsədilə gəlir. 

Odessa limanı fahişələrin ən çox toplaşdığı məkan hesab olunur. Burada yerli və başqa ölkələrdən gələn dənizçilər tez-tez fahişələrin xidmətindən yararlanırlar. Bundan başqa, yerli mafiya insan alveri ilə də məşğul olur. Əgər Lvov mafiyası daha çox Qərbi Avropaya gənc xanımlar göndərirdisə, Odessa mafiyasının əsas “ixrac” səmti Türkiyə, Livan, İsaril, digər Yaxın Şərq dövlətləridir. Sosial şəraitin ağır olması ilə bağlı Odessada insan orqanlarının transplantasiyası faktları da geniş yayılıb.



Odessanın yəhudi keçmişi

Odessa həm də yumor şəhəridir. Sovet vaxtı buranı SSRİ-nin yumor paytaxtı adlandırırdılar. Bəziləri bunu şəhərin böyük yəhudi icmasının mövcudluğu ilə əlaqələndirir. 1897-ci ilin siyahıyalınmasına görə o zamanlar Odessada əhalinin 31%-i yaxud 125 min  nəfəri yəhudi idi. Maraqlıdır ki, ukraynalılar o zaman şəhər sakinlərinin cəmi 9%-ni təşkil edirdilər. 49%-lə ruslar Odessanın hegemon milləti sayılırdı. 1926-cı ildə SSRİ zamanı keçirilən növbəti siyahıyaalmada isə ruslar 39,2%, yəhudilər 36,9% və ukraynalılar 17,7% təşkil edirdi.
İkinci Dünya Müharibəsi sırasında şəhəri ələ keçirən almanlar yəhudi əhalisinin kütləvi qırğınını təşkil etdiyi üçün onların sayı kəskin şəkildə aşağı düşdü. Müasir Odessada şəhər sakinlərinin 62%-i ukraynalı, 29%-i ukraynalı və yalnız 1,2%-i yəhudidir.

Müasir Odessa

Şəhər əhalisinin 29%-nin milliyətcə rus olmasını nəzərə alaraq, ölkənin müasir kursu ilə razı olmayanların sayı da az deyil. Bu mənada, Yanukoviç hakimiyyətinin devrilməsindən narazı olan sakinlərlə “avromeydan” tərəfdarları arasında 2014-cü il mayın 2-də baş verən toqquşma və sonradan Həmkarlar İttifaqlarının binasında baş verən yanğın 48 nəfərin həyatına son qoymuşdu. Hazırda açıq toqquşmalar olmasa da, rusdilli əhali ilə mərkəzi hakimiyyət arasında gərginlik davam etməkdədir.

2015-ci il iyunun 15-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etdi. Odessa sakinləri inanırlar ki. islahatçı kimi ad çıxarmış Saakaşvili Odessanın itirilmiş qüdrətini özünə qaytara biləcək.

Görünən odur ki, sosial problemlərdən, korrupsiya və mütəşəkkil cinayətkarlıqdan əziyyət çəkən Odessa artıq kriminal paytaxt statusu daşımaqdan yorulub.







Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar