Modern.az

Milli Məclisin komitələrində büdcə müzakirələri gərgin keçdi

Milli Məclisin komitələrində büdcə müzakirələri gərgin keçdi

Parlament

7 Oktyabr 2010, 17:06
Arif Rəhimzadə narazılıq edib  


2011-ci ilin büdcəsində təhsil, elm və mədəniyyət xərclərinin artırılması nəzərdə tutulur. Modern.az-ın məlumatına görə, bu barədə dünən Milli Məclisin Regional məsələlər, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında məlumat verilib. Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, deputatlara təqdim olunan büdcə layihəsi elmi əsaslarla hazırlanıb:

“Bütün proqnozlar reallığa əsaslandığından büdcənin icrasında hər hansı risk olmayacaq. Qlobal maliyyə böhranı arxada qalsa da onu doğuran səbəblər hələ tam aradan qalxmayıb. Buna görə də böhranın ikinci dalğasının olacağı istisna deyil. Hökumət büdcə layihəsini hazırlayarkən ehtiyatlı olmağa çalışıb. Büdcə layihəsindəki rəqəmlər son illər Azərbaycanın dinamik iqtisadi inkişafının göstəricisidir. Belə ki, gələn il ölkədə ümumi daxili məhsulun 40 milyard manata çatacağı proqnozlaşdırılır. Azərbaycan bu gjöstəriciyə görə Cənubi Qafqazdakı qonşuları - Ermənistan və Gürcüstanı bir neçə dəfə qabaqlayır”.   Komitə sədri deyib ki, Azərbaycanın 2011-ci il büdcəsinin gəlirləri 15 milyard manat nəzərdə tutulubsa, Gürcüstanda bu göstərici 3,6 milyard, Ermənistanda isə 2,4 milyarddır.

«Bu göstəricilər Azərbaycanın doğurdan da regionun iqtisadi güc mərkəzinə çevrildiyini göstərir. Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan 1,7 faizlik kəsr çox mütərəqqidir. Azərbaycan bu göstəriciyə görə hətta Avropa İttifaqının ən qabaqcıl ölkələrini də qabaqlayır. Digər tərəfdən büdcə elə tərtib olunub ki, ilin sonuna kəsr ümumiyyətlə, olmaya bilər. Hətta, gələn ilin sonunda büdcədə profsitin də yaranması mümkündür. Büdcə layihəsində Dövlət Neft Fondundan daxilolmaların əvvəlki illərə nisbətən artması diqqəti cəlb edir. Amma bu, təbii qarşılanmalıdır. Çünki Azərbaycan neft ölkəsidir və hazırda neft hasilatının səviyyəsi də ən yüksək həddədir. Həm də hökumət büdcəyə transfertləri indiyədək yığılan ehtiyatlardan deyil, Dövlət Neft Fonduna gələn il daxil olacaq gəlirlərdən maliyyələşdirəcək”.  

İclasda iştirak edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyət sahəsinin maliyyələşməsində ciddi irəliləyişlərə nail olunduğunu bildirib: “Son 4 ildə dövlət büdcəsindən bu sahəyə ayırmaların həcmi 2,8 dəfə artıb. Heç bir ölkədə belə sıçrayışlı artım müşahidə olunmur. Büdcədən ayırmaların çoxalması nəticəsində mədəniyyət obyektləri təmir olunur, muzeylər yenilənir. 2011-ci ildə mədəniyyətlərarası birinci dünya forumunun Bakıda keeçirilməsi nəzərdə tutulur. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyi ölkə prezidentinin tapşırığına əsasən yeni dövlət proqramının hazırlanmasına başlayıb. Bu proqramm ölkə ərazisindəki bütün tarixi abidələrin bərpasını və rekonstruksiyasını nəzərdə tutur. Layihə hazırlanandan sonra maliyyələşdirilmə üçün hökumətə təqdim olunacaq”.

  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə son 3 ildə dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin artırılmamasından şikayətlənib: “2011-ci ildə də bələdiyyələrə dövlət büdcəsindən cəmi 3,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da çox azdır. Maliyyə Nazirliyi həmişə bu məsələdə birtərəfli mövqe tutur. Əbəttə ki, hökumət bələdiyyələrin fəaliyyətini maliyyələşdirmək öhdəliyi götürməyib. Amma ölkədə vətəndaş cəmiyyətinin əsas özəyi hesab olunan bələdiyyələrin maliyyələşdirilməsi diqqət mərkəzində olmalıdır. Bundan başqa hökumət bələdiyyələrə sərbəst maliyyə qaynaqlarının yaradılmasına da çalışmalıdır”.  

Maliyyə Nazirliyinin İdarə rəisi Xəqani Rzayev qeyd edib ki, büdcə layihəsi hazırlanarkən ölkə prezidentinin həyata keçirdiyi iqtisadi və sosial islahatlara dəstək olmaq, əhalinin sosial müdafiəsini gücləndirmək, müdafiə potensialını artırmaq, iqtisadi, enerji, ərzaq təhlükəsizliyini möhkəmləndirmək, regionların sosial-iqtisadi inkişafına təkan vermək əsas götürülüb:

“İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2011-2014-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəricilərinə də istinad edilib. Bu proqnozlara əsasən hökumət gələn il ümumi daxili məhsulun 3,8 faiz artacağını proqnozlaşdırır. Qeyri-neft sektorunda isə artımın 7,2 faiz olacağı gözlənilir. Dövlət büdcəsində məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün ümumi xərclərin 42,3faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaq. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33,3 faiz və ya 4 milyard 234 milyon manat olacaq. Bu sahəyə ayırmalar 2010-cu illə müqayisədə 8,8 faiz artırılacaq. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən son günlərdə verilən əməkhaqlarının artırılması ilə bağlı fərmanların maliyyələşdirilməsi üçün müvafiq vəsaitlər nəzərdə tutulub ki, bu da təqribən 3 milyon nəfərə yaxın insanın güzəranının yaxşılaşdırılmasına imkan verəcək. 2011-ci ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7,5 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 27,7 faizə çatıb. Bu o deməkdir ki, gələn il bu sahənin büdcədəki xüsusi çəkisi 2011-ci illə müqayisədə 1,1 faiz çox olacaq. Gələn il respublikanın tarixində ilk dəfə olaraq vərəmlə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün ayrıca bəndlə 3 milyon manat vəsait ayrılması planlaşdırılır”.  

Təhsil nazirinin birinci müavini İsgəndər İsgəndərov qeyd edib ki, gələn il təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin həcminin artım faizi büdcənin ümumi xərclərinin artım faizini üstələyir: “Gələn il təhsil xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin 2010-cu ilə nisbətən 4,8 faiz artırılması nəzərdə tutulur. birbaşa Təhsil Nazirliyinin Apparatı tərəfindən idarə olunan maliyyə vəsaitlərinin isə 5,6 faiz artırılması proqnozlaşdırılır. Ancaq  bir sıra istəklərimiz nəzərə alınmayıb. Büdcə layihəsində təhsil sahəsi ilə bağlı bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi üçün lazım olan miqdarda vəsait nəzərdə tutulmayıb. Buna misal kimi təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təminatını nəzərdə tutan dövlət proqramını göstərə bilərəm”.
Müzakirələrdən sonra büdcə layihəsi Milli Məclisə tövsiyə olunub.  

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır