Modern.az

Ülvi Quliyev: “...Bu dairəni təsadüfən seçmədim”

Ülvi Quliyev: “...Bu dairəni təsadüfən seçmədim”

7 Oktyabr 2010, 20:02

Milli Məclisin deputatı Ülvi Quliyev son anda parlament seçkilərinə qatılmaq qərarını verib. Modern.az-a açıqlamasında deputat bildirib ki, namizədliyini 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürüb. Ü.Quliyev artıq imza vərəqələrini DSK-dan götürüb.

Qeyd edək ki, deputat 2005-ci ildə 21 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdi.

Seçki dairəsini dəyişməsinə münasibətini bildirən Ülvi Quliyev saytımıza qeyd edib ki, onun dairələrin seçimi ilə bağlı problemi yoxdur. “Mən istədiyim dairədən namizədliyini verə bilərəm.  Vəziyyəti ciddi araşdırdıqdan sonra məhz 17 saylı Yasamal seçki dairəsinin üzərində dayandım. Bu seçimim təsadüfi olmayıb. İnanıram ki, yenidən deputat seçiləcəyəm”.

Millət vəkilinin sözlərinə görə, parlamentdə keçən beş ildə  kifayət qədər təcrübə əldə edib.
“Bu isə mənə Milli Məclisdə yenidən  təmsil olunmaq üçün kifayət qədər stimul verir”.

Seçkilərdə rəqibi olacaq şəxslərin  siyahısı ilə tanış olduğunu deyən deputat hər şeyin vətəndaşların verəcəyi səslərdən asılı olduğunu vurğulayıb.  “Əsas məsələ xalqın etimadını qazanmaqdır. Bunun üçünsə gördüyün işlərlə, xeyirxah əməllərlə  tanınmalıısan.”

Hər zaman olduğu kimi dövlətçiliyə xidmət etdiyini deyən deputat qeyd edib ki, qarşıdakı dövrdə də bu işlər müvəffəqiyyətlə davam etdirəcəyinə əmindir .

Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir.

2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb. Bitərəfdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır