Modern.az

Namizədlər imza üçün jurnalistlərin qapısını döyüblərmi?

Namizədlər imza üçün jurnalistlərin qapısını döyüblərmi?

8 Oktyabr 2010, 12:16


Bu gün parlamnet seçkilərində iştirak edən namizədlər üçün imza vərəqələrinin təhvil veriləcəyi son gündür. Seçki kampaniyası başlananan gündən demək olar ki, bütün namizədlər “xalqın içinə gedəcəklərini” vəd edir, qapı-qapı düşüb imza yığacaqlarını deyirdilər. Budur, o son gün gəlib çatdı...
Maraqlıdır, görəsən jurnalistlərin evinə gəlib qapısını döyən, imza istəyən namizəd olubmu?
Modern.az bununla bağlı KİV nümayəndələri arasında sorğu keçirib...  

Seçki ilə bağlı Azərbaycandan daima maraqlı reportajlar hazırlayan “BBC-Azərbaycan” radiosunun əməkdaşı Nailə Bağırovadan heç kim imza istəməyib. “Yox, bizə gəlməyiblər”- deyən Nailə xanım qapılarının döyülmədiyini görə təəssüflənmir də...  

Ölkənin siyasi nəbzini daima diqqətdə saxlayan “Azadlıq” radiosunun əməkdaşı Aygün Muradxanlı da əlində imza vərəqəsi olan namizəd görməyib. Onun sözlərinə görə, əvvəl elə bilib ki, bəlkə bütün günü işdə olduqlarından bu “xoşbəxtliyin” şahidi olmayıblar. “Amma qonşulardan da maraqlanmışam, elə  onlar da namizədlə qarşılaşmayıblar”.  

Operativ xəbər xidmətini təşkil edən APA-nın baş redaktoru Vüqar Məsimoğluya da bu seçkilərdə  “canlı namizəd” görmək qismət olmayıb. “Yox, bizə gələn olmayıb”-deyə bir qədər təəssüflə danışan jurnalist ümidini gələn seçkilərə bağlayıb: “Bəlkə onda gəldilər...”.  

“Xəbərlər” İnformasiya Agentliyinin
əməkdaşı Mürtəza Bünyadov isə ümid edir ki, bəlkə imzası kiməsə lazım olacaq. Redaksiyada namizədin intizarını çəkən tək o olmayıb. Agentliyin əməkdaşları olan Roman Temnikov, Məmməd Əfəndiyev, Kamal Əli və Sabrina Əliyevanın da qapısına heç bir namizəd gəlməyib.  

“Turan” İnformasiya Agentliyinin
əməkdaşı Elçin Mehdinin bəxti gətirib. Onun qapısını evdə olmayanda döyüblır. Amma sən demə gələnlər namizəd və adamları yox, hansısa sorğu şirkətinin əməkdaşları imiş.
“Gəliblər. Mən evdə olmamışam. Məlum oldu ki, imza toplamaq üçün yox, seçki kompaniyasında iştirakla bağlı sorğu aparıblar. Hələki imza yığmaq üçün namizədlər bizə gəlməyib”.  

“Lent.az” internet qəzetinin əməkdaşı, maraqlı müsahibələri ilə diqqət çəkən  Ramiz Mikayıloğlu da sual vermək üçün namizəd tapmayıb. Heç bir namizəd onun qapısına imza üçün üz tutmayıb. “Yox, qardaş, gəlməyib” - deyə bir qədər yanğılı danışan Ramizin əlacı seçki günü bülletenə baxıb seçim eləməyə qalıb.  

“Azadinforum” İnformasiya Agentliynin
əməkdaşı Azər Nuriyev isə hesab edir ki, yaşadığı ünvanı dəyişdiyi üçün ola bilsin namizədlərin diqqətindən kənarda qalıb. “Bu seçkidə bizə konkret olaraq gələn olmayıb. Əvvəl başqa ünvanda yaşıyırdım. Mən köhnə ünvanda qeydiyyatdayam, yəqin elə buna görə gəlməyiblər” - deyən Azər imzasını yaxşı namizəddən əsirgəməyəcəyini bildirir. 

“Zaman -Azərbaycan” qəzetinin əməkdaşı Allahverdi Cəfərov da bu bir ayda canlı namizəd görməyib. Bütün günü işdə oldüğün deyən jurnalistin sözlərinə görə, bəlkə ona görə imza yığan namizəd onun qabağına çıxmayıb.
“Evdə də heç maraqlanmamışam. Ola bilsin ki, gəliblər. Şəxsən rast gəlməmişəm”-deyə o, bildirib.  

“Səs”
qəzetinin əməkdaşı Elgün Vidadioğlunun da qulağı səsdə qalıb. Onun qapısına da imza üçün gələn olmayıb.  

“Hüriyyət” qəzetinin əməkdaşı Seymur Əliyev də imza üçün gələn namizəd görməyib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Zabil Müqabiloğlu deyir ki, onun qapısını imza üçün döyən olmayıb.  

Amma “525-ci qəzet”-in əməkdaşı Rufik İsmayılova canlı namizəd görmək xoşbəxtliyi nəsib olub.
“Hə, imza yığmağa gəliblər. Müsavat Partiyası gənclər təşkilatının sədri Tural Abbaslının imza toplayanları gəlmişdi. Ailəliklə dəstəyimizi verdik”.  

“Üç Nöqtə”
qəzetinin əməkdaşı Qızılgül Abdinovanın cavabı orijinal oldu: “Evdə oluruq ki, namizədlər bizi tapsın. Həm də mən rayonda qeydiyyatdayam axı..”.  

“Kaspi”
qəzetinin əməkdaşı Təranə Məhərrəmova isə imza yığan namizədlə rastlaşmağı “hadisə” sayır.
“Sözün düzü səhər evdən çıxıb axşam gəlirəm. Bununla bağlı hadisə ilə rastlaşmamışam. 3 ildi Əzizbəyovda yaşayıram, hələ ki, belə hadisə olmayıb”-deyən Təranə xanım şənbə və bazar günləri evdə olsa da, imza üçün gələn namizədi görməyib. 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ülviyyə Şamilqızı üçün deyəsən sual bir az gözlənilməz oldu : “Yox, yox belə şey olmayıb”.  

Sorğunu hazırlayan bəndənizə gəlincə, mənə namizəd üçün imza vermək nəsib olub. Etibar adlı bir nəfər idi, qapımızı döydü, mən də maraqlanmadım, kimin nümayəndəsidi, imza vermədən geri qaytardım.

İmza qəliz məsələdi. Etibarlı imza və ona sədaqətli qalmaq indiki zamanda çətin işə çevirilib.

Vüqar Ağamalıoğlu  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir