Modern.az

Milli Məclisdə 3 komitənin büdcə müzakirələri...

Milli Məclisdə 3 komitənin büdcə müzakirələri...

Parlament

9 Oktyabr 2010, 16:39

Modern.az xəbər verir ki, oktyabrın 9-da Milli Məclisin təhlükəsizlik və müdafiə, hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gələn ilin dövlət büdcəsi layihəsinin əsasını təşkil edən göstəricilər və inkişaf istiqamətləri barədə məlumat verib.
O, bildirib ki, 2010-cü ilin dövlət büdcəsinin layihəsi olduqca təmkinli hazırlanıb və ehtiyatlı proqnozlara əsaslanıb. Layihə tərtib olunarkən əsas diqqət ölkəmizdə neft-qaz gəlirlərinin qeyri-neft sektorunun, aqrar sahənin inkişafına yönəldilib.

Gələn ilin büdcəsində sosial istiqamətlər üçün ayrılan vəsaitlərin cari illə müqayisədə artırılmasını yüksək qiymətləndirən Ziyafət Əsgərov deyib ki, bu, dövlətin sosial siyasətinin gələn ildə də uğurla həyata keçirilməsini təmin edəcək. “Azərbaycan sosial dövlətdir və ona görə büdcədə əsas istiqamətlərdən biri sosial sahədir”.

Komitə sədri onu da bildirib ki, gələn ilin dövlət büdcəsinin layihəsində müdafiə və təhlükəsizlik xərcləri də artırılıb. Bu da təbiidir. Çünki Azərbaycanın iqtisadi cəhətdən inkişafı, maliyyə imkanlarının çoxalması digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də xərclərin artırılmasına imkan verir.

Ümumiyyətlə gələn ilin dövlət büdcəsi layihəsinin gəlir və xərclərinin strukturu göstərir ki, Azərbaycan dinamik inkişaf yolundadır.

İclasda iştirak edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə 2011-ci ilin dövlət büdcəsi layihəsi barədə geniş məlumat verərək deyib ki, gələn ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturu daha da təkmilləşdirilib. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulub. Bu cari illə müqayisədə  4,8 faiz çoxdur.  Xərclər isə 12 milyard 748 milyon manat planlaşdırılıb ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır. Gələn ilin dövlət büdcəsində neftin bir barreli 60 ABŞ dolları müəyyən edilib. Nazir müavini onu da bildirib gələn ilin dövlət büdcəsi layihəsində hərbi və təhlükəsizlik məqsədilə ayrılan xərclər ümumi xərclərin 18,9 faizini təşkil edir. Bu da cari illə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Çıxış edən deputatlar gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildiriblər.

İclasda iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Omdudsman) Elmira Süleymanova ölkəmizdə xüsusən sosial sahələrdə görülən işləri yüksək bildirib. Bununla belə ombudsman bəzi sosial müavinətlərin artırılması təklifi ilə çıxış edib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə  bildirib ki, Azərbaycan hökumətinin büdcə sistemi ilə bağlı müəyyən etdiyi tədbirlər əksər ölkələrdən müsbət mənada fərqlənir. Komitə sədri respublikamızda büdcənin inkişaf dinamikasının göstəriciləri ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gələn ilin dövlət büdcəsi layihəsində beynəlxalq məsələlərlə bağlı hər bir bənddə artımın nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici ölkələrdə 66 nümayəndəliyi, səfirliyi və konsulluğunun fəaliyyət göstərir. Büdcə vəsaitləri onların yüksək səviyyədə fəaliyyət göstərməsinə tam imkan verəcək.

Sonra Maliyyə Nazirliyinin şöbə müdiri Fazil Fərəcov  deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib.

Yekunda gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar