Modern.az

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ

15 İyul 2015, 12:20

“Siyasətçilər həmişə dindarlardan "burunotu" kimi istifadə edirlər"

“Pul xərcləyib Həccə getmək ən böyük günahdır”

Modern.az saytının “Siyasətçi və din” rubrikası davam edir. Növbəti qonağımız Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş üzvü, hazırda Belçikada mühacirətdə olan, tanınmış satirik şair Mirzə Sakitdir.

- Mirzə, bəzi ateistlər iddia edir ki, mövhumatın, xurafatın, cahilliyin səbəblərindən biri də ilahi hesab edilən dinlərdir. Bunun dindən qaynaqlanıb-qaynaqlanmadığı ayrı müzakirə mövzusudur. Siz ümumilikdə, dindarların da, ateistlərin də qarşı çıxdığı cəhaləti satirik, Sabir üslubu ilə necə tənqid edərdiniz?

-Az qalıram kürsüyə mən dırmaşam,
İstəyirəm mən də müsəlmanlaşam
Həmdi-xuda bir dənəyik dində biz,
Həccə gedib gəldi bütün bəndəmiz.

Kim ki, deyir indi mənəm ən təmiz,
Zikr oxuyub səcdə düşüb anlaşam
İstəyirəm mən də müsəlmanlaşam

- Arada yazılarınızdan belə başa düşülür ki, uşaqlığınızda oruc da tutmusunuz, namaz da qılmısınız....

- Bəli, namaz da qılmışam, oruc da tutmuşam.. Heç peşman da deyiləm, amma sevinirəm ki, tez ayıldım və özümü öz daxili əsarətimdən xilas edə bildim.

- Ümumiyyətlə, orucun, namazın fəlsəfəsi, fəzilətləri haqqında ilahiyyatçıların irəli sürdükləri iddialarla razısınızmı?

- Bu ayinlərin heç bir məntiqli fəlsəfəsi yoxdur. Namaz da, oruc da ümumiyyətlə, ibadət çox təhlükəli bir siyasətin metodikasının məhsuludur.
İnsanları bu yolla bəşəri dəyərlərdən, sivil və real həyatdan uzaqlaşdırmaq üçün bu cür viruslu tryuklar düşünüblər..

- Mirzə, anladıq ateistsiniz, dini leksikonla desək, kafirsiniz. Bəs nə zamandan dindən üz döndərdiniz?

- Sən demə mən heç dinə yaxın olmamışam, sadəcə, vaxtilə mənim namazqılma prosesim də bilgimin az olmasından irəli gəlib. Dinə yaxın olsaydım, bu günə qədər o bəlanın qəfəsləri içində qalardım. Demək bu bir növ zərərli vərdişə adət etməyimin məhsulu imiş və o zərərli vərdişdən tez uzaqlaşdım..

- Din xadimlərinin əksəriyyəti bildirir ki, dünya texnoloji kəşflərinin ideyası “Quran”dadır. Bununla razılaşırsınızmı?

- İnsan getdikcə kamilləşməyə doğru istiqamətlənir, püxtələşir. Beş il bundan öncə buraxdığın səhvləri təkrarlamamaq üçün özündə şəffaf və aydın reformlar etməyə çalışmalısan. Keçmişlərdə buraxdığın səhvlərə görə heç kim səni qınamamalıdır, səni o zaman qınaya bilərlər ki, sən o səhvləri yenidən təkrarlamış olarsan... İlahiyyatçıların uydurduqları illuziyaların içində o qədər gülməli sözlər olur ki, o ilahiyyatçılara az qalırsan maskaradçı deyəsən...

- Məsələn...

- Hal-hazırda istifadə etdiyimiz Facebook sosial şəbəkəsində yazılan statuslara, rəylərə edilən “layklar” haqda o ilahiyyatçılardan soruşsan, dərhal deyəcəklər: “Bəli, "layk" “Quran”da açıq şəkildə göstərilib.

- “Qurani-Kərim”i oxumusunuz?

- Mən “Quran”ı başdan-ayağa, 114 surəsinin hamısını oxumuşam. Skandinaviya dastanlarına bənzər nağıllar kitabıdır. Mən “İncili” də oxumuşam.

- Uşaqlıq illərinizdə, dindar vaxtlarınızda hansı maraqlı dini ayinlərin şahidi olmusunuz?

- Əmim qatı dindar idi, hər Məhərrəmlikdə bizə zülm edərdi, gecə yarısına qədər cərgələmə oturardıq, əmim nöhə deyərdi, biz də sinə vurardıq. Bir dəfə əmim donuzun çox murdar heyvan olmağından söhbət açmışdı. Dedim “ay əmi, bax tutaq ki, Allah babamız bütün yeyilən halal heyvanları, quşları məhv etsə və ancaq donuzu saxlasa, sən acından ölməmək üçün onun ətini yeyərsənmi?”.
Əmim qəzəblənərək qarşısındakı stəkanı mənə tolazladı və stəkan başımda qırıldı... Bir dəfə də məni Şümür rolunda oynamağa məcbur etdilər. Sonra imamların xətrinə məni döyməyə başladılar. Qaydaya görə, məni yavaşca vurmalı idilər, amma bunların əllərinə fürsət düşmüşdü deyə, məni əməlli-başlı təpiklədilər. Gördüm ki, bu gözüqızmışlar məni öldürəcəklər, əllərindən bir təhər çıxıb "imamları"nı söyə-söyə meşəyə tərəf götürüldüm..

- Din haqqında çox qalmaqallı düşüncələrə malik Mirzə Sakit Azərbaycandakı ilahiyyatçılarla debata girə bilərmi?

- Qətiyyən. O adamlarla ikicə dəqiqəlik polemika aparmaq vaxta xəyanət etmək deməkdir.. Mən elələri ilə danışanda darıxıram, ürəyim sıxılır, çünki o qədər absurd sözlər danışırlar ki, adamın nəfəsi çatmır, sanki karbon qazı buraxırlar..

- Azərbaycanda hansı ilahiyyatçını savadlı, dinin mükəmməl bilicisi hesab edirsiniz?

- Onları savadlı yox, nağılbaz kimi tanımaq olar. Tərkibində işıqlı bir yol olmayan nəsnə haqda danışanları necə savadlı adlandırmaq olar axı?..

- Deyəsən spirtli içki içirsiniz. Həm də dinə qarşısınız. Cəhənnəm qorxusu sizi narahat etmir?

- İçki bu dünyanın ən gözəl məhsullarından biridir, amma əlbəttə ki, onu da qaydasında içəsən.. Hal-hazırda mən aylarla araq içə bilmirəm, çünki burda (Belçikada-red.) kiminlə içim axı... Bəzən dostlarla rastlaşanda oturub içirik. Amma pivə içirəm, niyə də içməyim... İçəndə yazılar da yaxşı alınır. Qaldı ki, cəhənnəm qorxusuna, əgər belə bir məkan varsa da, mən niyə qorxmalıyam? Cəhənnəmdən ayətullahlar, şeyxlər, ilahiyyatçılar qorxsunlar..

- İnsanları dinə olan mövqeyinə görə cənnətlə və ya cəhənnəmlə müjdələyən dindarlara nə cavab verərdiniz?

- Onlara burdan səsələnərək deyirəm ki, ayıbdır, insanları aldatmayın! Ağlı olan, beyni ilə düşünən bir adam heç vaxt Allahdan Məhəmməd “peyğəmbərə” vəhylər gəlməsinə inana bilməz.
Gedin nə ibadət edirsiniz edin, təki o qaranlıqlarınızı gənc nəslin üzərinə çökdürməyin. Sizlər qara, qorxulu kabuslarsınız. İncitməyin insanları. Bəşəri dəyərləri zədələməyin.

- “Tövrat”, “İncil” sizin düşüncənizdə nədir?

-
“Tövrat” da, “İncil” də, “Zəbur” da, “Quran” da... dördü də "Atos, Patos, Aramis və Dartanyan"dı. Başqa heç nə..

- ADP sədri Sərdar Cəlaloğlu “Quran”ı elmi şəkildə izah etdiyini deyir və bildirir ki, bununla bağlı kitab da yazır. Bu, siyasətçi meyarları üçün adekvatdırmı?

- Sərdar bəy nə yazırsa özü bilər, yazdığı da hədis kitablarından biri olacaq. Amma çox istərdim ki, camaatın beyninə zərərli toxumalar yayan yazılar olmasın. Siyasətçinin oturub aylarla din haqqında nəyisə yazması, siyasətdən tükənməsinin göstəricisidir. Yəqin Sərdar bəy də Fazil Lənkəraninin hədislər kitabının alternativini yaratmaq istəyir.

- Mirzə, bəzən deyilər ki, biz “qılınc müsəlman”ıq. Bu fikrə necə reaksiya verərdiniz ki, qılınc kimi iti olsun...

- Qılınc müsəlman o demək deyil ki, bizi qılınc gücünə müsəlman ediblər. Qılınc müsəlman o deməkdir ki, müsəlman ancaq qan tökmək, öldürmək, baş kəsmək haqda düşünür.

- “Quran”da möminlər üçün cənnət şərabı vəd edilir. Din adamları isə deyir ki, o şərab başqadır, yəni biz anladığımız şərabdan deyil. Sizcə, o şərab necə olar?

- Təxminən Hacı İbrahim Nehrəmlinin içdiyi viski kimi olar yəqin. O sözdə "Şər" sözü varsa, onu niyə cənnətdə istehsal edirlər axı? O şərabı ki, cənnətdəki mələklərlə içəndə məst olmayacaqsan, niyə içirsən?.. Yəqin ki, cənnət şərabının dozası daha artıq olar...

- Mirzə, sizi bu fikirlərinizə görə topa tutacaqlar. Yaxşı heç olmasa bunu bir az yumşaq şəkildə izah edin: şiəlik yoxsa sünnilik?

- Heç nədən qorxmuram, kim nə desə cavabını alacaq. Şiə-sünni mövzusu ilə bağlı müsəlman dünyasında vahid mövqe yoxdur. Yəhudilər və başqa millətlər müsəlmana qarşı yararlanmaq üçün şiəliyi, sünniliyi ortalığa atıblar. “Quran”da bu haqda nəsə yoxdusa, bəs dindarlar niyə görə sünni-şiə davası aparırlar?
Göründüyü kimi, bu adamların məqsədləri heç də "Allah yolu"na xidmət etmək yox, insan övladını cahilliyə sürükləyib kölə kimi idarə etməkdən ibarətdir. Siyasətçilər həmişə dindarlarla birgədilər və yaxud da dindarlardan "burun otu" kimi istifadə edirlər. Dindarlar nə qədər cahilliyi çox təbliğ etsələr, siyasətçilərə o qədər də çox sərf edir. Bunu günümüzün reallıqlarında da hər zaman görürük..

- Deyirlər ki, “halal kolbasa”ları yemək olar. Sizcə, kolbasaların tərkibində donuz əti olanda onu yemək olmaz?

- Əgər donuzu da Allah yaradıbsa, niyə Allahın yaratdığına qarşı çıxırlar? Müsəlman mollanın cibində xaçpərəstin icad etdiyi telefonu, altında yenə də xaçpərəstin icad etdiyi avtomobil. Onu qəbul edir, amma o gözəl donuzu niyə qəbul etmir axı? Bu, Allaha qarşı çıxmaq deyilmi?!

Qeyd edirlər ki, insanın anatomik baxımdan bədənindəki orqanları eynilə donuzdakı kimidir. Bunu həkimlər və baytarlar da təsdiq edə bilərlər. Əgər desələr ki, donuzun orqanizmləri insan orqanizmləri ilə oxşar olduğuna görə yeyilməsi düzgün hesab olunmur, bu başqa məsələ. Amma Allahın göndərdiyi heyvana qarşı çıxmaq ədalətsizlikdir.

- 124 min peyğəmbərin hamısının tarixdə mövcud olduğuna inanırsınız?

- Belə çıxır ki, ta qədimdə Allah bir zavod tikibmiş, o zavodun “stanok”larından ancaq peyğəmbər istehsal edirmiş... Onun da cəmi doqquzuna nəbilik verib, qalanlarına da deyib ki, siz testdən yaxşı çıxmadınız. Əzizlərim, insanlar bioloji varlıqlardılar, milyard illərdir ki, insan mövcudluğu olub. Getdikcə, sivilizasiyaya doğru istiqamətləniblər..

- Həcc ziyarətinə gedənlər arasında dələduzlar olsa da, inanıb gedənlər və əməli salahelər daha çoxdur. Ümumiyətlə, Həccə getmək sizə görə vacibdirmi?

- Bu gün Həccə getmək üçün yüksək məbləğdə pullar xərcləmək ən böyük günahlardan hesab olunur. Öz ölkəsində minlərlə insanın maddi cəhətdən əziyyət çəkdiyini, çoxsaylı xəstələrin müalicəyə pulları olmadığı üçün dünyalarının dəyişdiyini görüb o pulları aparıb hansısa dələduz dindarların, şeyxlərin ciblərinə qoymağın adı çox əcaib səslənir..

- Dini hədəf aldığınıza görə “Quran”ın məntiqi ilə siz əsl cəhənnəmliksiniz. Cəhənnəmə düşəndə bu sözlərinizə görə peşman olmayacaqsınız?

- Mən cəhənnəmə düşsəm, sevinərəm, ən azı ona görə ki, cənnətə "düşən" ayətullahları, din üləmalarını görməyəcəm. Cəhənnəmin sakinlərinə də deyəcəm ki, siz xoşbəxt adamlarsınız ki, o iblislərdən uzaq düşmüsünüz..

- Bəs cənnətdə necə?

- Cənnətə düşsəm, bir mələk tapıb onunla evlənəcəm, çoxlu uşaqlarımız olacaq, uşaqlar da böyüyüb orda mikrarayon tikəcəklər.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir