Modern.az

Əli Əhmədov: “10 nəfərin bir gündə gördüyü işi müxalifət tərəfindən bir nəfər görüb”

Əli Əhmədov: “10 nəfərin bir gündə gördüyü işi müxalifət tərəfindən bir nəfər görüb”

11 Oktyabr 2010, 18:36

Yeni Azərbaycan Partiyasının icra katibinin partiyanın rəsmi saytına verdiyi müsahibə.

- Əli müəllim, artıq parlament seçkiləri kampaniyasında imzatoplama mərhələsi başa çatıb. Oktyabrın 8-i qanunvericiliyə uyğun olaraq namizədliyini irəli sürmüş şəxslər üçün imza vərəqələri və digər sənədləri müvafiq DSK-la qaytarmaq üçün sonuncu gün idi. Yeni Azərbaycan Partiyası bu prosesi hansı səviyyədə həyata keçirdi?

- Məlum olduğu kimi Azərbaycanın Seçki Məcəlləsinə uyğun olaraq növbəti parlament seçkilərində iştirak etmək üçün namizədliyin irəli sürülməsi müddəti başa çatıbdır. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrindən 125 dairə üzrə irəli sürülmüş namizədlər qeydə alınmaq üçün sənədləri, o cümlədən də imzaları toplayıb müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Mənə məlum olan bundan ibarətdir ki, bu günə qədər artıq 500-ə yaxın şəxsin deputatlığa namizədliyi qeydə alınıb. Bir neçə gün ərzində də sənədlərini dairə seçki komissiyalarına təqdim etmiş şəxslərin deputatlığa namizəd kimi qeydə alınması məsələsinə baxılacaq. Beləliklə də, qarşıdan gələn parlament seçkiləri kampaniyasının əhəmiyyətli bir mərhələsi başa çatmaq üzrədir. Xüsusi qeyd etmək istəyirəm ki, YAP seçki kampaniyasının bu mərhələsini uğurla və mütəşəkkil şəkildə başa vurub. YAP İdarə Heyətinin sentyabr ayının 18-də keçirilən iclasında parlament seçkilərində iştirak etmək üçün 114 namizəd irəli sürülmüşdü. Sonra müəyyən yeniliklər edilərək namizədlərimizin sayı 115 nəfər oldu. Bunlardan artıq 113 nəfəri bütün müvafiq prosedur qaydalarını keçərək parlament seçkilərində iştirak etmək üçün namizəd kimi qeydə alınıblar. İrəliyə sürdüyümüz namizədlərdən 2 nəfəri isə seçkilərə qatılmamaq haqqında qərar qəbul ediblər. Onu da vurğulamaq istəyirəm Ki, YAP tərəfindən irəliyə sürülən namizədlər seçki kampaniyasının çox əhəmiyyətli mərhələsi sayılan namizədliyin qeydə alınması dövrünü mütəşəkkil şəkildə və qısa bir vaxtda başa vura bilibdir. Bunun çox ciddi səbəbləri var. Mən bu səbəbləri xüsusi olaraq vurğulamaq niyyətindəyəm. Hesab edirəm ki, bunun birinci səbəbi bütövlükdə YAP-a Azərbaycan cəmiyyətinin və seçicilərinin böyük hörməti və ehtiramı ilə əlaqədardır. Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, çox böyük nəticələri Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, Prezidentimizin yüksək nüfuzu onun rəhbərlik etdiyi partiyanın insanlarımız tərəfindən hörmətini və nüfuzunu şərtləndirmiş olur. Digər səbəb kimi isə mən, YAP-ın irəliyə sürdüyü namizədlərin insanlarımız arasında olan xüsusi hörmətini və nüfuzunu qeyd etmək istəyirəm. YAP-ın irəli sürdüyü namizədlərin arasında Azərbaycan dövləti və dövlətçiliyi qarşısında, elmimizin, təhsilimizin inkişafı qarşısında böyük xidmətlər göstərmiş və buna görə də insanlar, xalq tərəfindən xüsusi hörmətə layiq görülmüş çoxlu şəxslər var. Bu insanlar bir fərd olaraq Azərbaycanın seçilən, sayılan insanları hesab olunur və nüfuzlu şəxs olaraq onların YAP tərəfindən namizəd kimi irəliyə sürülmələri, həmin şəxslərin müəyyən prosedurları keçməsini-imzaların toplanmasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Həm YAP-ın böyük nüfuzu, həm onun irəliyə sürdüyü namizədlərin şəxsi hörməti onların imzatoplama kampaniyasını əhəmiyyətli dərəcədə asanlaşdırıb.

- Bu prosesdə YAP-ın yerli strukturlarının fəaliyyətini necə dəyərləndirərdiniz?

- Mən YAP-ın imzatoplama kampaniyasını mütəşəkkil şəkildə həyata keçirmək üçün müəyyənləşdirdiyi proqramı və həmin proqramın uğurla müxtəlif dairələrdə partiyanın yerli strukturları tərəfindən həyata keçirilməsini qeyd etmək istəyirəm. YAP-ın böyük seçki təcrübəsi, malik olduğu insani resurslar, təşkilati strukturlar və təbiidir ki, daxili birliyi və monolitliyi partiyamızın seçki kampaniyasının bu əhəmiyyətli mərhələsini uğurla, mütəşəkkil olaraq, qısa bir zamanda həyata keçirməsini mümkün edib. Bizim seçki təcrübəmizdə formalaşan ənənəyə görə YAP-ın yerli strukturları, partiyamızın çoxsaylı fəalları partiyamızın seçki kampaniyasının həyata keçirilməsində yaxından iştirak edirlər və deyərdim ki, yüksək fədakarlıq nümayiş etdirirlər. O cümlədən də, partiya tərəfindən irəliyə sürülən namizədlərin qeydə alınması üçün zəruri imzaların toplanmasında da partiyanın həm yerli strukturları, həm də yerli strukturların nəzdində artıq fəaliyyət göstərən fəallar institutu yaxından iştirak edirlər. Konkret olaraq, 2010-cu il parlament seçkiləri ilə əlaqədar YAP tərəfindən irəliyə sürülən namizədlərin xeyrinə imzaların toplanmasında da adını çəkdiyim yerli strukturlar və onun fəalları çox yaxından iştirak ediblər. Hər bir namizədin imza toplanması kampaniyasının uğurla həyata keçirilməsindən ötrü müəyyən proqram əsasında fəaliyyət göstərilib. Həmin proqrama görə, hər bir namizədin xeyrinə lazım olan imzaların toplanması üçün müvafiq dairə ərazisində partiyanın yerli strukturları tərəfindən 10 nəfər ayrılmışdı. Bilirsiniz ki, hər bir namizədin qeydə alınmasından ötrü tələb olunan imzaların sayı 450-dir. Bu imzaları toplamaq üçün YAP tərəfindən hər bir namizədə 10 nəfər fəal təhkim edilmişdi. Eyni zamanda, həmin fəallara müvafiq treninqlər keçirilib, imzaların toplanması vərdişləri onlarda formalaşdırılıbdır və bundan savayı hər bir imzatoplama kampaniyasına cəlb olunmuş fəalımızın imzaları toplaması dislokasiyası əvvəlcədən müəyyənləşdirilmişdi. Sanki bir növ bu insanlar namizədlərin müəyyənləşməsini və elan olunmasını gözləyirdilər ki, imzaların toplanması kampaniyasına start verilsin və onlar artıq müəyyənləşdirilmiş və tətbiq edilmiş sistem əsasında, qısa bir zaman içində tələb olunan imzaları toplayıb namizədlərin qeydə alınması üçün müvafiq DSK-lara təqdim etsinlər. Beləliklə də, bizim müəyyənləşdirdiyimiz sxem əsasında namizədlərimizin qeydə alınması üçün lazım olan imzaların toplanması üçün müəyyən edilmiş fəalların hər biri cəmi 50 imza toplamaq kimi vəzifəni yerinə yetirməli idi. Eyni zamanda, bu 50 nəfərin imzasını da haradan, hansı dislokasiya əsasında toplamaq da əvvəlcədən artıq müəyyənləşdirilmişdi. Beləliklə də, düşünmək heç də çətin deyil ki, müəyynləşdirilmiş sxem əsasında 50 imzanın toplanmasına uzağı bir gün vaxt sərf etmək olar. Bütövlükdə tərəfimizdən irəli sürülən 115 namizədin imzalarının toplanması üçün 1150 nəfər partiya fəalı səfərbər edilmişdi. Bu 1150 nəfərin fəaliyyəti nəticəsində biz çox qısa zaman ərzində YAP-ın irəliyə sürdüyü namizədlərin xeyrinə imzaları DSK-lara təqdim edə bildik. Bir məqamı ayrıca qeyd etmək istəyirəm ki, YAP-ın üzvlərinin sayı 500 mindən çoxdur. Bizim irəli sürdüyümüz 115 namizədin, real olaraq 113 namizədin qeydə alınması üçün imzalar isə bütövlükdə orta hesabla 50-55 min civarındadır. 500 mindən yuxarı üzvü olan YAP-ın irəliyə sürdüyü namizədlərin hamısının bir yerdə qeydə alınması üçün 50 mindən bir az çox imzanın toplanması hesab edirəm ki, o qədər də çətin bir iş deyil. Belə demək olar ki, YAP-ın üzvlərindən hər onundan birinin namizədlərimizin xeyrinə imza verməsi kifayət edirdi ki, YAP-ın irəli sürdüyü namizədlərin hamısı qeydiyyatdan keçsinlər. Bir qədər də konkretləşdirmək istəyirəm, məsələn, YAP Gəncə şəhərində yerləşən dairələrdən 4 namizəd irəli sürüb. Bu 4 namizədin qeydə alınması üçün maksimum 2000 imza tələb olunur. YAP-ın Gəncə şəhər təşkilatının isə 25 minə yaxın üzvü var. Demək, partiyamızın Gəncə təşkilatının üzvlərinin hər 10-dan birinin imza verməsi kifayətdir ki, oradan irəli sürdüyümüz namizədlər qeydə alınsınlar. Eyni sözləri, məsələn, Şəmkir rayonu haqda da demək mümkündür. Oradan irəli sürdüyümüz 3 namizədin qeydə alınması üçün tələb olunan 1500 imzadan bir neçə dəfə çox sayda YAP üzvləri var. Eyni sözü, Qazax rayonu üçün də söyləmək mümkündür. Oradan irəli sürdüyümüz bir namizədin qeydə alınması üçün tələb olunan 500 imzadan daha çox sayda YAP üzvləri var. Beləliklə də, YAP-ın irəli sürdüyü namizədlərin qeydə alınması üçün imza toplama kampaniyası kifayət qədər mütəşəkkil şəkildə həyata keçirildi və hesab edirəm ki, bu, YAP-ın bir yandan böyük gücünü, qüdrətini və hörmətini nümayiş etdirir, digər yandan, partiyamızın daxili birliyini, monolitliyini ortaya qoyur. Üçüncü bir yandan, bu, YAP-ın seçki kampaniyasına yüksək səviyyədə hazırlığının təntənəsini özündə əks etdirir.

- Amma bəzi müxalifət partiyaları YAP-ın imza toplama kampaniyasını belə mütəşəkkil qaydada həyata keçirməsinə şübhə ilə yanaşır və bu mütəşəkkilliyə kölgə salmağa çalışırlar...

- Mən təəssüf hissi ilə qeyd etmək istəyrəm ki, YAP-ın irəliyə sürdüyü namizədlərin ayrı-ayrılıqda imzatoplama kampaniyasının bu cür mütəşəkkil surətdə və qısa bir zamanda başa vurmasını partiyamızın rəqibləri olan müxalifət partiyaları, onların nəzarətində olan qəzetlər tamamilə başqa şəkildə təqdim etğməyə cəhdlər göstərirlər. Mən artıq YAP-ın öz namizədləri üçün imzatoplama kampaniyasını necə həyata keçirdiyini əhatəli şəkildə təsvir etdim. Müxalifətin bundan böyük narahatçılıq hissi keçirməsinin səbəblərinə gəlincə, yəqin ki, bunun ən vacib səbəbi ondan ibarətdir ki, onlar öz namizədlərinin qeydə alınması üçün lazım olan imzaları toplamağa çətinlik çəkiblər. Bu çətinliyin başlıca səbəbi insanların onların irəliyə sürdüyü namizədlərə lazım olan imzaları verməməsi ilə əlaqədardır. Çünki insanlar onların irəliyə sürdüyü namizədərin çoxunu tanımırlar, bu namizədlər haqqında hər hansı bir məlumata malik deyillər. Və buna görə də onların xeyrinə imza vermək kampaniyasında heç də həvəslə iştirak etməyiblər. Digər bir səbəbi də mən qeyd etmək istəyirəm. Yuxarıda bildirdim ki, YAP-ın hər bir namizədinin qeydə alınması üçün lazım olan imzaları 10 nəfər toplayıb. Amma müxalifət namizədləri öz imzalarını özləri toplayıblar. Təsəvvür edin ki, 10 nəfərin bir gündə gördüyü işi müxalifət tərəfindən bir nəfər görməli olubdur. Əgər YAP-ın namizədləri üçün lazım olan imzaları 10 nəfər bir gündə toplayıblarsa, bu işi müxalifət üçün bir adam görürsə, 10 günə görəcək, bəlkə də bundan çox vaxta görəcək. Beləliklə də, YAP-ın namizədlərinin imzatoplama kampaniyası kifayət qədər mütəşəkkil, fəal və optimal bir zaman ərzində həyata keçirildiyi halda, bizim rəqiblərimiz olan müxalifət partiyalarının imzatoplama kampaniyası kifayət qədər çətinliklə, böyük zaman kəsiyində həyata keçirilib. Bunun özü də YAP-ın malik olduğu imkanlarla, nüfuzla, ictimai dəstəklə onun rəqibi olan müxalifət partiyalarının malik olduğu ictimai dəstək arasındakı fərqin böyüklüyünü göstərir. Hesab edirəm ki, bu qədər böyük fərqlər qarşıdan gələn parlament seçkilərində YAP-ın əldə edəcəyi ictimai dəstək və seçici səsləri ilə bizim rəqiblərimizin əldə edə biləcəyi səslər arasında da böyük fərqləri ortaya qoyacaqdır.

- Qeyd etdiyiniz fikirlər bunu bir daha göstərmirmi ki, müxalifət YAP-ın uğurlu fəaliyyətinə qısqanclıqla yanaşır? Ümumiyyətlə, onların bu yöndəki fəaliyyətini necə qiymətləndirmək mümkündür?

- Hesab edirəm ki, müxalifət düşərgəsinin bu yöndəki fəaliyyəti partiyamıza qarşı «qara piar»dır. Müxalifət partiyalarının YAP-a qarşı bu cür qəzəbli şəkildə «qara piar»dan istifadə edərək onun fəaliyyətinin üstünə kölgə salmaq cəhdlərinin səbəbi gücsüzlüyü, zəifliyi, özünəinamsızlığı ilə əlaqədardır. Onlar YAP-ın gücünü görürlər. Bu gücü növbəti dəfə namizədlər üçün imzaların toplanmasında müşahidə edə bildilər. Eyni zamanda, özlərinin nə qədər gücsüzlüyünü və seçki kampaniyasını qeyri-dəqiq təşkil etdiklərini də müqayisə əsasında təsəvvür edə bildilər. Bütün bunlaın nəticəsində onlar öz gücsüzlüklərini, bacarıqsızlıqlarını, işi təşkil edə bilmədiklərini YAP-a böhtan atmaqla kompensasiya etməyə çalışırlar. Onların bizə qarşı bu qədər aqressiv şəkildə «qara piar» kampaniyasından istifadə etməkləri, əslində öz gücsüzlüklərinin və bacarıqsızlıqlarının aydın təzahürüdür. Mən müxalifət partiyalarının seçki kampaniyasının gedişində yalnız «qara piar»a istinad etməsini yalnız bununla əlaqələndirirəm. Hesab edirəm ki, Azərbaycan vətəndaşları da bunu çox gözəl şəkildə dərk edirlər. Gəldiyim qənaət ondan ibarətdir ki, müxalifət parityalarının arsenalında «qara piar» kampaniyasından başqa heç bir şey yoxdur: ictimai dəstək mövcud deyil, təşkilati strukturlar yoxdur, daxili birlik təmin edilməyib, partiyaların öz kampaniyalarını həyata keçirmək üçün hər cür fədakarlığa hazır olan fəalları formalaşmayıb. Bütün bunlardan məhrum olan, amma böyük iddialarla yaşayan müxalifətçilərin gümanı ancaq «qara piar»a gəlir. Onlar da bundan istifadə edirlər. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, «qara piar» kampaniyası əslində, xoşagəlməyən, neqativ formalarda tətbiq edilən, həyata keçirilən təbliğatdır. Azərbaycanda Seçki Məcəlləsi ilə qarşıdan gələn parlament seçkilərinin təşviqat kampaniyası oktyabr ayının 15-dən başlayacaq. Amma müxalifət partiyaları və onların nəzarətində olan qəzetlər artıq YAP-ın namizədlərinə qarşı «qara piar» kampaniyasından istifadə edərək bu təşviqat kampaniyasını həyata keçirməyə başlayıblar. Lakin onlar özlərini cəmiyyətə təqdim etməkdən daha çox YAP-ın qarşıdan gələn parlament seçkiləri ərəfəsində insanlarımız tərəfindən dəstəklənməyə böyük şansları olan namizədlərini hədəfə alıb, onlara qarşı şər, böhtan kampaniyasından istifadə edirlər. Bunun özü də hesab edirəm ki, Azərbaycan seçicilərinin diqqət yetirməli olduğu məqamlardan biridir. YAP-ın namizədləri nəinki keçmiş fəaliyyətləri və nailiyyətləri ilə qarşıdan gələn seçkilərə gedirlər, onlar eyni zamanda növbəti illərdə də Azərbaycan dövlətinə və insanlara xidmət etmək imkan və potensiallarını ortaya qoyaraq qarşıdan gələn seçki kampaniyasına qoşulublar. Güman edirəm ki, Azərbaycan vətəndaşları da bunu dəyərləndirib YAP-ın irəliyə sürdüyü namizədləri bütövlükdə seçki kampaniyasına qoşulmuş namizədlər içində ən çox şanslı namizəd hesab edirlər.

- Müxalifətin apardığı «qara piar» qeyd etdiyiniz kimi seçki qanunvericiliyinin də pozulmasıdır. Belə olan təqdirdə, bu cür halların qarşısının alınması üçün YAP və onun namizədləri müvafiq seçki orqanlarına müraciətlər edirmi?

- YAP ilə müxalifət partiyaları arasında olan bir çox fərqlərdən biri də ondan ibarətdir ki, biz heç zaman hər hansı bir partiyaya qarşı mübarizə aparmağı öz qarşımıza məqsəd qoymamışıq. Diqqətlə müşahidə etsəniz görərsiniz ki, müxalifət parityalarının bütün çağırışları YAP-a qarşı çevrilibdir. Onlar açıq şəkildə etiraf edirlər ki, YAP-a qarşı, Azərbaycanın iqtidarına qarşı mübarizə aparırlar. Beləliklə də, onların bütün fəaliyyəti, bütün çağırışları əslində bu fonda və neqativ tonla köklənib. YAP isə qeyd etdiyim kimi heç bir parityaya qarşı mübarizə aparmır. Bizim bütün fəaliyyətimiz Azərbaycan seçicilərinin rəğbətinin və müsbət rəyinin formalaşmasına yönəlibdir. Biz seçicilərin məhəbbəti, etimadı uğrunda çalışırıq. Əgər mübarizə aparmaq haqqında söhbət gedərsə, biz seçicilərin rəğbətini qazanmaq uğrunda, seçicilərimizə xidmət etmək uğrunda mübarizə aparırıq. Güman edirəm ki, Azərbaycanda YAP ilə müxalifət partiyalarının fəaliyyətindəki bu fərqlər özünü aydın şəkildə biruzə verir. Bu təkcə fəaliyyətdəki fərq deyil, eyni zamanda, məramdakı fərqlərdir. Bizim məramımız müsbət tonlu məramlardır və bundan irəliyə gələn fəaliyyətimiz də, təbiidir ki, müsbət, işıqlı məqsədlərə yönəlib. Bizim rəqiblərimizin məramı bu və ya digər insanlara, partiyalara, qurumlara qarşı çevrildiyindən onların məramı da təbii olaraq neqativ tonda formalaşıbdır. Bu neqativ fonda formalaşan məramın daşıyıcılarının çağırışları da, ona istinad edən fəaliyyəti də təbii olaraq neqativ çalarlarla əks olunur. Bu səbəbdən bizim onlardan şikayət etmək, onların fəaliyyətinin qanun çərçivəsindən kənara çıxdığından bu və digər seçki administrasiyasına şikayət məktubu ünvanlamaq kimi bir məqsədimiz yoxdur. Əlbəttə, o yerdə ki, müxalifət parityalarının və onların namizədlərinin fəaliyyəti qanunun kobud şəkildə pozulması ilə müşayət olunacaqsa, YAP bu barədə lazım gəldiyi halda istər DSK-lara, istər ondan yüksək seçki administrasiyalarına müraciətlərini ünvanlaya bilər. Amma mən bir daha açıq şəkildə bildirmək istəyirəm ki, bu, bizim məqsədimiz deyil, biz müxalifət partiyalarından fərqli olaraq qarşımıza belə bir məqsəd qoymamışıq. Təbii ki, qanunların aliliyini yüksək qiymətləndiririk və qanunlara hər kəs tərəfindən riayət olunmasnını vacibliyini vurğulayırıq. Özümüz qanunlara riayət etdiyimiz kimi digərlərinin də qanunlara riayət etməsini istəyirik və lazım gəlsə, bunun uğrunda da mübarizə apara billərik. Amma qeyd etdiyim kimi biz daha çox seçki kampaniyasını ləyaqətlə, qanun çərçivəsində, demokratik dəyərlərə və normalara uyğun olaraq həyata keçirilməsinə çalışırıq və bütün fəaliyyətimizi də buna yönəltmişik.

- YAP tərəfindən seçki prosesini izləyəcək müşahidəçilər müəyyənləşibmi və onlar nə vaxt seçki komissiyalarına təyin olunacaqlar?

- Seçki Məcəlləsinin tələblərinə görə, seçki kampaniyasında partiya şəklində iştirak edən siyasi təşkilat hər bir seçki məntəqəsində özünün müvafiq müşahidəçisi ilə iştirak etmək hüuququ qazanır. Qeyd etmək istəyirəm ki, bugünki məlumata görə, yalnız YAP qarşıdan gələn parlament seçkilərində partiya şəklində iştirak etmək hüquqlarını əldə edib. Seçki Məcəlləsinin tələblərinə görə, 60-dan yuxarı dairədə namizədləri qeydə alınmış partiya artıq seçki kampaniyasına partiya şəklində qoşulmuş olur. Bu günə qədər yalnız YAP bu tələbi ödəyə bilib. Digər partiyalar isə, irəliyə sürdüyü namizədləri 60-dan yuxarı dairədə hələ ki, qeydiyyata aldıra bilməyibdir. Beləliklə də, YAP-ın hüquqi var ki, Azərbaycanın bütün dairə və məntəqələrində müşahidəçilərini təyin etsin. Biz artıq seçki məntəqələrinin hər birində partiyamızın müvafiq şəkildə öz müşahidəçilərinin qeydə alınması üçün hərəkətlərini həyata keçiririk. Bundan savayı, YAP-ın hər bir seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvləri də təyin olunacaqlar. Beləliklə, bu kampaniya da YAP tərəfindən mütəşəkkil şəkildə həyata keçirilir və mən güman edirəm ki, qısa bir zamanda YAP-ın hər bir dairədə və məntəqədə müşahidəçisi və məşvərətçi səs hüquqlu komissiya üzvü qeydə alınacaqdır.

- Əli müəllim, oktyabrın 15-də təşviqat kampaniyasına start veriləcək. YAP qarşıdan gələn parlament seçkiləri zamanı təşviqat prosesində hansı taktika və strategiyadan istifadə edəcək?

- Biz seçki kampaniyasının birinci və çox əhəmiyyətli mərhələsini yüksək səviyyədə həyata keçirmişik. Namizədlərin qeydə alınması bütövlükldə seçki kampaniyasının çox əhəmiyyətli mərhələsidir. Bu, bir yandan bu və ya digər partiyaların irəliyə sürdüyü namizədlərin insanlar tərəfindən nə dərəcədə rəğbətlə qarşılanmasını ortaya qoyur. Mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim namizədlərin qeydə alınma kampaniyasının mütəşəkkil şəkildə və qısa bir vaxtda həyata keçirilməsi YAP-ı bu seçki kampaniyasında təmsil edən namizədlərin insanlarımız tərəfindən yüksək səviyyədə qiymətləndirilməsindən xəbər verir. Mən bunu ayrıca vurğulamaq istəyirəm və bu, bizim bütövlükdə seçki kampaniyasında kifayət qədər güclü namizədlərlə iştirak etməyimizdən xəbər verir. Digər tərəfdən, bu kampaniyanın uğurla həyata keçirilməsi həm də partiyanın bütövlükdə seçki kampaniyasına nə dərəcədə səmərəli şəkildə hazırlanmağından xəbər verir ki, bu da YAP-ın bütövlükdə seçkilərə kifayət qədər ciddi şəkildə hazırlaşdığı haqqında fikir söyləməyə əsas verir. O ki qaldı, növbəti mərhələ olan təşviqat kampaniyasının yüksək səviyyədə təşkil olunmasına, mən onu da qeyd etmək istəyirəm ki, YAP hər zaman olduğu kimi malik olduğu resurslardan və təcrubədən əhəmiyyətli şəkildə faydalanaraq çox səmərəli, tədbirli və inandırıcı təşviqat kampaniyası həyata keçirmək niyyətindədir. Biz təşviqatın çox müxtəlif formalarından faydalanmaq niyyətindəyik. Amma məqsədimiz ondan ibarətdir ki, bizim təşviqat kampaniyamız hər bir seçicini əhatə edə bilsin. Biz çalışacağıq ki, öz mesajlarımızı və çağırışlarımızı Azərbaycanın hər bir seçicisinə çatdıra bilək. Bunun ən səmərəli yolu hər bir seçici ilə ya öz namizədlərimiz, ya da namizədlərimizin səlahiyyətli nümayəndələri və vəkilləri vasitəsilə ünsiyyətin, əlaqənin yaradılmasından ibarətdir. Biz çalışacağıq ki, bu üç subyekt vasitəsilə hər bir seçici ilə ünsiyyət və əlaqə yarada bilək ki, bir yandan namizədimizi kifayət qədər geniş şəkildə təşviq edə bilək, digər yandan bu seçki ilə əlaqədar müəyyənləşdirdiyimiz çağırışları və şüarları onların diqqətinə çatdıra bilək. Bunun ən səmərəli yolu bütün ailələrlə, bütün seçicilərlə görüşləri keçirməkdən ibarətdir. Mən “qapı - qapı” təşviqat formasını nəzərdə tuturam. Digər yandan, YAP geniş şəkildə əyani təşviqat materiallarından istifadə etmək niyyətindədir. Güman edirəm ki, bizim əyani təşviqat materiallarımız da hər bir ailəyə, hər bir mənzilə, evə çatacaq. Üçüncü bir forma olaraq bizim kütləvi aksiyalar kimi səmərəli forma və üsullardan istifadə etmək niyyətimiz var. Onu da qeyd etmək istəyirəm ki, kütləvi aksiyaların keçirilməsi bütövlükdə seçki kampaniyasının fəallığının təmin edilməsinə özünün böyük təsirini göstərsə də, biz aydın şəkildə onu da dərk edirik ki, heç bir kütləvi aksiya Azərbaycandakı seçiciləri tamamilə əhatə etmək imkanı yaratmır. Bu aksiyalar nə qədər geniş miqyasda olsa da, yalnız aksiyalar keçirmək vasitəsilə bütün seçiciləri əhatə etmək mümkün deyil. Güman edirəm ki, digər partiyalar da yalnız aksiyalarla bütün seçiciləri əhatə edə bilməzlər. Beləliklə, çox müxtəlif formalardan, rəngarəng üsullardan və texnologiyalardan istifadə etməklə biz çalışacağıq ki, bir yandan hər bir seçicini əhatə edə bilək, hər bir seçici ilə ünsiyyətlər qurulsun, sözümüz çatdırılsın. İkinci bir yandan, bütövlükdə seçki kampaniyasının yüksək ab-havasını və əhval-ruhiyyəsini təmin etmək üçün tələb olunan digər aksiyalardan da faydalanmaq niyyətindəyik. Bizim hazırlığımız, təcrübəmiz, daxili mütəşəkkilliyimiz, geniş insani və təşkilati resurslarımız, bütün bunların hamısı müəyyənləşdirdiyimiz təşviqat kampaniyasının əvvəlcədən hazırlanmış proqram əsasında həyata keçirilməsini təmin edə biləcəkdir.

- Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların bir qismi partiyanın siyahısından kənarda qaldı. Bu, onlara münasibətin ifadəsidir, yoxsa başqa səbəblər var?

- Xeyr. Heç bir halda bəzi deputatların partiyanın siyahısından kənarda qalması partiyanın onlara münasibətinin ifadəsi sayıla bilməz. Partiyamızın hər bir üzvü bizim üçün qiymətlidir. O cümlədən YAP - ı parlamentdə təmsil etmiş deputatların hamısına hörmətlə yanaşılır. O ki qaldı onların bəzilərinin növbəti parlament seçkilərində iştirak etməmələrinə, bunun müxtəlif səbəbləri var. Bir neçə YAP - çı deputat növbəti parlament seçkilərinə qatılmaq istəmədi. Ümumiyyətlə, seçkilərdə iştirak etmək üçün namizədlərin müəyyən edilməsi bütünlükdə seçki strategiyasının çox vacib tərkib hissəsidir. Seçkidə partiyanın qələbəsinin təmin edilməsində onun rolu danılmazdır. Bu mənada YAP - ın seçki siyahısının hazırlanması onun seçki taktikasının tərkib hissəsi kimi başa düşülməlidir. 2010 - cu ilin seçki kampaniyasına qoşulmayan deputatlara gəldikdə isə, onlar həmişə olduğu kimi, bizimlə bir yerdədir. İnanıram ki, onların hər biri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin növbəti nailiyyətlərinə öz töhvələrini verəcək, xalqımız və dövlətimiz qarşısında xidmətlərini başqa sahələrdə bundan sonra da davam etdirəcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir