Modern.az

“Onun ürəyi”ni çəkiblər

“Onun ürəyi”ni çəkiblər

Mədəni̇yyət

12 Oktyabr 2010, 12:37


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” filmlər studiyası və “AGP” prodakşının birgə istehsalı olan “Onun ürəyi” filminin çəkilişləri başa çatıb.  Qeyd edək ki, Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan filmin çəkilişlərinə iyun ayının əvvəllərində  start verilib.
Modern.az-ın məlumatına görə, Bakı, İsmayıllı və Naxçıvanda çəkilişləri gerçəkləşən filmdə  3D qrafikasından geniş istifadə olunur. Filmin musiqiləri  hazırdır, montaj və qrafika işləri paralel olaraq aparılır. 

25 dəqiqə həcmində olan filmin süjet xətti xeyirlə şərin mübarizəsi üzərində qurulub. Bir zamanlar pərilər şahı öz ailəsi ilə çox xoş günlər keçirirdi. O xalqını çox qorxulu bir cadugərdən - Şərrindən xilas etmiş və onu çox hündür bir dağın başındakı zindanda dustaq etmişdi. Əli heç yana çatmayan Şərrin öz talismanını cadulayır və onu milçəyə bənzər bir həşərata çevirir. Milçək Şərrinin əmri ilə pərilər şahının oğlunu sancır və ağ Ağdan ailəsinin gözü qarşısında qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur. Bu məhəbbət onun həyatını dəyişir. 

Musiqi, xoreoqrafiya, gözoxşayan görüntülərlə zəngin olacaq filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğludur. Ekran əsərinin  müəllifi və bəstəkarı  Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərov, baş prodüseru Mahir İbrahimovdur.  Filmdə əsas rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri)  ifa edirlər. 
Qeyd edək ki, filmin yanvar ayında tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur. 

Məlumat üçün bildirək ki, sayca dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət” filmlərini ekranlaşdırıb.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir