Modern.az

“Kök şagirdlər üçün məktəbli forması sifariş ediləndə qiymət 5 manat da artır” - Bakı Tikiş Evindən REPORTAJ

“Kök şagirdlər üçün məktəbli forması sifariş ediləndə qiymət 5 manat da artır” - Bakı Tikiş Evindən REPORTAJ

Reportaj

29 İyul 2015, 11:49

Azərbaycanda yeni tədris ilinin başlanmasına ay yarım qalıb. Hələ ki orta məktəb şagirdlərnin valideynləri vahid məktəbli forması axtarmağa tələsmirlər. Amma bir müddət sonra valideynlər arasında əl-ayağa düşənlər az olmayacaq.
Məktəbli forması 2010-cu ildən tətbiq edilir. Vahid geyim forması məktəbqabağı valideynlərin  övladları üçün təlatümlü geyim axtarışının qarşısını bir qədər alır. Çünki onların seçim imkanı qalmayıb. İstəsələr də, istəməsələr də onlar vahid məktəbli formasını almalıdır. Bu geyimləri Bakı Tikiş Evinin (BTE) müəyyən olunmuş satış mağazalarından əldə etmək mümkündür. Dərs ilinin açılmasına sayılı günlər qalanda  bu evin, eləcə də bütün satış mağazalarının qarşısında izdihamlı növbə yaranır.

Modern.az saytının əməkdaşları mövzunun aktuallığını nəzərə alaraq, Bakı Tikiş Evinə yollanıb. Müəsissədə bizi BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov qarşıladı.

Valideynlər öz büdcələrinə uyğun paltarlar alırlar

Etibar Əzimov fabrikin tarixindən, fəaliyyətindən söz açdı. Şöbə rəisi deyir ki, hələ müharibə illərindən fabrikdə hərbi paltarlar istehsal edilir:



“Əslində, bura hərbi müəssisədir, hərbçilər, güc strukturları üçün geyim istehsal edirik. 2015-ci ildən BTE-nin səlahiyyətləri sırasına biri də əlavə olundu. Belə ki, vahid məktəbli formalarının tikilişi fabrikin balasına verildi. Məktəbli formaları istehsalımızın 10-15 faizini təşkil edir. Əvvəllər valideyn uşağını geyindirərkən çalışırdı ki, həm keyfiyyətli, həm də münasib qiymətdə forma alsın. Bu zaman bəzi valideynlər öz büdcələrinə uyğun paltarlar alırdılar. Nəticədə birinin övladı digərindən fərqlənirdi. Nəyə görə belə fərq yaranmalıdır? Məhz bu səbəbdən vahid məktəbli formalarının olması olduqca zəruri məsələdir”.

Bu modellərin hazırlanması üçün BTE-nin patenti var

Şöbə rəisinin sözlərinə görə, vahid məktəbli formasının onların fabrikinə həvalə olunması təsadüfi olmayıb: “Azərbaycanda BTE kimi ikinci böyük fabrik yoxdur. Bu modellərin hazırlanması üçün BTE-nin patenti var. Formaların hazırlanması ilə bağlı təşəbbüs “Valideyn-müəllim assosiasiyası” tərəfindən irəli sürüldü.  Təxminən 40-50 model hazırladıq. Bu modellərə baxdılar, təklif və narazılıqlarını bildirdilər. Bütün təkliflər protokollaşdırıldı, dəyişikliklər edildi, sonda 4 model üzərində qərar verildi”.

Aldığımız parçaların uyğunluq və keyfiyyət sertifikatı var



Etibar Əzimov dizaynın fabrikin özünə məxsus olduğunu bildirib: “Fabrikin böyük konstruktur heyəti mövcuddur. Paltarların hazırlanması üçün şərtlər toplusu olmalıdır, hansı materiallardan necə istifadə olunmalı, hansı parametrlərə əməl olunmalıdır, bütün bunlar öncədən müəyyən edilir. Bu şərtlər uşaqlar üçün son dərəcə vacib məsələlərdir. Bəzən olur ki, keyfiyyətsiz mallar alınır, bu cür paltarları uşaqlara qətiyyən geyindirmək olmaz. Aldığımız parçaların uyğunluq və keyfiyyət sertifikatı var. Materiallar yoxlanılır, sertifikatlar da tərcümə olunub bizə göndərilib. Bu modellərin BTE-yə məxsus olması Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunub. Kimsə özündən və yaxud bizim modelləri saxtakarlıqla istehsal edib, üzərində BTE-nin loqosunu yerləşdirirsə, bu, qeyri-qanunidir”.

Burada nə dövlət planı var, nə də dövlət tapşırığı

Qurum rəsmisinin sözlərinə görə, materialların keyfiyyətindən valideynlər də məmnundur. Bu keyfiyyətin göstəricisidir ki, uşaqlar bu formaları 2-3 il geyinirlər. Etibar Əzimov şagirdlərin məktəbli forması ilə təmin olunmasına da toxunub. O, istehsal edilən paltarların dəqiq sayı, nə qədərinin satılıb, nə qədərinin qalması ilə bağlı mütəmadi məlumat aldığını deyir:
“Yəni burada nə dövlət planı, nə də dövlət tapşırığı var. Sayın müəyyən edilməsi tələbatdan asılıdır. Tələbatı da kimsə müəyyənləşdirə bilməz. Tutaq ki, ötən il uşaqlara forma alınıb, bu il həmin formada ya köynək, ya şalvar və yaxud da yubka təzələnə bilər. Anbardan gələn məlumatlar əsasında hansı ölçüdən forma azalıbsa, biçim sexinə məlumat verilir, tikiş sexində tikilib hazırlanan mallar anbara göndərilir”.

Hər kəs gedib dağda, bağda dincəlir, dərsin açılmasına bir gün qalmış oyanır ki, uşağa forma almayıb



Bakı şəhəri üzrə 16 satış mağazasının olduğunu deyən Etibar Əzimov satışa yetərincə məktəbli formasının çıxarıldığını və valideynlərin bu paltarları rahatlıqla əldə edə bilicəyini deyir:

“Sadəcə insanlarımızın bir xüsusiyyəti də var, hər şeyi son ana saxlayır. Məsələn, bu gün təxminən 40 kostyum satılıb, avqustun sonu sentyabrın əvvəlində isə növbə yaranacaq. Əvvəl-axır məktəbli forması alınacaq, heç olmasa bunu növbəyə durmadan alaq da. Gün ərzində çox insanla söhbətdə oluram. Baxırsan şikayət edir ki, burda istidir, növbəyə dayandıq və sair... Kimdir günahkar? Niyə vaxtında gəlmirsiniz? Müxtəlif bəhanələr gətirirlər ki, onda pulumuz yox idi, uşaq böyüyə bilər və sair... Uşaq nə qədər böyüyə bilər? Hər kəs gedib dağda, bağda dincəlir, dərsin açılmasına bir gün qalmış oyanır ki, uşağa forma almayıb”.

Göz dəyməsin, bu il saxta malın satılması barədə eşitməmişəm

Şöbə rəisi bazarda saxta malların mövcudluğunun qarşısını almaq üçün BTE-nin mütləq addımlar atdığını da vurğuladı. O, bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi, prokurorluq və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiklərini söylədi:

“İstehsal etdiyimiz malların üzərində müəlliflik hüququmuz var. Kim nə forma istəyir, tikib satsın. Biz demirik mütləq BTE-nin məhsullarını almaq lazımdır. Amma kimsənin ixtiyarı yoxdur ki, istehsal etdiyi malın üzərinə BTE-nin loqosunu qoysun. Dəfələrlə Standartlaşdırma Komitəsi media nümayəndələrinin iştirakı ilə birgə yoxlama keçirib və saxta mal satan mağazalar bağlanıb. Göz dəyməsin, bu il saxta malın satılması barədə eşitməmişəm”.



Övladını istəməyən inasan tapılmaz

Məktəbli formlarının satış qiymətinə gəlincə, Etibar Əzimov əlavə etdi ki, 1-6-cı sinif üçün məktəbli formaları 34 manat, 7-11-ci siniflər üçün isə 43 manatdır. Qurum rəsmisi onu da dedi ki, övladını istəməyən inasan yəqin ki, tapılmaz. Əgər övladını istəyirsə, heç vaxt mənşəyi bilinməyən, aşağı keyfiyyətli məktəbli forması almaz. Etibar müəllim gələcəkdə bu formlara ayaqqabı və çanta əlavə olunmasından da danışdı: “Tikişçi heç vaxt toxucu işi ilə məşğul olmaz. Bu, mümkün deyil. Bizdə artıq ixtisaslaşma gedib. Tikiş fabrikində ayaqqabı istehsalı çətin məsələdir. Amma xahiş ediblər mağazaya yerli istehsal olan ayaqqabı və çantalar da qoymuşuq”.

Belə formalarda əlavə material dəyəri 5 manatdır

Etibar Əzimov valideynlərə formaları vaxtında almalarını tövsiyyə edir: “Bəribaşdan bilsək ki, hansı ölçüdə çox forma satılacaq, onu əvvəldən tikib hazırlayarıq. Məktəbli formalarının istehsalına qış aylarından başlayırıq. Bütün qış boyu heç bir satış olmayıb. May ayında da həmçinin. Kimsə tək şalvar və ya köynək ala bilər, amma məktəbli formasının satışı, ancaq sentyabrın əvvəlidən başlanır. Bu, ənənəvi haldır.

Bəzən ölçüyə uyğun gəlməyən, kök uşaqlar da olur. Bu halda ölçü götürüb onlara yenidən forma tikirik. Bu da əlavə işlə yanaşı əlavə xərc deməkdir. Belə formalarda əlavə material dəyəri 5 manat müəyyən olunub”.

Uşağa ölçüsündən böyük forma geyindirsən, müqəvvaya oxşayacaq

Gələcəkdə məktəbli formalarının rənginin dəyişməsindən də danışan Etibar müəllim bildirdi ki, elə olur valideyn bir formanı 2 il geyindirir: “Rəngi dəyişsək, gərək valideyn büdcəsindən pul ayırıb yeni forma alsın. Bir də görürsən ki, valideyn 30 ölçü geyinən övladına 36 ölçüdə forma alır. Valideyn bunun səbəbini imkansızlıqla əlaqələndirir. Başa salıram ki, uşağa ölçüsündən böyük forma geyindirsən, müqəvvaya oxşayacaq. Sonra da deyirsiz ki, fabrik pis tikir”.









Yeganə OQTAYQIZI

Vüsalə QƏZƏNFƏRQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub