Modern.az

Tərəkəmə inancları və adətləri - Oğurluq etməyənə qız verməzlər

Tərəkəmə inancları və adətləri - Oğurluq etməyənə qız verməzlər

31 İyul 2015, 14:54

Modern.az saytı Azərbaycan tarixinin və  qədim adət- ənənələrinin daşıyıcısı olan tərəkəmələrlə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə tərəkəmələrin özlərinə məxsus olan inanclar, sınamalar və digər insanlar üçün qəribə görünəcək adət -ənənələrindən söhbət açacağıq.

Əvvəlcə onu qeyd edək ki, tərəkəmələrin bu gün yaşatdığı adətlər qədim türklərdən, hətta Bilgə xaqan zamanından qalan bir mirasdır. “Kitabi-Dədə Qorqud” dastanında da bəzi adətlər bu gün tərəkəmələr tərəfindən qorunur. Xüsusən də İmişlinin Əliqulular, Sarıxanlı, Muradxanlı kəndlərinin, Borçalı bölgəsinin camaatının tarixin sınağından çıxmış adət-ənənələrinə rast gəlmək mümkündür. Bu ənənə və inanclar həmçinin Beyləqan rayonunun Eyvazalılar, Tatalılar, Bünyadlı, Bərdə rayonunun Hacallı, Mehdili kəndlərində, eləcə də Gədəbəy, Tovuz, Mərkəzi Aran zonası, Lerik, Masallı və bir çox çox rayonlarımızın kəndlərindəki tərəkəmələr tərəfindən yaşadılır:

Tərəkəmələrin adət-ənənə və inancları daha çox at, it və qoyun-quzu ilə bağlıdır. Amma onlar üçün otun, otlağın, biçənəyin öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə, tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var. Tərəkəmə dövlət becərəndir.

Turan dünyasında nə qədər inanc, ritual varsa, hamısı tərəkəmələrə şamil olunur. “Qodu-qodu”, “yel gəldi”, “duman getsin” kimi rituallar var. “Qodu-qodu” deyilən nəğmə oxunur və həqiqətən də duman çəkilir.

At, it və qoyunla bağlı inanclar:

Tərəkəmə tayfalarının nümayəndələrindən olan şair Qəşəm Nəcəfzadə tərəkəmənin bu üç heyvanla bağlı olan adətləri haqqında qeyd edir ki, tərəkəmənin atının quyruğunu qırxarlarsa, bu, ölümlə nəticələnər, yəni at kişi üçün namus, kişilik məsələsidir. Tərəkəmənin özünə bir ağac vursan, kar eləməz, itinin ağzına bir çubuq çəkdinsə, qanın getdi.

Atla bağlı olan başqa inancları isə el adətlərinin bilicisi olan publisist Süleyman Əlisa bu cür əsaslandırır:

Tərəkəmələrin inanclarına görə, əgər at ayağını yerə döyərsə, bu  təhlükədən xəbər verir. Tərəkəmə də ona sözsüz ki, inanır. Atın kişnəməsi isə yağışın yağmasına işarədir. Əgər at qışda yerə rahat şəkildə uzanarsa tərəkəmə o saat düşünür ki, aha, deməli, sabah yaxşı hava olacaq. Yox əgər at isti havada belə,  üstünün tozunu təmizləyərsə, qar yağacaq”.

Atla bağlı olan bu inanclara daha çox Təklə eli və başqa ellərdə (Eyvazalılar, Əliqulular ellərində) inanılır.

Tərəkəmə atını sınaqdan keçirən zaman əlində bir parç su ilə onun belinə minir və çapır. Əgər sona çatanda su dağılmırsa o atı özü üçün seçir. At üstündə oğurluq isə tərəkəmənin qəhrəmanlığını göstərir. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Ana tarla” əsərində belə bir səhnə var: yaylaqda olan oba gəncləri at üstündə ötüşür, ən cəld olan çoban isə toğlunu elə at çapa-çapa yerdən götürür və onu ya sevdiyi xanımın ayaqları altına atır, ya da onun qaldığı alaçığın kandarına tullayır. Bəzi tərəkəmə ellərində bu gün də bu adət qalmaqdadır. Toy vaxtı qız və oğlan evinin gəncləri ata minir və bu minvalla ötüşürlər, at üstündə toğlunu götürmək isə hünər sayılır.


Tərəkəmə məzarlıqları həm dağda, həm də aranda olur. Təbii ki, yaylaq zamanı vəfat edən tərəkəməni bir də ilin əksər vaxtları qaldığı qışlağa aparmayıb, elə orda dəfn edərlər. Amma bir tərəkəmə qaydası var: bir elin ölüsünü heç vaxt başqa elin ərazisində dəfn etməzlər. Başdaşıları çox sadə olar və üzərində at, qoyun, dəvə, ceyran şəkillərinə oxşayan eskizlər olar.

Tərəkəmələrin başqa inanclarına da nəzər salaq. Bu barədə Etibar İmanov adlı tərəkəmənin özü vaxtilə maraqlı qeydlər aparıb:

“At nalın zibilliyə atmazlar ki, evin xeyir-bərəkəti gedər.

Yaylaqdan qayıdanda sökülmüş binənin yerinə şirni töküb üstünə su səpərlər. Bu da ona görədir ki, gələn köç vaxtına qədər bu yerlərin bərəkəti qalsın.

Qoyun qırxan zaman ona su göstərməzlər ki, qırxılığa düşər.

Qoyun qırxılanda quyruğunun tükündən bir əlçim götürüb ağız-burnuna sürtərlər ki, tez qoça gəlsin.

Qoyun ikicanlı olan vaxt yanında qurdun adını çəkməzlər ki, balası ölər”.



Xalq yazıçısı folklorun və tərəkəmə həyatının mahir bilicisi Mövlud Süleymanlı isə tərəkəmələrin adətləri barəsində bunları qeyd edir:

“Arxacı (qoyun saxlanılan yer) kim keçsə çağırarlar:
- Yolunu burdan sal, ay yol adamı. Bərəkət üstüdü, bərəkət üstündən ac addama”

İtləri alaçığın qabağından yemləməzlər. Sağından sonra quzuçunu çağıranda adı ilə çağırmazlar. Niyəsini sərkərlər (sürünün önündə gedən çobanlar) yaxşı bilir. (Amma bu təbii ki, uzun zamanlardan bəri formalaşan inanca görədir. Sırf bərəkətin qaçmaması ilə bağlıdır)

Əli ağacsız çobana əl çobanı deyərlər.

Gecə sürüyə oğru girəndə çoban qoyun öskürəyindən onu bilər və deyər: “Gen dolan, məndən sarp aprammazsan””



Tərəkəmə adətləri ilə bağlı maraqlı bir məqam isə yaylaqda bir-birinə qonşu olan iki el arasında gedən kütləvi davalar və tərəkəmə oğurluğudur. Tərəkəmə davası əsasən it, at ya da ki oğurluq üstündə düşər. Bu dava hətta aylarla davam edər. Yalnız zopa ilə dava edən tərəkəmə kişiləri bir-birilərini əvəz edən zaman qadınlar sacda yuxa, qovurma hazır edib “döyüş”dən gələnləri yedirər, içirər və döyüşə gedənləri yola salarlar.

Tərəkəmə oğurluğuna gələndə isə onun oğurladığı nə olacaq ki?! Təbii ki, qoyun, quzu, ya obaya aid kişilərdən birinin əşyası. Təbii ki, burada at, it, sursat oğurluğu, yaxud obadakı qadınlara aid hansısa əşyadan söhbət gedə bilməz. Bir obadan başqa obaya elçi gedəndə də qız atası öncə bu oğurluğun olub-olmadığını xəbər alar.

Qeyd: Tərəkəmə inancları və adətləri barəsində yazının hazırlanmasında Modern.az saytına İctimai Televiziyanın “El sənəti” buraxılışının rəhbəri “Təklə eli, tərəkəmə dünyası” kitabının müəllifi Süleyman Əlisa kömək edib. Tərəkəmə tayfalarından olan şair Qəşəm Nəcəfzadənin və xalq yazıçısı, folklorun gözəl bilicisi Mövlud Süleymanlının tərəkəmə dünyası barəsindəki yazılarından istifadə olunub.



Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı