Modern.az

«…Şəhid ailələri sosial ipoteka ödəməkdən azad olunsunlar»

«…Şəhid ailələri sosial ipoteka ödəməkdən azad olunsunlar»

13 Oktyabr 2010, 18:12

"Sosial ipotekadan yararlanaraq özünə mənzil almış insanlarımız arasında şəhid hərbçimiz Əhməd Abdullayevin də ailəsi var. Qeyd edim ki, Əhməd Abdullayev bir müddət öncə ermənilərin hücumunun qarşısının alınması zamanı böyük igidlik, şücaət  göstərərək qəhrəmancasına şəhid olub. Bundan sonra isə onun ailəsi yaşadıqları mənzili uzunmüddətli sosial ipoteka ilə aldığına görə, ipotekanın ödənilməsində problemlə üzləşib».

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin oktyabrın 13-də keçirilən iclasında 2011-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bitərəf millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva söyləyib. Millət vəkilinin bildirdiyinə görə, şəhid hərbçi Ə.Abdullayevin ailəsi bu problemin həlli üçün ona müraciət edib. O da öz növbəsində Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla əlaqə saxlayıb:
«Mən bu məsələ ilə bağlı Elman müəllimlə danışdım, vəziyyəti onun diqqətinə çatdırdım. Bildirdim ki, çox yaxşı olar, bu ipoteka dövlət tərəfindən ödənilsin. Çünki həyat yoldaşını itirən qadın 2 övladı ilə qalıb və onun bu ipotekanı ödəməyə heç cür imkanı yoxdur. Eyni zamanda qeyd edim ki, bu məsələnin həlli həm də cənab prezidentin şəhid ailələrinə diqqət və qayğısıyla bağlı məlum siyasətinə çox müsbət bir töhfə olar. Elman  müəllim də çox sağ olsun ki, zəngimizə və yazılı müraciətimə müsbət cavab verdi. Onu da bildirdi ki, “Əhməd Abdullayev dövlət, millət yolunda şəhid olub, cənab prezidentin də bizim qarşımıza qoyduğu vəzifə ondan ibarətdir ki, şəhid ailələrinə hər birimiz diqqət və qayğımızı əsirgəməyək. Milli Bank olaraq həmin şəhid ailəsinin ipotekasını dövlət, Milli Bank səviyyəsində ödəməyi öz üzərimizə götürürük, onlar öz evlərində rahat şəkildə yaşamaqda davam edə bilərlər”. Odur ki, mən bir daha Elman müəllimə təşəkkürümü bildirirəm və eyni zamanda, fürsətdən istifadə edib, başqa təklifimi də dilə gətirmək istəyirəm».

Millət vəkili təklif edib ki, həm sosial ipoteka genişləndirilsin, həm də bu ipotekanın şərtləri, xüsusilə ilkin ödəniş şərti yüngülləşdirilsin: «Hesab edirəm ki, bu kateqoriyaya aid olan insanların - hərbçilərin, elm dalınca gedən gənclərin, gənc ailələrin, orta və kiçik biznesdə işləyən insanların sosial ipotekadan yararlanma imkanları daha da genişləndirilməlidir. Çünki bu insanların ən böyük problemlərindən biri və birincisi özlərinə mənzil almaq, ev şəraitlərini yaxşılaşdırmaq problemidir.  Bu baxımdan bu gün sosial ipoteka çox uğurlu bir layihədir ki, insanlarımız da bundan istifadə edə bilirlər. Amma çox yaxşı olar ki, sosial ipotekanı genişləndirməklə, onu şərtlərini, əsasən də ilkin ödəniş şərtini yüngülləşdirməklə, bundan yararlanan insanlarımızın sayının daha da  çox olmasına nail olaq. Eyni zamanda, hökumət bunu bir qərar kimi qəbul etsin ki, hərbi qulluqçularımızdan, hərbi xidmətdə olanlarımızdan kimlərsə öz mənzil şəraitlərini təmin etmək üçün sosial ipoteka götürüblərsə və əgər onların içərisində kimlərsə sonradan torpaqlarımız uğrunda şəhid olublarsa, onların ailələri həmin mənzillərə görə sosial ipotekanı ödəməkdən azad olunsunlar. Məcburən cəlb olunduğumuz müharibə hələ ki, bitməyib. Demək olar, hər gün Ermənistan, erməni hərbi birləşmələri tərəfindən atəşkəs pozulur və bunun da nəticəsində   övladlarımız, oğullarımız, hərbçilərimiz həyatlarını itirirlər, qəhrəmancasına şəhid olurlar. Ona görə yaxşı olar ki, həmin insanların ailələri sosial ipoteka ödəməkdən azad olunsun və bu ipotekanı ödəməyi dövlət öz üzərinə götürsün. Hesab edirəm ki, hökumət tərəfindən bu yöndə qərar qəbul olunarsa, bu çox müsbət bir hal olar».

Qeyd edək ki, millət vəkilinin bu təklifi büdcə müzakirələrində iştirak edən maliyyə naziri Samir Şərifov tərəfindən müsbət qarşılanıb. Nazir bildirib ki, məsələnin həlli istiqamətində dövlət səviyyəsində atılan addımlar bundan sonra da davam etdiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir