Modern.az

Nəriman İmranov, Siyavuş Mustafayev və ya bir əfvin TARİXÇƏSİ

Nəriman İmranov, Siyavuş Mustafayev və ya bir əfvin TARİXÇƏSİ

31 İyul 2015, 23:30

Mahir Qabiloğlu


AzTV-də işlədiyim 11 il müddətində Bakıdakı bütün türmələri gəzmişəm. Əlbəttə ki,  cəzaya məhkum kimi yox, Prezidentimizin imzaladığı əfv fərmanlarının icrasını efirdə işıqlandıran bir telejurnalist kimi.  

“Xəbərlər” proqramından üç-dörd çəkiliş qrupu ayrılırdı bu məqsədlə. Penitensiar Xidmətdə isə bizi cəzaçəkmə müəssisələrinə bölüşdürürdülər. Hər qrup da üç-dörd türmədə olurdu. O qruplara isə şox vaxt başçı mən gedirdim. Bu o demək idi ki, “Xəbərlər”dən sonra efirə gedəcək 30-45 dəqiqəlik “Xüsusi buraxılış”a mən cavabdeh olacaqdım. 

Cəzaçəkmə müəssisəsi və ya el dilində desək, türmə şəxsən məni vahimələndirmirdi. Dustaqlar yaxınlaşıb bizimlə söhbət edir, bəziləri isə müsahibə verərək, törətdikləri cinayətdən peşman olduqlarını  söyləyir, prezidentdən bağışlanmaqlarını xahiş edirdilər. Elə olurdu ki, növbəti əfvdə onlardan bəzilərinin azadlıq qazandıqlarını görüb sevinirdim. Mikrofonu uzadıb keçirdikləri hissləri bölüşmələrini xahiş etdikdə isə sadəcə peşman olurdum. Nə desələr yaxşıdır?  

“Nə? Mən xahiş etdim? Yanılırsınız, cavan oğlan. Məni kiminləsə səhv salıbsınız”. Bu “sız-mız”ın qabağında əzilirdim, sınırdım. Amma yenə də kiminsə, kimlərinsə Prezidentə birbaşa müraciət etmələrinə şərait yaradırdım. Qanmayacaqlarını bilə-bilə. Atalar sözünü əsas tutaraq. “Balığı at dəryaya...”. 

Yuxarıda qeyd etdiyim kimi, bütün türmələrdə olmuşam. Amma onlardan yalnız biri, “krıtı” adlanan Qobustan türməsi yaddaşımda əbədi iz buraxıb. Çünki ordakı şərait, daimi sakinlər digərlərindən fərqlənir. Bu türmədə əvvəllər əsasən ölümə məhkumlar saxlanılırdı, indi isə orada ömürlük həbs cəzası alanlar yatır. Onların isə əfvi çox nadir hadisə sayılırdı. Burda saxlananlara yaxınları, doğmaları ilə heç görüş də verilmirdi. (Sonralar qanunlar bir az yumşaldıldı.  İndi nəinki görüş, məhkumlar arvad almaq  imkanı da əldə ediblər).

Nəhayət o vaxt – 2001-ci ildə “krıtı”da da kiminsə qapısı açıldı. Və bu əfv prosesini  çəkmək mənə qismət oldu. 

Prezident Heydər Əliyevin 17 avqust 2001-ci il tarixldə imzaladığı əfv fərmanının ertəsi günü tezdən  dörd çəkiliş qrupu artıq Penitensiar Xidmətin qarşısına getdik. Digər mətbu orqanlardan, televiziyalardan da jurnalist həmkarlarımız bura  yığışmışdı. Ənənələrə zidd olaraq Penitensiar Xidmətin ovaxtkı rəisi, general-mayor Aydın Qasımov darvazanın qabağında göründü. Əfv fərmanının icrası prosesində bizi əsasən şöbə rəisləri müşayiət edirdi. Daha doğrusu, biz onların icraatını lentə alırdıq. Aydın Qasımov qapıda görüncək tələbəlik illərindən tanıdığım polkovnik Azər Seyidov (hazırda Kürdəxanı təcridxanasının rəisi) məni generalın maşınına əyləşdirdi. Beləcə gəlib çıxdıq Qobustanın düzünə. Türmənin qapısına çatanda xidməti maşın dayandı. Darvazanı açmadılar ki, bəs böyük rəis gəlib. Maşından düşdük. Bir zabit  qapıya çıxıb generala raport verdi. Həmin zabit bizdən jurnalist vəsiqəmizi elə qapıdan içəri keçməmiş tələb etdi. Bu an kimsə məni çağırdı: 
Mahir, ay Mahir. 

Geriyə döndüm. Bir az aralıda beş-altı nəfər dayanmışdı. Yanlarında 12 yaşında bir oğlan uşağı da vardı. Ağac kölgəsi, ya “besedka” olmadıından gün başlarına şaxıyırdı. Onlardan biri panama qoymuşdu, gün eynəyi taxmışdı. Məni də səsləyən elə o yaşlı kişi idi. Tanımadım. Aydın Qasımovdan üzr istəyib və operatoru qapıda buraxıb həmin adamlara tərəf getdim. Yaxınlaşanda tanıdım. Bu, Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Adil Nağıyev idi. Abşeron rayonunun tədbirlərini televiziyada işıqlandıran və həmişə də hörmət-ehtiram görən biri kimi Adil müəllimlə görüşüb-öpüşdük. Hal-qaziyyəni bilirdim. Oğlunu akademik Ziya Bünyadovu qətlə yetirdiyinə görə həbs etmişdilər. Özünü də vəzifədən çıxartmışdılar. Adil müəllim məni nəvəsiylə, yanındakılarla tanış etdi. Xahişi isə gözlənilməz oldu: 

- Mahir, məni Aydın müəllimə tapşır. 

Mən bu tapşırmağın nə olduğunu anlamadan Adil müəllimin qoluna girib Aydın müəllimə tərəf addımladım. Onu təqdim etdim. İnsafən Aydın müəllim də onu dinlədi. Bizi qarşılayan zabitə Adil müəllimə hörmətlə yanaşmağını, əlindən gələn köməyi əsirgəməməyi tapşırdı. Adil müəllim uçurdu.  Azərbaycan qanunlarını dərindən bilməyən bir jurnalist kimi sonradan başa düşdüm ki, Aydın Qasımov sadəcə öz nəzakətini və ziyalılığını nümayiş etdirib. Çünki Adil Nağıyev oğluyla görüş xahiş edib. Bu isə mümkün deyildi. Bu türməyə Aydın Qasımovun maşınını belə, buraxmaq yasaq idi. Özü isə sənəd göstərib içəri keçirdi. Bəs Adil müəllimi – qanun-qaydaları bilə-bilə - hər gün bura gəlib görüş ümidiylə gözləməyə, “Mahir, məni Aydın müəllimə tapşır” deməyə vadar edən  nə idi? Sadəcə oğlundan üz-üzə, göz-gözə soruşmaq istəyirmiş ki, “Oğul, Ziya Bünyadovu doğurdanmı sən qətlə yetirmisən?”  İnanmırdı buna. 

HAŞİYƏ: Bu səhnə məni çox sarsıtdı. O boyda icra başçısı yumağa dönmüşdü. Abşeron rayonuna şəkilişə gedəndə bu səhnəni başçı Mirzəbəy Novruzovun müavinlərindən birinə danışdım. Reaksiyası çox qəribə oldu: “Dünya dağıl. Dağıl dünya. Aydın Qasımov hansısa məsələylə bağlı başçı Adil Nağıyevin qəbuluna gəlmişdi. Qəbul otağında düz bir saat onu gözlətdi. Sonra qəbul etdi. İndi isə sənə deyir ki, “məni Aydına tapşır”, hə???” (SON). 

Sənədlərimizi zabitə təqdim etdik. Telefonlarımızı da... Sonradan bildim ki, həmin zabit “krıtı”nın rəisi, polkovnik Məmmədəlidir. (familiyasını unutmuşam). Yoxlama sədlərini keçib həyətə daxil olduq. Başqa cəzaçəkmə müəssisələrindən fərqli olaraq, heç kim gözə dəymirdi. Amma ucaboylu, gülərüz, idman cüssəli, mülki paltarda, mərd adam təəssüratı bağışlayan  bir nəfər bizə yaxınlaşdı. Mehribancasına görüşdü. “Müsahibə vermək istəyirəm” dedi.

“Mənim Heydər Əliyevə  can borcum var. O mənim müharibədə həlak olan qardaşımın cəsədini ermənilərdən alıb geri qaytardı. Çox yaxşılığı keçib bizim ailəyə”.

Aydın müəllimdən soruşdum ki, bu kimdir? Daha doğrusu, icazə verirmi ki, ondan müsahibə götürüm? Çünki məhbusa oxşamırdı.  Cavab verdi ki, bu əfv olunanlardan biridir – Siyavuş Firudin oğlu Mustafayevdir. Sonradan bildim ki, o, Naxçıvanın daxili işlər nazirinin müavini olub. 
Çox pozitiv insan idi. Türmədə xarici dillərə yiyələnmişdi. Gözəl, məzmunlu bir müsahibə verdi. Heydər Əliyevin onun ailəsinə etdiyi yaxşılıqları qeyd edərək, bir daha minnətdarlığını bildirdi:  

“Bu gün mənim həyatımda, demək olar ki, ikinci bir doğum günümdür. Bu gün mən 8 ildən sonra azadlığa çıxacağam. O cümlədən bu gün əfv olunan 95 nəfər məhkumun hamısının şad günüdür. Bu gün onların yenidən həyata qaytarılması günüdür. Hörmətli Prezidentimiz böyük humanizm göstərərək bizim cəzamızın qalan hissəsini əfv edibdir. Qeyd etmək istəyirəm ki, cəzamı çəkdiyim müddətdə də, cəzadan sonrakı həyatımda da bir əmələ xidmət etmişəm və edəcəyəm. Vətənimə, torpağıma xəyanət etmiş adamı mən heç vaxt bağışlaya bilmərəm və bağışlamayacağam. 
Özüm üçün təhqir hesab edirəm ki, bu gün mənimlə yanaşı, elə bu həbsxanada cəza çəkən rəhimlər, isgəndərlər, əlikramlar kimlərinsə sayəsində “siyasi məhbus” adını özlərinə götürmək istəyirlər. Hətta, bəyan edirəm ki, mən onlarla birlikdə siyasi məhbus olmaq belə, istəmirəm. Mən adımın siyasi məhbus kimi onlarla birlikdə çəkilməsindən imtina edirəm. Onlar Azərbaycanın dövlətçiliyinə birbaşa xəyanət etmiş adamlardır,  Azərbaycan dövlətini parçalayan, dövlətçiliyimizə qarşı çıxan, qiyam edən, Azərbaycanı başqa ölkələrə satmaq istəyən adamlardır. Onların bəzi himayədarları bu gün Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda canfəşanlıq edirlər. Bir vaxt, səhv etmirəmsə may ayında buraya gəlmişdilər, özlərinin “siyasi məhbus” hesab etdikləri adamları burada qəbul edirdilər. Mən orada ancaq Rəhim Qazıyevi, Əlikram Hümbətovu gördüm. Mən həmin vaxt müalicə olunurdum. Mənimlə qonşu palatada Surət Hüseynov yatırdı. Avropa Şurasından gəlmiş qrupun üzvləri Surət Hüseynovla görüşdülər. Mən pəncərədən onlara ingilis dilində müraciət etdim. Dedim ki, əgər siz Avropa Şurasından gəlmisinizsə, mən sizinlə görüşmək istəyirəm. Siz nə üçün öz dövlətini satan, torpaqlarını başqasına verən, dövlətçiliyinə qarşı çıxan, qiyam edən Surət Hüseynovla, Rəhim Qazıyevlə, Əlikram Hümbətovla görüşürsünüz, mənimlə görüşmək istəmirsiniz. Onlara dedim, mən sizə sübut edərəm ki, Rəhim Qazıyev də, Surət Hüseynov da, Əlikram Hümbətov da cinayətkardırlar. Onlar Azərbaycan dövlətçiliyinə ən böyük xələl gətirmiş cinayətkarlardır. Onlara “siyasi məhbus” adı verməklə nə qazanmaq istəyirsiniz? Bunlara nə üçün “siyasi məhbus” donu geydirirsiniz? Onda Bütün dünyanın bir nömrəli terrorçu adlandırdığı Üsamə Ben Laden də “siyasi məhbus”dur? O gün ABŞ-da törətdiyi terror əməlinə görə bir nəfərə ölüm cəzası verdilər. Elədirsə, onda o da “siyasi məhbus”dur? Necə olur ki, onlara cinayətkar deyirsiniz, bizim torpaqlarımıza xəyanət edənləri isə “siyasi məhbus” adlandırırsınız. Mən bunları qəbul etmirəm.Mən əfv olunmağım barədə Prezidentimizə müraciət etdim, məni bağışlamağı ondan xahiş etdim. 

MÜXBİR: - Siz beynəlxalq təşkilatlara müraciət etmədiniz?  

SİYAVUŞ MUSTAFAYEV: - Mən Rəhim Qazıyevi, Surət Hüseynovu, Əlikram Hümbətovu siyasi məhbus hesab edən təşkilata müraciət etmək, onlarla birlikdə siyasi məhbus olmaq istəmirəm. Mən onlarla birlikdə heç azadlığa da çıxmaq istəmirəm. Mən öz Prezidentimizə müraciət etdim. Xahiş etdim ki, məni əfv etsin. 

Bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ücün danışıqlar gedir. Prezident də deyibdir ki, əgər münaqişənin həlli sülh yolu ilə mümkün olmasa, bu problem döyüş vasitəsilə həll ediləcəkdir. Mən əsgərəm və Prezidentimizin, Ali Baş Komandanın müharibə etmək fikri olacaqsa, onun bütün əmrlərini yerinə yetirməyə, hətta özümü tankın altına atmağa hazıram. Mən torpağımı, millətimi sevirəm. Mən bu torpağın oğluyam. Doğma torpağımızda mənim həbsxanada və yaxud azadlıqda olmağımın fərqi yoxdur. Ali Baş Komandanımızın hər hansı bir əmrini yerinə yetirməyə hazıram və döyüş bölgəsində düşmənə qarşı vuruşda tapşırıqlara canla-başla əməl etməyə, ölümə getməyə hazıram. 

Mənə etimad göstərdiyinə, məni əfv etdiyinə görə Hörmətli Prezidentimizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çox şağ olsun ki, mənim atamı, anamı, dayımı, gözəl tanıyır. Onların göz yaşlarını qurutmaq üçün məni əfv edibdir. Ona görə mən dövlətimizin başçısına minnətdarlıq edirəm” (müəllif. AzərTAc – ixtisarla verilib). 

Sonra rəisin otağına keçdik. Aydın Qasımov ona azadlığa çıxmasıyla bağlı arayış təqdim etdi. Səyavuş Mustafayev çıxıb getdi.  

HAŞİYƏ: Mərd adam. Bu adı hər adama layiq görmürlər. Çox qəribə bir sözdür- MƏRDLİK. Nədənsə ilk və son dəfə sifətini 2001-ci ildə gördüyüm Siyavuş Mustafayev haqqında 14 ildən sonra bu sözü işlətdim. Bilirsinizmi niyə? Çünki əfv olunandan sonra xarici səfərlərində birində Heydər Əliyevə yaxınlaşıb müraciət etdi. Niyə? Yolunu kiminsə basqısı ilə, bilməyərəkdən azmış məhbus, amma vətənpərvər silahdaşlarının bağışlanmasını xahiş etdi. Özü azadlıqda idi. Dostlarının məhbəsdə qalmasını özünə sığışdırmadı. (SON) 

Sonra otağa qara rəngli məhbus paltarı geyinmiş, 55-60 yaşlarında, saçları ağarmış bir nəfər girdi. Daha doğrusu gətirdilər. Onu dərhal tanıdım. Bu, 1993-1994-cü illərdə milli təhlükəsizlik naziri vəzifəsində çalışmış,  12 fevral 1996-cı ildə Vətənə xəyanət maddəsiylə ölüm cəzasına məhkum edilmiş, general-mayor rütbəsi geri alınmış, daha sonra isə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilmiş  Nəriman İmranov idi. O, mənimlə yanaşı oturdu. Sağ əlimi  ovcunda qucdu. Əlləri soyuq, dərisinin rəngi sarı,  özü isə həyəcanlı idi. Müsahibə vermək istədiyini, onun ürək sözlərinin Prezidentə çatdırılmasını xahiş edirdi. Daha doğrusu bu, yalvarışa daha çox oxşayırdı. Karyera zirvəsindən həyatın dibinə yuvarlanan, vaxtilə jurnalistlərə yuxarıdan aşağı baxan sabiqləri görəndə düzü çox pis olurdum. Amma mənən daha da  saflaşırdım. O illərdə kimləri görməmişəm ki, türmədə...  

Prezident Heydər Əliyev əfv fərmanıyla Nəriman İmranovun  ömürlük həbs cəzasını 15 illik həbs cəzası ilə əvəzləmişdi. Bir az da irəli gedib demək istəyirəm ki, Nəriman İmranov üç dəfə Prezidentin əfv fərmanının sevincini dadıb. Birinci ölüm hökmü ömürlüklə əvəz olunanda, ikinci – ömürlük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü isə 2002-ci ildə əfv olunub azadlığa buraxılanda. 
Qələmə aldığım bu baş verənlər isə 2001-ci ilin avqustuna təsadüf edir. Bu fərmandan sonra Nəriman İmranov “krıtı”dan kolona köçürüləcəkdi.  


Nəriman İmranov əlimi ovcunda sıxıb buraxmırdı. Həyəcanını, əllərinin titrəyişini hiss edirdim. Hər cümləsinin xitabı “Sevgili prezidentim” ifadəsi idi. “Cənab”, “hörmətli”, “möhtərəm”, “zati aliləri” kimi xitablara qulaqlarımız öyrəşən bir dövrdə “sevgili prezidentim” ifadəsi mənə gülməli, amma o məqamda, türmə rəisinin otağında çox səmimi gəlirdi. Nə deyirdi bu xitabıyla Nəriman İmranov? Həmən başa düşdüm onu. AzTV-nin mikrofonu onunla Prezident arasında bir körpü idi. Danışdıqlarıyla bir vaxtlar xəyanət etdiyi Prezidentinə peşman olduğunu, artıq qocaldığını, beş nəvə sahibi olduğunu izhar edib, yalvarırdı.  

Kameranı ona tuşladıq. Əlimi əlindən çəkdim ki, obyektivə düşməsin. Danışdı. Danışdıqca qərar verirdim ki, nə desə verəcəm efirə. Bir  kəlməsini də kəsməyəcəyəm. Amma... Bir əmma vardı. “Sevgili prezident” xitabı. Bu xitabı efirə versəydim necə qarşılanacaqdı. General Aydın Qasımovun, əfv olunan Səyavuş Mustafayevin və cəzası 15 illə əvəz olunan Nəriman İmranovun müsahibələrindən ibarət təkcə mənim hazırladığım 15 dəqiqəlik süjet, efirə gedəcək “Xəbərlərin xüsusi buraxılışı”nın əsas hissəsi idi. Və bütövlükdə buraxılışa isə məsul mən idim. Nəriman İmranov isə danışırdı: 

“Hörmətli həmvətənlərim, bu anda belə bir hissi təsvir etmək çox çətindir. Keçirmək çox mürəkkəbdir. Belə ki, bu hissləri, onun məsuliyyətini, onun böyüklüyünü, qüdrətini yalnız cəza çəkən adamlar hiss edə bilər. 

Ömürlük həbs cəzasına məhkum olmuş adamın cəzasının yüngülləşdirilməsi onun həyata, gələcəyə, azadlığa inamını qat-qat artırır. Əlbəttə, bu yolda taleyin hökmü var, burada qismət var. Bəzən belə bir fikir yaranır ki, əgər məhbus yeddi il cəza alırsa, təzyiqə məruz qalırsa, onda müəyyən bir dəyişiklik ola bilər. Bu hisslər məndən çox uzaqdır. Mənim əziz Prezidentimə, cənab Heydər Əliyevə olan məhəbbətimi, sevgimi, sədaqətimi, onun böyüklüyünə, dahiliyinə olan inamımı bir yeddi il yox, yeddi dəfə yeddi il də dəyişdirə bilməz. Bu tale və qismətlə bağlı hadisədir. 

1994-1995-ci illərdə baş verən hadisələr, proseslərə düzgün qiyməti yalnız dahilər, yalnız böyük adamlar, yəni Azərbaycan xalqının qədrini bilən, torpağını sevən, ölkəmizin təhlükəsizliyinə görə məsuliyyət daşıyan, xalqımızı sevən bir şəxs edə bilərdi. 1994-1995-ci illərdə Azərbaycan Prezidentinin atdığı bütün addımlar bu torpağa, xalqa, Vətənə məhəbbətdən, milyonlarla insana olan sevgisindən ibarət idi. Ola bilər ki, kiminsə cəzası ağır, kiminsə cəzası yüngül oldu, kimsə cəzadan tamamilə yayındı. Ancaq bir şeyi unutmayın ki, Azərbaycan Prezidentinin bu hərəkətləri şəxsi maraqlardan, şəxsi hisslərdən deyil, onun böyüklüyündən, dahiliyindən, qüdrətindən və xalq qarşısında olan məsuliyyətindən doğmuşdur. Ona görə də bu cəzaalma öz yerindədir. Hər bir vətəndaş cəza alsa da, almasa da onu real qiymətləndirməyi bacarmalıdır. Əlbəttə, boş yerə heç kim cəza almır. Cəza səhvlərə, günahlara, məsuliyyətsizliyə görə verilir. Məndə olan bu ruh, bu ilham, gələcəyə inam, sevgi xalqıma, olan məhəbbətimdən irəli gəlir. Azərbaycan Prezidentinə müraciətimin özəyi, onun mənbəyi Heydər Əliyevə olan məhəbbətdir, onun başqa mənbəyi yoxdur. 

Kimsə fikirləşməsin ki, bu tutuldu, hansısa qruplaşma var. Kimlər var. Onlar bizim üçün deyil. 

Bu gün xalqın taleyini çiyninə götürən, o yükün altına girən, o yükü daşıyıb apara biləcək ikinci bir çiyin, başqa bir qüvvə, ayrı bir şəxs yoxdur. Cəza müddətinin uzunluğundan, qısalığından, onun ağırlığından asılı olmayaraq mənim bu inamıma, bu sevgimə heç bir şey xələl gətirə bilməz. 

Ona görə də bu fürsətdən istifadə edərək mən bir daha Prezidentimizə müraciət edirəm: Nəriman, həmin Nərimandır. Ötən yeddi ildə keçən günlər onu bir qədər  müdrikləşdirib, məsuliyyətini artırıb, həyata daha diqqətli, daha məsuliyyətli olmağa məcbur edibdir. Əgər Azərbaycan Prezidenti bu gün əlini mənim çiynimə qoyub-keçmiş nazir kimi yox, keçmiş general kimi yox, keçmiş əməkdaş kimi yox, - Azərbaycan vətəndaşı kimi, döyüşə hazır olan əsgər kimi, məni döyüş cəbhəsinə göndərsə, mən bunu özümə ikinci bir şərəf sayaram. Elə bilin ki, bu fərmanın üzərinə yeni bir fərman, bu əfvin üzərinə yeni bir əfv, mənə olan inamın üzərinə yeni bir inam gəlir. 

Azərbaycan Prezidenti xalqımızın, dövlətimizin, onun təhlükəsizliyinin qarantıdır. Azərbaycan Prezidenti son illərdə yüzlərlə, minlərlə, on minlərlə vətəndaşı ailəsinə, ocağına, külfətinə, nəvələrinə, balalarına qaytarıb. Bu, Azərbaycan Prezidentinin həmin adamlara - düzdür, onlar dustaq libasındadırlar - əl uzatdığını göstərir. 

Azərbaycan Prezidenti Konstitusiyaya, Qurana sədaqətini bizə onunla nümayiş etdirir ki, cəza almısan, ancaq sənə əl uzadıram, səni yenidən həyata qaytarıram. Əfv fərmanı kağıza imza atmaq deyil. Əfv fərmanı Prezidentimizin hər bir vətəndaşa, hər bir insana, hətta bu gün cəmiyyət üçün o qədər də uyğun olmayan adama əl uzatmasıdır. Bu, dövlətimizin başçısının vəzifəsinə olan sadiqliyini nümayiş etdirir. Mən bu əfv fərmanına elə-belə əfv kimi baxmıram. 

Mənim taleyim hər cür qurtara bilərdi, başqa cür də ola bilərdi. Ancaq söhbət mənim taleyimdən getmir. Söhbət xalqın taleyindən, dövlətimizin təhlükəsizliyindən, hər bir vətəndaşın təhlükəsizliyindən gedir. 

Azərbaycan Prezidenti bu gün belə bir gərgin şəraitdə, belə bir tarixi mərhələdə, - ətrafımızda baş verən prosesləri siz yaxşı bilirsiniz, - belə bir məqamda əl uzadıb vaxtilə ordudan qaçmış əsgəri düz yola dəvət edirsə, onu dinə-imana çağırırsa, onda məsuliyyət hissini, vətənpərvərliyi artırırsa, bundan böyük nə ola bilər. 

Bu əfv fərmanını, - düzdür, mən azad olmuram, cəzam yüngülləşir, - Prezidentin mənə əl uzatmağı kimi qəbul edirəm. 

MÜXBIR: Fərmana uygun olaraq, cəzanız yüngülləşdirilir.  

Nəriman İmranov: Bəli, cəzam yüngülləşdirilibdir. Prezident mənə əl uzadıbdır. 

Əvvəla, təkcə öz adımdan yox, ailəm adından, çoxsaylı nəvələrim adından, - beş nəvəm var,- Azərbaycan Prezidentinə öz minnətdarlığımı bildirirəm. Allah-Təala onu bu torpağın, bu xalqın üzərindən əskik etməsin, Tanrı ona yar olsun, Allah onun böyük köməkçisi olsun.  

Bu gün mən başqa bir mərhələyə keçirəm. Bu mərhələdə mən Prezidentimizə bir daha müraciət edirəm: Əzizimiz cənab Prezident! Nəriman bu Vətənin əsgəri, bu torpağın vətəndaşıdır. Nə vaxt, hansı şəraitdə məsləhət görsəniz, məqbul saysanız, bir vətəndaş və bir əsgər kimi Azərbaycanın, Vətənin ən çətin yerlərində, onun maraqları toqquşan ən ağır yerdə mən qulluq etməyə, mənə olan bu inamı, bu mərhəməti, bu münasibəti doğrultmağa hazıram. 

Çox sağ olun cənab Prezident! (AzərTAc)” (müəllif. - Müəyyən ixtisarla verilib) 

Müsahibələri aldım. Cəzaçəkmə Müəssisəsindən çıxdım. Adil Nağıyev və yanındakılar yenə də darvazadan bir qədər qıraqda dayanmışdılar. Aydın Qasımov yenə də bir-iki təskinlik sözü işlətdi. Yola düşdük. Bizi AzTV-nin qapısında düşürdüb getdi.  

İstirahət günü idi. Xüsusi buraxılışı bütövlükdə hazırladım. Üç müsahibimin bir kəlməsini də ixtisar etmədim. Veriliş qovluğunu imzalatmaq üçün hazırladım. Amma rəhbərlikdən heç kimi tapmadım ki, kassetə baxsın və verilişin efirə getməsinə razılıq kimi qovluğu imzalasın. Sonda öz imzamla kasseti buraxılışa təqdim etdim.  Ürəyimi yeyə-yeyə. Təkcə bir sözə görə həyəcanlıydım – “Sevgili prezidentim”. Babanın reaksiyası necə olacaqdı bilmirəm. Bu ürəkdən gələn söz idimi, yoxsa yaltaqlıq və ya yalvarış. Amma çətinə düşən insana yaxşılıq etmək istəyirdim. Çünki o, hələ də həbsdəydi. Sonuncu əfvini gözləyirdi. Həyatının 57-ci baharında, bəlkə də payızında. Neçə il hər an güllələnmə xofuyla yaşadıqdan sonra. Mənim qənaətimlə o ötən 8 ildə cəzasını artıqlamasıyla çəkmişdi. Allah heç kimə belə gün qismət eləməsin. Heydər Əliyev doğurdan da böyüklük eləmişdi. Əfv etmək, bağışlamaq, doğurdan da böyüklük tələb edir. 

Material efirə getdi. Qulağım səsdə idi. Gözləyirdim ki, aləm qarışacaq. Sədrimiz  Nizami Xudiyev kabinetinə çağırıb ağzından çıxanı deyəcək. “Əəə bala, mən sənin dədanın xətrini çox istəyirəm e... bilirsən? Amma bu o demək deyil ki, sən özbaşına efirə ağzına gələni verəsən!” deyib işdən qovacaq. Ən azı isə şiddətli töhmət verəcək. Amma Nəriman İmranov “Sevgili Prezidentim” ifadəsini elə səmimiyyətlə, ürəkdən,  Prezidentinə böyük məhəbbətlə işlətmişdi ki, mən onu efirə verməyə bilməzdim. 

Ay keçdi, il dolandı. 2002-ci ildə Nəriman İmranov əfvə düşdü. Azadlığa çıxdı. Sevinirdim. Hardasa içimdə,  ondan aldığım müsahibənin də rol oynadığına özümü inandırmağa çalışırdım. Bəlkə də hə, bəlkə də yox. 


HAŞİYƏ:
  İxtisaslaşmış jurnalist deyilən bir anlayış var. Jurnalist bütün sahələri dərindən bilə bilməz. Amma AzTV-nin “Xəbərlər” proqramının xüsusiyyəti eləydi ki, hara oldu göndərirdilər. Və bütün sahələri gözəl bilməliydin. Bir də ki, “Xəbərlər”də işləyənlərin hamısı redaktor vəzifəsindəydilər. Orda reportyor, müxbir  anlayışları yox idi. Cavabdehlik baxımdan. Ona görə də məsələnin kökünə gedirdik, öyrənirdik.

Növbəti dəfə çəkilişdə olanda  maariflənmə istiqamətində sual verdim. ƏFV və ya AMNİSTİYA. İkisində də dustaqlar azadlığa çıxır və ya cəzası yüngülləşdirilir. Bəs bunların fərqi nədir? Mənə başa saldılar ki, əfv konkret şəxsə şamil edilir. Amnistiya isə Cinayət Məcəlləsindəki maddəyə. Maddə altında kim yatırsa, onlar da azadlığa buraxılırlar. Əfvdə say məhdudiyyəti var. Amnistiyada isə maddə altında yatanların sayı əsas kimi götürülmür. Bu min də ola bilər, iki min də, yüz nəfər də. Onda ikinci sual verdim. Niyə axı ömürlük cəzaya məhkum olunanı prezident birbaşa azadlığa buraxmır? Əvvəlcə cəzasını  ilə dəyişir, daha sonra tam əfv edir. Bunu da belə izah etdilər ki, əfv verilən zaman əfv olunanın çəkilməyən cəzası bağışlansa da, onu ta son cəza dəqiqəsinəcən təqib edir. Birdən yenidən cinayət törətsə, o cəza da yeni cəzanın üstünə gəlir. Loru dildə desək, çəkilməyən cəza azadlıqda reablitasiya dövrüdür bir növ. Bir az da bədii bənzətməyə getsəm – başının üstündən asılan Domokl qılıncı.  Bilmirəm düzgün izah etmişdilər mənə, ya yox? Hər halda 2001-ci ildə mənə əfvin izahını belə vermişdilər. 


MƏN BAĞIŞLADIM. GET ALLAH BAĞIŞLASIN
  


“Bağışlamaq Allaha məxsusdur. Dustağı bağışlayıb, azadlığa buraxa bilərsən. Əsas isə onun günahlarını Allah bağışlamalıdır”. Qismən razıyam bu fikirlə. Niyə qismən? Çünki yazılan “əfv et” məktublarında  “Göydə Allaha, yerdə sən Prezidentimə müraciət edib bağışlanmağımı diləyirəm”  ifadəsi əsas yer tutur. 

 YAS  

Nəriman İmranov mən ondan aldığım müsahibədən bir az sonra azadlığa çıxdı. Hansısa yas mərasiminə  getmişdim. Çadıra daxil olanda onu bir yaşıdıyla oturub söhbət etdiyini gördüm. Sevincək yaxınlaşdım. Görüşdüm. Gözlərini döydü. Deyəsən tanımamışdı. 

“Tanımadız məni? Mahirəm də, AzTV-dən” söylədim. Gözləyirdim ki, deyəcək ki, “hə, tanıdım. Sağ ol, ay oğul. O xüsusi buraxılışın da kassetini köçürüb göstərdilər mənə. Əlin yüngül oldu”. Amma demədi. Bircə - “Yox. Tanımadım” söylədi.  

Bəlkə də unutmuşdu. Yox. İnanmıram. Professional çekist heç vaxt unutmaz. Bir də ki, belə bir misal: “Heç vaxt keçmiş “KQB”eşnik olmur”. Bəlkə də xəcalət çəkdi. Onda köhnə, acı xatirələri oyatmışdım. Axı onu məhbus paltarında görən ilk və son jurnalist mən idim. Düzünü desəm, pərt oldum. Amma heç nə demədim.   

İndi isə o müsahibədən düz 14 il keçir. Bu müddətdə Nəriman İmranovun adına nə mətbuatda, nə də televiziyada rast gəlmişdim. O gün bir xəbər oxudum ki, nəsə hərəkat yaranır Azərbaycanda. Hərəkətverici qüvvə kimi də Nəriman İmranovun adı hallanır. Ölüm hökmü ömürlük cəzaya, ömürlük cəzası 15 ilə dəyişdirilən Nəriman İmranov. Prezident Heydər Əliyevin fərmanıyla 3-cü dəfə əfv olunmasaydı, hələ də həbsdəydi. Bir ildən sonra – 2016-cı ilin avqustun 17-də azadlığa çıxmalıydı. 14 il Domokl qılıncına dözüb. Bir il isə ildırım sürətiylə gəlib keçəcək.  

O vaxt məni tanımadı. Dedi ki, “tanımadım”. Bunu unutqanlıq kimi yox, sadəcə “acı günləri yaddan çıxarmışam, Mahir, yadıma salma” kimi dəyərləndirdim. Yəqin ki, yenidən səsi çıxan Nəriman İmranov məni unutsa da,  nəvaxtsa  üç dəfə əfv olunmasını, müsahibədə işlətdiyi ifadələri heç vaxt unutmaz. Atalarsa üçdən deyib. 4-cü əfvə isə... 

Bir də ki, zəmanə dəyişib. Xalq Nəriman Nərimanovu da yaxşı tanıyır, Çingiz İldırımı da... Onların sonda yaşadığı acı taleyi də...  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi