Modern.az

Keçmiş sovet yəhudilərinin başçısı Bakıya gəlib

Keçmiş sovet yəhudilərinin başçısı Bakıya gəlib

14 Oktyabr 2010, 16:03

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə  səfərdə olan Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edib.

Modern.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri qonaqlara bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, onların inanclarına hörmət və dövlət qayğısı Respublika Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb.
”Ölkəmizdə bütün din mənsubları bərabərhüquqludur. Milli, dini azlıqların,  o cümlədən yəhudi icmasının imanla bağlı adət-ənənələrinə, həyat tərzinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Tarixən etnik-dini tolerantlıq məkanı Azərbaycanda heç zaman milli ayrı-seçkilik, antisemitizm olmamışdır”.

H.Orucov deyib ki, respublika ərazisindəki mövcud yəhudi məbədləri təmir və bərpa olunur. Bir neçə gün öncə Quba rayonunun Qırmızı qəsəbəsində qədim sinaqoqun əsaslı təmirdən sonra təntənəli açılış mərasimi keçirilib. Hazırda Bakıda yeni bir sinaqoqun tikintisinə başlamaq üçün hazırlıq işləri yekunlaşmaq üzrədir.
”Lakin monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Azərbaycanın Dağlıq Qarabağında və ətraf yeddi rayonunda  təcavüzkarlıq siyasətini davam etdirir, torpaqlarımızı işğal altında saxlayır. H. Orucov  bildirmişdir ki, dünya ictimaiyyəti, xüsusilə də yəhudi icmaları bu problemin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər”.

ABŞ-dakı Kolumbiya Universitetinin hüquq elmləri üzrə professoru olan Riçard Stoun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ümumi tanışlıq məlumatı verərək deyib ki, NCSJ-nin əsas məqsədi MDB məkanındakı yəhudilərin problemlərini öyrənmək, onların həllində yardımçı olmaqdır. O, əlavə edib ki, respublikamıza səfərdə məqsədi dövlətlərarası münasibətləri mökəmləndirməyə töhfə vermək, Amerika ictimaiyyətində Azərbaycanın həqiqətən milli ayrı-seçkiliyə yol verməyən,  tolerant ölkə olduğunu təbliğ etmək üçün qənaətlərini zənginləşdirməkdir. Amerikalı qonaqlar ölkəmizdə dözümlülük əhval-ruhiyyəsinin qorunub saxlanılması sahəsində faydalı fəaliyyəti üçün Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər.

Səmimilik şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?