Modern.az

Asim Mollazadə: “Siyavuş Novruzov dost kimi Pənah Hüseynə təsəlli verdi”

Asim Mollazadə: “Siyavuş Novruzov dost kimi Pənah Hüseynə təsəlli verdi”

14 Oktyabr 2010, 18:27

Milli Məclisin dünən keçirilən iclasında xərclər smetasına dair sənəd müzakirə olunarkən deputat Pəhan Hüseyn söz alaraq parlamentin aparat işçilərindən halallıq istəyib.

Deputat Siyavuş Novruzov isə müxalifətdən olan millət vəkilinin çıxışına belə reaksiya verib: “Pənah Hüseyn kövrək notlar üzərində vida çıxışı etdi. Amma mən ona demək istəyirəm ki, halallığa ehtiyac yoxdur, darıxma, kövrəlmə, sən yenə seçiləcəksən”.

Yarızarafat, yarıciddi səsləndirilən fikirlər siyasi kluarlarda müzakirə mövzusuna çevrilib. İndi belə deyirlər ki, iqtidar doğrudan da Pənah Hüseynin növbəti dəfə mandat qazanmasına mane olmayacaq.

Modern.az saytına açıqlamasında isə Pənah Hüseyn deyib ki, belə kontekstdə səsləndirilən fikirlərdən ciddi nəticələr çıxarmaq olmaz: “Hamı bilir ki, hakimiyyət mənim namizəd olduğum 22 saylı Nəsimi 2-ci seçki dairəsində kimi dəstəkləyəcək. O adam mən deyiləm...”.

Məsələyə 22 saylı Nəsimi 2-ci seçki dairəsində Pənah Hüseynin ən ciddi rəqbi olan digər namizəd, deputat Asim Mollazadədən də münasibət öyrəndik. Olmaya Pənah bəy hakimiyyətin dəstəkləyəcəyi namizəd deyəndə onu nəzərdə tutub?

“Hesab edirəm ki, Siyavuş Novruzov dost kimi Pənah Hüseynə təskinlik vermək istəyirdi. Ümidini itirməmək üçün ona bu sözləri deyirdi. Ona görə də Siyavuş Novruzovun bu fikirlərini siyası mənada dəyərləndirmək düzgün deyil. Axı mənim bildiyim qədər Pənah Hüseyn Yeni Azərbaycan Partiyasının namizədi deyil ki, Siyavuş Novruzov bu sözləri ciddi desin”-deyə A.Mollazadə saytımıza bildirib.
A.Mollazadə  Pənah Hüseynin hakimiyyətin dəstəkləyəcəyi namizəd deyəndə kimi nəzərdə tutduğunu onun özündən soruşmağı tösiyyə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?