Modern.az

Azay Quliyev seçicilərinə müraciət etdi

Azay Quliyev seçicilərinə müraciət etdi

Mədəni̇yyət

15 Oktyabr 2010, 10:52


46 saylı Şirvan seçki dairəsinin seçicilərinə

Hörmətli seçicilər!

Bildiyiniz kimi, son 5 ildə Şirvan şəhərini Milli Məclisdə layiqincə təmsil edən deputat Azay Quliyev builki parlament seçkilərində iştirak etmək üçün  namizədliyini yenidən  46 saylı Şirvan seçki dairəsindən irəli sürmüşdür. Son günlər keçirdiyimiz sorğunun nəticələrinə əsaslanaraq deyə bilərik ki, seçicilərin böyük əksəriyyətinin etimadını və inamını qazanan Azay Quliyevin  bu addımı şəhər sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanmış və müsbət qiymətləndirilmişdir. Fürsətdən istifadə edib göstərdiyiniz diqqətə və verdiyiniz  yüksək qiymətə görə Azay Quliyevin seçki qərargahı adından hamınıza  sonsuz  minnətdarlığımızı bildiririk.

Dəyərli şirvanlılar!

Azay Quliyevin fəaliyyəti və onun şəhərimiz üçün gördüyü işlər haqqında məlumatı xüsusi təqdim etməyə ehtiyac olmasa da, namizədimizlə birgə belə qərar gəldik ki, təşviqat dövründə seçicilərimizlə ilk təmasımıza  deputatın 5 illik fəaliyyəti haqqında yekun hesabatla başlayaq. Hesab etdik ki, əlinizdə tutduğunuz hesabat xarakterli bu bülleteni hazırlamaqla biz həm seçicilərə olan hörmət və ehtiramımızı təkrar bildirər, həm də Sizin qarşınızda olan məsuliyyət hissimizi bir daha ifadə etmiş olarıq.

Bəli, Siz bu bülletenlə yaxından tanış olduqdan sonra deputat Azay Quliyevin öz seçicilərinə nə qədər diqqət və qayğı göstərdiyinin, şəhərimiz üçün nə kimi işlər gördüyünün, dövlətimizə və xalqımıza necə xidmət etdiyinin, millətimizi nəinki ölkə daxilində, həmçinin beynəlxalq arenada layiqincə təmsil etdiyinin bir daha şahidi olacaqsınız.

Əziz seçicilər, əminik ki, Siz Azay Quliyevi yenidən özünüzə vəkil seçməklə indiyə kimi görülən işin uğurlu davamına və gələcək 5 ildə onun bacarıq və qabiliyyətinin, mövcud potensialının Şirvan şəhərinin inkişafına yönəldilməsinə zəmanət qazanmış olacaqsınız.

Seçiminizi əsaslandırmaq  və konkret səbəblərini tapmaq üçün Sizi bu bülletenlə baş-başa buraxırıq.

Hamınıza uğurlar arzusu və dərin hörmətlə,

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahı

                                           Azay Əjdər oğlu Quliyev

                                                 Tərcümeyi-hal

1971-ci il iyunun 23-də Zəngəzur mahalında (indiki Ermənistan Respublikası Sisian rayonunun Vağudi kəndində) doğulub. 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1992-ci ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1998-ci ildə həmin universiteti  fərqlənmə diplomu ilə başa vurub. 1995-1996-cı illərdə isə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “İnternational Advanced Public Administration Executive Programme”- bitirib.  2010-cu ildə Harvard-Kennedi Məktəbinin “QHT liderləri üçün strateji idarəetmə”proqramının məzunu olub.

Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri  komissiyasının, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.

1991-ci ildən 1996-cı ilədək Baş Arxiv İdarəsində birinci dərəcəli arxivçi işləmişdir. 1993-1998-ci illərdə “Elitar” Gənclər Klubunun və Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı ictimai birliyinin sədri olub. 1997-ci ildən 1999-cu ilədək  Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu rektorunun köməkçisi, 2001- ci ildən 2003-cü ilədək  Almaniya Texniki Əməkdaşlıq Agentliyinin (YAIIDP) vətəndaş cəmiyyəti üzrə eksperti vəzifəsində çalışıbdır. 1998-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına, 1999-cu ilin iyun ayından 2008-ci ilin iyuluna kimi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumuna rəhbərlik edibdir.

2008-ci ilin aprelindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının sədridir.

Heç bir siyasi partiyanın üzvü deyil.

2005-ci il noyabrın 6-da 46 saylı Şirvan (Əli Bayramlı) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-Gürcüstan, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.

***

Azay Quliyevə səs verəcəyik!

Ona görə ki:

1-ci səbəb Azay Quliyev son 5 ildəki deputatlıq fəaliyyəti dövründə Şirvan şəhərilə bağlı bütün məsələlərdə yerli əhalinin maraqlarını müdafiə edib, şəhərin inkişafı və daha da abadlaşdırılması üçün var qüvvəsilə çalışıb.

2-ci səbəb. Şəhərin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edib

* Deputat Azay Quliyev Hacıqəhrəmanlı  qəsəbəsinin qaz təchizatı ilə bağlı yaranmış problemin aradan qaldırılması üçün konkret addımlar atmış və nəticədə bu məsələ öz müsbət həllini tapmışdır.

* Deputat Azay Quliyevin təşəbbüsü ilə “Yuxarı Şirvan” kanalının üstündən keçən bur neçə piyada körpüsü yüksək səviyyədə təmir olunmuş  və vətəndaşların  istifadəsinə  verilmişdir. Bunun nəticəsində həmin ərazidə yaşayan əhali, xüsusilə məktəblilər uzun məsafə qət etmədən şəhərin bir tərəfindən digərinə rahat keçid imkanı əldə etdilər.

* Deputat Azay Quliyev Şirvan şəhərinin daxili yollarının vəziyyətinə xüsusi diqqət ayırıb. Məhz onun təşəbbüsü ilə şəhərin bir çox küçələrində, xüsusilə Leytenant İbrahimov və Vidadi küçələrinə asfalt çəkilmiş və müasir standartlara uyğunlaşdırılmışdır.

* Deputat Azay Quliyev Şirvan şəhər 2 saylı orta məktəbin əsaslı təmirinə nail olmuşdur.

* Deputat Azay Quliyevin təşəbbüsü nəticəsində Şirvan səhəri Leytenant İbrahimov küçəsində yeni park tipli məhəllə salınmış, “xeyir-şər evi” zəruri avadanlıqla təchiz edilmiş və və H.Z.Tağıyev qəsəbəsinin daxili yolları tam asfaltlaşdırılmışdır.

3-cü səbəb. Təbii fəlakətə çevik reaksiya verib 

Son illərdə baş vermiş təbii fəlakətlər zamanı Şirvan sakinlərin  yanında olmuş və problemin aradan qaldırılmasında fəal iştirak etmişdir.  Belə ki:

* 2006-cı il oktyabr ayında  güclü yağışlar nəticəsində zərər çəkmiş sakinlərə deputat Azay Quliyevin təşəbbüsü ilə “Qaradağ” Sement zavodu tərəfindən 15 ton sement, daş, taxta və digər inşaat materialları təmənnasız olaraq paylanılmışdır.

* Deputat Azay Quliyev 2010-cu ildə Kür çayının daşması nəticəsində seldən yaranmış problemlərin həllində yaxından iştirak etmiş və əhali ilə dəfələrlə görüş keçirmişdir.

* Xüsusilə qeyd olunmalıdır ki, məhz deputatın birbaşa səyi ilə  Bayramlı qəsəbəsini qazla təmin edən kəmərin Kür çayının dərinliyindən keçən hissəsində zədələnmiş boru xətti yenidən  təmir edilərək qəsəbənin qaz təchizatı bərpa edilmişdir.  Bundan başqa Kürün daşması nəticəsində tamamilə yararsız hala düşən və Bayramlı qəsəbəsini ətrafla bağlayan yeganə avtomobil yolu bərpa edilmiş və asfalt döşənmişdir. 

* Deputat Azay Quliyev Bayramlı qəsəbəsində evlərini su basmış sakinlərə həyətlərinin  qrunt sulardan  təmizlənməsi  üçün müvafiq texnikanın cəlb olunmasına köməklik etmişdir.

4-cü səbəb. Şirvan sakinlərinin əfvlə bağlı müraciətləri cavabsız qalmayıb  

Bir sıra ali dövlət komissiyalarının üzvü olan deputat Azay Quliyev təmsil olunduğu bu qurumlardan da Şirvan sakinlərinin bəhrələnməsinə çalışıb. O, Əfv komissiyasının üzvü kimi vaxtilə cinayət törətmiş, lakin sonradan cəmiyyətin tam hüquqlu üzvlüyünə hazır olan şirvanlıların müraciətlərinin komissiyada müzakirəsinə nail olub və müvafiq qərarlar qəbul edilib. Bunun nəticəsidir ki, son beş ildə 5 nəfər Şirvan sakini əfv olunaraq öz doğmalarının yanına qayıdıb.

5-ci səbəb. Milli-mənəvi dəyərlərə böyük önəm verib

* Deputat Azay Quliyev xalqımızın əlamətdar günlərində, milli və dövlət bayramlarında daim seçicilərin yanında olmuş və bayram sevincini seçicilərlə birgə bölüşmüşdür.

* Deputatın təşəbbüsü ilə  Şirvan şəhərində uzun müddət yararsız halda olan xeyir-şər evləri bərpa olunmuş, müvafiq avadanlıqla təchiz edilmiş, əhalinin bu istiqamətdə olan digər ehtiyaclarını qarşılamaq üçün əməli addımlar atmışdır.

6-cı səbəb. Şəhərin mədəni həyatının inkişafında rolu olub   

* Deputat Azay Quliyev “Köhnə şəhər” yaşayış massivində yerləşən “Mədəniyyət evi”nin  bərpası təşəbbüsü ilə çıxış etmiş və nəticədə mədəniyyət evi yüksək səviyyədə təmir edilərək  və ən müasir texnika və avadanlıqla təchiz edilmişdir.

7-ci səbəb. Gənclərə daimi diqqət və qayğı göstərib

Deputat Azay Quliyev gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyəsinin  artırılması, gələcək üçün layiqli vətəndaş kimi yetişmələrinə də xüsusi diqqət ayırıb.

* Şirvan şəhərində gənclərin narkomaniyaya qurşanmasının qarşısının alınmasına yönəlmiş təşəbbüslərin  reallaşmasında deputat Azay Quliyevin böyük rolu olub.

* Deputat Azay Quliyevin dəstəyilə Şirvan şəhərində fəaliyyət göstərən Gənclərə Yardım Mərkəzi gənclərin işlə təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaqlaşması ilə bağlı zəruri tədbirlər həyata keçirmişlər.

* Deputat Azay Quliyevin təşəbbüsü ilə Şirvan şəhəri ərazisində yeni mini futbol meydançasının tikintisi haqda razılıq əldə edilmişdir.

8-ci səbəb. Seçicilərlə mütəmadi görüşüb və sıx təmas yaradıb

Deputat Azay Quliyev şirvanlı seçicilər üçün yeni ənənənin əsasını qoyub. Şirvan seçiciləri etiraf edirlər ki, məhz Azay Quliyev deputat seçiləndən sonra onların paytaxta gedib deputat axtarmaq “ənənəsinə” son qoyulub. Azay Quliyev 2005-ci il seçkilərindən öncə hazırladığı seçkiqabağı platformada, eləcə də seçicilərlə görüş zamanı vəd vermişdi ki, Şirvan sakinləri ilə mütəmadi görüşəcək, onların problemləri ilə maraqlanacaq və dəstəyini əsirgəməyəcək. Deputat sözünün üstündə durduğunu son beş illik fəaliyyəti ilə sübuta yetirdi. O, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, dərdlərini bölüşüb, müvafiq instansiyalara müraciətlər edib. Aylıq görüşlərdən əlavə, rəsmi tədbirlərdə, dövlət bayramları günlərində seçicilərlə görüşlər keçirib, müraciətlərə baxıb, problemlərin həlli istiqamətində real addımlar atıb.

9-cu səbəb. Şəhər sakinlərinin problemlərinin respublika səviyyəsində həll edib

Deputat Azay Quliyev seçicilərlə görüşdə, ona ünvanlanan müraciətlərdə qeyd olunan problemlərin həlli istiqamətində məqsədyönlü iş aparıb. Müvafiq instansiyalara müraciət etməklə  problemin yoluna qoyulması üçün səy göstərib, nəticəsini gözləyib, müsbət cavab alınana qədər nəzarətdə saxlayıb.

* Deptat Azay Quliyev Şirvan şəhər sakinlərinin müraciətləri əsasında aidiyyəti orqanlara 200-ə yaxın deputat sorğusu göndərmişdir.

* Deputat Azay Quliyev Şirvan şəhərində içməli su probleminin təcilli həlli məsələsini dəfələrlə qaldırmış və nəticədə   su və kanalizasiya sisteminin köklü şəkildə yenidən qurulması məqsədilə müvafiq həcmdə vəsait ayrılmışdır.  Şirvanlılar uzun illər həllini gözləyən bu problemin yaxın zamanda aradan qalxdığının şahidi olacaqlar.

* Deputat Azay Quliyevin təşəbbüsü ilə Şirvan şəhər “Bağ evləri” daimi yaşayış massivində yeni məktəb binasının inşası “yeni məktəb tikintisi dövlət proqramı”na (2008-2012) daxil edilmişdir.

* Deputat Azay Quliyev şəhərin kommunal təsərrüfat idarəsinin maddi-texniki təminatını yaxşılaşdırmaq üçün konkret addımlar atmış və idarənin balansına müasir texnikanın (1 ədəd sudaşıyan avtomaşın, 1 ədəd zibil avtomaşını, 1 ədəd yükünü özüboşaldan avtomaşın, tikinti işləri üçün 1 ədəd qaldırıcı kran) verilməsinin təşəbbüskarı olmuşdur.

* Şəhərin 20-ci məhəlləsində kortəbii şəkildə çəkilmiş elektrik xətləri qəzalı vəziyyət yaratmış və nəticədə 600 ailə qış aylarında işıqsız qalmışdır. Deputat Azay Quliyevin müvafiq instansiyalara müraciəti əsasında bu  məsələ öz müsbət həllini tapmış, yaşayış məhəlləsinin elektrik sistemi yenidən qurulmuşdur.  

* Şirvan şəhərinin regional durumunu, intellektual potensialını, sakinlərin maddi rifah halını yaxşılaşdırmağı və gənclərin yüksək səviyyəli kadr kimi yetişməsini əsas tutaraq, yeni dövlət statuslu universitet açılmasını qarşıya məqsəd qoyub. Universitetin açılması məsələsi yuxarı instansiyalar qarşısında qaldırılıb, bu barədə razılıq əldə olunub. Universitetin açılması üçün işlər gedir.

* Deputat Azay Quliyev Şirvan şəhərində regional TV-nin açılması konkret təkliflərlə müvafiq instansiyalara müraciət edib və müsbət cavab alıb. Regional TV kanalının açılması üçün müvafiq qurumlar tərəfindən qərar qəbul edilib.

10-cu səbəb. Hər bir seçiciyə fərdi yanaşıb və hüquqlarını müdafiə edib

Deputat Azay Quliyev seçicilərinə fərq qoymadan, problemin ağırlığı-yüngüllüyünə baxmadan onların həllinə çalışıb, dəstək verib, sona qədər seçicilərinin yanında olub. 

* Məhkəmə qərarlarından şikayət edən sakinlərin müraciətləri baxılması üçün  müvafiq instansiyaya göndərilib və bir sıra vətəndaşların pozulmuş hüquqları bərpa olunub.

* Qeyri-qanuni işdən çıxarılan bir çox şəhər sakinlərinin müraciəti əsasında Azay Quliyev araşdırma aparmış və onların bir çoxu yenidən əvvəlki işlərinə bərpa olunmuşlar.

* İxtisaslı kadrların iş axtarma yönündə qarşılaşdığı çətinliklər zamanı da deputat köməyini əsirgəməyib. Onun, ixtisaslı şəhər sakinlərinin müvafiq peşəyə uyğun işlə təmin olunmasında böyük rolu olub.

11-ci səbəb.  Aztəminatlı ailələrin problemlərinin həlli deputatlıq fəaliyyətinin əsas istiqamətlərindən biri olub

Deputat Azay Quliyevin beşillik fəaliyyətinin əsas xətti şəhərin aztəminatlı ailələrinə qayğı göstərmək olub. Belə ki,

* Deputat Azay Quliyevin təşəbbüsü ilə Şirvan şəhərində  bütün kateqoriya əlillərin, aztəminatlı ailələrin, şəhid, qaçqın və məcburi köçkün ailələrinin sağlamlığının qayğısına qalmaq üçün müvafiq profilli reabilitasiya mərkəzi yaradılıb.

* Şirvan şəhərində ödənişli hüquq müdafiəsini təşkil edə bilməyən ailələr və fərdlər üçün pulsuz hüquq müdafiəsi və hüquqi maarifləndirmə işinin təşkili də deputat Azay Quliyevin təşəbbüsü ilə yaradılmışdır.

12-ci səbəb. Vətəndaş cəmiyyəti təmsilçilərinə xüsusi dəstək verib

Deputat Azay Quliyevin ciddi səyi və əməyi nəticəsində Şirvan şəhərində yaradılmış Regional QHT-lərin Resurs və Təlim Mərkəzi Şirvan şəhərini təkcə bölgədə deyil bütün region üzrə vətəndaş cəmiyyəti mərkəzinə çevirmişdir.  Məhz həmin Mərkəzin sayəsində milli və beynəlxalq qurumlar tərəfindən Şirvanda yüzlərlə regional əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilmişdir.
Deputat Azay Quliyev şəhərin digər qurumları ilə yanaşı yerli qeyri-hökumət təşkilatlarının  inkişafına da xüsusi diqqət yetirir, onların kadr potensialının və maddi texniki imkanlarının artırılmasına dəstək verir.

13-cü səbəb. Aktiv və bacarıqlı deputatdır

Milli Məclisdə və onun Komitələrində QHT qanunvericiliyinin, eləcə də Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı müzakirələrdə fəal iştirak edən deputat Azay Quliyev bir çox qanunların qəbul olunmasında, konkret olaraq beş qanun layihəsinin hazırlanmasında birbaşa iştirak edib.

* Azay Quliyevin müəllifi olduğu “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu 9 iyun 2009-cu ildə Milli Məclisdə qəbul edilmiş və 26 iyul 2009-cu il tarixdən qüvvəyə minmişdir. Bundan başqa deputat Azay Quliyev “Fondlar haqqında”, “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələrini hazırlayaraq Milli Məclisə təqdim etmişdir.

* Parlament Jurnalistləri İctimai Birliyinin Azərbaycan Respublikasının Milli Məclisində akkreditə olunmuş jurnalistlər arasında keçirdiyi rəy sorğularının nəticələrinə görə Azay Quliyev 2007, 2008 və 2009-cu illərin ən fəal millət vəkili seçilmişdir.

14-cü səbəb. Azərbaycan naminə səmərəli beynəlxalq fəaliyyət göstərib

Deputat Azay Quliyev Milli Məclisin fəal üzvü olmaqla yanaşı, ali qanunverici qurumu beynəlxalq tədbirlərdə uğurla təmsil edən deputatdır. Onun, üzvü olduğu komitə və dostluq qruplarında aktiv fəaliyyəti həmkarları və mətbuat tərəfindən daim müsbət xarakterizə olunur. Deputat Azay Quliyev:

* ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

* Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

* Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

* 40-dnn çox ölkədə Azərbaycanı layiqincə təmsil edib.

15-ci səbəb. Ermənistanın - Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edib

Azərbaycanın bir nömrəli problemi olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi ziyan, qaçqın və məcburi köçkün probleminin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması deputat Azay Quliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki,

* 2005-2010 illər ərzində deputat Azay Quliyev 40-dan çox ölkədə müxtəlif səpkili tədbirlərdə iştirak etmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı ölkəmizin ədalətli mövqeyinin və haqq səsinin dünyaya, beynəlxalq təşkilatlara, Avropa dövlətlərinin parlamentlərinə və mediasına çatdırılması üçün  ciddi səylər göstərmişdir.

Böyük fəxrlə demək olar ki, Azərbaycanımızı xaricdə uğurla təmsil edən deputatlardan biri  məhz bizim, Şirvan şəhərinin deputatıdır. 

16-cı səbəb. Yüksək təşkilatçılıq qabiliyyəti var

Deputat Azay Quliyev ölkənin vətəndaş cəmiyyətinin, onun əsas institutlarından olan QHT sektorunun lideri və ən tanınmış simasıdır. O, bu sektorda çalışdığı müddətdə minlərlə vətəndaşla əlaqə yaradıb, onları təşəbbüskarlığa cəlb edib, bir sıra ciddi QHT koalisiyalarını məharətlə idarə edib, yüksək formatlı yerli və beynəlxalq tədbirlərə moderatorluq edib və xarici səfərlərə gedən onlarla nümayəndə heyətinə rəhbərlik edib. Bütün bu nailiyyət və uğurlar yalnız və yalnız Azay Quliyevin gərgin əməyinin və yüksək təşkilatçılıq qabiliyyətinin bəhrəsidir.

Hal-hazırda məhz bu keyfiyyətlərin sayəsində Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına rəhbərlik edir və dövlətin bu sahədəki siyasətini uğurla həyata keçirilməsini təşkil edir.

17-ci səbəb. Verdiyi sözə sadiqdir, etibarlıdır, əzmkardır

* Beş il öncə Şirvan seçicilərinə verdiyi vədlərin böyük əksəriyyətini yerinə yetirib. Bu illər ərzində seçicilərlə keçirdiyi çoxsaylı görüşlərdə səslənmiş təklif və müraciətlərin biri də onun tərəfindən diqqətsiz qalmayıb.

18-ci səbəb. Alternativi yoxdur

* Şəhərin inkişafı, abadlaşması, yeniləşməsinin davam etdirilməsini istəyirik.
*Gənclərimizin uğurlu gələcəyini, intellektual kimi yetişməsini, vətənə, xalqa, şəhərimizə, ailələrinə layiqli övlad olmasını istəyirik.
* Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı QHT-lərin Şirvanda apardığı mübarizənin davam etməsini istəyirik.
* Deputatımızın son beş ildə Şirvan üçün gördüyü işləri təkrarlaya biləcək alternativ görmürük .
* Seçiciyə bu qədər dəyər verən deputatımız olmayıb.
* Bir daha paytaxtda, Milli Məclis qarşısında deputat “axtarmaq” istəmirik,
* Azay Quliyev qədər potensialı olan, bütün gücünü sərf edən, seçiciləri üçün çalışan, vədinə sadiq ikinci bir namizədin olmadığına əmin olduğumuz və hamımıza doğmalaşdığı üçün yenidən Azay Quliyevə səs verəcəyik.

ƏZİZ SEÇİCİLƏR!

2005-ci ildə mən Şirvan şəhərindən məhz Sizlərin  böyük etimadı və yaxın dəstəyi nəticəsində Milli Məclisin  deputatı seçildim. Bu beş ildə öz işimlə, əməlimlə Sizin mənə göstərdiyiniz yüksək etimada və etibara layiq olmağa çalışdım. Seçki qərargahımın və vəkillərimin  hazırladığı bu bülletendə deputat olaraq, Şirvanda, eləcə də ölkə miqyasında və beynəlxalq müstəvidə gördüyüm işlər haqqında müəyyən məlumatlar verildiyindən mən bu haqda əlavə nə isə demək istəmirəm. Böyük hesabla götürəndə, bu işlər kiməsə çox, kiməsə az görünə bilər. Əlbəttə, mən deyə bilmərəm ki, problemlərinizin və qaldırdığınız məsələlərin hamısını müsbət həll edə bildim. Amma onu deyə bilərəm ki, bu 5 ildə  nə etdimsə vicdanla, məsuliyyətlə, dövlətimə və xalqıma  xüsusi sevgi ilə etdim. Şirvan şəhərinin və şirvanlıların problemlərinin həlli üçün bir deputatın edə biləcəyi nə vardısa, onların hamısını etməyə çalışdım. Mənə edilən müraciətlərin heç biri diqqətdən kənarda qalmadı. Çalışdım ki, Sizlər mənimlə Bakıda yox, daim Şirvanda görüşüb öz qayğılarınızı bölüşə biləsiniz,  əvvəllər yaşadığınız deputat biganəliyi həyatınızda bir daha təkrarlanmasın. İstər xoş, istərsə də çətin anlarınızda Sizlərin yanında olmağı, səsinizi ən mötəbər instansiyalara çatdırmağı özümə borc bildim. Nəticədə bir çox uğurlu və yaddaqalan işlərə imza atmaq mümkün oldu, şəhərin və bütövlükdə Sizlərin bir sıra ciddi problemləri öz həllini tapdı.

Hörmətli şirvanlılar!

Qarşıda görüləcək işlər çoxdur. Mən bəzilərindən fərqli olaraq, parlament seçkilərində özümü sınamaq üçün namizədliyimi irəli sürməmişəm. Bu mərhələ mənim üçün çoxdan arxada qalıb. Mən bu günə kimi Şirvan və şirvanlılar üçün gördüyüm işləri davam etdirmək, Sizi bundan sonra da istər ölkə daxilində, istərsə də ondan kənarda layiqincə təmsil etmək, millətin vəkili kimi dövlətimizə və xalqımıza şərəflə xidmət etmək üçün yenidən namizədliyimi irəli sürmüşəm. Bu baxımdan seçkiyə "YOLUMUZA DAVAM!" şüarı ilə qatılmağı daha təbii və düzgün hesab edirəm.
İnanıram ki, biz getdiyimiz bu yolu birgə davam etdirməklə şəhərimizin və bütövlükdə ölkəmizin inkişafına dəyərli töhfə vermiş olacağıq.
Hamınızı 7 noyabr 2010-cu ildə Milli Məclisə keçiriləcək  seçkilərdə yaxından iştirak etməyə dəvət edir və ən doğru seçim etməyi arzulayıram.

Yolunuz açıq,  seçiminiz uğurlu olsun!!!                  

Dərin hörmətlə,  Sizin Azay Quliyev

YOLUMUZA DAVAM

 

 

 

 


****
21 oktyabr

Deputatlığa namizəd bütün beynəlxalq müşahidəçiləri 46 saylı Şirvan seçki dairəsində təbliğat kampaniyasını və 7 noyabrda keçiriləcək səsvermə prosesini izləməyə çağırıb 


Bu gün 46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Azay Quliyev ATƏT-in ölkəmizdəki parlament seçkilərinin uzunmüddətli müşahidəçiləri Tina Lund və Piter Deyvislə  Şirvan şəhərində görüşdü.

Müşahidəçilər T.Lund və P.Deyvis 46 saylı seçki dairəsində Azay Quliyevin təbliğat kampaniyasının gedişi və prinsipləri ilə maraqlandılar.

A.Quliyev bildirdi ki, o, seçiciləri qarşısında ötən beş illik deputat fəaliyyəti haqqında hesabat xarakterli çıxışlar etməklə bərabər gələcəkdə görüləcək işlərlə bağlı Şirvan əhalisi ilə ən müxtəlif formatlarda məsləhətləşmələr aparır. A.Quliyev apardığı təbliğat kampaniyasını şərh edərək vurğuladı ki, həftədə altı dəfə seçicilərlə görüş üçün müəyyən edilmiş klub və meydanlarda görüşür. Bildirdi ki, Şirvanda onun deputatlıq fəaliyyətindən bəhs edən 10000 ədəd bülleten seçicilərə paylanmaqda davam edir, həmçinin yaxın günlərdən etibarən təbliğatın “qapı-qapı” prinsipi mərhələsi də başlanacaqdır. 

A.Quliyev dairə üzrə bəzi namizədlərin yerli idarəetmə resurslarından faydalanmaq cəhdləri haqqında məlumatların onun seçki qərargahına daxil olduğunu bildirərək, indi bu yöndə müəyyən dəqiqləşdirmələrin aparıldığını da qonaqların nəzərinə çatdırdı.

A.Quliyev ATƏT müşahidəçilərinə müraciət edərək onları, eləcə də digər beynəlxalq qurumları təmsil edən seçki müşahidəçilərini, exit-poll keçirənləri, hüquq müdafiəçilərini və yerli QHT-ləri seçicilərlə keçirdiyi görüşləri və apardığı təbliğat kampaniyasını müşahidə etməyə çağırdı. A.Quliyev 7 noyabrda seçkilərin demokratik və şəffaf keçiriləcəyinə, şirvanlıların böyük mütəşəkkillik və ruh yüksəkliyi ilə ən layiqli namizədə səs verəcəyinə inam ifadə etdi.

Qeyd edək ki, bu gün Azay Quliyev Şirvan şəhərində seçicilərlə iki görüş keçirir. Görüşlərdən biri saat 12.00-da Bayramlı qəsəbəsində olmuş, ikincisi isə saat 15.00-da isə Şirvan şəhərinin Demanlı məhəlləsinin sakinləri ilə keçiriləcəkdir.

Azay Quliyevin seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır