Modern.az

“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” - MÜSAHİBƏ

“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” - MÜSAHİBƏ

10 Avqust 2015, 09:27

Fazil Mustafa: “Məhəmməd peyğəmbərə ayələrin necə verildiyi prosesini təsəvvür edə bilmirəm”


Modern.az
saytının “Siyasətçi və din” rubrikasının növbəti qonağı Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafadır.

- Əvvəllər dinə meylli olmayan Fazil Mustafa sonradan necə oldu ki, dini leksikonla desək, haqq yoluna gəldi?

- Mənim 28-30 yaşıma qədər din haqqında məlumatım olmayıb. Təxminən 1993-cü ildən başlayaraq dinə marağım oyanıb. Azərbaycanda ənənəvi İslamı, xüsusilə İran modelli İslamı öyrənməyə cəhd etdim. Sonradan düşündüm ki, bunlar mənim üçün yetərli deyil. Buna görə də teoloji nəşrlərdən yox, fəlsəfi nəşrlərdən dinin öyrənilməsinə üstünlük verdim. İslam sferasını tədqiq edən filosofların əsərlərini ciddi şəkildə araşdırmağa başladım və bu istiqamətdə çox sayda İslam mütəfəkkirlərinin əsərlərini oxuyub müqayisəli təhlillər apardım.

- Dini ayinlərin icrasına nə zaman başladınız?

- Araşdırmalarımdan sonra ibadət baxımından dinə bağlı bir həyat tərzi seçməli oldum. Düşüncə baxımından da İslam dininin ictimai-siyasi həyatda yerini müəyyənləşdirmək üçün axtarışlara başladım. 1997-ci ildə bu istiqamətdə “Azərbaycan türkünün iman davası” adlı əsərini yazdım və o, Türkiyədə nəşr olundu. Bu əsərdə mənim dinlə bağlı görüşlərim, baxışlarım öz əksini tapmışdı. Bu əsərdən sonra İslam dininə bir az da bağlandım. 2005-ci ildə artıq “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü” adlı dissertasiya işimi müdafiə etdim.

- Özünüz Naxçıvandansınız. Naxçıvanlılar isə İslam dininin şiəlik qoluna mənsubdurlar. Bəs siz niyə şiəlikdən uzaqlaşdınız?

- İlk vaxtlar mənim ibadətlərim şiə ibadəti üzərində qurulurdu. Sadəcə bu, mənim üçün dinin kifayət qədər açılışı mənasına gəlmirdi. Ənənəvi İslam adətində din əsasən mərsiyyələrlə, süni ağlamaqlarla yadda qalmışdı. Daha sonra xəlifələrə qarşı həqarətli münasibətlərin şahidi olurduq. Bəzən hansısa bir addım atanda böyüklər “bu, Ömərin oğludur”, “yeziddir” kimi ifadələr işlədirdilər. Sonralar gördüm ki, ümumi cahillik içərisində İslam dini əqidəsinə davam etmək olmaz...

- Siz özünüzü də o cəhalətin içərisində görürdünüz?

- Bəli, etiraf edim ki, mən də o cahilliyinin içərisində idim. Lakin mən daha sonralar dini dərk edəndən sonra gördüm ki, İslam şiə-sünni intriqalarından tamamilə fərqli bir şeydir. Şiəlik, sünniliklə bağlı İslam tarixində olanlara münasibət isə insanların subyektiv yanaşmasıdır. Lakin İslam tam fərqli mahiyyətdədir. Bu din insanla Allah arasında olan ünsiyyətsiz bir yaxınlaşmadır. Yəni, İslamda molla sinfi, kimisə təqlid edərək yaşamaq hissi yoxdur. Bu din deyir ki, insanlar özləri dərk etməklə həyatlarını qurmalıdırlar. Buna görə də İslamı sırf teoloji əsaslarla öyrənən insanların dini doğru şəkildə dərk edəcəyi düşüncəsində deyiləm. Bu daha çox fanatizmə, insanların hərfən dini qəbul etməsinə yönəlir. Amma fəlsəfədən İslama keçid tamamilə başqa bir şeydir.

- Azərbaycanda şiəlik cərəyanına mənsub bəzi insanlar İrana meylli olurlar. Hətta onlar sizə qarşı da fikirlər səsləndiriblər. Azərbaycandakı şiəliyi necə analiz edərdiniz?

- Şiəlik bizim üçün bir kültür məsələsidir. Bu xalqımızın əsrlərdən bəri yaşatdığı bir mədəniyyətdir. Buna hamı hörmət etməlidir. Şiəliyin dinlə bağlı əsas hissəsi odur ki, özünü İslamın məzhəbi olaraq təqdim edir. Bu da normal bir şeydir. Əsas odur ki, Məhəmməd peyğəmbərin peyğəmbərliyini və imanın əsaslarını qəbul edir. Ancaq orada ayırıcı nələrsə varsa, bu, tarixi mübahisə predmetidir. Şiəliyə bir kültür kimi baxdıqda isə, onun mübahisəsinə girməyin doğru olmadığını düşünürəm.

- Məzhəb, təriqətin İslamda yeri varmı?

- Dində məzhəb, təriqət anlayışı yoxdur. Bunlar heç biri peyğəmbərin vaxtında olmayıb. Məzhəblər sonradan yaranan bir şeydir. İran coğrafiyası isə daha çox təriqət xəttini götürdü. İranda İslam dininin qəbulu ilə Ərəbistan yarımadasındakı qəbulu eyni xarakterli olmayıb. İranda vaxtı ilə fəlsəfi təməli olan Zərdüştlük olub. Zərdüştlüyün bir çox elementləri iranlıların təsəvvüründə İslamın içərisində yer alıb. Belə hal türklərdə də müşahidə olunub. Sufiliyin bir çox elementləri İslam dininin içərisində yer aldı.

Bir daha şiəlik, sünnilik məsələsinə qayıtmaq istəyirəm. Yalnız Allah vaxtı ilə baş vermiş tarixi hadisələrdə kimin doğru, kimin yanlış olduğunu bilir. Bu ayrıca məsələdir.

Şiəliyə kültür faktoru ilə yanaşılmalıdır və Azərbaycanda heç kim buna bir söz deyə bilməz. Lakin təqlidçilik məsələsi problem yaradır. Məsələn, deyək ki, kimsə başqa ölkənin müştəhidini təqlid edir. Amma bu təqlid əqidə təqlidi olmalıdır.

Bilirik ki, İran dövlətinin rəsmi strukturlarında yer alan çox sayda ayətullahlar, müştəhidlər var. Son 30 ildə İranda dini motivli siyasi qərarların verildiyini çox eşitmişik. İranın bəzi məsələlərdə Azərbaycanla maraqları toqquşur. İrandan həmin dini-siyasi dairələr deyəndə ki, Azərbaycanda hansısa rəhbər onların xoşuna gəlmir və ona qarşı hərəkət etmək lazımdır, burada olan və İrana meylli insanlar kimi eşidəcək?! Təbii ki, İrandan verilən bəyanatlara tabe olacaq. Buna görə də bunlar potensial düşmənə çevrilirlər.  Bizim də davamız budur. Bunu dilə gətirəndə isə adamı tənqid, təhqir edirlər. Mənim anam şiə namazı qılır, lakin İrandakı hansısa müştəhidi təbliğ, təqlid etmir. Deməli, mənim anam Azərbaycana bağlı insandır. Azərbaycanda ölkəsinə bağlı belə insanlar çoxdur. Lakin bir qrup adamlar var ki, onlar İrana bağlıdırlar. Onların aldığı təlimat isə dövlətimiz, cəmiyyətimiz üçün təhlükəlidir.

- “Qurani-Kərim”i oxumusunuz. Orada sizə aydın olmayan, ziddiyyətli nəsə tapmısınızmı?

- İlk vaxtlar bəzi ayələr mənim üçün çox paradoksal, ziddiyyətli görünürdü. Amma sonra kompleks şəkildə araşdıranda gördüm ki, orada insan həyatı ilə bağlı müddəalar silsilə təşkil edir. Başa düşdüm ki, bir ayədə anlaşılmayan bir müddəanı başqa ayə açır.

- Məsələn?

- Bəziləri iddia edir ki, “Quran”da qadınların döyülməsini əmr edən ayələr var. Lakin ətraflı şəkildə araşdırdıqda görürsən ki, elə deyil. Bildirilir ki, birinci qadınınızı tənbeh edin, bu nəticə verməzsə, ikinci addım kimi yatağınızı ayırın. Sonda isə bir cəza mexanizmi müəyyənləşir. Bu isə tərcümülərdə fərqli alınır. Buna görə də “qadınları döyün” kimi tərcümə edilməsi düzgün deyil. “Quran”da elə şeylər var ki, onu hərfən qəbul etsən, İslam dinini anlaya bilməzsən. Nümunə kimi “Oxu” mesajını misal çəkə bilərəm. Bunu iki mənada qəbul etmək olar. Birincisi, adi qaydada oxumaq kimi anlaşılır. Ərəbcə, “ikra” isə dərk edərək oxumaq mənasını verir. Deməli bu kitab oxumaq mənasına gəlmir. Bu, dünyanı, kainatı oxumaq deməkdir.

- Oxumaqdan söz düşmüşkən, streotipə çevrilən bir düşüncə haqqında fikrinizi bilmək istəyirdik. Məsələn, müsəlman dünyasının əksəriyyəti iddia edir ki, Məhəmməd peyğəmbər oxumaq, yazmaq bilməyib. Bu tezisi düzgün hesab edirsinizmi?

- Peyğəmbərimiz savadsız adam olmayıb. O, həyat yoldaşı həzrəti Xədicənin bütün mülkiyyətini idarə edib, başqa ölkələrə vaxtaşırı səfərlər edib. Necə ola bilərdi ki, bu qədər işləri görən adam yazı-pozu bilməsin?! Deyirlər ki, peyğəmbər guya oxuyub-yazmağı bilmədiyindən Cəbrail əleyhissalam ona yaxınlaşır və “oxu” deyir. Lakin peyğəmbər iki dəfə ona “oxuya bilmirəm” cavabını verir. Lakin nəyi? Təbii ki, burada hərf oxumaqdan söhbət getmir. Söhbət kainatı oxumaqdan gedir.

- “Quran” da bizə çatdırılan bəzi hadisələrin gerçək olmasını qəbul etməkdə ağıl çətinlik çəkir. Misal üçün, Bəqərə surəsinin 260-cı ayəsində İbrahim peyğəmbərin quşları parça-parça edəndən sonra onları diriltdiyi yazılıb. Və ya götürək məşhur olan Musa peyğəmbərin öz əsası ilə Qırmızı dənizi yarma hadisəsini. Bunları real qəbul etmək olarmı?

- Biz dünya sirlərinin çox cüzi hissəsini bilirik. Bu o deməkdir ki, bizim ağılla dərk edə biləcəyimizin fövqündə duran məsələlər də var. Bizim ağlımız baş verənləri çox məhdud şəkildə dərk edir.

Ağıl Allahın müəyyən etdiyi həddə qədər insanlara verilir. Buna görə də “Quran”da siz dediyiniz kimi hadisələrin bizim tərəfimizdən tam dərk edilmədiyi hələ onun olmadığı anlamına gəlmir. Bu, bizim ağlımızın hüdudlarının ona yetişmədiyi deməkdir.

- Amma “Quran”da “biz hər şeyi açıq şəkildə nazil” etdik deyə ayə də var. Hər şey açıqdırsa, o zaman niyə insan ağlı dərk etmir?

- Açıq şəkildə deyilməsi hələ kütlənin anlaması mənasında işlənmir. Dünyada elektrik də var idi, lakin insanlar onu kəşf etməyənə qədər bu elektrik “yox” idi. Deyək ki, dünyada atom silahı da var idi, ancaq insanlar kəşf etməyənə qədər bu “mövcud” deyildi. Bu baxımdan hər şeyə hərfən baxsaq, biz uduzarıq.

- Peyğəmbərin meracı mövzusunda din adamlarının özləri arasında yekdil qənaət yoxdur. Siz meracın baş verdiyinə inanırsınızmı?

- Merac bizim dərk etdiyimiz məsələ olmadığına görə mübahisələrə də girmək çətindir. Peyğəmbərimizin həyatı bütövlükdə ilahi seçim üzərində möcüzəli bir həyatdır. Allahın niyə məhz Məhəmməd peyğəmbəri seçdiyini isə biz deyə bilmərik. Və ya necə oldu ki, Cəbrail əleyhissalam ayələri Məhəmməd peyğəmbərə çatdırdı? Mən Məhəmməd peyğəmbərə ayələrin necə verildiyi prosesini təsəvvür edə bilmirəm. Merac da həmin proseslərdəndir. Bütün bunlar insan düşüncəsinin fövqündə olan bir şeydir. İnsan beyni bunları anlamaqda acizdir.

- Fazil müəllim, “Quran”da möminlərə cənnətdə qadınlar vəd edilir. Bunu necə anlayırsınız?

- Bu, möminlərə şəhvani mənada qadın verilməsi demək deyil. Bu, insana yeni bir gözəl, ruhani, rəngarəng həyatın verilməsi mənasına gəlir. O ayəni də hərfi mənada izah etmək lazım deyil. Cənnətdəki vədlər insanlara təsəvvür  üçün verilir. Yəni, bunlar sizin üçün qazanc olacaq. Bu o deməkdir ki, dünya malını, bu dünyadakı həyatı axirətə dəyişməyin. Əslində bildirilir ki, o biri dünyada, bir az da konketləşdirsək, cənnətdə daha gözəl həyat mövcuddur.

- Amma məncə, cənnət xülyası ilə yaşamaq insanları pessimizmə sürükləyir. Yüzlərlə misal çəkmək olar...

- Pessimizm deməzdim. “Quran”da qeyd olunur ki, bu dünya çox qısadır. Əslində o dünyanı qazanmaq üçün çalışmaq lazımdır. Cənnət ideyası insanları daha çox xeyir əməl görməyə vadar edir. Xeyir əməl isə Allah rızası üçün çalışmaqdır.

- İslam dünyasında dini terminologiya ilə desək,  kafirlərə qarşı bir aqressiya var. Ümumiyyətlə,  bir də istərdik ki, “Quran” və insan haqları mövzusuna toxunasınız. Kafirə qarşı olan belə münasibətlər doğrudurmu?

- Əsla! İslamda kafirin də, münafiqin də, müşrikin də kiminsə üzərində haqqı var. O haqları pozmaq olmaz. İslamda insan hüququnu pozmaq yoxdur. Bütün insanlara bərabər hüquq verən yeganə din İslamdır.

- Siğə adı ilə bilinən müvəqqəti nikah əsl İslamda buyrulurmu?

- Siğə deyilən bir şey anlayış İslamda yoxdur. Siğə heç şiəlikdə də olmayıb, bu, sonradan şiəliyin içərisinə salınıb. Siğə nədir? Bunun hoteldə hansısa yüngül əxlaqlı qadınla bir yerdə qalmaqdan bir fərqi yoxdur. Nikah daimi olmalıdır, o bir əxlaq, etibar məsələsidir. Siğə isə heç bir məntiqə sığmayan, sadəcə İslam adına salınmış məsələdir. İslam dinində daimi nikah var. Ümumiyyətlə, İslamı axmaqlıq səviyyəsində göstərən zehniyyətdən uzaq olmaq lazımdır. Bunlar təkcə İran modelli dinə aid deyil. Başqa ölkələrdə də, məsələn, Türkiyədə bir də görürsən ki, şeyxin corabını iyləyirlər. Bu nə axmaqlıdır? İnsanlar, elmə, ağıla tabe olmalıdır. Bu düşüncə tərzləri dəyişməsə, İslam qorxu dini kimi tanınacaq. İbadət yalnız Allah üçün olmalıdır. Bəzən deyirlər ki, səcdəgahım Məhəmməd, qibləgahım Əlidir. Nə səcdəgah, nə qibləgah?! İnsanlar bunun ardınca gedib, düzgün yolda olmayan biriləri kimi formalaşa bilər. İslam sistemi insanı bütə çevirməyin əleyhinədir.

- SSRİ dövründə təhsil almısınız, o zamanlar isə ali məktəblərdə elmi ateizm tədris olunurdu. Heç sovet ideologiyasının təsiri altına düşüb ateist olan vaxtlarınız olub?

- Xeyr, heç zaman ateist olmamışam. Həmişə peşman olmuşam ki, kaş ki, uşaq vaxtlarımızdan dini bizə yaxşı öyrədərdilər.

- Ateistlərə, dindəki yaradılış fəlsəfəsinin əksinə gedərək təkamül nəzəriyyəsini qəbul edən darvinistlərə münasibətiniz necədir?

- Çox normal baxıram. Onların dediklərini qəbul etməyə bilərəm, ancaq düşüncə olaraq insanların nəyisə müzakirə etməsi çox yaxşıdır. Mən Darvinin, təkamül nəzəriyyəsini dəstəkləyən alimlərin əsərlərini də oxuyuram.

- Sizcə, Darvin təlimində və ona haqq qazandıran alimlərin yanaşmalarında elmi müddəalar varmı?

- Əlbəttə ki... Müəyyən şeylər var ki, məntiqlidir. Amma imanla uzlaşmır. Canlıların təkamülü ilə bağlı yanaşma maraqlı bir izahdır. Bunların öyrənilməsini ziyanlı hesab eləmirəm. Darvin nəzəriyyəsi bəlli bir dövrdə elmin inkişafına fayda verib. Lakin təkamül nəzəriyyəsini  ideala çevirməyin, ona sitayiş edilməsinin əleyhinəyəm. Bu nəzəriyyəni düzgün qəbul edərək onun ardınca getməyi doğru qəbul etmirəm.

- Vaxtınızı ayrıb, suallarımızı cavablandırdığınız üçün sağ olun!

- Siz də sağ olun!

Aqşin KƏRİMOV

***
Həmçinin oxu:

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
//modern.az/articles/81291/1/

““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” - MÜSAHİBƏ
//modern.az/articles/81123/1/

Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” - MÜSAHİBƏ
//modern.az/articles/80501/1/

Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - MÜSAHİBƏ
//modern.az/articles/80918/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər