Modern.az

Azərbyacan Milli Məclisinə kimlər rəhbərlik edib? 7 spikerin 7 taleyi...

Azərbyacan Milli Məclisinə kimlər rəhbərlik edib? 7 spikerin 7 taleyi...

Parlament

15 Oktyabr 2010, 13:28


Azərbaycan müstəqillik dövrünün parlamenti bir sıra gur siyasi hadisələrin fonunda formalaşıb. 90-cı illərin əvvələrindən SSRİ-nin dağılması ilə nəticələnən milli azadlıq hərəkatının təsiri parlamentin formalaşmasına da ciddi təsir göstərib. Bu illərdə parlamentin rəhbərliyində olan şəxslər  bütün proseslərin mərkəzində olublar. Modern.az Azərbaycan parlamentinin sədrlərini sizə təqdim edir. 

Azərbaycan Ali Sovetinə 1989-1992-ci illərdə Elmira Qafarova rəhbərlik edib. Elmira xanım Azərbaycan tarixinin ən qaynar və siyasi proseslərin ən ağır vaxtlarında parlamentin rəhbərliyində olub. Bu qadının həyat yolunun müstəqillik tarixində özünəməxsus yeri var. 

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakıda qulluqçu ailəsində anadan olub.

1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU – indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib. E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışıb. Daha sonra vəzifədə irəliləyən E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilib və 1966-1970-ci illərdə bu vəzifədə işləyib.

E.Qafarova 1970-1971-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləyib. 1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışan E.Qafarova Azərbaycanda maarifçiliyin yayılmasında, məktəb və məktəbəqədər uşaq müəssisələri şəbəkələrinin əenişləndirilməsində, savadlı, bilikli və təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların təhsilə cəlb edilməsində yaxından iştirak edib, bir sıra irimiqyaslı, habelə məktəb olimpiadalarının əsas təşkilatçısı olub.

1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışan E.Qafarova 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış edən ilk azərbaycanlı siyasətçi olub. BMT Baş Məclisinin həmin sessiyasının Üçüncü Komitəsinin irqçilik və irqi ayrı-seçkilik qalıqlarının kökünün kəsilməsi məsələlərinə həsr edilmiş müzakirələr üzrə diskussiyada ilk çıxış edən E.Qafarova irqi ayrı-seçkiliyi kəskin tənqid edib.  1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

1989-1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E.Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak edib. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan “Novruz bayramı”nın rəsmən qeyd edilməsi haqqında fərmanlarda onun imzaları durur.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə - erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olub. Həmin bəyanatda deyilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür».

Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq edir.

Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə «SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti»ni qəbul edib. Müraciətdə deyilirdi: «Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır».

Azərbaycan SSR-nin Konstitusiyasında (Əsas qanunda) edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edilir,  parlamentin fəaliyyət forması və strukturu dəyişdirilir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olunur. E.Qafarova deputatlar tərəfindənAzərbaycan SSR Ali Sovetinin sədri seçilir və 1990-1992-ci illərdə bu vəzifədə çalışdı.
 E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunub və hadisələr baş verib. O çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmib, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında «Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti» qəbul olunub, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.
Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib. Qəbri Fəxri xiyabandadır.

Azərbyacan Milli Məclisinə sədrlik edən ikinci şəxs Yaqub Məmmədov olub. Tibb elmləri doktoru, professor Məmmədov Yaqub Cavad oğlu Azərbaycan parlamentinin böhranlı vaxtlarında rəhbərliyə gəlib. 1992-ci il Xocalı hadisələrindən sonra istefa verən Ayaz Mütəllibovun ardınca Elmira Qafaraova da postunu tərk edir. 
Bundan sonra deputatların ortaq rəyi əsasında deputat Yaqub Məmmədov Azərbaycan Milli Məclisinin sədri seçilir.  Onun rəhbərliyi ilə Qarabağla bağlı İranın vasitəçiliyi ilə Ermənistanla aparılan danışıqlar aparılır və iflasa uğrayır. Mayın 8 –də ermənilər Şuşanı, mayın 18-də Laçını işqal edirlər. 1992-ci ildə may hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə əlaqadar o Milli Məclisin sədrliyindən istefa verir.

Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. 1966-ci ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyur. "Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.

Azərbaycan Milli Məclisinə 1992-1993-cü illərdə üçüncü spiker kimi İsa Qəmbər rəhbərlik edib. İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. İsa Qəmbərin sədri olduğu vaxt Milli Məclis bir sıra önəmli qanun layihələrini qəbul edilib. Bunların içində “Dövlət dili haqqında”, “Azərbaycanda yaşayan azsaylı xalqların hüquqları” haqqında və s. Qanunlar qəbul edilib.
4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verib. Sonra qiyamçılar tərəfindən həbs edilib. İctimaiyyətin və dünya demokratiyasının təzyiqi nəticəsində bir aydan sonra həbsdən qurtulub.

İsa Qəmbərdən sonra parlamentə qısa müddətə mərhum Heydər Əliyev rəhbərlik edib. 1993-cü ildə polkovnik Sürət Hüseynovun hərbi qiyamı nətisəcində dəyişən siyasi vəziyyət AXC-nin hakimiyyətdən getməsi ilə nəticələnir.  Yaranmış siyasi böhranı aradan qaldırmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edilir.

1993-cü il iyunun 15-də H.Əliyev əvvəlcə Milli Məclisin üzvü, dərhal sonra da iclasda iştirak edən 39 nəfər deputatdan 34 nəfərinin lehinə səsverməsi ilə Milli Məclisin sədri seçilib. H.Əliyev iyun ayından oktyabra qədər parlamentə rəhbərlik etmiş 4-cü spikerdir. 1993-cü il sentyabrın 1-də isə Milli Məclis Ali Sovetin qəbul etdiyi 26 iyun 1991-ci il tarixli “Prezident seçkiləri haqqında” qanuna dəyişikliklər edərək yaş senzi ilə bağlı maddəni ləğv edib və H.Əliyevin ölkə Prezidenti seçilməsini təmin edib. 

Heydər Əliyev oktyabrın 3-də prezident seçildikdən sonra Milli Məclisin sədri Rəsul Quliyev olub.  10 dekabr 1947-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Qazançı kəndində anadan olub.1970-ci ildə əmək fəaliyyətinə Azərbaycanın Sumqayıt şəhərindəki Kimya Kombinatında başlayıb. 1971-ci ildən 1992-ci ilədək Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində işləyib. 1985-ci ildə Bakı şəhər xalq detutatları sovetinə deputat, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 7 dekabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - Neft və qaz emalı üzrə Baş Idarənin rəisi təyin edilib. 1993-cü ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini vəsifəsində çalışıb.

1993-cü ilin noyabrından 1995-ci ilin noyabrınadək Azərbaycan Respublikası Milli Məclisinin sədri işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib. 1996-cı il sentyabrın 11-də parlamentin sədri vəzifəsindən istefa verib 1996-cı ildən ABŞ-a mühacirət edib.

Rəsul Quliyev istefaya gedəndən sonra onu Murtuz Ələsgərov əvəz edib. Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Birinci ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1996-cı il oktyabrın 16-dan parlamentin sədri vəzifəsində çalışıb. 2005-ci il noyabrın 6-dan 11 saylı Qarabağ seçki dairəsində deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

2005-ci il dekabrın 2-dən Milli Məclisin sədri Oktay Əsədovdur. 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olan O. Əsədov Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Azərbyacan parlamentinə rəhbərlik etmiş siyasiləri son siyahısı hələ ki, belədir. Onların 2-si- Elmira Qafarova və Heydər Əliyev artıq dünyalarını dəyişiblər.  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi