Modern.az

“Məşhur filmlərdən məşhur SİTATLAR” - “Bəxt üzüyü”nün dillər əzbəri olan ifadələri: “Adsız dəyirmanda xorez oler"

“Məşhur filmlərdən məşhur SİTATLAR” - “Bəxt üzüyü”nün  dillər əzbəri olan ifadələri: “Adsız dəyirmanda xorez oler"

Mədəni̇yyət

18 Avqust 2015, 10:00

“Bəxt üzüyü” filmi 1991-ci ildə Azərbaycanın xalq şairi, dramaturq Vaqif Səmədoğlunun eyni adlı pyesi əsasında lentə alınıb. Filmin sponsoru  “Qaraqaya”Assosiyasının prezidenti Sədrəddin Daşdəmirov olub. Azərbaycanda həddindən artıq populyar olan film baş rolun ifaçısı xalq artisti Afaq Bəşirqızının arzusu ilə çəkilib.  

Aktrisanın pərəstişkarı olan iş adamı onun üçün nəsə etmək istədiyini bildirib. Afaq Bəşırqızı da əvəzində Sumqayıt Dövlət Dram teatrında bütün ölkəyə sevdirdikləri  “Bəxt üzüyü” tamaşasının film versiyasının çəkilməsini istəyib. Nəticədə bu gün də maraqla baxılan film ərsəyə gəlib.

Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar ”  rubrikasını davam etdirir.  Bu dəfə 1991-ci ildə komendant rejiminin ağır vaxtlarında çəkilən, əsgərlərin mane olmasına baxmayaraq, isti aylarda lentə alınan “Bəxt üzüyü” filmidir.

Quruluşçu rejissor Ramiz Əzizbəylinin Orxan Fikrətoğlu ilə bərabər yazdığı ssenari çox uğurlu bir filmin əsasını qoyub. Filmdə Söylü və Moşunun, eləcə də başqa obrazların komik ifaları nə qədər bol olsa da, filmin içindəki kədər qatını qəti azalda bilmir. O zaman öz  “bəxt üzüyü”nü itirib axtarmaqla məşğul olan xalq üçün “Bəxt üzüyü” çox doğma idi. Öz acısı və şirinliyi ilə birgə...    

“Moşu eqologiya budur”

Afaq Bəşirqızının ifa etdiyi Söylü filmin əsas iki maraqlı obrazından biridir. Çıxılmaz vəziyyətdə qalanlar arasında öz hərəkət və davranışları ilə sanki insanları optimist olmağa çalışan bu personaj cəmiyyətin ümumiləşdirilmiş obrazı olan Sevdanı (Gülşad Baxşıyeva) güldürə bilən yeganə şəxsdir. O, hər şeyə rəğmən sözə, milli koloritə xidmət edir:

Qələm demə, öyümüzün dirəyi de”, “Biz tərəflər bunsuz olmer e” (sazı göstərək deyir), “Nənən səni oğlan doğsaydı, indi yəqin Borçalı aşığı idin” deyərək saza-sözə münasibətini göstərir.

Heç nəyə baxmayaraq o savadsız bir insandır. Lakin polisdə “şair Moşu Göyəzənlinin uşaqlarının anası” deyərək öz həyat yoldaşının, “xoşbəxtliy”ə qafiyə tapa bilməyən bir adi bir şairi yüksək zirvədə təsəvvür edir. O, polisə ancaq “nemsə köpəyinoğlu “ deyərək söyə bilər. Ama bu təbiiliyin sayəsində həmin söyüş asnlıqla dillər əzbəri də oldu.

“Qəstomunun yaxası qəribseyib uje medal istiyir”deyərək dövrün mayıf qasımlarını çox güclü xarakterizə edə bilər.  O, polisi ancaq “nemsə köpəyinoğlu” deyərək söyə bilər. Amma bu təbiiliyin sayəsində həmin söyüş asanlıqla dillər əzbəri də oldu.

 Söylü tərəfindən deyilib dillər əzbərinə çevrilən başqa sitatlara da nəzər salaq:

“Belə Dəli Kür, yaralı Araz” (polisə çımxıraraq deyilir); “Sənə diplom verənən dədəsinə lənət”; “Biz tərəfdə arvadı ildə bir dəfə doğmayan kişiyə camaat belə birtəhər baxır e”;

Moşu Göyəzənli ilə duet şəklində dedikləri “Adsız dəyirmanda xorez oler” ifadəsinin məşhurluğundan danışmağa dəyməz. Söylünün “nemsə kopayoğlu” dediyi milis işçisi (Arif Quliyev) epizodik rol olmasına baxmayaraq maraqlı bir obrazdır.

O, “bolşe, zəhrimaranı” bacarmayan, sadəcə, həyatın sərt sistemə atdığı sadə, mülayim bir polis obrazıdır. Filmin sonunda Moşunun maşınının arxasınca qaçaraq “Moşu müəllim, avtafan qaldı” deməsi onun nə dərəcədə sadə insan olduğunu təsdiq edir.

Arif Quliyev çəkiliş zamanı yaradıcı heyətin qaldıqları yerdən filmin çəkildiyi pavilyona polis paltarında gələn zaman özünü sərxoşluğa qoyur. Elə bu zaman maşından bir nəfər boylanaraq “kül sənin milisioner başına... Mənim milisimə bax, ona görə bu gündəyik də” deyir.


“Xoşbaxtlıq, xoşbaxtlıq”

Cəmiyyətin zavallı Sevdanı yamsıladığı bir gündə “xoşbəxtliy”ə qafiyə axtaran şair  Moşu Göyəzənli də filmdəki əsas obrazlardan biridir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür.

“Optimist nəslin nümayəndələriyik” deyərək,  “babam Qaçaq Kərəmin mehtəri olub” söylənərək bununla fəxr edən şair dəyərlərə qarşı ciddi mühafizəkarlığı ilə seçilir.

Pambıq çölləri, taxıl zəmiləri, başı qarlı dağlar, igid-igid Azərbaycan oğulları” məşhur ifadəsinin sahibinin dilindən deyilən başqa məşhur sitatlara da diqqət edək:

“Qoymayın ayə, İrasim gəlir”,  “Biqeyrət şairə millət heç heykəlmi qoyar” ifadələri Seda (Firəngiz Rəhimbəyova) ilə  dialoq zamanı səsləndirilir.

“Başı xamırlı tut arağı”,  “Şairdə pul nə gəzer ilin-günün bu vaxtında”, “Gedir mənim şotuma tuluğun dolderer” ifadələri də Moşunu maraqlı obraza çevirib. Bu gün də həmin sitatlar yerinə düşəndə işlənilir. Araqla bağlı filmdəki başqa məşhur sitat isə Ramiz Əzizbəylinin qaçaraq onu yıxdığı və araq şüşəsini divara vurduğu Söylüyə dediyi  “Neylədün ağəz, arağın tapılmayan vaxtında” ifadəsidir.   

"Detdom uşaqlarının atası olmur nəçənnik”

“Bəxt üzüyü”nün məşhur sitatlarından danışarkən mütləq Hüseyn obrazından da  (Ayşad Məmmədov) söz açılmalıdır. O, bütün bilik və bacarığına baxmayaraq, cəmiyyətdə öz yerini tapmayan insanların ümumi prototipidir. Bir-birinə laqeyd olan, soyuqluğun baş alıb getdiyi, mənəvi xaosun genişləndiyi bir zamanda onu ancaq içki ağır düşüncələrdən xilas edir. Lakin öz dərdini açıb deyə bilən epizodik rolda çəkilən Zırpının (Muxtar Maniyev) ölümü onun dilini açır və daxili mübarizəsini dilə gətirir. Hüseyn tərəfindən deyilən məşhur sitatlar bunlardır:


“ Yoldaş nəçənnik, görəsən bu dünyada adam adamı nə vaxt başa düşəcək”;   

“Detdom uşaqlarının atası olmur nəçənnik”,

“Mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm, ağırlığıma tab gətirsin, sonra da özümü ordan asacağam”,

“İngiltərədə pivənin bakalı iki penidir, bizim pulla havayı”. 

Ömər Xəyyamdan özünəməxsus şəkildə dediyi rübai nəinki o rübaini, hətta Ömər Xəyyamın özünün də daha çox tanınmasına gətirib çıxardı: “ Sən şərab içirsən, mənsə xalq qanı, insaf et hansımız daha qəddarıq ” misralarını bilməyən adam çox azdır. Kifayət qədər dövrün reallığını tragikomik şəkildə əks etdirən, laqeyd insanlarla, soyuq kütlə ilə yarana biləcək fəsadların proqnozlarını verən film bu gün də çox sevilir. Xalq yalnız özünü gördüyü filmləri qəbul edir. Film bugünkü cəmiyyətə də öz “bəxt üzüyü”nün tapılmasında yardımçıdır.

Elmin NURİ

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?