Modern.az

“Bir kəndin məşhurları” – Bakının Bülbülə kəndindən olan tanınmışlar- RUBRİKA

“Bir kəndin məşhurları” – Bakının Bülbülə kəndindən olan tanınmışlar- RUBRİKA

Reportaj

20 Avqust 2015, 10:50

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik.

Bu dəfə sizlərə Bakının Suraxanı rayonundakı Bülbülə qəsəbəsini və onun tanınmış simalarını tanıdacağıq.   Bülbülə Abşeronun qədim yaşayış məntəqələrindəndir.

Müasir Bülbülə – 1936-cı ildən etibarən Bakı şəhəri Suraxanı rayonunda şəhər tipli qəsəbədir. Azərbaycanın bir çox görkəmli şəxsləri Bülbülə qəsəbəsinə tarixi baxımdan yüksək qiymət veriblər. Azərbaycanın tarixində böyük xidmətləri olan mütəfəkkir alim Abbasqulu Ağa Bakıxanov – özünün “Gülüstani-İrəm” əsərində Bülbülə haqqında belə yazır: “Xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndidir”. “Bir çox şəhər və kənd xarabaları, Həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadənin – Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə. . . göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olub.

“Bülbülədə yerləşən Mühəmməd Sadiq İmamzadəsində beşinci İmam Mühəmməd Baqir, övladı Mühəmməd Sadiq, xanımı, bir də ki, nökəri dəfn olunub. Beşinci İmam Mühəmməd Baqir 677-735–ci illərdə yaşayıb. Buradan məlum olur ki, Bülbülədə hələ o zamanlar yaşayış olub ki, imamın övladları da bura pənah gətirərək məskunlaşıblar.

Deyilənlərə görə, qədim əsrlərdə Bülbülə şorunun ətrafında şirin sulu bulaqlar qaynayarmış. Yayda şorun suyu quruyandan sonra üzə çıxan duzdan ceyranlar yalayar, şirin sulardan içərdilər. Qafqaz, Azərbaycan - dünyanın ən qədim xalqlarından biri olan oğuzların – ulu babalarımızın məskəni olub. Bülbülə yaşayış mərkəzi özü də qədim oğuz məskənidir. “Bülbülə” sözünün mənşəyi haqqında bu rəvayətlər mövcuddu

1. Bülbülə şorunun ətrafında şirin sulu bulaqlardan birini “pül-pül” adlandırıblar.

2. Başqa bir rəvayətdə isə deyilir ki, eramızdan əvvəl təxminən 335-325 illər arasında Makedoniyalı İsgəndər Zülqərneyn öz qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu yerlərə “buli-buli” deyiblər.

3. Başqa bir rəvayət isə “Bülbülə” sözünün burada olan bülbüllərin çox olması ilə əlaqələndirir. Bütün bu yazılardan Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək olmasa da, məlum olur ki, bu kənd qədim tarixə malikdir və müqəddəs yer kimi tanınıb. Bu fikir hazırda kənddə yaşayan əhalinin müxtəlif yerlərdən gəlməsi də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan, dabbaqlıq, maldarlıq, əkinçilik , bağbanlıq, qalayçılıq və s. olub.

Bülbülənin tanınmış yetirmələri:

Kərim Abdullayev - 1898-ci ildə Bülbülədə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1920-ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışıb.

1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Ali Məhkəməsi kollegiyasının üzvü, mühüm işlər üzrə məhkəmənin sədri seçilib. Sonralar ədliyyə nazirinin müavini, respublika prokuroru işləyib. 1931-ci ildə Zaqafqaziya üzrə yol nəqliyyatı nazirinin müavini təyin edilib. Bir çox mühüm vəzifələrdə çalışan bülbüləli repressiyanın qurbanı olur. 1937-ci il martın 1-də həbs edilib və oktyabrın 11-də güllələnib.

Mövsüm Bəydəmirov (1899-1937) – Müsavat Partiyasının fəal üzvü olduğuna görə 1926-cı ildə 10 il müddətinə sürgün edilir və  1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi üçlüyünün qərarı ilə güllələnir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1989-cu il tarixli qərarı ilə Mövsüm Hacı Məzahir oğlu Bəydəmirov 1990-cı il aprelin 12-də bəraət qazanıb. Hazırda Bülbülənin mərkəzi küçəsi Mövsüm Bəydəmirovun adını daşıyır.

Məşədi Ağarəşid (1870-1937) -  Repressiyaya məruz qalan daha bir Bülbülə sakini də dövrünün tanınmış maarifçilərindən olan Məşədi Ağarəşiddir. Ərəb, fars, türk, rus dili və ədəbiyyatını, ilahiyyat elmlərini mükəmməl bilən maarifçi  1937-ci ildə 66 yaşlı repressiyaya məruz qalır. Onu həm də klassik irsi çox gözəl bilən şair kimi də xatırlayırlar.

Bala Bağırov (1905-1938) - 1937-ci ildə repressiya olunan daha bir tanınmış bülbüləli də Bala Bağırovdur. O, Moskva Neft Sənayesi Akademiyasını bitirib. 1928-ci ildə “Buzovnaneft”də işləyərkən ilk dəfə dənizdə qazıntı işləri aparıb və neft çıxaranlardan biri də Bala Bağırov olub. Xoşbəxtlikdən Bağırov sonradan bəraət alır, 1938-ci ildə həbs olunur və bəraət aldıqdan sonra ömrünün sonuna kimi mühəndis işləyir.

1904-cü ildə Bülbülədə anadan olan Bəhlul Dadaşov ilk təhsilini elə kənddə alıb. Sonradan dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışıb.

 Məşədi Cahangir Bağırov - Bala Bağırovla birgə repressiya qəddarları tərəfindən həbs olunan və sonradan azad edilən daha bir məşhur neftçi olub. O, da Azərbaycanda qazma üsulla neft çıxaran ilk neftçilərdəndir

Gülbala Qurbanov - Azərbaycanda plastik cərrahiyyənin banisi olan əməkdar həkim və  əməkdar elm xadimi o zaman çox yüksək nüfuza sahib olub. Azərbaycanın ilk peşəkar tibb xadimlərindən olub. Uzun müddət Tibb İnstitutunda bir neçə kafedranın müdiri kimi çalışıb.

Qafarov Mirzə - 1911-ci ildə Bülbülədə anadan olub. Bakının çox məşhur neftçi-geoloqlarından biri olub. 

İslam Qafarov - Tibb sahəsində Azərbaycanın ilk alimlərindən olub. 

Aşıq Cavad  - XIX əsrin birinci yarısında yaşayıb-yaradan el aşığı olub. Onun yazıb-yaratdığı əsərlər, yaradıcılığı haqqında geniş məlumat bir çox səbəblər üzündən bu günümüzə gəlib çıxmayıb. 

Əvəz Həşim oğlu Verdiyev - Bülbülənin yeganə Sovet İttifaqı Qəhrəmanı olan bu şəxs 1906-cı ildə anadan olub. Polşa uğrunda döyüşdə göstərdiyi qəhrəmanlığa görə 1944-cü il sentyabr ayının 23-də Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının “Qızıl ulduz” medalı ilə təltif edilir. 

Əbdülağa Kazımlı (1923) - Tanınmış rəssamdır. Ə. Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Səttar Bəhlulzadənin tələbəsi olub. 

Teyyub Qurban - Mircəfər Bağırova aid araşdırmaları ilə seçilən tədqiqatçı 1934-cü ildə Bülbülədə anadan olub.  1992-1993-cü illərdə Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini olub.


Bülbülə kəndinin başqa ziyalıları 

Sabir Quliyev (kafedra müdiri, professor), Ramiz Paşayev - Ramiz Fateh imzası ilə tanınan və gözlərini uşaq çağından itirməsinə baxmayaraq, klassik irsimizi gözəl bilən alimdir. O,  görkəmli ədəbiyyatçılar Əkrəm Cəfər, mətinşünas alim Əli Fəhmidən dərs alıb. 

Azad Şərifov -1930-cu ildə Bülbülədə anadan olan Azad Şərifovun adı bütün ölkəyə məlumdur. O, bir çox mühüm vəzifələrdə çalışıb. Onların arasında  Az.KP MK-nın mədəniyyət şöbəsinin müdiri, Respublika Dövlət Kino Komitəsində sədr, Azərinformun baş direktoru kimi yüksək vəzifələr də var.

Yazıçı Əli Əsgərov və ədəbiyyatşünas alim, professor  İslam Ağayev də Bülbülənin ziyalı xadimlərindəndir. Daha çox “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindəki fotoları ilə xatırlanan və bütün jurnalistlərin özünə dost hesab etdiyi mərhum fotoqraf  Elxan Kərimov da Bülbülənin yetirməsidir.Övladları Əziz Elxanoğlu və Turxan Qarışqa da onun yolunu davam etdirirlər.  

Bu gün Bülbülə kəndinin parlamentdə təmsilçisi isə deputat, professor Ağacan Əbiyevdir.  O, 1937-ci ildə bu kənddə anadan olub. Hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasının  rektoru, Azərbaycan Respublikası boks federasiyasının vitse-prezidentidir.

Qardaşı oğlu Ceyhun Əbiyev də boks üzrə 10 qat respublika çempionudur.   Bülbülə haqqında danışarkən qeyd olunmalı ən vacib məqam isə Seyid Cəfər Pişəvərinin adı ilə bağlıdır. Təbii ki, milli hərəkatın lideri burada anadan olmayıb. Amma özünün yetkinləşməsi üçün bu kənd ona çox böyük dayaq olub. Azərbaycan Demokratik Firqəsinin sədri 1905-ci ildə o taydan mühacir kimi Bakıya gəlib Bülbülədə oxuyub. Bu kənd onun üçün çox böyük irəliləyiş obyekti olub.  

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir