Modern.az

“Əli Kərimli özünü müxalifətin prezidenti hesab edir” – MÜSAHİBƏ

“Əli Kərimli özünü müxalifətin prezidenti hesab edir” – MÜSAHİBƏ

20 Avqust 2015, 17:58

“Yeni Demokratiya” hərəkatının rəhbəri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev Modern.az saytının suallarını cavablandırıb.

- Ötən gün keçirdiyiniz mətbuat konfransında AXCP adına iddia etdiyinizi bildirmisiniz. Ancaq etiraf edək ki, hazırkı AXCP-nin hüquqi rəhbəri Əli Kərimlidir. Hüquqi müstəvidə AXCP adı uğrunda mübarizə aparsanız məğlub olmayacaqsınız?  

- Biz AXCP adına iddia etmirik, biz AXCP-yik. AXCP-ni Əli Kərimli yaratmayıb, partiyanı Elçibəyin başçılığı ilə xalq yaradıb. Bu gün də partiya xalqa məxsus olmalıdır. Əli Kərimli “Yurd”u yaradıb, daha sonra isə adını AXCP qoyub. Əli Kərimlinin partiyası yoxdur. O, xalqın yaratdığı AXCP-ni qrup maraqlarına qurban verərək 4-5 nəfərin maraqlarına xidmət göstərməyə vadar edib.  

Azərbaycan xalqını aldadıb hakimiyyətlə danışıqlara gedib, hakimiyyətdən deputat yeri alıb, hakimiyyətdən pul alıb və bu gün də hakimiyyətin böyük bir hissəsi ilə işləyir. Əli Kərimli hakimiyyətə xidmət edir.

- İqtidar da, dövlət də, hökumət də AXCP-ni partiya kimi tanıyır və Ədliyyə Nazirliyindən partiya kimi də qeydiyyatdan keçib. Eyni zamanda, hər kəs partiyanın sədrinin Əli Kərimli olduğunu qəbul edir. Belə olduğu təqdirdə, AXCP-yə sədr seçilsəniz belə, bu, iqtidar tərəfindən şübhə altına alınmayacaq?  

- İqtidar Əli Kərimlinin dostudursa, təbii ki, belə olacaq. Biz isə məhkəmə yolu ilə hüquqlarımızı bərpa etməyə çalışacağıq. Kifayət qədər əlimizdə əsaslar olacaq ki, hüquqlarımızı Əli Kərimlinin əlindən alaq. Belə olduğu təqdirdə Əli Kərimlinin ətrafındakı cəbhəçilər də bizə qoşulacaq, Əli Kərimli əgər xalqa xidmət edəcəksə, özü istefa verib getməlidir.  

- Belə fikirlər var ki, siz hansısa bir sifarişi yerinə yetirirsiniz...  

- Mən heç bir sifarişi yerinə yetirmirəm. Kaş ki bizə də Əli Kərimliyə olan qədər dəstək veriləydi. Bu iddialar da Əli Kərimlinin ətrafına məxsusdur, boş və mənasız sözlərdir.  

- Əli Kərimliyə bu qədər kömək olunduğunu söyləyirsiniz. Amma Əli Kərimlinin partiyası hələ də ofissiz fəaliyyət göstərir. Siz dediyiniz yardımlar olsaydı, ən azından AXCP-nin qərargahı olardı. Belə olduğu halda nəyə əsasən deyirsiniz ki, Əli Kərimli hakimiyyətlə əlaqədədir, sifariş yerinə yetirir?  

- Bu gün də Əli Kərimli müxalifətdə məmur həyat tərzi yaşayır.  O, özünü müxalifətin prezidenti hesab edir. Müxalifətin prezidenti olmaq, müxalifətdə qalmaq və birinci olmaq Əli Kərimliyə sərf edir.   Onun həyatı normaldır, əgər bu gün Azərbaycan məmurlarının övladları xaricdə ən gözəl universitetlərdə təhsil alırlarsa, Əli Kərimlinin də övladları xaricdə təhsil alırlar. Nəyə görə deyirsiniz ki, o məşəqqətli həyat yaşayır?  

Bəli, ofisi yoxdur, amma bəlkə də bu özü də elə oyunun bir hissəsidir. Amma onu deyə bilərik ki, bu gün onun həyatı adi insanların həyatından yüz dəfə daha yaxşıdır.  

Elə insanlar var ki, heç 20 qəpik tapıb metro ilə gedə bilmədiyi halda, Əli Kərimlinin həyatı daha fərqlidir. Müxalifətdə olan insanlarla müqayisə etdikdə, onun təbliğatı da gedir, hakimiyyətin böyük bir hissəsi ilə çalışır və daima da sudan quru çıxır. Bu, aysberqin görünməyən tərəfidir, buna görə də düşünməyin ki, Əli Kərimli məşəqqətli həyat yaşayır.  

- AXCP şinelindən çıxanlar sonradan ayrı-ayrılıqda partiya yaratdılar. Keçmiş cəbhəçilər  sizin legitimliyinizi qəbul edib rəhbərliyinə iddia etdiyiniz AXCP-ni tanıyacaqlarmı?  

- Artıq onlar bizim legitimliyimizi qəbul ediblər. Bu məsələ ilə bağlı artıq bir çoxu bəyanat da verib və hesab edirəm ki, hər kəs bizi tanıyacaq. Çünki artıq hər kəs Əli Kərimlinin iştirakı ilə müxalifətdə hansı oyunların getdiyini, müxalifətdə hansı intriqaların yarandığını, partiyalarda hansı işlərin baş verdiyini bilirlər. Bu səbəbdən Azərbaycanın real müxalifət qüvvələri bizə dəstək verir. 

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub