Modern.az

“Nostalji” - Bir zamanlar hamının arxasınca qaçdığı pul əskinasları - RUBRİKA

“Nostalji” - Bir zamanlar hamının arxasınca qaçdığı pul əskinasları - RUBRİKA

25 Avqust 2015, 10:16

Modern.az saytı “Nostalji” rubrikasında həm sovet dövründə, həm də müstəqilliyimizin əvvəllərində əsas dövriyyə vasitəsi olan pul əskinazlarından söhbət açacaq:

İlk pullarımız


İlk pul əskinazımız Azərbaycan Demokratik Respublikasının 1919-cu ilin əvvəlində tədavülə buraxdığı  25, 50, 100 və 250 manatlıq əskinaslarlardır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində  “Азербайджанская Республика” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi.

Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Sovet dövründəki pullar


Sovet dövründə 3 pul islahatı həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı.

SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olub.

Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb.

 

İkinci müstəqillik illərinin pul əskinazları


Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. 

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

Təəssüfedici nostalgiya  

Ən təəssüfedici məqamlardan biri isə o zaman əskinazların öz rəqəm dəyəri ilə yox üzərindəki tanınmış şəxslərin yaxud tarixi abidələrin adı ilə deyilməsi idi.

Nəinki uşaqlar hətta iri dükan sahibləri belə hesab-kitabı bu cür aparırdılar. Kimi toya meçə “şirvan” atdığını deyir, kimi uşaqlara özünü göstərməkdən ötrü cibindəki “məmməd”i gözə soxurdu. “Qız qalası”  “Nizami”nin yanında çox kiçik idi. Bütün bunlar təəssüfləndirici hallar idi. Nə yaxşı ki, yeni pul əskinazları dəyişəndən sonra və manatın sıfırları silinəndən sonra bu kütləvi vərdiş sıradan çıxdı.


Elmin NURİ  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir