Modern.az

«Deputat köməkçi olandan sonra ağlıma gətirə bilməyəcəyim şəxslərlə görüşürəm»

«Deputat köməkçi olandan sonra ağlıma gətirə bilməyəcəyim şəxslərlə görüşürəm»

Parlament

15 Oktyabr 2009, 10:45

“DEPUTAT KÖMƏKÇİSI” RUBRİKASININ NÖVBƏTİ  QONAĞI MİLLƏT VƏKİLİ AYNUR QULİYEVANIN KÖMƏKÇİSİ KƏRƏM RZAYEVDİR 

- Siz Aynur xanımın ikinci köməkçisisiniz. Necə oldu ki, ilk köməkçi işdən uzaqlaşdırıldı və siz bu vəzifəyə təyin olundunuz?

- Aynur xanımın ilk köməkçisinin işdən uzaqlaşdırılmasının səbəbləri barədə bir şey deyə bilmərəm. Bunun səbəbləri mənə bəlli deyil. Mən altı aydır ki, bu vəzifədə çalışıram.

- Aynur xanımla qohumluq əlaqəniz varmı?

- Xeyr, Aynur xanım məni özünə köməkçi təyin edənədək onunla heç bir tanışlığım yox idi.

- Bəs necə oldu Aynur Quliyeva sizi özünə köməkçi götürdü?

- Bundan öncə Mədəniyyət və Turizm Nazirliyində çalışırdım. Qanunvercilik mübadiləsi üçün Milli Məclisə müraciət etmişdim. Həmin işlə əlaqədar parlamentə gəlmişdim. Bu zaman Aynur xanımla tanışlığım yarandı. Mən də Tərtər rayonundanam və pasport qeydiyyatım orayadır. Daha sonra isə o, mənə köməkçi vəzifəsini təklif etdi. Mən də razılaşdım.

- Əvvəlki köməkçidən sizə hansısa həll olunmamış problemlər qalıbmı?

- Bəzi problemlər qalıb. Həmin problemlərlə bağlı məndən öncəki köməkçi aidiyyatı qurumlara müraciət etsə də, bu məsələlər həll olunmamış qalıb.

- Bunlar hansı problemlərdir?

- Bu problemlər sosial məsələrlə bağlıdır.

- Əvvəlki köməkçi ilə münasibətiniz, tanışlığınız varmı?

- Yox, məndən öncəki köməkçi ilə heç bir münasibətim yoxdur, onu tanımıram.

- Bəs digər deputat köməkçilərilə necə, münasibətləriniz varmı?

- Təzə işlədiyim üçün digər deputat köməkçilərini də yaxşı tanımıram. Təxminən 10-15 nəfər deputat köməkçisilə tanışlığım var. Qalanları Milli Məclisdə olan zaman görürəm.

- Təbii ki, seçicilərlə görüşürsünüz. Hansısa bir seçici öz deputatını görmək istəyini bildirən zaman bu şəraiti yarada bilirsinizmi?

- Bəli, şəxsən mən özüm seçicilərlə tez-tez ünsiyyətdə oluram. Əgər hansısa bir seçici israrla deputatını görmək istəsə, ona bu şərait yaradılır.

- Deputat köməkçisi işi çətindir?

- Çox çətindir. Köməkçi təyin olunmazdan öncə bu işin belə çətin olacağını düşünməzdim. Həqiqətən də, seçicilərlə işləmək asan məsələ deyil. Kənardan baxanda bu iş mənə asan gəlirdi. Amma işin içərisində olduqdan sonra onun nə dərəcədə çətin olduğunu anladım.

- Aynur Quliyeva sizə köməkçi vəzifəsini təklif edən zaman işin belə ağır olduğunu bilsəydiniz, buna cavabınız müsbət olmaya bilərdi?

- Yəqin ki, razılaşardım. Çünki köməkçi vəzifəsi mənim üçün böyük təcrübədir. Mədəniyyət və Turizm Nazirliyində işləyəndə əmək haqqım bir qədər aşağı idi. Amma işim də yüngül idi. Deputat köməkçisi işinin maaşı bir qədər artıqdır, amma işimiz çox ağırdır. Bəlkə də gördüyümüz iş aldığımız maaşdan artıqdır. 

- Deputat köməkçisi işnin çox çətin olduğunu dediniz. Çətinliklər nədən ibarətdir?

- Bəzən elə seçici olur ki, israrla öz problemlərinin həllini bizdən tələb edir. Halbuki, biz onların problemlərinin həllində sadəcə vasitəçi ola bilərik. Biz seçicilərin problemlərilə bağlı aidiyyatı orqanlara məlumat veririk. Seçicilər müxtəlif xarakterli adamlardır, onların hər biri ilə dil tapmaq lazımdır.

- Tərtər bölgəsində seçicilərin əsas problemləri nə ilə bağldır?

- Onlar əsasən maddi problem, işsizlik və başqa məsələlərlə əlaqədar müraciət edirlər.

- Aynur xanımın fəaliyyətinə beş ballıq şkala ilə necə vermək olar?

- Düşünürəm ki, deputatımızın fəaliyyəti seçicilərin ürəyincədir. Mənim fikrimə gəlincə, Aynur xanım fəal deputatlardan biridir.

- Qadın deputatla işləmək çətindirmi?

- Hərdən çətin olur. Fikrimcə, qadın qadını, kişi də kişini daha yaxşı anlayar. Məhz bu hallarda müəyyən çətinliklər ortaya çıxır.

- Deputat Aynur Quliyevanın şəxsi işlərinə kömək edirsinizmi?

- İşimiz sırf deputatlıq fəaliyyətilə bağlıdır. Nadir hallarda olar ki, Aynur xanım şəxsi işlərilə bağlı mənə məlumat verər.

- Deputat köməkçisi işi sizə hansısa arzuladığınız şəxsləri görməyinizdə kömək edibmi?

- Ağlıma gətirə bilməyəcəyim şəxslərlə görüşürəm. Amma bu görüşlərin gələcəkdə hansısa şəxsi işimə müsbət təsir göstərəcəyini təxmin etmirəm. 

Aqil LƏTİFOV

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı