Modern.az

Azərbaycan Rusiya ilə heç-heçə etdi

Azərbaycan Rusiya ilə heç-heçə etdi

14 Oktyabr 2009, 23:14
Azərbaycan milli futbol yığması 2010-cu il Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sonuncu oyununu Rusiyaya qarşı keçirdi və heç-heçə etdi.
Modern.az xəbər verir ki, oyunda hesabı 13-cü dəqiqədə Andrey Arşavin açaraq Rusiya yığmasını irəli çıxarıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə futbolçularımızın hesabı bərabərləşdirmək üçün göstərdikləri cəhdlər 54-cü dəqiqədə bəhrəsini verib. Vaqif Cavadovun uzaqdan vurduğu zərbə ilə hesab bərabərləşib - 1:1.
80-ci dəqiqədə Azərbaycan yığmasının qapısına təyin edilmiş penaltini qapıçımız Kamran Ağayev dəf edib. Qarşılaşma 1:1 hesabı ilə sonuclanıb.
Qeyd edək ki, matçın 35-ci dəqiqəsində ruslar azərbaycanlı azarkeşlər olan sektora bir neçə dəfə partlayıcı maddə atıb. Bundan sonra yerli fanatlarla ruslar arasında yumruq davası düşüb. Hadisə polis işçilərinin müdaxiləsindən sonra sakitləşdirilib.
Oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bunları bildirib: "Bu heç-heçəni Azərbaycan xalqına ərmağan edirəm. Biz qələbə də qazana bilərdik. Lakin əlverişli şanslardan yararlana bilmədik. Bununla belə Lixtenşteynlə səfər oyununda qalib gəlib, Rusiya millisiylə heç-heçə oynamaq böyük uğurdur”. 
Almaniyalı mütəxəssis millinin 3 üzvünü xüsusi fərqləndirib: “Üç real şansımız oldu. Onlardan istifadə edə bilsəydik, daha yaxşı olardı. Qol buraxdıqdan sonra uşaqlar ruhdan düşmədilər və sonadək mübarizə apardılar. Bü gün komanda yaxşı oynadı. Amma 3 futbolçunun adını xüsusi qeyd etmək olar - Vaqif, Ruslan, Kamran. Lixtenşteynlə ikinci hissədə yaxşı oynamışdıq. Bu gün də gözəl oyun nümayiş etdirdik. Baxmayaraq ki, 3 futbolçumuz - Rəşad, Samir və Elnur yox idi. Rusiya millisinin müdafiə xəttində problemlər var idi. Onları təzyiqdə saxlayarkən, səhvə yol verirlər. Vüqarı da ikinci hissədə məhz bu səbəbdən meydana buraxdım. Çətin qrupa düşmüşdük. Lakin fikrimcə, pis oynamadıq. Seçdiyimiz istiqamət düzdür. Gələcəkdə də bu cür davam edəcəyik. Amma uşaqlar gərək klublarında daha çox oynasınlar.  Uşaqlar komandada bir-birlərini gözəl anlayırlar. Bu da məni sevindirir”.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi