Modern.az

Qısır ədavət

Qısır ədavət

Aktual

29 Avqust 2015, 10:20

AXCP rəhbərliyinin siyasi satira və ikrah hədəfində saxlanması  prosesini  izləyib qəti əminliklə söyləmək olar ki, bu, bir ovuc adamdan başqa, heç kəsə maraqlı və lazımlı situasiya deyil.

Ortada köhnə ədavətlər tipli bir yamsılama var. Lakin fərq ondan ibarətdir ki, cari savaş sərgüzəştləri qısırlığı olan davadır; Çünki daha AXCP-nin şinelindən çıxacaq bir şey qalmayıb-istər fərqli Cəbhə abbreviaturası ilə, istər tamam başqa adla.

Yeni narazı qrupun  partiyanın taleyinə “yanğı”sı əski davaçıların, əqidəli cəbhəçilərin həyəcanları yanında kiçicik bir zərrədir və eyni şəkildə saf görünmür. Əgər birincilərin mübarizəsi AXCP-nin taleyini arzuolunmaz rüsvaylıqla həll etdisə, indiki beş-on adamın haray-qışqırıqla ortaya atılması  möhürə, sədr kreslosuna yönəlik nəfsin mənbəyindən uzağa getmədiyi üçün, riya ilə düzlüyün toqquşması anlamında əsla haqlı bir ixtilaf yoxdur, məsələlərin alt qatında siyasi biznes maraqlarına xidmət edən çirkin bir fəaliyyət dayanır.        

Parçalana-parçalana gəlib siyasətin dibinə düşmüş AXCP-dən Əli Kərimlinin özü üçün qoruyub saxladığı çox balaca bir hissəyə tamah salmaq nəticəni Ədliyyə Nazirliyinin əliylə möhürün alınmasına kimi inkişaf etdirə bilər, amma partiyanın əsas abbreviaturası məsələsində Mirmahmud Mirəlioğluya, Fazil Mustafaya, Qüdrət Həsənquliyevə qalib gələn Kərimlinin  Razi Nurullayevə uduzması absurd və saxta görünərdi.

Siyasi komfortunu mərhələ-mərhələ itirmiş Əli Kərimlinin bu gün yeganə təsəllisi beynəlxalq təşkilatlar tərəfindən qapısının döyülməsi, onların Azərbaycandakı ofislərinə dəvət olunması faktıdır ki, bu faktı hədəf götürülən  möhür məsələsi belə, çətin dəyişə bilər.  

Əslində, inqilabçı qiyafəsi geymiş yeni cəbhəçilərin Əli Kərimlinin üzərinə düşməsi  məntiqsiz bir kampaniyadır. Onun sədrlik etdiyi təşkilat uzun qovğalar, ziddiyyətlər, münaqişələr burulğanında sorulmuş, barsız bir ağac halına düşmüş, özü isə siyasətin iztirablı enişində yürüyən, siyasət səltənəti çökmüş, siyasi parıltısını itirmiş, bütləşdirilmiş bütü çoxdan sındırılan siyasi fiqura çevrilib.  Söhbət hansı AXCP-ni xilas etməkdən, hansı Əli Kərimlinin məhvini qarşıya məqsəd qoymaqdan gedə bilər?!

AXCP-nin iflasında oynadığı rola görə onun mühakiməsi üçün məhkəmə sistemi qurmaq, ədalətli hakimlər tapmaq olar, lakin bu, indi  o qədər mənasız cəhdlərdir ki, bütövlükdə müxalifətin yaşadığı böhranın təhlilini bir kənara qoyub,  cüzi güc sahibinin şəxsiyyəti üzərinə getmək boş yerə sərf edilən enerjidən başqa bir şey deyil.

Baxışlar, əks mövqelər,  məsləhətlərsə faktları dəyişmir: Partiya orqanizmi kimi hissələri, nəhəng vücudu məhv edilmiş AXCP üzərinə inadlı səlib yürüşünun çox yeknəsəq final səhnəsi oynanılır. Bu prosesin mərkəzində dayanan əsas məsələ Əli Kərimlinin onsuz da finalda olan siyasi həyatını finala qəti çatdırmaqdan, başqa sözlə, onun olub-qalan iz-tozunu da tamamən silməkdən ibarətdir...  

Yeri düşən haşiyə - HARDAN HARA 


Əgər Əli Kərimlinin siyasi repertuarında xəyanət rolları çox olmasaydı, o, karyerasının yüksək zirvəsini qazana bilərdi. Təpəyə qalxmaq uğrunda mübarizə başqasının haqqını oğurlamaq, başqasını əzməklə aparılanda, tale insanı hündürlükdən  çox sürətlə aşağıya doğru çırpır.

Yaxşı bir liderə çevrilmək üçün qismət deyilən ilahi anlayış  Əli Kərimliyə çox böyük imkanlar yaratmışdı. Az yaşından sanballı auditoriyaların mərkəzində dayanmaq yaxşı gələcəyə tramplin idi. Onun hazırlığından qidalanan gur və haqlı  səsi, qanunlara düşkünlüyü, siyasi məsələlərin təhlilində heyranedici intonasiyası və məntiqi təfəkkürü, partiya fəaliyyətindəki zirəkliyi kimləri heyran qoymurdu ki?!     

Onun həyatının kədərli səhifələrinin fatalist düşüncə ilə o qədər də bağlılığı yoxdur. Liderinə etdiyi yamanlıqların əvəzi ictimai qarğışla qarşıya çıxsa da, Əli Kərimli öz taleyinin acı hissələrini özü yaratdı-təkəbbürü, xudbinliyi, uğurlarının eyforiyası ilə. Bu eyforiyadan yaranan bədxasiyyətlilik  müxalifətin revanşını əngəlləyən hər bir neqativ halın arxasından Əli Kərimlinin siliuetini göstərirdi. Müttəfiq siyasi partiyaları, məsləkdaşlarını hədələyən, təhdid edən qaranlıq, destruktiv fəaliyyəti yaxın çevrəsini, ümumən siyasətə həvəskar insanları sağlam mübarizə zövqündən və örnəyindən məhrum etdi.  

Əli Kərimlinin tez-tez subordinasiyanı pozmaq, müxalif siyasətdə Elçibəy və İsa Qəmbər zirvəsini təmiz, qeyri-təmiz üsullarla mənimsəmək  eşqi ona baha oturdu. Sürətlə elə yalqızlaşdı ki, özünə asi etmədiyi çox az adamın əhatəsində qala bildi.  Budur, bu gün artıq o məhdud əhatə də-təbii, ya qeyri təbii yollarla-əldən çıxır.

Əli Kərimlinin siyasi həyat trayektoriyasını əks etdirən cədvəlin proloqu pozitiv faktlarla başlasa da, nə yazıqlar ki, epiloqu saysız-hesabsız mənfi hadisələrlə bitir.

Quruyan siyasi bulağın son damcılarını qarət etmək istəyən bir ovuc fürsətcil məsləkdaşının hiyləsi onun siyasətdəki varlığına tamamən son qoya bilməsə də, hər halda siyasi eyiblərini dillərə təkrar salacaqdır.        

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar