Modern.az

“Milli Məclisin İntizam Komissiyası 5 ildə cəmi 1 iclas keçirib, 1 deputatı cəzalandırıb”

“Milli Məclisin İntizam Komissiyası 5 ildə cəmi 1 iclas keçirib, 1 deputatı cəzalandırıb”

20 Oktyabr 2010, 15:29

Ötən 5 il ərzində Milli Məclisin İntizam Komissiyasının yalnız bir iclası keçirilib və 1 deputat haqqında ciddi ölçü götürülüb. Bu halı istisna etməklə, deputatlar arasında hansısa qanun, intizam pozuntusu halı baş verməyib. Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev bu sözləri hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən beş ildə Milli Məclis nümunəvi fəaliyyət göstərib. Komissiya sədri bildirib ki, üçüncü çağırışda Milli Məclisdə nizam-intizam məsələlərində hər hansı problem yaşanmayıb. Deputatın fikrincə, bəzi xırda məsələlər baş versə də, bu ümumi işə mənfi təsir göstərməyib. 

“Hərdən bəzi KİV nümayəndələri mənə hansısa deputatların tez-tez iclaslarda iştirak etmədikləri ilə bağlı sual verirlər. Amma bu iddiaların heç bir əsası yoxdur. Çünki millət vəkillərimiz mütəmadi olaraq ezamiyyətlərdə, xarici səfərlərdə olurlar. Xüsusilə beynəlxalq təşkilatların tədbirlərində iştirak edən deputatların fəaliyyətini qeyd etmək istəyirəm. Onlar həmin təşkilatlarda müstəqil dövlətimizi təmsil edir, ölkəmizin maraqlarını müdafiə edirlər. Hətta mən özüm də bəzən olur ki, hansısa beynəlxalq səviyyəli tədbirdə iştirak edirəm və parlamentin iclasında iştirak edə bilmirəm”-deyən A.Əbiyev qeyd edib ki, bu halları üzrlü saymaq olar və deputatların iclaslarda iştirakı qənaətbəxşdir.  

Millət vəkili bildirib ki, müstəqilliyimizin ilk illərində, Milli Məclisdə bu orqanın statusuna, imicinə yaraşmayan olaylar yaşansa da,  amma sonradan bu hadisələrə demək olar ki, son qoyulub. Milli Məclisdə yaradılan qayda – qanun deputatların daha əlverişli şəraitdə və daha keyfiyyətli şəkildə fəaliyyətinə imkan verdi.  

“Bir sözlə sevindirici haldır ki, İntizam Komissiyası işsiz qalıb. Əgər başqa ölkələrin parlamentlərində baş verən olaylara nəzərə salsaq, onda bizim millət vəkillərinin nə qədər nümunəvi fəaliyyət göstərdiyinin, yüksək siyasi mədəniyyətə malik olduğunun şahidi olarıq”-deyə o vurğulayıb.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir