Modern.az

Azərbaycanlı millət vəkilləri Dəniz Baykalla görüşüblər

Azərbaycanlı millət vəkilləri Dəniz Baykalla görüşüblər

Təhsil

15 Oktyabr 2009, 10:08

Türkiyədə səfərdə olan azərbaycanlı deputatlar Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykalla görüşüblər.  Modern.az "CNN Türk"ə istinadən xəbər verir ki, Dəniz Baykal millət vəkilləri ilə görüşdən sonra mətbuat konfransı keçirərək Azərbaycana dəstək verdiyini bəyan edib: "Azərbaycan Qafqazdakı heç bir ölkə ilə bazarlığı ediləcək ölkə deyil. İşğalın ortadan qalxması dəqiqləşmədən Türkiyə Böyük Millət Məclisi sərhədlərin açılması barədə qərar qəbul edə bilməz və etməyəcək. Biz CHP olaraq bu məsələdə qərarlı mövqe tutacağıq”.
Dəniz Baykal deyib ki, məlum protokolun imzalanması Azərbaycanın Qafqazdakı münaqişələrin həlli məsələsindəki gözləntilərinə uyğun deyil. Onun fikrincə, Qafqazda önə çıxmalı olan, təcili həll edilməli daha vacib məsələlər var. Bunların başında isə Azərbaycan torpaqlarının beşdən birinin Ermənistan tərəfindən işğalının davam etməsi gəlir: “Bu işğala son qoyulması daha vacib problemdir. Amma bu məsələdə heç bir yeni, umidverici və ciddi addımın atılmamış olması, bunun əvəzində isə Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmasına yönəlmiş protokolun imzalanması təbii olaraq Azərbaycan xalqında narahatlıq yaradıb. Bunu görmək və anlamaq lazımdır. Bu protokolların imzalanması qüvvəyə minməsi demək deyil”.
Dəniz Baykal xatırladıb ki, Türkiyə rəsmiləri protkolun imzalanmasının parlamentdə ratifikasiya edilməsi ilə eyni şey olmadığını bəyan edirlər: “Bu gerçəyi hörmətli baş nazir Bakıya səfəri zamanı Azərbaycan Məclisində də ifadə edib".
Dəniz Baykal Azərbaycanı bölgə üçün çox vacib bir ölkə saydığını da bəyan edib: “Azərbaycan tək Türkiyə üçün yox, bütün bölgə üçün vacib bir ölkədir. Çox böyük təbii ehtiyatdarı, sabit siyasəti olan, təhsil, mədəniyyət səviyyəsi yüksək insanlardan ibarət bir ölkə kimi Qafqazdakı sabitsizliyin təməl daşıdır. Azərbaycan Avropanın təbii qaz, neft ehtiyacı məsələsində ən vacib ölkə səviyyəsindədir”. CHP sədrinin fikrincə, belə bir ölkənin prinsiplərinin beynəlxalq sistem tərəfindən diqqətə alınmaması ciddi yanlışlıqdır: “Türkiyəni idarə edənləri də, Avropalı dövlət adamlarını da, ABŞ-ı da belə bir yanlışlıqdan qorumaq istəyirik”.
CHP sədri bəyan edib ki, Türkiyə xalqı, iqtidarı, müxalifəti, bütün siyasi partiyaları ilə Azərbaycan xalqının yanındadır. Onun sözlərinə görə, Türkiyə Azərbaycana ziyan vurulmasına yol verməyəcək.
Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Nizami Cəfərov isə Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı olmadığını bildirib. Lakin onun söxlərinə görə, əvvəlcə Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir