Modern.az

“Yurdunu tanıdanlar” - Əbülfəz Elçibəyin ata yurdu - Kələki - RUBRİKA

“Yurdunu tanıdanlar” - Əbülfəz Elçibəyin ata yurdu - Kələki - RUBRİKA

4 Sentyabr 2015, 12:00

“Orda bir köy var uzaqda...”

Bu, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun ən kiçik kəndlərindəndir. Əhalisi o qədər də çox deyil - min nəfərə qədərdir (2000-ci ildəki rəqəmlərə əsasən, kəndin əhalisi 450 nəfər idi). Amma 1990-cı illərin əvvəllərində əhalisi heç 300-ə çatmayan bu kənd az qala bir turizm obyektinə çevrilmişdi. Ölkənin demək olar hər yerindən, hətta qonşu ölkələrdən -Rusiya, İran, ən əsası Türkiyədən bu kəndə qonaqlar gəlirdi. Təbii ki, o zaman yaşayış səviyyəsi o qədər də yaxşı olmayan bu kiçik obada onları cəlb edəcək hansısa görməli yer, cəlbedici təbiət yox idi. Yalnız bir şəxsə görə qonaqların ard-arası kəsilmirdi. O, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy idi. 1993-cü ildə prezident vəzifəsindən istyefa vermədən qəflətən doğma Kələkiyə qayıdan Elçibəy öz kiçik kəndində məskunlaşdı. O gündən (elə ondan əvvəl də, sonra da) kiçik, kasıb Kələki ölkənin brend kəndlərindən birinə çevrildi.

Modern.az  saytı bu gündən “Yurdunu tanıdanlar” adlı rubrikaya start verir. Bu rubrikada təkbaşına bütün respublikada öz elini, obasını, anadan olduğu kəndini tanıdan məşhur və onun anadan olub böyüdüyü yurdu haqqında söhbət açılacaq. Əvvəlcə Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin doğma yurdu olan Ordubadın Kələki kəndindən və o kəndin Elçibəyli xatirələrindən danışacağıq:


Kələki...

Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənddir. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından alıb. “Oykonim” ərəb dilindəki “kələ” (məbəd) və fars dilindəki “kuh” sözünun fonetik variantı olan iki sözdən düzəlib, “məbəd dağı” mənasındadır. 1990-cı illərdə Kələkidə yaşayış səviyyəsi o qədər də yaxşı olmayıb. Dağlıq ərazi olduğu üçün daha çox heyvandarlıq bu ərazidə geniş yayılıb. Xəlil obası deyilən səfalı əraziləri yay vaxtı bu kəndin yaylaqları olub. Yeri gəlmişkən, qeyd edək ki, mərhum prezident Əbülfəz Elçibəy də 1939-cu ildə bu yaylaqda dünyaya göz açıb. Amma bu barədə bir qədər sonra. Kəndin əsas gəlir qaynaqlarından biri də Rusiya və Türkiyəyə işləməyə gedən kəndlilər olub. Kələkililər məcburiyyət səbəbindən uzun müddət daha çox Türkiyəyə çörək arxasınca gediblər. Bu ənənə təbii ki, indi də qalıb. Amma vəziyyət azacıq da olsa, stabildir. Kəndin işıq və qaz təminatı yaxşılaşdırılıb. Yaxın ərazidə qızıl mədənlərinin işə salınması Kələki sakinlərinin iş ehtiyacını qismən də olsa ödəyib. Amma yəqin ki, heç kəs etiraz etməz: Bu kəndin vizit kartı ölkənin ikinci prezidenti olmuş mərhum Əbülfəz Elçibəydir.

Onun haqqında çox danışmağa o qədər də ehtiyac yoxdur. Milli- azadlıq hərəkatının liderlərindən olan Əbülfəz Qədirqulu oğlu Əliyev 1939-cu ilin yayında bu kənddə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Daha sonra ərəb ölkələrində tərcüməçiliklə, Azərbaycanda isə elmi fəaliyyətlə məşğul olub. Amma tələbəlik dövründə siyasi proseslərə laqeyd qalmayan gələcək prezident sonradan aktiv siyasətə qoşulub.

Elçibəyin böyük qardaşı Almurad Əliyev Modern.az-a verdiyi müsahibəsində Əbülfəz bəyin Xəlil düzündə dünyaya göz açdığını deyib. O zaman yay çağı yaylağa qalxarmışlar və iyun ayında da o, anadan olub. Maraqlı məqam budur ki, ömrünün sonunu Kələkidə keçirən eks-prezident xəstə çağlarında tez-tez Xəlil düzünə baş çəkərmiş. Ən çox sevdiyi qonaqlarla elə Xəlil düzünə gedərmiş:

“Uşaq vaxtı çox zaman Xəlil düzündə yaylaqda olardıq. Əbülfəz Elçibəy də yaylaqda anadan olmuşdu. 2-3 yaşı olanda hamı onu çox istəyirdi. Xırda işlər görürdü. Bir az böyüyəndən sonra bizə lap çox kömək etməyə başladı. Məktəbə getməyən vaxtlarında istəyirdi ki, kömək üçün harasa gedib bir iş görsün. Anam deyirdi ki, onunla işin olmasın, qoy getsin. Yəni o vaxtdan çox fəal olub. Sonra məktəbə getdi. Dərslərini çox yaxşı oxuyurdu. Elə uşaq vaxtlarından kənddə nə qədər çətin iş var idisə, hamısını özü görməyə çalışırdı. Çox zəhmətkeş adam idi”.



Elçibəyin Kələkidəki evi, iş otağı, yazı masası

1993-cü ildə gözlənilmədən doğma kəndində dönən Əbülfəz Elçibəy bir müddət orada yaşayıb. O zaman siyasi-ideoloji, eləcə də millətçi-fəlsəfi fikirlərini əks edən lazımı qeydlər, yazılar yazıb. “Azadlıq” radiosunun bir neçə il bundan əvvəl onun Kələkidəki evindən hazırladığı reportajdan maraqlı bir detalı təqdim edirik:

“Mərhum eks-prezidentin qaldığı evə baş çəkirik. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: “Bu, Əbülfəz Elçibəyin iş otağıdır...”.

Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məhəmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan “Camel” qutusu var. Görünür, Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib. Bələdçimiz isə Əbülfəz Elçibəylə bağlı xatirələrinə ara vermir:
”Bəyin Bakıya qayıtmasına iki il qalmışdı, düz Kələki kəndinin girişinə polis postu qoyuldu. Bəy həmin polisləri bizdən ayırmırdı. Bizə tapşırmışdı ki, kəndə bir toy oldumu, polislərin də payı göndərilsin. Baxmayaraq ki, bu polis postu onun yolunu kəsmək üçün qoyulmuşdu...”.

Kələki bu gün də siyasi proseslərlə yaxından maraqlanan, hətta maraqlanmayan hər kəsin əzbər bildiyi bir kənddir.  Bir neçə gün bundan əvvəl mərhumun ölümünün növbəti ildönümündə qardaşı ilə əlaqə saxlayanda belə bir fikir söyləmişdi: “Özüm gedə bilməmişəm. Amma kənddə - Kələkidə bu dəqiqə Əbülfəzə görə ehsan verilir. Zəng vurub təşəkkürümü bildirdim”.

Fakt budur ki, Kələki onu respublikaya tanıdan şəxsi qətiyyən yaddan çıxarmayıb.



Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir