Modern.az

Bakının TIXACLI günləri başlayır

Bakının TIXACLI günləri başlayır

9 Sentyabr 2015, 14:17

Yeni tədris ilinin başlamasına bir həftədən az qalır. Artıq Bakıda həm nəqliyyat vasitələrinin, həm də adamların sayı çoxalıb. İctimai nəqliyyatdan istifadə edənlər yaxşı bilir ki, ən azı ayaq üstdə dayanmaq üçün böyük çaba sərf etməli olursan. Paytaxtdakı tıxacların əsas səbəbləri şəhərin həddindən artıq yüklənməsi, avtomobil sayının çoxluğu, həmçinin heç bir xəbərdarlıq edilmədən yollarda aparılan təmir-tikinti işləri ilə bağlıdırsa, digər səbəb sürücülərin qanun-qaydalara riayət etməməsi ilə əlaqədardır. “Bütün ölkələrdə bu problem var” ifadəsi isə təsəllidən başqa heç nəyə yaramır...

Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı Modern.az saytına deyib ki, yarana biləcək sıxlığın aradan qaldırılması üçün lazımi tədbirlər görülür. O qeyd edib ki, əsas küçə və prospektlərdə “Yaşıl dalğa” prinsipinin tətbiqi məhz tıxacların aradan qaldırılmasına yönəlib:

“Paytaxtın üç yerində, yolun hərəkət hissəsində dəyişiklik edilib. İlk olaraq Bakıxanov küçəsindən Ceyhun Hacıbəyli küçəsinə dönən yolda daimi sağa dönmə əmri tətbiq olunub. Ən çox avtomobil yükü olan 3-cü mikrorayon dairəsində də dəyişiklik edilib. Sıxlığın ola biləcəyi nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən dairəyə gedən yolda, dairəyə girmədən geriyə dönmə layihəsi hazırlanıb. Eyni zamanda, sürücülər üzbəüz yolda Ceyhun Səlimov küçəsindən dairəyə doğru getdikdə dairəyə girmədən geriyə qayıda bilirlər. Bu da həmin dairədə, xüsusilə pik saatlarda sıxlığı azaldacaq.

Hazırda təmir işləri aparılan Babək prospekti və Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində, Təhsil Nazirliyinin qarşısında da geriyə dönmə əmri tətbiq ediləcək”.

Şəfa Mehmanqızı onu da bildirib ki, nazirlik sentyabrın 15-də gücləndirilmiş rejimində çalışacaq: “Bütün avtobus dayanacaqlarında avtomobil xidmətinin əməkdaşları sürücülərin, həmçinin vətəndaşların piyada keçidlərindən düzgün istifadəsinə nəzarət edəcək. İctimai nəqliyyat qaydalarına riayət etməyənlərə nəqliyyat işçiləri tərəfindən broşürlər paylanacaq.

Sentyabrın 15-də səhər və axşam saatlarında avtomobillərin çox olacağını nəzərə alaraq “Yaşıl dalğa” tətbiq olunmayan yollarda belə sıxlıq yarandığı təqdirdə mərkəzin mütəxəssisləri həmin küçə və prospektin işıqforuna müdaxilə edərək yaşıl işığın yanma müddətini artıracaq.

Həmin gün qanunsuz parklama hallarının artacağı da nəzərə alınaraq Nəqliyyat Nazirliyi Dövlət Yol Polisinin əməkdaşları ilə birgə çalışacaq. Valideynlər öz övladlarını məktəblərə apararkən avtomobili yolun kənarında saxlayır. Bu da həmin yolun daralmasına səbəb olur. Nəticədə saatlarla tıxaclar yaranır. Bundan başqa, mərkəzin 141 qaynar xətti də fəaliyyət göstərir ki, nəqliyyatla bağlı çətinliyi olan sərnişinlərin sualları operativ cavablandırılacaq”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir