Modern.az

Bakıdakı hansı universitetdə Wi-Fi şəbəkəsı var, hansında yoxdu? - SORĞU

Bakıdakı hansı universitetdə Wi-Fi şəbəkəsı var, hansında yoxdu? - SORĞU

Aktual

9 Sentyabr 2015, 15:28


Hər il dünya üniversitetlərinin reytinq cədvəli hazırlanır və beynəlxaq ictimaiyyətə açıqlanır. Yüzlərlə universitetinin adının qeyd olunduğu həmin siyahılara çox vaxt bizim universitetlər ya düşmür, ya da düşəndə son sıralarda qərarlaşır. Azərbaycan universitetlərinin dünyanın təhsil ocaqlarından geri qalma səbəblərindən biri də informasiya texnologiyasının tətbiqindəki qüsurlardır. Məsələn, universitetlərimizdə Wi-Fi şəbəkəsi qurulmayıb. Bundan əlavə, dünya universitetlərinin tələbə və müəllim heyəti yazışanda özlərinin universitet e-maillərindən yazırlar. Reytinq cəcvəlləri hazırlanarkən belə xırda detallar da nəzərə alınır.
Bəs Azərbaycanın ali təhsil ocaqlarında vəziyyət necədir, bizim universitetlərdə Wi-Fi şəbəkəsi qurulubmu? Modern.az saytı bununla bağlı universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinin İnternet və şəbəkə texnologiyaları şöbəsinin proqramisti Elvin Şükürov bildirib ki, Wi-Fi şəbəkəsi yalnız ali məktəbin kitabxanasında quraşdırılıb:
“Universitetin digər sahələrində isə təhlükəsizliyin təmin edilməsi məqsədilə lokal şəbəkə qurulub. Tələbələr üçün isə xüsusi yerlər yaradılıb ki, onlar bura gələrək internetdən istufadə edə bilsinlər”.
E.Şükürov universitetin müəllim heyəti üçün serverlərinə bağlı e-mail xidmətlərinin də olduğunu qeyd eidb. “Universitetin bütün əməkdaşlarının saytımıza bağlı rəsmi e-mailləri var. Onların artıq bundan nə dərəcədə istifadə etmələri özlərinə bağlıdır. Sentyabrdan isə tələblərlə bağlı yeni tələbə sistemi layihəmizə başlayırıq və bundan sonra tələbələrin də saytımıza bağlı e-mailləri olacaq”.

Bakı Slavyan Unievrsitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev universitetin Wi-Fi  şəbəkəsi ilə tam təmin olunduğunu bildirib.
“Amma müəllim-tələbə heyəti üçün universitet e-mailləri açılmayıb. Bizdə server yenilənməsi aparılır. Provayder servisi yenilədikdən sonra hər şey bizdə dünya standartlarına cavab verəcək və bu kimi məsələlər də öz həllini tapacaq”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova təhsil ocağının Wi-Fi şəbəkəsi ilə təmin olunduğunu qeyd edib.
“Universitet müəllimlərinin rəsmi e-mailləri var. Rektor, prorektor, dekanlar, müəllim heyəti yazışmalarda bu emaillərdən istifadə edirlər.  Tələbələr isə özləri müraciət etdikləri təqdirdə, onlara belə korporativ emaillər açılır".

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova inzibati bina və klinakalarda həm Wi-Fi, həm də genizşzolaqlı internetin mövcud olduğunu qeyd edib. O, eyni zamanda universitetə bağlı müəllim heyətinin e-maillərinin olduğunu bildirib.
“İnzibati bina işçiləri, həkimlər həmin e-maillərdən istifadə  edirlər. Sadəcə, saytımızda hazırda yenilənmə prosesi gedir. Üzdən açıq olduğu görsənir, amma daxilən bağlıdır. Ona görə e-maillərdən istifadə də problem yaranır. Amma bizim işçilərimizin hər birinin universitet e-maili var. Tələbələrin belə e-maillərinin olub-olmadığı haqqında isə məlumatlı deyiləm”.

Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentindən verilən məlumata görə hazırda əsas inzibati bina Wi-Fi  şəbəkəsi ilə təmin olunub.
“Ali təhsil ocağının qalan 3 binası isə bu ilin sonunacan şəbəkəyə qoşulacaq və tələblər dekanlığa yaxınlaşıb, Wi-Fi parollarını əldə edə biləcək. Keçən il universitetin “onlayn” sistemində köklü dəyişiklər edildiyi üçün artıq müəllim və tələblərin də universitetlərə bağlı korporativ e-mailləri var. Biz bu işləri artıq geridə qoymuşuq”.

Azərbaycan Dövlət  Pedoqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirmə”  Mərkəzinin direktoru İlham Əhmədov  bildirib ki, universitet  ərazisi Wi-Fi şəbəkəsi ilə  qismən təmin edilib. 
“Wi-fi siqnal  şəbəkəsi əsasən  bizim mərkəzin ərazisində keyfiyyətlidir. Universitet  rəhbərliyinin (rektor və prorektorların), universitetin  müəyyən şöbələrinin universitetə bağlı  e-mailləri (korporativ e-mailləri) var.  Ayrı-ayrı müəllimlərin və tələbə heyətinin universitetə  bağlı  e-mailləri yoxdur. Onlar özlərinin şəxsi e-maillərindən istifadə edirlər”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!