Modern.az

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlər...

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlər...

11 Sentyabr 2015, 09:24

Dünyada olduğu kimi, Azərbaycanda da ildən-ilə boşananların sayı artır. İlk vaxtlar sadə görünən boşanma halları özündən sonra bir çox problemləri də gətirir. Valideynlərin ayrılması ilk növbədə onların övladlarına psixoloji təsir göstərir. Bu prosesdən sonra valideynlərdən birinin uşaqla yetərincə maraqlanmaması isə sonda onların bu hüquqlardan məhrum edilməsi ilə nəticələnir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Seymur Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda valideynlik hüququndan məhrum etmə halları praktikada rast gəlinib, amma bu, tez-tez baş verən proses deyil:

“Valideynlik hüququndan məhrum edilmə Ailə Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 64-cü maddəsində göstərilir ki, valideynlər nələri törətdikdə bu hüquqdan məhrum edilirlər. Məsələn, alimenti qəsdən ödəmədikdə, valideyn vəzifələrini yerinə yetirmədikdə və digər səbəbdən. Bu maddəyə yeni bənd də əlavə edilib ki, ailədə uşaqlara qarşı məişət zorakılığı hərəkətləri  törədildikdə də valideynlər bu hüquqdan məhrum edilirlər”.

Seymur Məmmədov qeyd edib ki, valideynlik hüququndan məhrumetmə məhkəmə qaydası ilə gerçəkləşdirilir:

“Buna az təsadüf olunur, amma tərəflər belə bir məsələ qaldırdıqda biz prosesdə iştirak edib, öz rəyimizi bildiririk. İldə təxminən 1-2 belə hadisə olur. Əsasən boşanan ailələrdə valideynlərdən biri müraciət əsasında bu hüquqdan məhrum edilir. Amma həm ana, həm atanın valideynlik hüququndan məhrum edilməsinə praktikada rast gəlinməyib”.

Onun sözlərinə görə, valideynlik hüququndan məhrumetmədən öncə məhdudlaşdırma aparılır:

“Müvafiq icra hakimiyyəti orqanına müraciət edildikdən sonra ilk 6 ay ərzində valideyn övladından məhrum edilir və artıq həmin uşağın tərbiyəsi ilə məşğul olmur. Həmin müddətdə uşağın təminatı ilə bağlı valideyn tərəfindən addım atılmadıqda məhkəməyə müraciət edilir və proses həyata keçirilir”.

Ailə, Qadın və Uçaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2013-cü ildə 92 valideynlik hüququndan məhrum etmə halları, 90 valideynlik hüquqlarının məhdudlaşdırılması halları olub.  2012-ci ildə isə 112 valideynlik hüquqlarından məhrum etmə halları, 25 valideynlik hüquqlarının məhdudlaşdırılması halları olub. 2014 və 2015-ci ilin ilk 6 ayı ilə bağlı tam statistika mövcud olmadığı üçün komitədən məlumat verilməyib.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...