Modern.az

“Xoşbəxtlik qayğıları”nın KADRARXASI: “Rasim Balayev rejissorun göstərişi ilə o oğlanı gerçəkdən vurdu, aləm qarışdı”

“Xoşbəxtlik qayğıları”nın KADRARXASI: “Rasim Balayev rejissorun göstərişi ilə o oğlanı gerçəkdən vurdu, aləm qarışdı”

Mədəni̇yyət

13 Sentyabr 2015, 09:01

Kadrarxası” layihəsinin bu həftəki qonaqları istedadlı aktrisa Xalidə Quliyeva və əməkdar artist Ələsgər Məmədoğludur.

Modern.az saytının təqdimatında “Xoşbəxtlik qayğıları” filmindən bəhs edirik.

Arayış: Xalidə Quliyeva 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildə 62 saylı orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino aktyorluğu fakültəsinə daxil olub. Adil İsgəndərovun kursunda oxuyub. Təyinatla kinostudiyaya gedib və 1996-cı ilə qədər orda da çalışıb.
Hazırda müqavilə ilə müxtəlif kino və seriallara çəkilir. Ailəlidir, qızı Afaq müəllimədir, oğlu Nəcəf Avropada magistr təhsili alır. Ülvi və Sürəyya adlı iki nəvəsi var.

Arayış: Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və hazırda fəaliyyətini bu teatrda davam etdirir.

Çəkilişlərinə 1976-cı ildə başlanılan “Xoşbəxtlik qayğıları” filmi insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Filmin baş qəhrəmanları ana Rüxsarə ilə oğlu İbrahimin qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın - Gülxar , Xalidə, Səkinə, Zöhrə və Sevincin gələcək taleyi çox narahat edir. Qonşu evlərdən hər dəfə gəlin köçəndə, göndərilən cehizlər ananın dərdini təzələyir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, “ata-baba” qaydası ilə ər evinə yola salmaqdır. Qızların həm də ata əvəzi olan qardaşları İbrahim ailə səadətinin cehizlə, mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehizpulu qazanmağa çalışır. Əlindən gəlməsə də bağlarda yer belləyib pul qazanmağa çalışır. Bacılar isə israrla deyir ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən. Cehiz söhbətindən sonra Gülxar hətta evi tərk edir. Yalnız İbrahim tərəfindən bu söhbətlərə son qoyulduğunu eşidəndən sonra evə qayıdır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Həsən Seyidbəyli, quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamları Məmməd Hüseynov, Mayıs Ağabəyov, bəstəkarı Tofiq Quliyev, rejissoru Elmira Əliyeva, direktoru Daniil Yevdayevdir.

Rollarda Firuz Babayev, Şəfiqə Məmmədova, Xalidə Quliyeva, Şükufə Yusifova, Dilarə Hüseynova, Cəmilə Ağayeva, Rəna Cəfərova, Nəsibə Zeynalova, Rasim Balayev, Muxtar Manıyev, Məmməd Əlili və başqaları çəkilib.

Peşəkarların toplaşdığı film...

Xalidə Quliyeva deyir ki, filmin rejissoru aktyora qarşı son dərəcə etibarlı idi.


Xalidə Quliyeva
: “Mənim Həsən Seyidbəyli ilə tanışlığım “Nəsimi” filmindən başlamışdı. Həsən müəllimin bir xüsusiyyəti var idi ki, işlədiyi və bəyəndiyi aktyorlarla davamlı işləməyi sevirdi. Onun xüsusilə sevdiyi aktyorlar vardı ki, yeni filmlərin çəkilişinə mütləq dəvət edirdi. 1976-cı ildə Həsən müəllim məni Kino İttifaqına dəvət etdi. Ailə-məişət mövzusunda yeni bir film çəkməyə hazırlaşdığını bildirdi. Və dedi ki, “sənin üçün xüsusi rol yazmışam, Xalidə”. Cavan idim, yəni əslində baş verənlərin o qədər də fərqində deyildim. Məsələ burasındadır ki, gənc olanda həmin vaxt çox şeyə düzgün qiymət verə bilmirsən, amma illər keçəndən sonra bunun fərqinə varırsan. İndi başa düşürəm ki, əslində bunlar taleyin mənə verdiyi bir şans idi, hansı ki, hər aktyora nəsib olmur. O cür möhtəşəm rejissor tərəfindən hər aktyor üçün rol yazılmırdı. O həm ssenarist, həm də rejissor idi. Və bu filmdə Xalidə obrazını məxsusi mənim üçün yazmışdı, mənim adımla adlandırmışdı. Rejissor peşəkar idi, təhsil alıb, məktəb keçmişdi.

Bu film Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Rasim Balayev, Muxtar Manıyev və s. kimi peşəkar aktyor heyətindən ibarət idi.

Həsən müəllimin bir xüsusiyyəti də vardı. O təsadüfi, qeyri-peşəkar insanlara rol verməyi də sevirdi. Mürsəl və Firuz rolunun ifaçıları da bu qəbildən idi. Onlar peşəkar aktyor deyildi. Tahir (Mürsəl) idmanla məşğul olurdu. Seçim o qədər uğurlu idi ki, görüntü olaraq sanki rol, ifaçının üstünə biçilmişdi. Hər rejissor bunu bacarmırdı. Həmin vaxt kinoda nyurealizm adlanan bir cərəyan vardı. Həsən müəllim Azərbaycan kinosuna həyata bənzər kino estetikası, ən böyük dəyər olan reallıq, həyat, pafos-patetikadan uzaq olan kino dili gətirdi. Beləliklə, bir məktəb yaratdı.

Rasim Ocaqov kimi çox istedadlı rejissorumuz Həsən Seyidbəylini özünün müəllimi hesab edirdi. Və hər zaman deyirdi ki, “mən ondan öyrənmişəm”. “Sən niyə susursan?” filmində onlar birgə işləyiblər. Elə günlər olub ki, çəkiliş vaxtı Həsən müəllim Rasim Ocaqova etimad edib, operator olmasına baxmayaraq, “bu gün sən çək, rejissorluq et” deyib. Ona kino reajissoruluğuna yiyələnmək üçün etimad göstərib, praktiki şərait yaradıb, imkanlar verib”.

İdamançı Tahir aktyor kimi...

Filmin Əlövsəti də həmkarı kimi, rejissor Həsən Seyidbəylidən çox razı olduğunu bildirir.



Ələsgər Məmmədoğlu
: “Həsən Seyidbəyli “Ömrün səhifələr”i kinoalmanaxının bədii rəhbəri idi. Üç novella olan “Rəqiblər”, “Nəğmə dərsi”, “Baladadaş”ın çəkilişində tanış olmuşduq. O filmdən məni tanıyırdı deyə, “Xoşbəxtlik qayğıları” filminə dəvət etdi. Məni çağırıb dedi ki, “sənin aktyorluğunu görmüşəm, bəyənmişəm, ona görə də sənə bu filmdə rol yazmışam”.

Həsən müəllim çox peşəkar insan idi. Seçimə qədər biz çoxlu məşq etdik və nəticədə filmə təsdiq olundum. Mən Həsən müəllim qədər aktyora hörmət edən ikinci bir rejissor tanımamışam. Mənim əsas tərəf müqabilim Tahir, aktyor deyildi, idmançı idi. Onun rolunu Əliabbas Qədirov səsləndirmişdi. Bizim münasibətlərimiz çox yaxşı idi. Aktyor olmamasına baxmayaraq, deyilən hər göstərişi bacarıqla yerinə yetirirdi. Çəkiliş müddətində onunla aramızda hər hansı narazılıq olmamışdı. Nəinki onunla, ümumiyyətlə heç kimlə. Çünki, çox mehriban kollektivimiz vardı”.

Baş rolun ifaçısı qeyri-peşəkar idi

Xalidə Quliyeva: “Çəkilişlər Bakıda hayata keçirilib. Filmin böyük hissəsi Suraxanı kəndində ekranlaşdırılıb. Həmin kənddə bir ev kirayələmişdilər. O ev və filmdə gördüyünüz prafilaktoriya bir-birinə yaxın məkanlar idi. Həmçinin müəyyən hissələr kinostudiyanın pavilyonunda lentə alınıb.

Filmdə, profilaktoriyanın sahibi Tahir (Mürsəl), həmçinin baş rol ifaçısı Firuz Babayev (İbrahim) qeyri-peşəkar olmalarına baxmayaraq o qədər yerindədirlər ki, bu səbəbdən də tamaşaçıya təbii təsir bağışlayırlar. Firuz Babayevin kino dilinə uyğun xarici görünüşü vardı, eləcə də mənfi qəhrəmanı oynayan Tahir Yaxının. İbrahimin iş yeri o vaxtkı zavodlardan biri idi.

Bu iki obraz bir-birilərinin tam əksidirlər. Onu da deyim ki, Həsən müəllimin çəkdiyi filmlərdə xarakterlər ön planda olurdu. O sevirdi ki, filmdə fərqli xarakterli obrazlar olsun. Bu iki obrazın həyat tərzləri fərqli olduğu üçün tamaşaçı tərəfindən çox maraqla baxılır. Elə filmlər var ki, orda obrazların hamısı bir-birinə oxşayır, seçilmirlər.

Film bu yaxınlarda televiziya kanallarının birində yenidən nümayiş olundu. Bir tamaşaçı filmi izlədikdən sonra mənim əlaqə nömrəmi tapıb zəng vurdu və təşəkkür etdi. Aktrisa üçün bu çox sevindirici haldır. Filmin poetikası o qədər sadə, o qədər şirin, həm də o qədər qəlizdir ki, hətta orda qaldırılan problemlər bu gün də var, bizi “yeyir-çeynəyir”.

Həm də filmin adında bir paradoks var. Biz bilirik ki, bədbəxtlikdən, problemlərdən qayğılar doğur. Burda təsvir olunanlar isə xoşbəxtliyin qayğılarıdır. Yəni xoşbəxtliyə qayğılar, problemlər, həyata keçə bilməyən arzularla çatmaq və bu xoşbəxtliyi əldə etmək üçün arzulanan şeylərin quluna çevrilmək özü, mənfi təəssürat yaradır. İnsan heç bir arzusunun qulu olmamalıdır. Hər şeyi azad yaşamalıdır”.

Cehiz almaq üçün borca girənlər bu gün də var



Aktyorun fikrincə o zamanlardan meydana çıxan cer-cehiz problemi hələ də davam etməkdədir.

Ələsgər Məmmədoğlu: “Çəkiliş heyətində münasibətlər çox yaxşı idi. Hər parça o qədər məşq olunurdu ki, çəkiliş vaxtı heç bir çətinliyimiz olmurdu. Həsən müəllim pavilyona girib çəkilişə başlayana qədər aktyoru tam hazır edirdi. Tahiri də Firuzu da ikinci rejissor Elmira xanım tapıb gətirmişdi. Filmdə çox böyük aktyor truppası var idi. Hamı bir-birinə qarşı çox yaxşı münasibətdə idi. Mən ikinci dəfə idi ki, filmdə çəkilirdim, özü də o boyda aktyorlarla. Buna baxmayaraq aktyorlarda özümə qarşı çox böyük hörmət-izzət hiss edirdim. Heç kim digərinə üstdən aşağı baxmırdı. Film o qədər realdır ki, illər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını itirməyib. Nəzərə almaq lazımdır ki, insanların böyük əksəriyyəti bu gün borc almaq üçün banklara üz tutur-kimisi cehiz almaq üçün , kimisi xəstəliyini müalicə etmək üçün və s. Yəni aktuallıq itməyib”.

Qonşuda “Vağzalı” çalınır, gəlin köçür və yenə də cehiz...

Xalidə Quliyeva: “Toy səhnəsi ayrıca çəkilmişdi. Guya, bizim ailəmiz baş verənləri izləyir. Qızların daxili hissləri sadəcə görüntülərlə nəzərə çatdırılır. Həmin kadrda bütün zamanlarda olduğu kimi, bu günlə dünənin mübarizəsi əks olunub. Gənclərin dünyagörüşü, udduqları hava, geyimi, yedikləri başqa böyüklərin fikirləri isə tamamilə fərqlidir. Necə ki, bunlar bu gün də baş verir. Məsələn, mən özüm bu dəqiqə gənclərin yediyi yeməyi heç bəyənmirəm. Onların yedikləri hot-doq, dönər, pizzanı yemək kimi qəbul edə bilmirəm. O zaman olduğu kimi... Bu filmdə əks olunanlar zamanların toqquşmasıdır.

Filmin sonundakı “Bənövşə” oyununda da simvolik olaraq göstərilir ki, insanlar qurduqları bəndləri qırıb keçməyi bacarmalı, azad olmalıdırlar. Bir deyim var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Həyatda isə insanı geyimə görə qarşılayıb, geyimə görə də yola salırlar.

“Xoşbəxtlik qayğıları” ilə əslində Həsən Seyidbəyli həyatda düzgün yaşamadığımızı sərgiləyib. O göstərib ki, mənəvi-əxlaqi dəyərlər tapdanmamalı, xoşbəxtlik əşyada, geyimdə, qır-qızılda tapılmamalıdır. İnsanı insan edən onun ləyaqəti, əxlaqı, tərbiyəsi olmalıdır, cehiz yox”.

Müsahibimiz deyir ki, bu cür aktyor ansamblı ilə çalışmaq çox böyük zövq və sənət adına xoşbəxtlikdir:

“Düşünürəm ki, insan həyatda fərd olaraq formalaşmalıdır ki, sənətə gətirdikləri də sənət üçün yenilik olsun. Şəfiqə Məmmədova, Nəsibə Zeynalova, Rasim Balayev, Muxtar Manıyev təkrarolunmaz aktyorlardır. Həmçinin, aktrisa Şükufə Yusupovanın filmdə öz poetikası var. Bu cür aktyorlarla birgə iş zamanı çəkilişlər bayram kimi keçirdi. Heç bir çətinlik olmurdu. Rasim Balayev kimi tərəf müqabili haqqında isə deməyə tərif tapmıram. O çox istedadlı, peşəkar aktyordur. Ümumiyyətlə, hamısı sənəti dəlicəsinə sevən, fədakar aktyorlardır, korifeylərdir”.

Hamı ərəb mebellərinə həsrətlə baxırdı...

Əməkdar artist filmin ilk kadrlarından bəhs edərkən o dövr üçün xarakterik xüsusiyyətlərə toxunur.

Ələsgər Məmmədoğlu: “Filmin ilk kadrı olan toy səhnəsində çox sayda insan çəkilmişdi. Filmdəki mebellər doğurdan da ərəb mebelləri idi. Filmdə çəkilən insanlar belə, o mebellərə həsrətlə baxırdı. Çünki, o vaxt hər adam bu mebelləri almaq iqtidarında deyildi. Həm maddi baxımdan çətin idi, həm də o vaxt xaricə gediş-gəliş bu qədər deyildi. Xarici mebel hər adamın evində yox idi.

Həmin mebelləri icazə ilə mebel dükanından gətirmişdilər. Lazımi səhnələr çəkildikdən sonra aparıb qaytardılar. Filmdə istifadə edilən avtomobillər isə adi adamların idi. Xahiş etdik gətirib orda saxladılar biz də filmi çəkdik.

Filmdə çayçını oynayan aktyor Qorxmaz Əlilinin atası çox böyük insan, gözəl sənətkar idi. O Moskvada Karmen kimi böyük rejissorla birgə çalışıb”.

Aktyor çəkiliş prosesində maraqlı hadisəni bizimlə bölüşüb: “Filmdə Rasim Balayevlə Tahir Yaxının dalaşma səhnəsi vardı. Mürsəl onun sevgilisi Xalidəyə söz atır. Bu səhnə heç cür alınmırdı. Həsən müəllim Rasimə dedi ki, sən bunu həqiqətən də vur görək nə olacaq. Hər şey hazır olanda çəkilişə start verildi, amma Tahirə bu barədə heç nə deyilmədi. Rasim bunu vuranda yerdən lom tapıb cumdu Rasimin üstünə. Hamı çox qorxdu. Aləm qızışanda rejissor “stop” deyib çəkilişi saxladı. Lazım olan kadr artıq çəkilmişdi. Tahirə başa saldılar ki, Rasim bu hərəkəti rejissorun göstərişi ilə film üçün edib. Çünki, başqa cür təbii alınmırdı”.

Həsən Seyidbəyli dəqiqliyi

Xalidə Quliyeva: “Çəkilişlər çox rahat keçdi. Çünki, Həsən müəllim dəqiq insan idi. Film üçün əvvəldən məşqlər edildi, hər şey tam hazır olanda çəkilişlər başladı. Bu, Həsən müəllimin xarakteri idi. Sanki, tamaşa hazırlığı kimi ciddi məşqlər keçirirdik.

Filmin çəkilişləri aprel-may aylarına təsadüf etmişdi. Apardığımız məşqlər sayəsində alınmayan səhnələrimiz demək olar ki, olmadı. Ən çətin səhnələr Mürsəllə Sənanın çəkişməsi ilə bağlı idi. Profilaktoriyada gərginlik yaranması, motorun yanması səhnəsi çox təbii çəkilmişdi. Ora doğurdan da profilaktoriya idi. Hər şey təbii və real alınmışdı. Deyir elə libas geyin ki, o bədəninə hopsun. Həsən Seyidbəyli belə rejissor idi. Həm aktyor, həm məkan seçimində çox dəqiq insan idi. Hər şey bir-birini tamamlayırdı.

İbrahimin bağdakı səhnələri Bakı bağlarında çəkilmişdi. Rəhmətlik Ofeliya Aslan harınlamış qadın obrazını yaratmışdı.

Filmdəki uşaqların bəziləri tanış uşaqlar idi, çoxu isə elə orda yaşayanların uşaqları arasından seçilmişdi”.

Akrtisa deyir ki, film barədə mənfi rəy ola bilməzdi: “Əgər filmi Həsən Seyidbəyli çəkibsə, orda pis nəsə ola bilməz. O zəmanəsində öz möhürünü vurmuş insandır. Mən gənc olanda eşitmişdim ki, Həsən Seyidbəyli xalq içində sevilir. Bildiyiniz kimi, ad alan, amma heç də sevilməyən aktyorlar, rejissorlar olub və var. Seyidbəylini isə adı oldu-olmadı xalq tanıyırdı, xalq sevirdi”.

X.Quliyeva filmdə çayçı obrazını yaradan Məmməd Əlili (Qorxmaz Əlilinin atası) barədə xoş xatirələrini də bölüşüb: “Məmməd Əlili çox istedadlı insan olub. Azərbaycan kino tarixində onun çox böyük zəhməti var, amma kadraxasında... Tamaşaçı çox vaxt bu əziyyətləri görməyib, amma bu, danılmazdır. Yadımdadır tapşırılan işi cavanlar bir günə edəndə, Məmməd Əlili bircə dəqiqəyə həyata keçirirdi”.

1997-ci ildə Riqada keçirilən “Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə” rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin xüsusi diplomu verilib.

Gülşən RAUFQIZI

***
Həmçinin oxu:

“Ögey ana”nın KADRARXASI - “Çaya yıxılandan sonra Ceyhun Mirzəyevlə ikimiz də xəstələndik”
//modern.az/articles/84253/1/


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub