Modern.az

Deputatlığa namizəd Jalə Əliyeva seçicilərinə müraciət edib

Deputatlığa namizəd Jalə Əliyeva seçicilərinə müraciət edib

23 Oktyabr 2010, 20:18


Xoş gördük, hörmətli seçicim!

Biz səninlə çoxdan tanışıq. Sən babalarımın doğulub böyüdüyü, yaşadığı  torpağın bir parçası, böyük Zərdabinin ana yurdunun çırağını yandıran doğma Zərdablımsan.  Uşaqlığım sizlərdən uzaqda keçsə də, buraya hər gəlişim, burada keçirdiyim hər gün mənim üçün toy-bayram olub. Uşaq ikən buraları bir körpənin öz anasını sevdiyi kimi sevmişəm.  Mən sənin üçün də əziz  olan el-obamla həmişə fəxr etmişəm.  Böyüdükcə, evdə böyüklərimdən eşitdiyim xatirələr, onların mənə nəql etdikləri həqiqətlər  məni  buraya möhkəm tellərlə bağlayıb.  Dərk etmişəm ki, babalarımın ruhunun dolaşdığı bu məkan mənim taleyim, onların yarıda qalmış  arzularının qanad açdığı bir üfüqdür.

İllər keçdikcə  ürəyim  sizə daha yaxın olmağımı diqtə edirdi,  taleyimə qovuşmaq - yəni sizlərə və doğma yurduma daha da yaxından bağlanmaq üçün yol göstərirdi. Bir müddət tərəddüd edirdim. Bacararammı? Öhdəsindən gələrəmmi? - deyə düşünürdüm.  Nəhayət, ürəyimin səsi qalib gəldi və səni, hər birinizi təmsil etmək üçün bir gün qarşınıza çıxdım.

 İlk gündən aramızda güclü bir körpü yarandı. Bu körpünün təməlində torpağa sonsuz məhəbbətimiz, dövlətə tükənməz sədaqətimiz dururdu. Görüşlərimizdə deyirdim ki, həyatımı  -  dünənimi, bu günümü, sabahımı  borclu olduğum  Vətənim və Dövlətim mənim üçün müqəddəsdir.Deyirdim ki, dövlətimizin əbədiliyi, torpaqlarmızın bütövlüyü mənim şərəfimdir. Deyirdim ki, gündən günə gözəlləşən, böyüyən və inkişaf edən  Azərbaycan, sənin olduğu qədər mənim də qürur mənbəyimdir. Deyirdim ki, doğma Zərdabımızın da bu inkişafdan bəhrələnməsini  istəyirəm.  Deyirdim ki, hər biriniz mənim üçün əzizsiniz və mən sizin daha yaxşı yaşamağınızı arzulayıram. Deyirdim ki, bu arzunun həyata keçməsi üçün, məndən asılı olan nə varsa edəcəyəm, qüvvəmi əsirgəməyəcəyəm.  yorulmadan çalışacaq, sizin səsinizin, sözünüzün tribunası olacağam.

Siz məni diqqətlə dinləyirdiniz. Əslində görüşlərdə təkcə mən deyil, sən də, sözünü demək istəyən hər bir həmvətənim də danışırdınız. Ürəyinizdən keçənləri, istəklərinizi dilə gətirirdiniz.  Mən də sizi diqqətlə dinləyirdim və çox çətin, çətin olduğu qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər ləyaqətli   bir yolun başlanğıcında olduğumu dərk edirdim.

Və biz bir-birimizə inandıq.  Mənə etimad göstərdiniz. Mənim qələbəmi təmin etdiniz. Bu etimad, bu qələbə  məni durmadan çalışmağa səsləyirdi.  Səni, onu, digərini  məyus etməmək üçün, bu inamın  və etimadın mənə verdiyi güclə gecə-gündüz səy göstərməliydim. 

İndi aradan beş il keçib.  Bu illər ərzində çalışdım ki, qarşınıza bir daha çıxanda deməyə sözüm, baxmağa üzüm olsun. Buna nə qədər nail oldum? Hamınızı razı sala bildimmi? Aranızda  məndən inciyənləriniz, yanıldığını düşünənləriniz  varmı?  Bu sualları özümə çox verirəm. Və gəldiyim nəticə bundan ibarət olur ki,  atdığım hər addımla, gördüyüm hər bir işlə  ayrılıqda sadəcə birinizin və ya bir-neçənizin deyil, hamınızın  ümumi maraqlarını qorumağa çalışmışam. Əlbəttə ki, ara-sıra çətinliklərlə də qarşılaşmışam. Amma  bu çətinlikləri dəf etməkdə  müstəqil Azərbaycanımızın əbədiliyi və möhkəmliyi, insanlarımızın firavanlığı və xoşbəxtliyi, torpaqlarımızın bütünlüyü və əmin-amanlığı uğrunda yorulmadan mübarizə aparan ölkə prezidenti cənab  İlham Əliyevin dönməz iradəsi  və tükənməz enerjisi  mənim yolgöstərənim olub.   

Bu gün yenidən görüşürük. Görüşürük ki, keçilən beş illik yola nəzər salaraq, qarşıdakı beş il üçün də  seçiminizi edəsiniz, qərarınızı verəsiniz.

Sizə düzgün seçim etməyi, doğru qərar verməyi arzulayıram.

Dərin hörmət və məhəbbətlə,     
Jalə Əliyeva

****

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Fazil qızı Əliyevanın

Seçki Platforması

-Müstəqillyimizin qorunub saxlanması, siyasi, iqtisadi və hərbi qüdrətimizin artırılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində daim çalışacaq,
 -Dağlıq Qarabağ probleminin həlli yolunda xalqımızın haqq səsinin dünyaya çatdırılması üçün qüvvə və bacarığımı əsirgəməyəcək,
-Ölkədə sosial ədalətin bərqərar olması, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin demokratikləşməsi və daha da inkişaf etdirilməsi üçün səy göstərəcək,
-Azərbaycanın gündən-günə möhkəmlənməsinə və qüdrətlənməsinə, bölgənin və dünyanın aparıcı qüvvəsinə çevrilməsinə öz töhfəmi verəcək,
-Ölkəmizdə bu gün önə çəkilən  insan amili prinsipi və insani dəyərlər fəaliyyətimin əsas istiqaməti olacaqdır.

Bunun üçün:

 -Cəmiyyətdə qadınların rolunun artırılmasında, onlara qarşı hər cür zorakılıq hallarının aradan qaldırılmasında əhəmiyyətli olan mövcud qanunların təkmilləşdirilməsi və yenilərinin qəbulu,
-Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi və müvafiq qanunların qəbul edilməsi,
-Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədiylə müvafıq qanunların təkmilləşdirilməsi və yeni qanunların qəbul edilməsi, 
-Şəhid ailələrinin, Qarabağ veteranları və onların ailə üzvlərinin xüsusi qayğıyla əhatə olunması, onların dövlətin himayəsinə alınması,  rahat həyat şəraiti ilə təmin edilməsi məqsədiylə fərdi evlərin və mənzillərin  tikilməsi,
-Ölkənin bütün rayonlarının qazlaşdırılması ilə əlaqədar Dövlət Proqramı çərçivəsində rayonda başlanan qaz xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi və yaxın illərdə rayonun təbii qazla maksimum təmin edilməsi,
-Dövlət proqramı çərçivəsində Dünya Bankının krediti hesabına yaradılması nəzərdə tutulan kanalizasiya sisteminin  inşaat işlərinin sürətləndirilməsi və su təchizatının yenidən qurulmasının sistemləşdirilməsi,
-Rayonu kəndlərə bağlayan əsas yolların və kəndarası yolların əsaslı təmiri işlərinin sürətlə davam etdirilməsi,
-Dövlət Proqramı çərçivəsində rayonda müasir tipli məktəblərin inşa edilməsi ənənəsinin  yaxın illərdə digər kəndlərdə də davam etdirilməsi,
-Ölkənin bütün kəndlərinin  içməli su ilə təchizatı ilə əlaqədar Dövlət Proqramı çərçivəsində rayonun kəndlərinin içməli su ilə təmin edilməsi üçün başladılan işlərin sürətlə davam etdirilməsi,  
-Kəndli  təsərrüfatlarının inkişafına dövlət yardımının genişləndirilməsi,
-Meşələrin və yaşıllıq zolaqlarının qorunması, bərpa edilməsi və yenilərinin salınması,
-Ucar-Zərdab elektrik xəttinin yenidən qurulması üçün əlaqədar təşkilatlar qarşısında  məsələ qaldırılması,
-Rayonun səhiyyə müəssisələrinin təmiri, yenilərinin tikilməsi  və müasir avadanlıqlarla təmin edilməsi,
-Gələcəyimiz olan gənclərin hərtərəfli inkişafı naminə kompleks tədbirlər çərçivəsində təhsilin, elmin, mədəniyyətin və yeni texnologiyaların inkişaf etdirilməsi,
-Gənclərimiz arasında artıq unudulmaqda olan mütaliə vərdişlərinin artırılması və onların  daha dərin biliklərə, hərtərəfli dünyagörüşünə sahib olmaları üçün xüsusi proqramların həyata keşirilməsi,
-Gənclərimizə hərbi-vətənpərvərlik  hisslərinin aşılanmasını, dövlət atributlarımız olan Azərbaycan bayrağına, gerbinə və himninə hörmətlə yanaşmağı, onları ürəkdən sevməyi öyrədən televiziya proqramlarının hazırlanması,
-Azərbaycan dilinin saflığının qorunması, zəngin ədəbi-mədəni irsimizin mühafizə edilməsi,
-Milli-mənəvi sərvətlərin, adət və ənənələrin qorunub saxlanması, gələcək nəsillərə layiqincə ötürülməsi və onların aşınmaya məruz qalmasının qarşısının alınması,
-Televiziya kanallarında və mətbuat səhifələrində əxlaqi dəyərlərimizə yad olan ənənələrin təbliğinin qarşısının alınması  üçün mənə verilən səlahiyyətlər çərçivəsində var gücümlə çalışacaq, imkan və bacarığımı əsirgəməyəcəyəm.

***

Tərcümeyi-hal

Əliyeva Jalə Fazil qızı  1966-ci il oktyabrın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1983-cü ildə Bakı şəhərindəki H.Cavid adına 132 №-li orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Unuversitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.

1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.

1996-ci ildə “Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini, 2006-ci ildə isə  “Çağdaş Türk şerinin poetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini  almışdır. AMEA-nın Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının, Nizami adına Ədəbiyyat Muzeyinin Elmi Şurasının üzvüdür. 50-dən çox elmi məqalənin,  2 elmı monoqrafiyanın və 1 dərsliyin müəllifidir.

1988-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində dərs deyir. Hazırda Bakı Dövlət Universitetinin professorudur.

2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak etmiş və 92 saylı Zərdab-Ucar seçki dairəsindən  deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət Komitəsinin üzvüdür.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsinin sədr müavinidir. Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin üzvüdür.

Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.

2008-ci ildə keçirilən prezident seçkilərində ölkə Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü, həmçinin 2009-cu ildə keçirilən Referendumda və Bələdiyyə seçkilərində də təbliğat-təşviqat qrupunun üzvü olmuşdur. 

Türk və rus dillərini bilir.

Ailəlidir, bir övladı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir