Modern.az

Ədəbi hadisə: Poema-Trilogiya

Ədəbi hadisə: Poema-Trilogiya

Ədəbi̇yyat

16 Sentyabr 2015, 12:40


Trilogiya klassik ədəbiyyatdan üzübəri gələn ədəbiyyatşünaslıq terminidir. Trilogiya “Ədəbiyyatşünaslıq terminləri lüğəti” ndə belə şərh edilmişdir: “dramaturji, yaxud təhkiyə janırında yazılıb, vahid müəllif qayyəsi ilə bir-birinə bağlı olan üç ədəbi əsər. Məsələn, Bomarjenin “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi”, “Cinayətkar ana” trilogiyası. (Bax: “Ədəbiyyatşünaslıq terminləri lüğəti”, tərtib edəni Əziz Mirəhmədov, Bakı, Maarif, 1978, s.178.)
Trilogiya: (yun.) Bir müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı, süjeti, kompozisiyası ilə birləşən  üç müstəqil ədəbi, kino və ya musiqi əsəri.
Silsilə təşkil edən iki hissəli roman dilogiya,  silsilə təskil edən üç hissəli roman trilogiya,  dörd hissəli tetralogiya (kvadrologiya),  beş hissəli pentalogiya və s. adlanır. Sonuncular əsasən musiqi əsərlərinə və müasir seriyallara aid edilir. Bədii ədəbiyyatda ən çox  dilogiya və trilogiya  mövcuddur. Azərbaycan nəsrində, məsələn, M.Hüseynin “Abşeron”, “Qara daşlar” romanları birlikdə dilogiyadır. M.S.Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər” və “Dünya dəyişir”, Əzizə Cəfərzadənin “Eldən-elə”, “Aləmdə səsim var mənim” və “Vətənə qayıt” romanları isə  trilogiyadır.
Dilogiya və trilogiyada hər hissə müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu  və eyni obrazlar birləşdirir. Tarixi qədimdir və antik ədəbiyyata (bizim eradan əvvəl IV-V əsrlərə) gedib çıxır. İlk dəfə Yunanıstanda dramaturgiya janırında yazılan silsilə pyeslərə tədbiq edilibdir. Esxilin, Sofoklun əsərləri buna misaldır. Yeni dövr ədəbiyyatında F.Şillerin(“Vallenşteyn”), R.Vaqnerin (“Nibelunqlar”), A.K.Tolstoyun (“İvan Qroznunun ölümü”, “Çar Fyodr İannoviç”, “Boris Qodunov”) pyesləri, Dümanın  (“Üç muşketyor”, “İyirmi il sonra”, “Vikont de Brajelon”), Emil Zolyanın (“Lurd” , “Rim”, “Parij”), L.N.Tolstoyun, M.Qorkinin memuarları bu sıradan olan dəyərli nümunələrdir.

Höte (“Trilogie der Leidenschaft”), Heyne (“Trilogiye”) kimi dahilər buna cəhd etsələr də poeziyada bu termin  demək olar ki, tətbiq edilməyibdir. Hətta M.Y.Lermontov da trilogiya yaratmaq niyyətində olmuş, amma həyata keçirməmişdir.

İndiki mərhələdə “trilogiya” adı altında təqdim edilən, lakin özünü doğrultmayan bir neçə fakta rast gəlmək olur. Məsələn, müasir rus poeziyasında İqor İverin “İronik məhəbbət trilogiyası” 15 bəndlik, üç hissəyə ayrılmış şeir parçalarını, Anotoli Verşinskinin  özünün də qeyri-ciddi hesab elədiyi üç hissəli elmi-mistik serial adlandırdığı “Ehtirasların trilogiyası” (“Texnika-molodyoji” jurn., 1996) mənzuməsi hələlikdə bizim bildiyimiz faktlardandır.
Bütün bunların üzərində ona görə belə ətraflı dayandıq ki, poeziya tarixində trilogiya standartına, modelinə tam uyğun gələn ilk nümunələrin məhz Azərbaycan ədəbiyyatında yaranması faktının mahiyyətinə varaq.
   Əlbəttə, Şərq poeziya tarixində ilk beşliyi - xəmsəni yaradan XII  əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin” “Leyli və Məcnun” , “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin bu poemaları sonralar “Xəmsə” (ərəb. خمسة ‎‎, ivr. חמסה, xəmsə həmayili) “Beşlik” adı altında birləşdirilmiş, bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuşlar. Sonralar Şərq poeziyasında neçə-neçə “Xəmsə”lər yaranmışdır. Lakin bu əsərləri pantalogiya-beşlik hesab etmək olmaz, çünki bu möhtəşəm əsərlər say etibarilə beşlikdirlər, hərəsi müstəqil mövzuda, müstəqil süjetdə olan monumental mənzum epik əsərlərdir.

Bizim müəyyənləşdirməmizə görə, poema-trilogiya janırında, formatında ilk nümunə Azərbaycan poeziyasına məxsusdur. Görkəmli, cəsarətli, olduqca istedadlı şairimiz Famil Mehdi bu janrda ilk dəfə “Raykom katibi” (1975), “Günəş həmişə səmadadır”, “Gəlimli-gedimli dünya” poemalarını qələmə alaraq hər üç poemanı “Göyü çiynində saxlayan adam” poema-trilogiya adı altında “Ömür keçir, gün keçir”  (B., “Yazıçı”,1983) kitabında nəşr etdirmiş, ədəbi mühit tərəfindən olduqca maraqla qarşılanmış, ədəbi-tənqiddə yüksək qiymətini almışdır. Sonralar bu poema-trilogiya Famil Mehdinin “Seçilmiş əsərləri” (B., Azərnəşr, 1989) kitabında da nəşr edilmiş, rus dilinə çevrilərək Moskvada böyük tirajla yayılmışdır.
   Böyük şairimiz Famil Mehdidən sonra ilk dəfə bu formata - poema-trilogiya formatına tanınmış  şair-publisist Şöhlət Əfşar müraciət etmişdir.

 Şöhlət Əfşarın ayrı-ayrılıqda qələmə alıb mətbuatda və kitab halında cap etdirdiyi “Həyat sən öyrədən deyil, müəllim” (Bakı, “Nurlar” nəşriyyatı, 2013, 64 s.), “Bu dünyanın havasına oynama” və (Bakı, “Nurlar” nəşriyyatı, 3-cü cap, 2013, s. 307-325; 336 s.)“Bu dünya düzəlməz, düzəlməz, baba!” (“Uvertüra” qəz., N: 06 (06), 01-12 dekabr, 2014, s.8.) lirik-epik poemalarını oxuduqdan sonra bu fakt, doğrusu məni sevindirdi və belə qərara gəldik ki, vahid süjet, ideya, kompozisiya, poetik-estetik qayə etibarı ilə birləşən, bütövləşən və biri digərinin davamı olan bu poemaları “Poema-trilogiya” formatında oxuculara təqdim eləyək. Hər üç poemada aparıcı lirik  qəhrəman müəllifin özüdür. Poemaları birləşdirən cəhətlərdən biri də, müəllifin yüksək vətəndaşlıq, vətənpərvərlik və dövlətçilik  mövqeyidir, millətsevərlik, yurdsevərlik qayəsidir.

   Azərbaycanımızın müstəqilliyə qovuşmaq prosesində - keçid mərhələsində ictimai-siyasi mühitdə baş vermiş kataklizmlər, mənəvi-əxlaqi aşınmalar, erroziyalar, intiqrasiya adı altında yad mühitdən gələn özgə “havalar”, milli-mənəvi, əxlaqi ənənələrimizə dəyən zərbələr bu oxunaqlı, poetik cəhətdən mükəmməl lirik poemaların başlıca mövzularıdır. Bu poema-trilogiyada klassik ədəbi ənənələrimizdən qaynaqlanan, nəşət edib gələn irfani dəyərlər  örnək götürülərək müasir mühitimizə transformasiya edilmiş, yeniləşən sosial-pisxoloji yanğıya, mənəvi-əxlaqi ağrıya çevrilmişdir.
   Bütün bunlarla yanaşı, bir daha qeyd edirik və o qənaətdəyik ki, şair Şöhlət Əfşar Azərbaycan poeziya tarixində ( eləcə də dünya poeziya tarixində) ikinci dəfə olaraq bütün ədəbi-nəzəri tələblərə cavab verən “poema-trilogiya” janırında, formatında ədəbi-poetik nümunə yaratmağa nail olmuşdur və bu fəxredici, təqdir olunası ədəbi-poetik hadisədir...

Qurban Bayramov,
ədəbiyyatşünas-tənqidçi.   
05.06.2015-10.09.2015. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir