Modern.az

Musiqiyə uyanlar və uymayanlar: kim hansı janrı dinləyir? - SORĞU

Musiqiyə uyanlar və uymayanlar: kim hansı janrı dinləyir? - SORĞU

18 Sentyabr 2015, 19:05


“Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır. Təəssüf ki, bunu anlayan insanlar çox azdır”. 
 

Bu sözlər məşhur alman bəstəkarı Lüdviq van Bethovenə məxsusdur. Hamıya məlumdur ki,  dahi alman bəstəkarı ən gözəl musiqi nümunələrini kar ikən bəstələyib.

Musiqi sərhəd tanımır. Onu hiss etmək, duymq kifayətdir. Musiqi bütan kainatın ortaq dilidir. Hətta eşidə bilməmək də musiqini duymağa, hiss etməyə  əngəl ola bilməz. Ən bariz nümunə kimi dünya təcrübəsində Bethoveni  misal çəkmək olar.

 Bu gün 18 sentyabr  Azərbaycan musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin anadan olduğu gündür. Həmçinin  tarixin bu günü vətənimizdə milli musiqinin doğum günü kimi qiymətləndirilir.

Doğrudur ki, Azərbaycan musiqisinin kökləri lap qədimlərə söykənir. Fəqət  musiqinin atası  Üzeyir Hacıbəylinin  yaradıcılığı Azərbaycan musiqisinin  ən yüksək pilləsini təşkil etməklə, bütün musiqlərin  fövqündə durur.  Heç  təsadüfi  deyil ki, bu gün Azərbaycan musiqisi deyiləndə ilk ağıla da məhz Üzeyir Hacıbəyli gəlir. Onun yaratdığı  bir-birindən dəyərli zəngin sənət  nümunələri dünya musiqisinin ən  gözəl incilərindəndir. Onun böyüklüyü həm də ondan ibarətdir ki, ilk dəfə  xalq musiqlərimizi, muğamlarımızı  nota köçürən bəstəkar olub.

Müsəlman Şərqində ilk opera da məhz onun adı ilə bağlıdır. Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda,  Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu.

Müasir dövrdə musiqlər də yeniləşir, dəyişilir, fərqli ton və çalarla zənginləşir. Bir insanın zövqünü həm də onun dinlədiyi müsiqi ilə də sezmək, öyrənmək mümkündür. Doğrudur, keyfiyyətli musiqi ilə yanaşı, keyfiyyətsiz musiqlər də var. Amma dinləyicinin zövqündən də çox şey asılıdır.

Modern.az saytı da belə gözəl gündən çıxış edərək, şəhər sakinləri arasında sorğu keçirib. Görəsən, onlar daha çox hansı tərz musiqilərə üstünlük verirlər?

O həm həvəskar musiqiçi, həm də müsavat.com-un redaktorudur. Söhbət jurnalist Toğrul İsmayıldan gedir. Onun fikrincə, fərq etmir - xarici, türk, mili... Səviyyəli hər musiqini dinləmək olar. Ən çox da milli musiqilərimizi dinləməyə üstünlük verir. Muğam və aşıq havalarını isə sevə-sevə dinləyir.
“Öncə bildirim ki, səviyyəli, həqiqətən musiqi deyə bilinəcək bütün musiqiləri dinləyirəm. Fərq etmir, xarici, türk ya milli. Amma bunların arasında əlbəttə ki, öz bəstəkar və xalq mahnılarımıza üstünlük verirəm. Ümumiyyətlə, harada olmağımdan asılı olmayaraq - ev, iş, avtomobil idarə edərkən klassik musiqilərimizi dinləməklə rahatlıq tapıram.
Hazırki vaxtda, ölkədə müğənnilərin sayının saymaqla bitmədiyi bir zamanda demək olar ki, onların mahnılarının heç birini dinləmirəm. Çünki bayağılaşma var və mən çalışıram ki, bunlardan uzaq olam.
Ən çox sevdiyim musiqiyə gəlincə isə əlbəttə ki, klassiklərimizin bütün bəstələtini dinləyirəm. Çünki hər biri insana nəsə verir, axtardığın ruh rahatlığını tapa bilirsən. Uşaqlığımdan muğamla böyümüşəm. Ümumiyyətlə, muğam bütün musiqilərin açarıdır. Misal üçün xarici musiqilərin istənilən birini seçib onu incələsək, görərik ki, o belə, hansısa muğam üstündədi. Və əlavə edim ki, muğamla yanaşı, aşıq havalarını da sevə-sevə dinləyirəm. Çünki kökümüz, özlüyümüz qopuzdan, sazdan gəlir”.

O, çox istedadlı musiqiçi, dostları arasında “bariton adam” kimi tanınan musiqiyə aşiq  bir gəncdir.  Həm də həvəskar opera musiqiçisidir. Söhbət İbrahim Əlizadədən gedir. Onun fikrincə, hər gün musiqi günü olmalıdır.
“Musiqi janrlarını dinlərkən bir-birindən fərqlənməsinə düzgün baxmıram. Çünki musiqi dünyəvi  bir şeydir. Bəyəndiyim hər janrda musiqini dinləyirəm. Amma üstünlüyü klassik musiqiyə - opera və ariaya verirəm. Müslüm Maqomayevin ifasında “Sevgili canan” romansını çox bəyənirəm.
Muğamla da  aram çox yaxşıdır. Çünki musiqinin ən ağır, çətin və gözəl janrlarından biridir. Muğam həqiqətən də musiqimizin zirvəsində dayanır”.

İbrahim Əlizadə bütün musiqi sevərlər üçün  eyni zamanda maraqlı bir təklif də irəli sürdü.

“Bu arada, istəyərdim ki, belə vacib bir gündə şəhərin mərkəzində səhnə  yaradılsın və öz musiqisini sərgiləmək istəyənlərə fürsət verilsin. Maddi cəhətdən elə də çətin deyil. Hər kim öz musiqisini sərgiləmək istəyir, onlar üçün təmənnasız fürsət olsun. Bizim kimi musiqisi zəngin və  şedevr musiqiçilərə sahib bir ölkə üçün belə şeylər lazımdır. Bu  ölkədə nə musiqiçilər var..  heyf ki,  gün üzü görmürlər... Bu, bəlkə onlar üçün bir şans olar”.

8 ildir musiq ilə məşğul olan Tural Rəcəbli musiqilər arasında fərq qoymur. Onun dediyinə görə, hətta  ara mahnılarına da qulq asır.
“ Bu gün musiqi günü olduğunu açığı  radioya qulaq asarkən bildim. Özüm də 8 ildir musiq ilə məşğul olmuşam. Hər cür musiqiyə qulaq asıram. Bu, rok mahnıları da ola bilər, ara mahnıları da, aşıq havaları da. Fərq qoymuram”.

Amal Nəzərli muğamı sevməyən gənclərimizdəndir. “Düzdür, əsasən pop və rok tərzlərində  mahnıları dinləməyi sevirəm. Amma  Azərbaycan klassiklərinin mahnılarını da dinləyirəm.  Muğamı sevmirəm. Fərləndirə biləcəyim hansısa Azərbaycan mahnısı yoxdur. Bir çox yerli mahnıları bəyənirəm”.

Sona Məmmədova düşünür ki, musiqi insanı müsbətə kökləyir. Musiqini doğrudan başa düşənlər üçün o, əsl dərd ortağıdır:
“Musiqi ilə aram lazım olduğundan da yaxşıdır. Həddindən çox... Bacım xanəndədir deyə, məcburən hər gün qulaq asıram. Amma qulaq asdığım dəqər də sevirəm. Ailəmizdə məndən başqa hamı musiqiçidir. Uşaq vaxtı mən də musiqi ilə məşğul idim. Daha çox klassik estradamızı xoşlayıram, kitab oxuyarkən isə dünya klassiklərinə qulaq asmağı sevirəm.
Muğam başqa bir aləmdi, onu hamının başa düşməməyi normaldır.
Musiqi zövqdür və vacibdir. Gülmək, kompliment eşitmək insanı necə müsbətə kökləyirsə, musiqi də həmçinin. Əgər doğurdan da başa düşsən, dərdləşirmişsən kimi hiss edəcəksən”.

Bakı Dövlət Universitetinin  müəllimi Tahir Cəfərli isə düşünür ki, həddindən artıq musiqi dinləmək insan beynini yorur, düşünməyə qoymur. O. Azərbaycan gənclərinin musiq zövqündən şikayətlənib də. Gənclərimizin daha çox Qərb tərzində musiqləri dinləməsini isə daxili tələblə bağlayıb.
“Musiqi insanın zövqünü oxşamalı, onun hislərini tənzimləməli, yeni duyğular yaratmalıdır. Bəzi musiqi insanı sakitləşdirir, bəziləri isə hiddətləndirir, hətta onu zombiləşdirir. Həddindən artıq musiqi dinləmək, insanın beynini yorur, düşünməyə qoymur. Bunlar pop və metalik musiqilərdir. İnsanı elə ekstaz vəziyyətinə gətirir ki, bu musiqiyə uyanlar özlərini bilmirlər və özlərindən asılı olmayaraq elə hərəkətlər edirlər ki, heç ağıla sığmır. Aydındır ki, bu nöqteyi-nəzərdən musiqiyə yanaşsaq, musiqiləri yaxşı və pis musiqilərə bölə bilərik, ancaq bu o demək deyil ki, sənin pis saydığın musiqi başqaları üçün də pisdir. Hərənin öz zövqü var. Və heç kimin ixtiyarı yoxdur ki, desin, sənin zövqün pisdir. Odur ki, hər insanın yaşından asılı olaraq, öz zövqünə uyğun seçimi var. Bu seçim hər şeydən əvvəl insanın musiqi mədəniyyətindən asılıdır.
Musiqimizo iki kateqoriyaya bölsək, daha düzgün olar: milli və klassik. Əlbəttə ki, klassik musiqi aristokratik musiqidir, geniş səs rəngarəngliyi ilə fərqlənir, onun qavraması da musiqi vərdişi olmayanlar üçün çox çətindir, odur ki, xalq arasında onu dinləyənlərin sayı çox azdır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov kimi dahi bəstəkarların yaratdığı klassik musiqinin tayı-bərabəri yoxdur.
Ortaya düşmüş şanson və şansonetkaların musiqisini təbliğ edən telekanallar azərbaycanlıların musiqi qavramalarına zərbə vururlar. Nəticədə, qışqırıqlara və hay-küyə öyrənmiş insanlar həqiqi musiqini qavramırlar. 60-80 illərin tələbələrinin çoxu klassik musiqi tərbiyəsi görmüşdü, çünki Azərbaycan radio və televiziyası tez-tez bu musiqiləri verirdi. İndi isə bu, yoxdur. Xoşladığımız klassik musiqini ancaq İnternet vasitəsi ilə eşidirik”.

Əminə Əkbərova əvvəllər türk mahnılarını daha çox dinlədiyini, son zamanlar isə xalq mahnılarına üstünlük verdiyini bildirir.
“Xalq mahnılarını dinləməyə üstünlük verirəm. Xüsusilə də, Rəşid Behbudovun bütün mahnılarını sevirəm. Mənim oğlum məktəbdə rus bölməsini bitirib. İnstitut vaxtlarında da daha çox Qərb tərzində musiqiləri dinləməyə üstünlük verirdi. Amma indi tam əksi, muğamatı dinləməyi sevir. Düzdür, nəvələrim balacadır, amma istərdim ki, onlar da böyüdükcə, xalq musiqilərimzi dinləsinlər”.

106 FM radiosunun diceyi Azər Şirin bildirir ki,  Azərbaycan musiqisi illər öncə dünyadan köçüb. Musiq ilə yanaşı, dinləyicilər də, dünyasını dəyişib. 
“Mən son 1 ildə 106 FM-də çalışdığım üçün  yerli mahnılardan xəbərim yoxdur. Xarici mahnılar  haqqında da sonuncu məlumatım 2 ay bundan öncəyə aiddir. Amma yerli musiqi, yerli ifaçılar və yerli dinləyicilər haqqında bunu deyə  bilərəm: Azərbaycan musiqisi illər öncə  bu dünyadan köçüb. Biz özümüz özümüzə yalandan təsəlli  verməklə  məşğuluq. Musiqimizlə bir yerdə dinləyicilər, ifçılarımız da dünyasını dəyişib”.

Hər halda, musiqi ən təmiz və ülvi  insanların seçimidir. Musiqini hər insan duya və qavraya  bilməz. Musiqi seçimi həm də bir zövq göstəricisidir. Çalışaq, daha keyfiyyətli musiqilərə üstünlük verək ki, zövqümüz də korlanmasın.

Sonda isə sizi dahi Üzeyir Hacıbəylinin möhtəşəm  “Arazbari” əsəri ilə baş-başa qoyaraq bugünlük mövzuma nöqtəni qoyuram.

 



Leyla Əfqan  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır