Modern.az

Zəncanda gördüklərimiz: qara paltarlı qadın, sirli tarix, qədim nişanələr - İrandan REPORTAJ

Zəncanda gördüklərimiz: qara paltarlı qadın, sirli tarix, qədim nişanələr - İrandan REPORTAJ

Reportaj

19 Sentyabr 2015, 23:01

Əsrlərin məşəqqətli və keşməkeşli, dolanbaclı yollarından bu günə kimi gəlib çıxmış tarixi komplekslər, abidələrin hər biri danışan canlı arxivdir. Tarixi abidələr tikildiyi dövrün, məruz qaldıqları aşınmaların mənzərəsini gözəl canlandırır.

Belə mədəniyyət nümunələrində aparılan müşahidələr zamanı abidələrin elemetlərini təşkil edən metal, daş, taxta konstruksiyalar insan fantaziyasının sərhədsiz hüdudlarına stimul verməklə, bir anlıq adamı keçmişə aparıb çıxarır.

Azərbaycanın görkəmli şairi Səməd Vurğunun qələmindən süzülən misralarda qədimiliyin yaratdığı təəsürat necə də gözəl ifadə edilib:

Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardır!

Bu yadigarlardan biri ilə də tanışlığa nail olduq... Amma bu dəfə ölkə xaricində... Şərq mədəniyyətinə, tarixinə önəmli töhfələr vermiş və hazırda Qərblə arasında olan nüvə razılaşmasına görə gündəmdə olan İranda...

“Karikatura”nın izah etdiyi tarix...

İranın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə mən də daxil olmaqla Azərbaycanın bir qrup media nümayəndəsi bu ölkənin Zəncan vilayətinə səfər etdik. Yoğun səfər proqram çərçivəsində Zəncanın maddi mədəniyyət abidələrindən biri olan Olcaytu Xudabəndə türbəsinə də (Sultan Məhəmməd Xudabəndə, ya da Sultaniyyə türbəsi) baş çəkdik. Zəncan şəhərindən təxminən 30 km aralıda yerləşən abidəyə Zəncan vilayətinin Turizm, Mədəniyyət və Əl İşləri İdarəsinin rəhbəri Yəhya Rəhmətinin müşayiəti ilə gəldik.

Bizi abidənin xanım bələdçisi qarşıladı. Onun matəm libasını xatırladan geyimin bizdə yaratdığı ilk təsəvvür də qaranlıqdı. Sanki bu xanım heç nəyi bilmir, yalnız ehkamlarla, doqmalarla  beynini doldurub və qədim dövrlərdən bəri süzülüb gələn mövhumatın karikaturasıdır. Lakin...

Yəhya Rəhməti dedi ki, jurnalistlərin suallarını məhz həmin qara geyimli xanım cavablandıracaq. Qəribəydi... Yaranan ilkin təəsüratın sütunlarını yerindən laxladan gözləmədiyimiz bir ifadə... Düçüncələrimizdə Şərqin xurafat, patriarxal qaydalarının hökm sürdüyü yerlərdəki şəriət qanunlarının arzuolunmaz təcəssümü obrazını canlandıran xanım bizə tarixdən dərs keçəcək və sual yağışı altında mətanətlə duruş gətirərək, təmkinlə cavab verəcək.

Bələdçi xanım necə də ünsiyyətcil, zarafatcıl, necə də savadlıymış... Üstəlik, sanki fikirlərimi oxuyurmuş kimi, mənə “meydan sulayaraq” azərbaycanlı jurnalistlərə ingiliscə, türkcə, Azərbaycan türkcəsində bildiyini də deyirdi. “Məlumatları bu üç dildən hansında eşitmək istəyirsiniz” deyə soruşanda isə mən də daxil olmaqla media nümayəndələrinin üzündə təəccüb ifadələrini görməmək mümkün deyildi...

Sən demə İrandakı iş yerlərində rəsmi geyim forması qara libas imiş və bu, insanların, ələlxüsus da qızların təhsilli, savadlı olmasına heç bir maneə yaratmır.

Xanım danışdıqca, səsindəki məlahət, şirinlik adamı valeh edir. O qədər gözəl və aydın təsəvvürlə məlumat verir ki, adam sanki özünü bu türbənin inşa olunduğu tarixdə hiss edir. Mənim ilkin düşüncəmdə qara obraz kimi qərarlaşan bu xanım bizi Azərbaycan dilində məlumatlandırarkən, onun dediklərinin xəyal dünyamızda canlandırdığı tarixi imitasiyanı ətrafda olan çılpaq dağlar, yaxınlıqdakı məscidlərdə dalğalanan İslam dininin simvolu olan bayraqlar tamamlayır...


İndi isə həmin türbənin tarixi barədə...

Sultaniyyə şəhərində yerləşən eyniadlı türbə Hülakülər (Elxanilər) dövləti (1256-1357) zamanında inşa edilib. 1334-cü ildə Hülakü xanı Olcaytu xan tərəfindən tikilib.

Qeyd: Olcaytu xan İslam dinini qəbul edəndən sonra və adı tarixdə Məhəmməd Xudabəndə kimi qalıb.

Sultan Məhəmməd Xudabəndə bu tikilini 10 il ərzində 3 minə yaxın fəhlənin zəhməti hesabına ərsəyə gətirdib. Maraqlıdır ki, Olcaytu xan abidənin tikilməsindən sonra İmam Əlinin məzarını Nəcəfdən bura köçürmək istəyib. Amma Məhəmməd Xudabəndənin yaxın ətrafında olan din xadimlərinin inadlı və davamlı təkidi ilə bu, baş tutmayıb.

Belə ki, onlar imam Əlinin məzarının  daşınmasının İslam qaydalarına zidd olduğunu vurğulayıblar. Sultan Məhəmməd Xudabəndə isə həm bu inadlı və davamlı təkidə görə, bəlkə də bir az da qınaqlara tuş gəlmə riskini nəzərə alaraq, İmam Əlinin qəbrini köçürməkdən vaz keçib. Bu türbə 8 qapıdan, 8 binadan ibarət olub. Hər binanın hündürlüyü isə 19 m hündürlüyündə olub. Amma...

50 sm-lik bünövrənin zəlzələyə davamı, insan hücümu qarşısında acizliyi...



Sultaniyyə türbəsinin bəzi minarələri uçuqdur. Bu uçuq-söküklükdə Sultaniyyə şəhərinə edilən hücumların, buranın məruz qaldığı əzablı günlərin ab-havasını sezmək elə də çətin deyil. Minarələr, binalar yalnız Əmir Teymurun oğlu Miranşahın hücumları nəticəsində dağılıb.

Bələdçimiz dedi ki, 48,5 metr hündürlüyündə olan bu binanın bünövrəsi cəmi 50 sm-dir. Sanki Səmaya doğru ucalan, göylərə baş qaldıran bu əzəmətli  məqbərə sanki incə, zərif bir tel üzərində dayanıb. Özü də 30-dan çox güclü zəlzələ bu həssalığa bir ziyan gətirməyib. Təzadlıdır deyilmi?!

Ən ağır təbii fəlakətə davam gətirən abidə insan vəhşiliyi qarşısında necə də acizdir! Tarixin ironiyası, paradoksallığı da bundadır.

Qəbir müəmması

Türbənin içərisinə daxil oluruq. Əzəmətli ucalığı daxildən seyr edərkən türbədəki naxışlar, taxtalar, daşlar elə bil ki, yalvarıcı bir tərzdə dilə gəlir. Sanki “əl dəyməyin mənə, onsuz da çəkdimiyimizi çəkmişik” deyə yalvarır.  Tarixin yaratdığı instinktiv, qeyri-iradi assosiasiya ilə dərin fikrə qapılarkən, xanım bələdçi bizi sərdabəyə təşrif buyurmağı xahiş edir. Necə də qaranlıqdır... Bu qaranlıqlara işıq salmaq üçün bələdçiyə bir neçə sual ünvanlayırıq...

Çünki, bir anlığa özümüzü məzarlıqda hiss etmişdik... Lal divarlar, məzar sükutu, içəridən gələn çürümüş cəsəd qoxusu belə bir fikir formalaşdırır ki, sanki burada kiminsə qəbri var.

Ancaq bələdçimiz bildirdi ki, qazıntılar zamanı məqbərənin zirzəmisindəki məzar üçün ayrılmış xüsusi guşələrdə heç bir cəsəd qalığına rast gəlinməyib. Lakin iddia edilir ki, Məhəmməd Xudabəndin məzarı elə bu türbədə gizlədilib. Buna baxmayaraq hələlik, heç bir nəşə rast gəlinməyib. İçəridən gələn kəskin qoxu isə sadəcə olaraq rütubətin daşa, torpağa hopmasının nəticəsində yaranıb.

Fəhlələrin qoyduğu dini simvol nişanələri



Səhəri günü Sultaniyyə türbəsindən 15 km uzaqlıda yerləşən Daşkəsən məbədinə yollandıq. Heç dəmə bu səfərimiz təsadüfi deyilmiş. Sultaniyyə məqbərisi haqqında yazını hərtərəfli etmək üçün əla bir səfərdir...

Bu dəfə bizi başqa bir qara paltarda olan xanım müşayiət edirdi. Bələdçimiz Pərvanə Əsgəri vurğulayırdı ki, Sultaniyyə türbəsinin daşları Daşkəsən məbədindən aparılıb. Hətta Sultaniyyə şəhəri də bu daşlarla inşa edilib...

Ətrafda yonulan, qaba daşlarda işlənən zərif sənət nümunələrinə baxdıqca, hər birində olan gizli nişanələr sanki işarə verirdi. Yaxınlaşıram, baxıram və daşlarda dini inancların əksini görürəm.

Xanım Əsgəri dedi ki, əvvəllər daş karxanası olan bura sonradan məbədə çevrilib. Məlumata görə, o vaxtlar bura Hindistandan, Çindən və digər ölkələrdən fəhlələr cəlb olunub. Onlar isə özlərinin ibadət etdiyi buddistliyin, xristianlığın, müsəlmanlığın simvolu sayılan ayr-ayrı nişanələri iri qaya parçalarını yonarkən onların üzərinə həkk ediblər. Elə bundan sonra da bu yer bir neçə dinin nümayəndəsinin ibadətgahına çevrilib.

Səhralığı xatırladan təpələrin yanında  yerləşən Daşkəsən məbədi hazırda ibadət təyinatlı bir məkan deyil.

Tarix təzadları, şıltaqlığı, süstlüyü, durğunluğu, kaprizləri, siyasi-iqtisadi, ictimai-mədəni intibahı ya da kataklizmləri ilə bizə çox şey deyir.

Biz də bu reportajımızda yazıda keçən müvafiq dövr üçün tarixin bizə dediklərini və bu tarix haqqında deyilənləri yazdıq.

Qeyd: Azərbaycanın nümayəndə heyətinə AZƏRTAC, APA, “Novosti Azərbaycan”, “Avrasiya”, “Xəbər Servis” və “Turan” xəbər agentliklərinin, Modern.az xəbər portalının və “Həftə içi” qəzetinin əməkdaşları daxil idi.




Aqşin KƏRİMOV
Bakı-Zəncan-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir