Modern.az

İran - eşitdiyimiz kimi yox, olduğu kimi... (reportaj)

İran - eşitdiyimiz kimi yox, olduğu kimi...  (reportaj)

25 Oktyabr 2010, 21:27


Deyirlər yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Çünki eşitdiklərimiz heç də həmişə yüz faiz doğru olmur. Necə ki, mən İrana 5 günlük səfər zamanı bu ölkə barədə həm də təsəvvürümdə korrektələr etməyə məcbur oldum. Bu ölkəyə qarşı tətbiq edilən sanksiyalara, qəbul edilən qərarlara rəğmən, bir həqiqətdir ki, İran bütün sahələrdə yüksək inkişaf əldə edib. İranın beynəlxalaq təpkilərə duruş gətirməsinin başlıca səbəbi də məhz bu inkişafıdır.

İranda deyirlər ki, xalq müsəlman olaraq öz dininə, onun buyurduqlarına əməl edir. Bu isə heç də İranın geridə qaldığını yox, xalqın istəyini ifadə edir.

Altı nəfərdən ibarət azərbaycanlı jurnalist «İmam Xomeyni» adına “İmdad” Cəmiyyətinin dəvəti ilə 5 gün İranda səfərdə olduq. Məqsəd həm bu ölkə ilə tanışlıq, Tehranda olub, oradakı KİV-lərlə görüşlər keçirmək, həm də Məşhəd şəhərində müqəddəs yerləri ziyarət etmək idi. Tehran aeroportunda bizi “İmdad” Cəmiyyətinin əməkdaşları qarşıladılar. Elə səfər proqramına da həmin gündən başladıq.

Yoldan başlayan İran təəssüratları….

Öncə onu qeyd edim ki, İrana gedəcəyimi biləndə çoxları bu ölkənin təyyarələrinin köhnə olduğunu, hər an qəza ola biləcəyini deyirdilər. Düzdür İran təyyarələri köhnədir. Bu da Amerika və digər Qərb dövlətlərinin İrana təyyarə satmaqdan imtina etməsi ilə bağlıdır. İranın daxili uçuşları əsasən Rusiya istehsalı olan «TU - 154» təyyarələri ilə həyata keçirilir. Amma İran Hava Yolları ilə uçmağın təhlükəsini hiss etmədik. Yolun qısalığını, yəni cəmi bir saat olduğunu nəzərə alsaq, necə deyərlər, gözümüzü açıb yuman kimi olduq Tehranda.

İranda daxili uçuşlar üçün aeroportu ayrıdır. Tehran aeroportu isə həm genişliyi, həm səliqə-səhmanı ilə diqqəti cəlb edir. Səfər boyu diqqətimi daha çox cəlb edən həm də yolların təmiz və səliqəli olması idi.  İranda yollar çox geniş və işıqlıdır. Üstəgəl, ictimai nəqliyyatın yolu avtomobil yolundan ayrı olduğundan nəqliyyatın hərəkətində problemlər yaranmır. İranda əvvəllər uzunmüddətli tıxaclar yaranırmış. Amma indi tıxaclara rast gəlinsə də, daha Bakıda olduğu qədər nə bu tıxaclar uzun sürür, nə də sükan arxasında əyləşənlər fürsətdən istifadə edib qarışıqlıq salır. Ümumiyyətlə, Tehranda olduğum müddət ərzində bir dəfə yersiz siqnal səsləri eşitmədim. Bütün sürücülər sükan arxasında qaydalara əməl edirlər. Şəhərdə polisə rast gəlmək də mümkün deyil. Əgər sürücü yol hərəkəti qaydalarını pozursa, o zaman evinə bununula bağlı bildiriş göndərilir və həmin şəxs də cəriməni ödəyir.

Yollarda təqribən hər 100-150 metrdən bir yerüstü keçidlər tikilib. İnsanlar keçidlərdən istifadə edirlər, daha yolu keçərək həyatları üçün təhlükə yaratmırlar.

Bu gün Tehran sözün əsil mənasında meqapolisə çevrilib. Dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən, 250 min kilometrdən artıq sahəyə və 16 milyondan artıq əhaliyə malik olan 200 illik paytaxt -Tehran şəhəri artıq dünyanın Şərq hissəsinin gözəl şəhərləri sırasındadır.

Şəhərin arxitekturası da qorunub saxlanılıb. Paytaxtın mərkəzində hündürmərtəbəli tikililərə, yaşayış binalarına rast gəlmək mümkün deyil. Ən hündür mərtəbəli bina 5 mərtəbədən ibarətdir. Şəhərdə 3-4 mərtəbəli qədim yaşayış binaları var ki, bunlar da paytaxta xüsusi gözəllik verir.

Tehranda yalnız şəhər kənarında 10 mərtəbəli yeni tikililərə rast gəlmək olar. Bələdçilərimiz deyirlər ki, insanlar özləri də binalarda yaşamağa deyil, həyət evlərində yaşamağa üstünlük verirlər. Tehranda xeyli sayda gözəl şəraiti olan otellər də var.

İranın gecə həyatı isə daha maraqlı olur. Həm Tehranda, həm Məşhəddə müşahidələrimə əsaslanıb deyə bilərəm ki, gecə vaxtı İranda türklər demiş, daha qələbəlik olur.

Hər iki şəhər gecə vaxtı gur işıqlı olur. İranın heç yerində demək olar işıqlar sönmür. Müxtəlif rəngli işıqlar da gecəyə xususi gözəllik verir və küçələri sanki aydınlığa qərq edir. Yol kənarları isə yaşıllıqdır. Burada başqa ölkələrdən «od» qiymətinə alınmış ağac, gül kolları deyil, sadə ağaclar, güllər əkilib. Hansıkı bu sadəlik də Tehrana xüsusi gözəllik bəxş edir.

Motosikletlər Tehranin brendinə çevrilib

Amma tək Tehranda deyil, Məşhəddə də saysız-hesabsız avtomobillərlə yanaşı, çoxlu motosikletlərə də rast gəlmək olar. Özü də tək kişilər deyil, qadınlar da motosiklet sükanı arxasında əyləşirlər. Motosikletin qiyməti isə cəmi 400 dollardır.  Amma İranda bu nəqliyyat vasitəsinin çoxalmasını onun nə ucuzluğu, nə də insanların maddi durumu ilə əlaqələndirmirlər.

Bələdçilərimizin sözlərinə görə, ölkədə orta aylıq əmək haqqı təxminən 500 dolllardan artıq təşkil edir. 10 ay işləyən şəxs avtomobil ala bilir. Sadəcə, motosikletlər daha asan hərəkət edir, tıxaclardan rahat çıxır, ona görə də insanlar həm də bu nəqliyyat vasitəsinə üstünlük verirlər. Hətta bir 3-4 nəfərlik ailəni belə motosiklet arxasıda görmək mümkündür. Motosikletlərin dayanacaq yerləri də ayrıdır. Ümumiyyətlə, İranda yol kənarlarında maşınları saxlamırlar. Ölkə özü müxtəlif adda avtomobillər istehsal edir. Daha çox isə “Pejo” markalarına üstünlük verirlir. Paytaxt Tehrada, eləcə də Məşhəddə Bakıdakı qədər iri, bahalı maşınlara rast gəlinmir. Ona görə yox ki, insanların bunu almaq imkanları yoxdur, sadəcə İranda maşına elə nəqliyyat vasitəsi, mənzil başına çatıdırma vasitəsi kimi baxırlar. Ölkədə maşın sürən qadınların sayı Bakı ilə müqayisə belə oluna bilməz.

Sükan arxasinda qadınlar kişiləri üstələyib

İranda maşın idarə edən hər üç nəfərdən ikisi qadındır. Ölkədə maşınların qiyməti nisbətən baha, benzinin qiyməti isə elə su qiymətinədir: litri 20 qəpik.
Amma benzinin bahalaşacağı gözlənilir. Bunun da səbəbi kimi israfçılıq göstərilir. İranda hər ailənin demək olar, bütün üzvlərinin maşını var. Ona görə də benzindən istifadədə israfçılığa yol verilməsin deyə, qiymətin artırılması gözlənilir.

Bu ölkədə qadınlar təkcə sükan arxasında kişiləri üstələmir, həm də ailədə qadınların hüququları daha yüksəkdir. Məsələn, ailədə qadın işləyirsə, onun bütün əmək haqqını yalnız özünə xərcləmək hüququ var. Əgər qadının puluna ev, maşın, yaxud daha qiymətli əşya alınırsa, o zaman bu elə qadının ixtiyarında olacaq və onun adına rəsmiləşəcək.

Qadınlar Tehranda çarşab geymirlər. Yalnız başlarına arxadan nazik bir yaylıq, yaxud şarf salırlar. Geyimləri də müasirdir. Yəni Tehran bu gün Avropanın ən inkişaf etmiş şəhərlərindən heç nə ilə geridə qalmır. Qadınlar bütün sahələrdə, dövlət və hökumət işlərində, ictimai fəaliyyət sahələrində kişilərlə bərabər çalışırlar. İran parlamentində də xeyli qadın təmsil olunur.  Qadın heç də kişi evə gələn kimi onun qulluğunda durmağa, süfrə hazırlamağa  məhkum deyil. İranda demək olar ki, əksər ailələr bayırda, restoran və kafelərdə yemək yeyirlər. Günorta, yaxud axşam vaxtı yeməkxanalarda boş yer tapmaq mümkün deyil. Əyləşməyə macal tapmayanlar isə yeməyi paketləşdirib evə aparırılar. Bu da qiymətlərin ucuzluğu ilə bağlıdır.  Bizim 10 manatla Tehranda bir gün ərzində ürəyin istəyən qədər yeyə bilərsən. Yeməklər həm də keyfiyyəti ilə fərqlənir. İranda hazırlanan plovlar o qədər dadlı və ətirlidir ki, hətta uzaqdan belə plovun ətri insanı valeh edir. Süfrəyə nə düzülürsə, ölkənin öz məhsuludur: bütün hazırlanan yeməklər, içkilər, limonad, ayran, qatıq, pendir, yağ, çərəzlər, meyvələr, şirniyyatlar, çaylar, bal, mürəbbələr, turşular, bir sözlə hər şey  İrana məxsusdur.

Böyük insanın sadə həyatı  


Tehrada ilk olduğumuz yer İmam Xomeyninin məqbərəsi,  yaşdığı ev, mühazirə oxuduğu yer və muzeyi oldu. Məqbərəni ziyarətə xeyli insan gəlmişdi. Bələdçilərimiz deyirlər ki, hər gün bu ziyarətgahda xeyli insan olur. Onlar imamı ziyarət edib, nəzirlərini verirlər. Daha sonra  İmam Xomeyninin evinə gəlirik. Xomeyninin çox sadə həyat tərzi yaşaması barədə oxumuşdum. Amma gördüklərimdən çox təəccübləndim. Necə ki, Xomeyninn həyat tərzi indiyə kimi hər kəsi, sadə insanlarla yanaşı, dövlət adamlarını da həmişə təəccübləndirib.
Deyilənə görə, vaxtilə keçmiş SSRİ-nin xarici işlər naziri Şevardnadze Qorbaçovun cavab məktubunu İmam Xomeyninin hüzuruna gətirəndə heyrətindən donub qalıb. Dünyanın iknci qüdrətli bir dövlətinə ciddi şəkildə xəbərdarlıq göndərən bir kəs Cəməranda palçıqdan olan kiçik bir evdə, 12 kvadrat metrlik bir otaqda ən sadə şəraitdə, adi cah-cəlaldan, təm-təmtaraqdan azacıq da olsa belə əsər-əlamət olmayan yerdə yaşayıb. Xomeyni çox asudə dağ kimi oturmuş, yanında Quran, canamaz, təsbeh, bir neçə qəzet və bir ədəd sadə radio olub. Şevardnadze onu müşayət edən yüksək vəzifəli şəxslərin oturması üçün ikinci bir taxta stulun olmadığını və ömründə bir dəfə də olsun, yerdə oturmasının lazım gəldiyini gördükdə, daha da heyrətlənib. İmamın xidmətində olan qoca mömin kişi stəkandakı çayı iki ədəd qəndlə birlikdə nazirin əlinə verəndə bəlkə də o, belə təsəvvür edə bilərdi ki, gördükləri qəsdən edilən müstəsna bir haldır. Amma həqiqət bunun əksinə idi. Xomeyni həyatının bütün dövrlərində sadə və adi həyatdan əl çəkməyib.

Xatırladaq ki, Xomeyni Qorboçova məktubunda onu Allaha iman gətirməyə çağırmışdı. Məktubda deyilirdi: «Sizin ölkənizin əsl problemi …Allaha həqiqi etiqadın olmamasıdır. Elə bir problem ki, Qərbi də süqut sərhəddinə çəkmiş çıxılmaz vəziyyətə salmışdır və yaxud salacaqdır».

Xomeyninin evi 2 kiçik otaqdan ibarətdir. Bir otaqda onun köhnə kiçik divanı-bu həm də onun yataq yeridir- uşaq ikən peyğəmbərin çəkilmiş şəkli, quran, canamaz, möhrü, təsbeh, rezin ev çəkməsi var. Digər otaq isə daha kiçikdir və mətbəx funksiyasını yerinə yetirib.

Ona yaxın yerdə İmamın mühazirə oxuduğu zal var. Burda imamın yeri hündürdə yerləşir. İmam mühazirəni oxuyub qapıdan çıxıb evinə gedərmiş. Muzeydə onun həyatını əks etdirən müxtəlif şəkillər, əşyalar var.

Xomeyninin təkidinə əsasən İranın konstitusiyasında ölkənin Ali Məhkəməsi tərəfindən dövlətin yüksək vəzifəli şəxslərinin, rəhbərin malik olduğu bütün əmlak barəsində məsuliyyətləri öhdələrinə almamışdan əvvəl və sonra yoxlama aparmaq barədə bənd var. O ilk şəxs idi ki, özünün çox da qiymətli olmayan əmlakının surətinin hesabını Ali Məhkəməyə göndərib. Vəfatından sonra Ali Məhkəmənin yoxlamasından bəlli olub ki, İmamın çox da dəyərli olmayan əmlakında heç bir şey artmayıb əksinə, onun şəhərdəki atasından miras qalan torpaq sahəsi də məhəllədəki yoxsullara verilib və xüsusi mülkiyyətdən xaric edilib. Beləliklə milyonlarla insanın qəlbində sevgisi olan, Xomeyninin 90 illik ömüründən onun irsi kimi eynək, təsbeh, Quran canamaz, əmmamə, ruhani paltarı və dini maarifə aid bir neçə kitab qalıb.

Cəmərandan yavaş-yavaş ayrılırıq, bir qədər istirahətdən sonra isə Məşhəd şəhərinə uçmalı idik.

Müqəddəs Məşhəd şəhərində

Məşhədin hazıra 3 milyon əhalisi var. Hər il İranın, eləcə də dünyanın başqa yerlərindən 3 milyon insan Məşhəd ziyarətinə gəlir. Biz İmam Rza hərəmini cümə günü ziyarət etdik. Həmin gün İranda rəsmi iş günü olmadığından ziyarətçilərin sayı daha çox idi. İmam Rza hərəminin 100 hektar ərazisi  var. Orada hətta dəfələrlə ziyarətdə olan insanlar da aza bilərlər. Hərəm komplekslər şəbəkəsindən ibarətdlir.

Ziyarətgahın heç bir nöqtəsində siqaret çəkmək olmaz. Təmizliyə ciddi riayət olunur.

Sübhdən başlayaraq hərəmin həyətinə xalçalar salınırdı. İnsanlar burda ziyarət edəndə sonra xalçalparın üzərində namaz qılıb, dualar edirlər. Məşhəddə Tehrana nisbətən qadınların daha örtülü geyinirlər. İmam Rzanın məqbərəsi yerləşən kompleksdə isə izdiham daha çoxdur.

Məzarın üstü təmiz qızıldan tökülüb. Bura yaxınlaşmaq çox çətindir. Hamı məqbərəyə yaxınlaşmaq, əl vurmaq istəsə də, bu hər insana nəsib olmur. Baxmayaraq ki, biz ikinci gün də hərəmə getdik yenə də eyni izdihamla rastlaşdıq. Kişilər və qadınların hərəmə girişi və çıxışı, ziyarət yerləri ayrıdır. İnsanlar ziyarət zamanı bir-birlərini itələsələr də, bu heç kimin narazılığına səbəb olmur. Sanki artıq bu bir qaydaya çevrilib. Deyirlər ki, hərəmi ilk dəfə ziyarət edənin nə arzusu varsa, yerinə yetir…
 
İmam Razanın məqbərəsini ziyarət edəndən sonra digər kompleksə yola düşdük. Digər kompleksdə ziyarətçilər üçün quraşdırılmış iri monitorda Azərbaycan dilində səslənən İslamla bağlı hədisləri dinlədik. Ziyarətçilərin hamısı Azərbaycandan gələnlər idilər. Sonra hər kəsə Məşhəd ziyarətində olduqlarını təsdiqləyən diplom təqdim olundu. Həmin gün biz öz istəyimizlə Məşhədin yaxınlığında yerləşən Tus şəhərinə yola düşdük.  

Firdovsinin məqbərəsini  ziyarət


Tusda dahi İran şairi Əbülqasim Firdovsinin məqbərəsini ziyarət etdik. Məqbərənin qarşısında iri hovuz və şairin heykəli var. Giriş hissədə isə Firdovsinin «Şahnamə»sindən sitatlar yazılıb, divarda rəsmlər yerləşdirilib. İçəridə isə Firdovsinin məzarı yerləşir. Divarlarda şairin 30 ildən artıq vaxt sərf edib yazdığı «Şahnamə» əsərinə aid təsvirlər həkk olunan lövhələr asılıb. Əsərin qəhrəmanı Rüstəm Zalın aslana döyüşü, Simurq quşunun pəhləvana köməyi və digər təsvirlər var. Bələdçi bildirdi ki, Firdovsinin məqbərəsi 42 il əvvəl qurulub. Amma sonradan məqbərənin ətrafında yeni işlər həyata keçirilib. Məqbərənin yanında isə muzey yerləşir. Burada İran ərazisində tapılan və tarixin müxtəlif dövrlərini əks etdrən maddi-mədəniyyət nümunələri toplanıb.

«Şahnamə»nin 50 il bundan öncə əllə köçürülmüş nəhəng surəti də burdadır. Həmin gün “İmdad” Komitəsinin Məşhəd şöbəsinin rəhbəri Hacı Nağı ilə görüşdə olduq. Hacı Nağı “İmdad” Komitəsinin fəaliyyəti, İranın iqtisadiyyatı, siyasəti, bu ölkəyə olan basqılar, tətbiq edilən sanksiyalardan danışdı. Bildirdi ki, İrana bu cür sankisiyaların gözlənilən təsiri yoxdur. Çünki İran hər şeyi özü istehsal edir.
«Bu səbəbdən də bizim kənardan nəsə idxal etməyə ehtiyacımız yoxdur. Qida məhsullarının hamısı, avtomobillərin isə əksəriyyəti İran istehsalıdır. İnqilabdan sonra nefti İran istehsal etməyə başladı. Neft istehsal edən texnologiyalar da İrana məxsusdur».

«Şəhriara»da görüş

«Şəhriara» Məşhəd şəhərində nəşr olunan qəzetlərdən biridir. Bu əyalət qəzeti olmasına və təkcə Məşhəddə yayımlanmasına baxmayaraq 30 min tirajla çıxır. Qəzetin 15 min nüsxəsi abunədir, 15 mini isə satılır. Baş redaktoru Cəlal Fəyyazi deyir ki, gəlirləri və işçilərin məvacibi məhz qəzetin satışından daxil olur.
«Şəhriara»nın redaksiyası 3 mərtəbəlidir və şərait yüksək səviyyədədir. Hər bir müxbirin rahat işləməsi üçün lazımi şərait yaradılıb. Jurnalistlər üçün yemək pulsuzdur. Milliyyətcə azərbaycanlı olan şöbə redaktoru bizə bildirdi ki, burada ən az maaş 500  dollardır ki, bu məbləğ də işə yenicə gəlmiş, təcrübə keçən jurnalistlərə verilir. Amma əsas jurnalistlərin maaşı isə daha yüksəkdir. Cəlal Fəyyazi bizimlə görüşdə bildirdi ki, az hallarda ola bilər ki, qəzetin müəyyən hissəsi satılmasın.

Fəyyazi dedi ki, İranda söz azadlığı var.
«Kim bunun əksini danışırsa, doğru demir. Qəzetdə tənqidi yazılar demək olar hər gün gedir və onlara da dərhal reaksiyalar var. Məşhəd müqəddəs şəhərdir. Bura çoxlu ziyarətçilər gəlir. Biz küçələrdə hansısa zibilli yer, natəmizlik görürüksə, dərhal bunu yazırıq və elə dərhal da problem aradan qaldırılır. Yaxud bizim bir rubrikamız var «Xalqın səsi» adlanır. Əhali rastlaşdığı problemlə bağlı redaksiyamıza məlumat verir və biz də onu dərc edirik».

İrada ümumilikdə 3 min qəzet var.

Biz qəzetlərə qarşı məhkəmə çəkişmələrinin olmasına və bunun hansı cəza ilə yekunlaşması ilə maraqlandıq. Fəyyazi dedi ki, jurnalist fəaliyyəti dövründə azı 40 dəfə məhkəməyə verilib və hamısını da udub.

«Mən əvvəl «İrna» agentliyində çalışmışam. İndi  isə bu qəzetə rəhbərlik edirəm. Bizdə adətən qəzet, yaxud jurnalist məhkəməyə veriləndə, bu fakt çox detallı araşdırılır. Jurnalist haqlıdırsa, onun lehinə qərar çıxarılır. Amma tənqidlərə görə heç vaxt qəzet bağlanmır. Qəzet o vaxt bağlana bilər ki, dövlətçilik, millət, hökumət əleyhinə çıxışlar olur».

Həmkarlarla görüşdən sonra Məşhədə İmam Rza bazarına baş çəkirik. Burada qiymətlər çox ucuzdur. Məşhəd ədviyyatların vətənidir. Ədviyyatlar, qida məhsulları təkcə keyfiyyətli deyil, həm də olduqca ucuzdur…

Yenidən Tehranda

Səfərimizin bitməyinə bir gün qalmış yenidən Tehrana döndük. İranın televiziya və radio qurumu ilə tanış olduq. Bu mərkəzdə həm də ayrı ayrı binalarda 5 kanal və 35 radio fəaliyyət göstərir. “Səhər 1”, “Səhər 2”, “Əl-küsə”, “Əl-aləm”, “Ay film” kanallarıdır.

“Səhər-2”də Azərbaycan, boşnak, fransız, ingilis dillərində verlişlər yayımlanır. “Əl-küsə”də isə siyasi və xəbər proqramları yayımlayır və bu əsasən ərəb aləmini, fars körfəzi ölkələrini əhatə edir. “Əl-aləm” ingilis dilindədir və proqramları Avropada yayımlanır. Kanalın rəhbərliyi deyir ki, oların saytları da fəaliyyət göstərir ki, ay ərzində sayta 13 milyon insan daxil olur. “Ay film” isə yeni açılıb, əsasən film və seriallar yayımlayır. İranda radiolarda 33 dildə verilişlər səsləndirilir. Radioların 28-I Tehranda, 3-ü Məşhəddə 1-i Təbrizdən yayımlanır.

«Səhər»də cavabsiz sual

İran televiziya və radio qurumlarında görüş zamanı “Səhər-2” kanalında çox vaxt azərbaycanlıları narazı salan, obyektivliyi, ölkə gerçəkliyini əks etdirməyən informasiyaların yayımlandığını, bununla bağlı kanal rəhbərliyinin məlumatlı olub-olmadığını soruşduq. Eyni zamanda belə xəbərlərin ölkələrin münasibətlərinə də mənfi təsir etdiyini bildirdik. Sualımıza sonra, kanalla tanışlıq zamanı cavab veriləcəyi bildirilsə də, heç bu məsələyə aydınlıq gətirilmədi. Əvəzində bildirdilər ki, “Səhər-2” verlişlərinə görə, hətta azərbaycanlılardan təşəkkür məktubları da alır…

Belə, Tehranın mərkəzində bizim «Torqovıy»a bənzər ərazini də gəzdik, həmin gecə isə İran səfərini başa vurub Bakıya döndök…


Pərvanə SULTANOVA
Bakı-Tehran-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub