Modern.az

“İntiharın qarşısını almaq üçün hökumət səviyyəsində qərar verilməlidir”

 “İntiharın qarşısını almaq üçün hökumət səviyyəsində qərar verilməlidir”

21 Sentyabr 2015, 14:08

Azərbaycanda intiharlar durmadan artır. Bu, danılmaz faktdır və hətta dünyanın ən inkişaf etmiş ölkəsində belə insanların öz həyatlarına müxtəlif səbəblərdən qəsd etməsinin qarşısını almaq mümkün deyil. Amma bir sıra ölkələrdə intiharların qarşısının alınması məqsədilə krizis, psixoloji yardım mərkəzləri fəaliyyət göstərir.

Bəs, Azərbaycanda?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına intiharların dinamikasında artım olduğunu təsdiqləyib:

“Azərbaycanda psixologiya mərkəzləri qeyri-hökumət təşkilatları şəklində yaranıb və qanun da bunu qadağan etmir. Mən hələ bir neçə il əvvəl problemin həlli üçün psixoloji yardım mərkəzlərinin açılmasını təklif etmişdim.

Psixoloji yardım xidmətlərinin genişləndirilməsi, onun hüquqi əsaslarının möhkəmləndirilməsi və dövlət təşkilatlarında belə bir xidmətin olması vacibdir. Hesab edirəm ki, məsələ aktuallığını saxlayır. Ümumiyyətlə, cəmiyyətdə həyatın ritmi çox artdığına görə çox zaman insanlar, xüsusilə də gənclər bu ritmə uyğunlaşa bilmir və depressiyaya düşürlər. Bu isə özlüyündə intiharlara yol açır. Ona görə də psixoloji mərkəzlərin yaradılması, məktəblərdə psixoloq ştatlarının açılması, poliklinikalarda fəaliyyət göstərən psixoloji yardımın daha da təkmilləşdirməsi vacibdir”.

Musa Quliyev depressiyaya meylli insanların ailələrinə xüsusilə diqqətli olmağı tövsiyə edir:

“Ailələr bu işə həssaslıqla yanaşmalıdırlar. İntihar qərarı bir gün içərisində verilmir. İnsanı narahat edən səbəblər aylar, bəzən isə illər sonra onu intihara sürükləyir.

Çox vaxt intihar insanın ailə ilə, bütövlükdə cəmiyyətlə şəxsin konfliktinin nəticəsində baş verir. O, çıxış yolunu intiharda görür. İntihar inkişaf etmiş ölkələrin problemlərindən biridir və nəzərə almaq lazımdır ki, dünyada da intiharların sayı artmaqdadır. Azərbaycan bu göstəriciyə görə orta və aşağı mövqelərdə qərarlaşıb. Buna baxmayaraq, Azərbaycan da sürətlə inkişaf etdiyindən intiharın dinamikasında artım müşahidə edilir. Mən hesab edirəm ki, bu məsələ ən yüksək hökumət orqanları səviyyəsində müzakirə olunmalı və müvafiq qərar verilməlidir”.

Deputat bildirir ki, nə qədər intihar varsa, o qədər də səbəbləri var: “Bunların hamısını ümumiləşdirib sırf sosial-iqtisadi problemlərə bağlamaq yanlışdır. Araşdırmalar göstərir ki, iqtisadi problemlər səbəbindən baş verən intiharlar ən axırıncı yerlərdən birindədir. Əsas səbəblər psixoloji problemlər, depressiya və insanın öz arzularını reallaşdıra bilməməsidir.

İntihar fiziki və psixi cəhətdən tam sağlam olan insanın işi deyil. İntihar edənlərin əksəriyyəti özünə qapanmış insanlardır. İnsan öz dərdini, problemini digərlər ilə bölüşdükcə həlli yolları mütləq tapılacaq. Müşahidələr göstərir ki, bir çox hallarda ailə üzvləri depressiyada olan insana kömək etmək əvəzinə, onun üstünə gedirlər. Bu da özlüyündə intihara gətirib çıxarır”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır