Modern.az

Jurnalistikanın beşiyi Qazi, reklama ehtiyacı olmayan Başkənt, ildə bir dəfə yenilənən Ankara - REPORTAJ - III HİSSƏ

Jurnalistikanın beşiyi Qazi, reklama ehtiyacı olmayan Başkənt, ildə bir dəfə yenilənən Ankara - REPORTAJ - III HİSSƏ

Reportaj

23 Sentyabr 2015, 15:15

Yol uzanır, hava sərinləşir, səs-küy azalır, diqqət Düzcəyə, Sakaryaya, Boluya və bu istiqamətdə olan bütün qəsəbə və kəndlərə yönəlir. Kimsədən səs çıxmır, heç kim nəyisə müzakirə etmir, təbiətin gözəlliyi hamını məftun edir. Astadan tək bir cümlə eşidilir: “İstanbul-Ankara aralığı İsmayıllı-Qəbələ yolunu xatırladır”. Bənzətmə yerindədir, dəqiqdir. Bu qədər məsafədə belə gözəllik yaratmaq, üstəlik, onu qoruyub-saxlamaq böyük hünər tələb edir. Gözəlliklərdən aldığımız zövqlə, heç yorulmadan, yolun uzunluğunu hiss etmədən Ankaraya çatdığımız elan edilir.

Ankaranın «Taksimi»

Bu, Kızılaydır. Şəhərin mərkəzində yerləşən, türklər demiş, hər zaman kalabalık olan Kızılay. Qəribədir, insanlar bu çoxluğu qətiyyən hiss etdirmir, hər kəs öz işində, öz yolundadır. Ticarətlə məşğul olan da, yolu keçən də, metroya gedən də, avtobusa minib-düşən də. Biri sağa, digəri sola, biri düz, başqası əyri gedir, amma hamısı sakit gedir, kimsəyə mane olmur, qarışıqlıq yaratmır, səs-küy salmır. Şəhərin ab-havasından aldığın rahatlıq günün istənilən saatında, hətta axşamlar və gecələr də sərbəst gəzib-dolaşa biləcəyinə təminatdır sanki.

«Hörmətli qonaqlar, xoş gəlmisiniz, yaxşısınız?»

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfində adlandırılan Qazi Universitetinin iletişim fakültəsinin dekanı, professor Zakir Avşar məzuniyyətdə olsa da, Azərbaycana, onun bilim adamlarına sayğısından qarşılanmada şəxsən iştirak edir. Hamıyla tək-tək, köhnə dostlar kimi görüşür, hal-əhval tutur. Rəsmi görüşün açılışını da özü edir: «Hörmətli qonaqlar, xoş gəlmisiniz, sizləri Qazi Universitetinin iletişim fakültəsində görməkdən son dərəcə məmnun olduğumu bildirirəm. Mən azəri türkcəsində də danışa bilirəm». Zakir hoca səmimi insandır, ən əsası diqqətcildir, bizlərə olan isti münasibətini açıq-aydın hiss etdirir. Qürur hissləri və bundan təsirlənən Sevil xanımın kövrək siması ilə müzakirələr başlayır. Qazi Universiteti ən köklü, ən qədim təhsil müəssisəsidir və jurnalistikaya gəldikdə Türkiyə sıralanmasında İstanbul Universitetindən sonra və Ankara Universitetindən əvvəlki yeri bölüşür. Yəni Türkiyədə sayı 65 olan iletişim fakültələri arasında 2-ci. Tələbə qəbulunda hər hansı sıxıntısı yoxdur. Özəl universitetlər binaları, maddi-texniki avadanlıqları ilə öyünürsə, Qazi və onun kimi dövlət universitetləri daha çox akademik heyəti ilə fəxr edir. Zakir hoca ixtisasca qəzetçidir. Bu baxımdan, klassik jurnalistika və nəzəri ağırlıqlı dərslərə üstünlük verir. O düşüncədədir ki, tələbə ilkin olaraq təməl iletişim bilgiləri almalı, sonra özünə bir istiqamət müəyyənləşdirməlidir. Rəhbərlik etdiyi fakültə əməkdaşlarını ən doğru yolu onun seçdiyinə inandırmaq istəsə də, heyət hocaları ilə razılaşmır.

Onlar klassik dərslərə yer vermək şərti ilə müasir, təcrübi dərslərə üstünlük vermənin tərəfdarıdırlar. Sonda hər biri öz fikrində qalmaqla, «yola davam». Beləliklə, Qazi Universitetinin iletişim fakültəsi 3 bölümlə fəaliyyət göstərir: Qəzetçilik, Radio, TV və Sinema, PR və Tanıtım. Zakir hocanın bu qısa təqdimatından sonra müzakirələr iletişim fakültəsinin dekan müavini, professor Cem Yaşın, dosentlər - Mehmet Sezai Türk, Serpil Aydos, Aydan Özsoyun iştirakı ilə daha yoğun şəkildə davam edir. Öyrənirik ki, universitetin 3 tip dərsləri var: məcburi, kodlu və seçmə dərslər. Qazinin iletişimçi tələbəsi eynilə İstanbulun iletişimçi tələbəsi kimi 4 ildə 2 diploma sahib ola bilər. Tutalım, radio bölümündə təhsil alan tələbənin qəzetçiliyə marağı yaranarsa, o, lazımi dərslərdə oturaraq imtahanları verib, kursun sonunda “ikili diploma” yiyələnə bilər. Komandanın rəhbəri Aynur Kərimovanın Azərbaycan təhsil sistemi, Boloniya prosesi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi haqqında məlumatından sonra həmkarlarımız tədris proqramları və fənlərlə bağlı çoxsaylı sualları cavablandırırlar. Bütün qaranlıqlara aydınlıq gətirilir…

Qazi Universitetinin rektorluğu…

«Müzakirələrimizi maraqlı və faydalı hesab edir, əməkdaşlığımızın uğurlu olacağına inanıram», -  deyir Aynur xanım. Zakir Avşar isə «hər türlü planlarınıza dəstək verməyə hazırıq», - deyə əlavə edir. Zakir hocanın müşayiəti ilə Qazi Universitetinin iletişimə çox da uzaq olmayan rektorluğunun binasına yollanırıq. Rektor müavini Mehmet Türkerle baş tutan görüş olduqca səmimi ortamda davam edir. Böyük sahəsi olan rektorluq binasının önündə Mustafa Kamal Atatürkün abidəsi ətrafa xüsusi gözəllik verir. Gözəllik verən həm də türk cümhuriyyətləri və toplumlarının bayraqlarının ağaclara sancılması, Azərbaycan və Türkiyə bayraqlarının qoşa dalğalanmasıdır.  

Qazi Universitetinin iletişim fakültəsi komandamızın xoş anlarına həm də öz canlı radio efirində şahidlik edir: «Aynur xanım, sizləri universitetimizdə görməkdən məmnunuq. Səfər barədə fikirlərinizi bilmək istərdik? Zakir hoca, siz bu səfəri necə qiymətləndirirsiniz?». 

Əziz dostum, məndən küsüb incimə!


Zakir Avşarın istəyi ilə səsləndirilən bu gözəl mahnının sədaları altında Aynur xanım:

- Qazi Universiteti bizim üçün çox doğma bir təhsil ocağıdır. Bu gün çox səmərəli görüş keçirdik, faydalı müzakirələr apardıq, studiya və laboratoriyalarla tanış olduq, çox təsirləndik. Belə gözəl görüş üçün fakültə rəhbərliyinə və hər bir əməkdaşına təşəkkürümü bildirirəm.

Zakir Avşar:

- Bakı Dövlət Universitetinin hər bir əməkdaşına burada olduqlarından dolayı minnətdarlıq edirəm. Görüşümüz faydalı oldu. Tədris proqramları, tələbə mübadiləsi və əməkdaşlığın daha da genişlənməsi istqamətində müzakirələr apardıq. İstəyimiz tələbələrimizin Bakı Dövlət və Qazi Universitetlərində təcrübəsini təşkil etməkdir.


İletişimin bütün otaqları, laboratoriya və studiyaları ilə bizi tanış edən Zakir Avşarla sabah dəvət etdiyi bir tədbirə qatılmaq ümidi ilə sağollaşırıq… 

Reklama ehtiyacımız yoxdur!  

Başkənt Universitetinin iletişim fakültəsinin dekanı, professor Özcan Yağcı belə deyir. Fakültənin dekan köməkçisi Rəcəb Tayfunun da iştirak etdiyi görüşdən məlum olur ki, 1997-1998-ci tədris ilində təməli qoyulan fakültə İletişim Tasarımı, Radio, TV və Sinema, Halkla İlişkilər (PR) bölümü ilə fəaliyyət göstərir. 500 tələbənin tədrisi ilə 3 professor, 8 dosent, 7 yardımçı dosent və asistant olmaqla 28 müəllim məşğul olur. Əksər özəl universitetlər reklam vasitəsilə tələbə yığdıqları halda, Başkənt Universiteti buna ehtiyac duymur.

Türkiyə ortalamasına görə, tələbə sıxıntısı yoxdur. Dərslər əsasən türk dilində, bəzi fənlər isə ingilis dilində tədris olunur. Sadəcə öyrənmək yox, onu tətbiq etmək üçün fakültə bütün lazımi şəraiti yaradıb. Çoxsaylı laboratoriyalar, radio, foto, reklamla bağlı studiyalar və Kanal B adlı TV Başkəntin ən böyük şanslarındandır. Geniş bir sahəni əhatə edən Kanal B, çoxsaylı və rəngarəng studiyalara sahibdir. Tələbələr təcrübələrini birmənalı olaraq bu studiyalarda keçir, kamera, səs, işıqla bağlı detalları öyrənir və canlı yayımın həyacanını yaşayırlar.

Başkəntdə olduğumuz qısa vaxt ərzində diqqəti, son dərəcə isti münasibəti, dinamikliyi, hadisələrə duzlu-istiotlu reaksiyası ilə könlümüzü oxşayan Özcan bəylə beləcə, sağollaşıb təkrarən bizim üçün ocağımız qədər isti olan Qazi Universitetinə yollanırıq. "İletişim Kuram Araştırma" jurnalının panelinə qatılmaq üçün. 

Lütfən, məni gələn il daha mutlu edin!

Qazi Universitetinin iletişim fakültəsinin dekanı, professor Zakir Avşar üzünü salona tuturaq deyir ki, «ötən il, apardığınız tədqiqat işlərinə görə universitetin bütün fakültələri arasında birinci olduq, lütfən, məni gələn il daha mutlu edin!». Fakültə ənənəsinə uyğun olaraq, ayda bir dəfə, həftənin 2-ci günləri medianın tanınmış simalarının iştirakı ilə "İletişim Kuram Araştırma" jurnalının toplantısı olur. Əsas məruzəçinin çıxışı jurnalın növbəti sayının baş yazısı olur. Komandamızın da qatıldığı toplantının əsas məruzəçisi 14 TV, 16 radio ilə 41 dildə verilişlər hazırlayan TRT-nin baş direktoru Şenol Göka idi. Qazi Universitetinin rektor müavini Mehmet Türkerin də iştirak etdiyi görüşdə Şenol Gökaya ünvanlanmış çoxsaylı suallar və ondan da maraqlı cavabları belə qruplaşdırmaq olar:

- TRT olaraq reytinq arxasınca düşmürük, önəmli olan tamaşaçı zövqünü oxşamaqdır;

- Tamaşaçı zövqünə hesablanmış və onda ekran alışqanlığı yaradan verilişlərə maraq göstəririk;

- TRT Təhsil adlı kanal qurmaq niyyətində deyilik. Çünki verilişlərimizin əksəriyyətində alim yanaşması sərgiləyirik;

- TRT Akademiyamız fəaliyyət göstərir;

-Kim TRT-də araşdırma etmək istəyirsə, (ölkədaxili və ölkəxarici – P.İ) arxivlərimizdən istifadəyə şərait yaradırıq;

-18 maydan etibarən test yayımından fəaliyyət göstərən TRT World kanalını yayımlamaq haqqında düşünürük;

- Prezident seçkisinin nəticələrini vaxtından tez açıqladığımıza görə, Yüksək Seçim Kurulu tərəfdən 2 TV yasağımız var;

- Eurovisiona qatılmaq niyyətimiz yoxdur. Qonşunun-qonşuya səs verdiyi yarışma əsl yarışma ola bilməz;

- Bakı fərqli şəhərdir, son illər çox böyük inkişafın şahidi oluruq.

Universitetin müəllim və tələbə heyəti üçün maraqlı və məzmunlu çıxış edən TRT-nin baş direktoru Şenol Göka nitqini TV və radio münasibətləri üzərində qurur və radioya simpatiyasını gizlətmir: «İnsan doğulduğu zamandan səs çıxarır. Sonra o səs böyüyür, təkmilləşir və son dərəcə yaxşı istifadə edildikdə vaz keçilməz olur, hətta macəraya dönür. Davamlı olaraq eşitdiyimiz səsin sehrinə düşür və özümüzü «radionun dostu» adlandırırıq. Heç kiminsə özünü «TV-nin dostu» adlandırdığını gördünüzmü? Əksinə, kimsə bütün gününü televiziya qarşısında keçirərsə, ona dost yox, «TV manyakı» deyərlər. Ən böyük gözəllik isə real həyatda «Qərib qəhraman»ının səsini tanıyanda baş verir. «Bu, o səsdirmi?», - inanılmayacaq zövq yaşayırsan. TV işçilərinin bir araya gəlməsi mümkün olmaz. Çünki ortada inanılmayacaq qısqanclıq var. Radioda isə fərqlidir. Burada qəribə mehribanlıq var». 

Ankaradan Ankaraya… 

Ankara Universiteti iletişim fakültəsi nəzəri və təcrübi ağırlıqlı təhsil verir. Fakültənin dekan müavini, professor Abdülrezzak Altunun verdiyi məlumatlardan aydın olur ki, iletişimlə bağlı dərslərdən əlavə, tələbələr siyasət, sosiologiya, iqtisadiyyat, hüquq ağırlıqlı dərslər də alırlar. Dərsləri fakültənin müəllimləri ilə yanaşı, mediadan dəvət edilmiş mütəxəssislər də keçirlər. Sektordan dəvət edilmiş mütəxəssislər, əsasən, təcrübi istiqamətə meyil edirlər. Ankara Universiteti iletişimçiləri bu sahənin davamlı olaraq inkişafını nəzərə alaraq fənlərin yenilənməsi üzərində işləyir.


Bunun üçün «dərs gəlişdirmə komissiyası» tədris proqramlarını təhlil etdikdən sonra nəticələr fakültə komissiyasına təqdim olunur. Düzəliş və dəyişikliklərdən sonra fakültənin qərarı əsasında universitet senatına təqdim edilir. Senat, əsasən, təsdiq edir. Fakültə ildə bir dəfə bu yeniliyi etmək səlahiyyətinə sahibdir. Professor Abdulrezzak Altunun məlumatlarından sonra elə onun iştirakı ilə fakültənin maddi-texniki bazası ilə tanış olmaq imkanı qazanırıq. Bu sahədə özəl universitetlərlə rəqabətə davam gətirməyəcək durumda olsa da, akademik heyət, çoxsaylı studiya və laboratoriya, reklam və foto studiyaları ilə tələbələrinin təcrübi dərs ehtiyaclarını qarşılya bilir. Türkiyə universitetlərinə ziyarəti Ankara universiteti ilə başa vururuq. Çoxsaylı informasiya və Abdulrezzak hocadan Türkiyə basın tarixi ilə ilgili aldığımız faydalı kitablarl 

Ankarada da TRT

 

İstər İstanbulda, istərsə də Ankarada görüşlərimizə rəng qatan həm də TRT ziyarətlərimiz oldu. TRT İstanbul TV və radiosundan sonra Ankarada TRT Haber, TRT Türk, TRT Spor və TRT Avazın qonağı olmaq, komandanın rəhbəri Aynur Kərimovanın müsahibələrini TRT-ni ziyarət boyunca izləmək, möhtəşəm studiyalarla tanışlıq, TRT Avaz-ın koordinatoru Murat Akkoç və köməkçisi Taner Gürbüzün müşayiəti ilə «Azərbaycan otağı»na baş çəkmək xoş və təsirli səhnə idi.

Anadoluya… 

2020-ci ildə 100 illiyini qeyd etməyə hazırlanan Anadolu Agentliyi bu müddətə qədər dünyanın 5 ən nəhəng informasiya agentliyi sırasında yer almaq istəyir. Agentliyin Məhsul və Biznesin İnkişafı üzrə meneceri Yunus Çelik deyir ki, 2011-ci ildə günlük 600, 2015-ci ildə isə 2000 xəbər yayan Anadolu Agentliyinin Ankara, Belçika, Nyu-York, Moskva, Pekin və Qahirədə yerli məntəqələri, 86 ölkədə isə təmsiliçliyi fəaliyyət göstərir. 

 

Agentliyin xarici dildə yaydığı xəbərlərə maraq belədir: türk, ərəb, ingilis, başnak, kürd, rus, fransız, alman. 2011-ci ildə agentliyin Xəbər Akademiyası qurulub. Akademiyanın koordinatoru Ümit Sönməz deyir ki, məqsəd agentliyin ehtiyac duyduğu kadrları yetişdirməkdir. Akademiya kifayət qədər ciddi təhsil verir. Jurnalistləri enerji, diplomat, foto, hərbi sahə üzrə ixtisaslaşdırır.


BDU-nun rektoru, akademik Abel Məhərrəmov və  TİKA-nın rəhbəri Mustafa Haşim Polatın xeyir-duası ilə başlanğıcını götürən, junalistika fakültəsinin kafedra müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə reallaşan 10 günlük səfər komandanın üzvləri üçün son dərəcə faydalı və unudulmaz oldu…

Unudulmaz həm də Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş və hazırda təhsilini magistratura pilləsi üzrə Qazi Universitetinin Nano-texnologiya ixtisası üzrə davam etdirən Aytək Məmmədli və tanınmış jurnalist İlhamə Qasımlı ilə görüşümüz oldu. 

Beləliklə:

«VACİB İNFO: Ankara-İstanbul-Bakı uçuş proqramında heç bir dəyişiklik yoxdur. Bu baxımdan, hava limanında düz vaxtında olmalıyıq. Dediyim kimi, dönüş olduğu kimi qalır. Aynur Kərimova, 27 avqust, 2015-ci il, Ankara». 

Doğma BDU-da

 

Nümayəndə heyətini xeyir-duası ilə yola salan, «əsas odur ki, sağ-salamat qayıtmısınız», - deyərək dosent Aynur Kərimovanın hesabatından razı qalan rektor, akademik Abel Məhərrəmov səfərin jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyindən əminlik ifadə edir...

Pərvanə İBRAHİMOVA

Bakı-İstanbul-Ankara-Bakı 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı